Xəbər lenti
60 illik aptek həyatının qısa tarixçəsi - Möhübbət Məhərrəmovla söhbət -ŞƏKİLLƏR
(Bədii, sənədli oçerk)
Təbabət elminin böyük Loğmanı Möhübbət Məhərrəmovu 1976-cı ildən tanıyıram. Onu tanıdığım zamandan həmişə işgüzar, insanlara yardımçı olan, hər kəsin dərdini öz dərdi bilən, xeyir-şər məclislərində başda olan ağsaqqal kimi görmüşəm. Onun böyüklüyü ondadır ki, heç vaxt adamlara fərq qoymayıb. Daxilində regionçuluq, tayfabazlıq, yerlibazlıq olmayıb. Hamını öz doğması bilib. Bu da yalnız və yalnız müdrik ağsaqqallara məxsus olan böyüklük, ucalıqdır. Sözünün əvvəli də, ortası da “can”, “xahiş edirəm”, “qağa” kimi xoş ifadələrdir. Onu tanıdığım 46 il bundan qabaq da o, artıq sayılıb-seçilən insan idi və bu gün də belədir. Həm müəllim, həm aptek müdiri, həm də Sumqayıt şəhərinin ziyalılarından biri kimi lap cavanlıq illərindən böyük hörmətlə qəbul olunurdu və insanlar ondan məsləhət almağa gəlirdilər. İnsanlara tapılmayan dərmanları az bir vaxtda Bakıdan, hətta rayonlardan olsa belə tapdırıb gətizdirirdi. Belə təmiz, səxavətli, adam olması da onu insanlara daha çox sevdirib. Bəlkə də bu, ondan irəli gəlir ki, Möhübbət həkim çox keşməkeşli bir ömür yaşayıb və həyatın acısını, ağrısını lap kiçik yaşlarından dadıb. O, demək olar ki, uşaqlıq dövrü yaşamayıb... Uşaqlığın xoş, şıltaq, əzizlənən, qayğıdan uzaq dövrünü görməyib. Böyük Vətən Müharibəsinin acılarını, ağrılarını, faciələrini dadan uşaqların çoxu belə bir ömür yaşayıblar. Axı o da atalı-analı böyümək istəyirdi. Ata qayğısını, ata sevgisini, ata böyüklüyünü, ata sərtliyini, atanın övlada arxa-dayaq olmasını görmək istəyirdi. Amma bu, ona nəsib olmayıb... Tale belə gətirib ki, anası Sürayyə xanım ona həm ata, həm də ana olub...
1940-cı ilin avqust ayının 23-də Qubadlı rayonunun Məmər kəndində dünyaya göz açan balaca Möhübbət bilmirdi ki, iki il sonra atası Fərman kişi Böyük Vətən Müharibəsinə gedəcək və orada igidliklər göstərərək həlak olacaq. Sonralar onun bu şücaəti, igidliyi, qəhrəmanlığı Qubadlıya qədər gəlib çıxacaq və bütün qubadlılar belə igid oğlu ilə fəxr edəcəklər. Çox atalar, analar övladlarına Fərman adını qoyacaqlar. Möhübbət də illər keçəndən sonra atası Fərman kişi haqqında anası Sürayyə xanımdan, nənəsi Zöhrədən və kəndin ağsaqqallarından, atasının həmyaşıdlarından xoş sözlər eşidəcək. Atası Fərman kişi haqqında deyilən xoş sözlər balaca Möhübbətə qol-qanad, fərəh verəcək və onu atası kimi qoçaq, xeyirxah, səxavətli olmağa ruhlandıracaq. Qubadlı camaatının atası ilə bağlı maraqlı sözləri, söhbətləri sonralar onu həmişə izləyəcək və atası Fərman kişinin qəhrəmanlığı onun talismanı olmaqla, həyat yoluna gur işıq saçacaq. Atasının xarakterinin cizgilərinin çoxunun məhz Möhübbətdə toplanması, həm də onun atasına oxşaması, gələcəkdə onu nəslin ağsaqqalı elədi. Möhübbət bilmirdi ki, lap gənc yaşlarından təksə nəslin yox, həm də doğulduğu Qubadlının, yaşadığı Sumqayıtın ağsaqqallarından biri olacaq. Bütün bunlar hələ qarşıda idi... Bu pillələrə yüksəlməkçün onu çox çətin, məşəqqətli, ağır, keşməkeşli həyat yolu gözləyirdi... Bu yolu keçmək elə də asan deyildi... Bu yolu keçmək üçün insanda böyük səbr, möhkəm inam, dərin bilik, savad, zəka, düzlük, paklıq, iradə, insanlarla dil tapmaq bacarığı tələb olunur. Bunlar da hər adamda olmur...
Keşməkeşli, acılı-şirinli uşaqlıq illəri
Ailədə beş övladdan, dörd qardaşın ən kiçiyi olan Möhübbət elə uşaq yaşlarından sevilirdi. Amma atasız beş övladı böyütmək anası Sürayyə xanım və Zöhrə nənə üçün elə də asan deyildi. Hətta 1945-47-ci illərin ən çətin aclıq dövründən onları, bu beş uşağı çətinliklə də olsa çıxara bildilər. Sürayyə ana və Zöhrə nənə bütün güclərini sərf eləyirdilər ki, bu beş uşaq oxusun, təhsil alsın. Özləri böyük təhsil sahibi olmasalar da, amma başa düşürdülər ki, uşaqların gələcək uğuru yalnız təhsillə bağlıdır. Bax, ona görə də dahilər deyib ki, “təbiətin ən böyük möcüzəsi Anadır”.
Möhübbətin zehni, yaddaşı çox yaxşı inkişaf etdiyinə görə ailədə hamının gələcək ümidi ona idi. O, dörd il öz kəndləri Məmərdə təhsil alanda müəllimləri də onun ağlına, savadına heyran olublar. Ailəyə məsləhət biliblər ki, balaca Möhübbət hökmən təhsilini davam etdirməlidir. Məhz buna görə də Möhübbət qonşuluqda olan Hal kəndində təhsilini davam etdirib. Orta məktəbi əla qiymətlərlə bitirən Möhübbət sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Dövlət Tibb Universiteti) əczaçılıq fakültəsinə verir. O fikirləşirdi ki, insanlara bu sahədə daha böyük xeyir verə bilər. Həm də tibb sahəsini mükəmməl öyrənər. Onu da vurğulayım ki, tibbə maraq Möhübbətə kökdən gəlirdi. Belə ki, babası və nənəsi də Qarabağ, Zəngəzur bölgələrinin sayılıb-seçilən təbibləri, türkəçarə həkimləri idilər. Onları bu xeyirxah əməllərinə, işlərinə görə adamların necə sevdiyini və hörmət etdiyini Möhübbət lap uşaq yaşlarından görürdü. Bütün bunlar da yəqin ki, onun qəlbində təbabətə bir sevgi, məhəbbət yaratmışdı. Həm də Möhübbət hələ orta məktəbdə oxuduğu illərdə məktəbin ən fəal şagirdlərindən biri idi. Bu fəallıq ali məktəbdə də davam elədi. Ən fəal ictimaiyyətçi tələbələrindən biri oldu gənc Möhübbət. Onun ali məktəb daxili və respublika səviyyəli tədbirlərdəki maraqlı çıxışları, yüksək natiqlik qabiliyyəti, hətta tələbə inşaat dəstəsi ilə keçmiş Sovetlər Birliyinin ayrı-ayrı respublikalarında olması gələcək əmək fəaliyyətində ona çox böyük köməklik elədi. Hətta kimya müəllimi işlədiyi vaxtlarda yüksək nitq qabiliyyətinə və hədsiz savada malik olması, insan psixologiyasını yaxşı bilməsi dərs dediyi Sumqayıt Kimya-Texnologiya Texnikumunun tələbələrinin ona olan istəklərini, hörmətini daha çox artırdı... Onlar özlərinin müəllimlərilə fəxr elədilər.
- Tələbəlik illərindən yaddaşınızda nələr qalıb, -deyə mən Möhübbət həkimə ilk sualla müraciət elədim.
- Tələbəlik, insan həyatının ən coşqulu illəridir. Həmin illərdən yaddaşımda çox şey qalıb. Amma onlardan bir neçəsini demək istəyirəm, -deyə o, harasa uzaqlara baxıb, sözlərinə davam elədi. Yəqin o illəri kinolent kimi gözlərinin qarşısından keçirtdi.
- Mən Tibb İnstitutuna qəbul olunanda qohumumuz Zəhra arvadgildə qalırdım. Əgər o, olmasaydı bəlkə mən heç ali məktəbə qəbul da ola bilməzdim. Çünki imtahan dövründə onların evində pulsuz qalırdım. Əgər haradasa kirayə qalsaydım, kirayə verməyə, gündə heç olmasa iki dəfə çörək yeməyə pulum yox idi. Bu da Allahın lütfüdür ki, bizim Bakıda belə xeyirxah qohumumuz vardı. Ali məktəbə qəbul olandan sonra institutun yataqxanasında qalmağa da yer yox idi. Qohumumuz Zəhra arvadın qonşuluğunda olan rus arvad “ Tyotya Polya” eşitdi ki, mən istitutda oxuduğum dövrdə qalmağa kirayə yer axtarıram, dedi ki, “gəl bizdə qal. İki otaqlı mənzildi. 70 yaşlı arvadam. Sən də mənim balam”. Mən tələbə kimi ayda aldığım təqaüddən həmin qadına cəmi 20 manat pul verirdim. O vaxt 20 manat böyük pul idi. Həmin pula o arvad mənim yeməyimi də hazırlayırdı, paltarımı da yuyurdu. Heç vaxt mənə demədi ki, bu 20 manat azdır. Amma qardaşım Əşir Bakıda, neft mədənlərində işləyəndən sonra o, mənə pul verirdi. Mən də həmin arvada 50, hətta 100 manat da verirdim, amma arvad həmin pulun hamısını yenə mənə xərcləyirdi. Gah mənə köynək, gah ayaqqabı və sairə şeylər alırdı. Mən beş il onun evində kirayə qaldım, elə bil özümün dədə-baba evimdə qalırdım. İnstitutda hamı mənim köynəklərimin, şalvarlarımın təmiz, ütülənmiş olduğunu görüb deyirdilər ki, “kimdi sənə belə səliqəli qulluq eləyən?” İnstitutu bitirəndən sonra da Sumqayıta işləməyə gələndə burada yaşamağa yerim olmadığına görə mən yenə də orada, Polina xalagildə qalırdım. Onların qonşuluğunda bizim yerlimiz olan Lətif Əlixanov da orada yaşayırdı. Həmin Palina xala Lətif müəllimin qaynanası idi. Onlar köçüb Bakıya, mərkəzə getdiklərindən arvad orada tək yaşayırdı. Onların orada ayrıca torpaq sahəsi və evləri də vardı. Həmin evdə başqa bir qohumları yaşayırdı. O da rus idi. O, çıxıb Rusiyaya getdi və həmin ev bağlı qaldı. Tyotya Polya dedi ki, “ev boş qalıb, həyət də baxımsızlıq ucbatından pis vəziyyətə düşüb. Siz də iki qardaşsız. Gəlin, bu evi alın. Mən onlarla danışaram sizə cəmi 3 min manata satarlar”. Əslində onlar istəsəydilər o evi və həyəti 10 min manata da sata bilərdilər. Həmin pulun min beş yüz manatını Əşir verdi və min beş yüz manatı da Polya arvad verdi və biz imkan düşdükcə ona həmin pulu qaytardıq. Biz həmin evi və həyəti aldıq. Həyətyanı sahəni becərdik. Yaxşı güllər, ağaclar əkdik. Oranı gözəl bağ-bağat elədik. Bax, o yerlər bizə demək olar ki, müftə qaldı. İndi orada qardaşım Bəşir ailəsi və övladları ilə yaşayır. Ona görə də deyirəm ki, həyat xeyirxah insanlarla doludur və gərək Allah onları imkansız adamların qarşısına çıxartsın. Allah sevdiyi bəndələrinin qarşısına belə yaxşı insanları çıxarır. Təki sən Allahın ətəyindən möhkəm yapış və Böyük Tanrıya inamın çox olsun. Deməli, Ulu Tanrı istədiyi bəndəsinə lazım olan şəraiti yaradır. Sizə bir həqiqəti də deyim ki, mən həmişə atamın ruhunu öz çiynimdə hiss eləmişəm. Eləcə də həmin ruh qardaşlarımın, bacımın da çiynində olub. Çünki həmin ruh ən çətin məqamlarda Ulu Tanrının əli ilə bizə işıqlı yol açıb. Ona görə mən ruhlara çox inanıram. Və qətiyyətlə deyirəm ki, həmin ruhlar Qarabağda bizim rəşadətli ordumuza böyük güc-qüvvət verdi. Axı Azərbaycan qəbiristanlıqlarını, məscidlərini dağıtmaqla erməni gavurları həmin torpaqlarda bir vaxtlar yaşamış və o doğma yerlərin həsrətilə haqq dünyalarına qovuşan həmvətənlərimizin ruhlarını da özlərinə qarşı qaldırıblar... Ona görə də məğlub oldular. Bütün bu illərdə xalqımız haqsızlıq qarşısında əyilmədi. Elə bil ki, Həzrəti İmam Əlinin bu sözləri millətimizin ali məqsədi oldu: “ Haqsızlığın qarşısnda əyilməyin. Çünki haqqınızla birlikdə şərəfinizi də itirəcəksiniz”. Biz, şərəfimizi qoruyaraq, haqsızlığa da qalib gəldik!
- Tələbə dostlarınızdan və tələbəlik illərinizdən hansı maraqlı hadisələr yaddaşınızda qalıb?
- Yuxarıda dediyim ki, mən həmin vaxtı Tyotya Poliyanın evində qalırdım, amma tələbə yoldaşlarım yataqxanada qalırdılar. Hərdən mən də onların yanına gedirdim və dərslərimizi bir yerdə hazırlayırdıq. Yay tətillərində bizi sovxozlara pambıq yığımına aparırdılar. Hətta Qazaxıstana xam torpaqlara taxıl yığımına da getmişdik. Qazaxıstanda yaxşı işimə görə mənə həm Qazaxıstan , həm də Azərbaycan respublikaları komsomolunun medalını və döş nişanını da verdilər. Həmin vaxtı bu, böyük mükafat sayılırdı və hər adama da verilmirdi. Bir dəfə isə bizi Ukraynaya təcrübə mübadiləsinə aparmışdılar. Orada dərman bitkilərindən ibarət çox böyük bir yer var. Həmin vaxtı dərman bitkilərini öyrənmək üçün keçmiş Sovetlər Birliyinin hər yerindən əczaçılıqda oxuyan tələbələr ora gəlirdi. Ora bütün əczaçıların təcrübə mərkəzi idi. Getdiyimiz həmin yerlərdə də tələbə yoldaşlarımızla bizim dostluğumuz daha da dərinləşirdi. Həmin tələbəlik dostlarımdan Cahəd Mustafayev, Dəmir Dəmirov, Mahmud Nəcəfov, Mayıl Quliyev, Tofiq Əliyev, İlyas Gürcüstanlı, İmran Bərdəli, Oktay Zeynalov daha çox yaddaşımda qalıb. Bu dostlarımın arasında Dəmirlə daha yaxın əlaqələrim vardı. Dəmir Xaçmazda 12 nömrəli sovxozda aptek müdiri işləyirdi. Dəmirin qardaşı Əmir, indi də Xaçmaz xəstəxanasında həkim işləyir. Oğlanlarından biri də Xaçmazda həkim işləyir. Dəmir haqq dünyasına qovuşandan sonra oğlanlarından biri həmin aptekə rəhbərlik eləyir. Qızları da ailə qurub, xoşbəxt yaşayırlar.
Tələbə dostlarımdan biri Tofiq Sumqayıt Aptek bazasında işləyirdi və biz demək olar ki, onunla hər gün görüşürdük. Dəvəçi, indiki Şabran rayonunun aptekləri də o vaxtlar Sumqayıt Apteklər İdarəsinə tabe olduğuna görə Mayıl da tez-tez bura gəlirdi və biz görüşürdük. Tələbə yoldaşım Əsgərlə tez-tez telefonla əlaqə saxlayırdıq. Allah dünyasını dəyişən tələbə yoldaşlarıma rəhmət eləsin və qalanlarının canını sağ eləsin. Tələbəlik illəri doğrudan da insan həyatının ən qızıl və ülvi dövrü sayılır. Çox sağ olun ki, həmin dövrü mənim yadıma saldınız. Həyatımın sarı siminə toxundunuz... Təsəvvür edirsinizmi? O vaxtdan artıq 60 il keçib...
Tələbəlikdən sonra başlayan məşəqqətli həyat yolu
-Eşitmişəm ki, Sumqayıta işə düzələndə sizə qarşı çox haqsızlıq olub...
-Elədir. İstitutu bitirəndən sonra təyinatımı düz 60 il bundan qabaq Sumqayıta verdilər və avqustun 1-dən 265 nömrəli aptekdə işə çıxmalıydım. Gəldim aptekə və müdiri xəbər aldım. Bir nəfər dedi ki, o, məzuniyyətdədi və mən onu əvəz eləyirəm. Adı Əli müəllim idi. Dedi ki, müdir Kislovodskdadı. O, gələndən sonra sənin əmrini verə bilər. Beləcə mən demək olar ki, düz 20 gün Sumqayıt-Bakı yolunda qaldım, müdir gəlmək bilmirdi. Bir aydan sonra gəldi və mən 1962-ci ilin avqust ayının 1-dən Bakı Apteklər İdarəsindən mənə verilən əmri ona verdim. Onu da vurğulayım ki, Sumqayıtdakı apteklər 1970-ci illərə kimi Bakı Apteklər idarəsinə tabe idi. 1970-ci ildə ayrılıb, müstəqil idarə oldu. Axır ki, çox çək-çevirdən sonra müdir məni növbəli işə götürdü. Gah səhər 9-a, gah da saat 3-ə salırdı növbəmi. İndi təsəvvür eləyin ki, mən səhər 9-da işdə olmaq üçün Razindən (indiki Bakıxanov qəsəbəsindən) hər gün səhər tezdən elektrik qatarına minib Bakıya gəlməli idim. Sonra tramvaya minib gəlməli idim Həzi Aslanov küçəsində olan avtovağzala. Oradan da avtobusa minib gəlməliydim satansiya Sumqayıta. Oradan da avtobusa minib gəlməliydim Sumqayıtdakı Nizami küçəsindəki aptekə. Hər gün bu yolla 3 saata Sumqayıta gəlirdim və 3 saata da geri, Bakıya qayıdırdım. Bilirdim ki, müdirin məqsədi məni bezdirməkdi ki, özüm ərizə yazıb işdən çıxım. O, doğrudan da məni çox bezdirirdi. Ali məktəbi bitirəndən sonra iki aylıq təqaüdümü ya institutdan, ya da iş yerindən ala bilərdim. Həmin kağızı müdirə göstərdim, o, mənim hər ayçün olan 22 manatımı, yəni ümumilikdə 44 manatımı vermək istəmədi. Dedi: “Mən bunu verə bilmərəm”. Əmrim verilən vaxtdan da yəni avqustun 1-dən olan əmək haqqımı da vermək istəmirdi. Axırda məcbur olub gəldim Bakı şəhər Apteklər İdarəsinə. Getdim mühasibin yanına. Çox mehriban qarşıladı və dedi ki, müdirə müraciət elə. Gəldim müdirin qapısının yanına. Müdir Muxtar Sultan oğlu Hüseynov idi. Bu vaxt müdirin qapısı açıldı və məni gördü.
-Cavan oğlan, xeyir ola burada dayanıbsan, -deyə məndən soruşdu.
O, yalnız mənim əmrim veriləndə məni görmüşdü. Yadında qalmamışdım. Elə onun da sifəti mənim yadımda yaxşı qalmamışdı.
-Sizə sözüm var.
-Gəl içəri,- deyə o, geri qayıtdı. Otur. Xeyir ola gəlməkdə? - deyə mehribancasına məndən soruşdu.
Onun mehriban danışığı elə bil ki, mənə ruh verdi. Ona görə də bütün bu müddətdə olan və başıma gələn əhvalatı olduğu kimi ona danışdım. Hətta bir qədər kövrəldim də. Axı mən arxasız, köməksiz adam idim. Muxtar Hüseynov çox əsəbiləşdi və zəng düyməsini basıb, baş mühasibi çağırdı. Qadın gəldi. Hüseynov ona müraciətlə dedi:
-Bu cavan oğlanın əmrini işə başladığı gündən verirsən. Həmin günlərin əmək haqqını da verirsən və 44 manat təqaüdün pulunu da. Bundan sonra da bu cavan oğlan maaşını gəlib buradan alacaq.
Baş mühasib elə orada kağız yazıb, tez kassadan pulu gətirib mənə verdi və mən də elə müdirin yanındaca cədvələ qol çəkdim. Sonra Muxtar Sultan oğlu mənim ailə vəziyyətimlə maraqlandı. Atamın Böyük Vətən Müharibəsində həlak olduğunu, anamın və nənəmin biz beş uşağı çətinliklə böyütdüyünü dedim. O, mənə çox diqqətlə qulaq asırdı və axırda dedi:
- Sizin atalarınız qəhrəmancasına döyüşməsəydi, biz Hitlerə qalib gələ bilməzdik və bu torpağın üstündə indi rahat gəzə bilməzdik. Ona görə də biz hamımız sənin atan kimi igid əsəgərlərimizə borcluyuq. Get, öz işinlə məşğul ol. Oğlum, bundan sonra nə problemin olsa gəl, mənə de.
-Açığı işlərimin belə uğurlu alınmasına inanmırdım. Ona görə də çox sevindim, -deyə Möhübbət həkim sözlərinə davam elədi. Mən təxminən 10 ay həmin aptekdə işlədim. Axırda həmin Bakı şəhər Apteklər İdarəsinin müdiri Hüseynov məni yanına çağırtdırdı və soruşdu:
-Müdirlə necə yola gedirsiniz?
Mən yenə də hər şeyi olduğu kimi ona danışdım.
-Bilirəm. Mənə yuxarıdan tapşırıblar ki, sən oradan işdən çıxmalısan. Çünki sən ali təhsilli cavan mütəxəssisən, o, yaşlı kişidi. Bilir ki, tezliklə onun yerinə sən keçə bilərsən. Açığını deyim ki, onu çıxarmağa da mənim gücüm çatmır...
Sonra Muxtar Hüseynov susdu. Nəyisə yadına saldı və dedi:
-Hələ ki, Sumqayıtdakı apteklərdə boş provizor yeri yoxdur. Amma səni göndərəcəm Sumqayıtdakı 182 nömrəli aptekə gecə növbətçisi.
-Hara göndərirsiniz göndərin, təki mən oradan çıxım, doktor Hüseynov.
-Sənə təzə iş yerində oklad yarım əmək haqqı verəcəklər. Amma sən bir oklad işləyəcəksən. Yarım okladın pulunu isə sənə mən özümdən verəcəm. Sən buna görə işləməyəcəksən. Bir oklad əmək haqqın 62 manat 50 qəpikdir. Sənə əlavə 31 manat 25 qəpik də mənim hesabımdan pul verəcəklər. Böyük Vətən Müharibəsində igidlik göstərən insanın oğluna şərait yaratmaq borcumuzdur. Həm də görürəm ki, sən savadlı, ağıllı, tərbiyəli oğlansan. İnanıram ki, sənə şərait yaradılsa, gələcəkdə yaxşı aptek işçisi ola bilərsən. Tibbin bu sahəsində problemlər çoxdur və savadlı kadrlara da ehtiyac var.
-Açığı Hüseynovun bu sözlərinə çox sevindim. Demə o, bu 10 ayda mənim işimi izləyirmiş, - deyə Möhübbət həkim sözünə davam elədi. Beləliklə, əmrimi götürüb, gəldim Sumqayıta. Bu gün də həmin Muxtar Sultan oğlu Hüseynova qəni-qəni rəhmət diləyirəm. O, məndən sonra 182 nömrəli aptekin müdiri Ağa müəllimlə danışıb. Ağa Abdullayev məni çox mehriban qarşıladı. Beləliklə, mən oklad yarım əmək haqqı almağa başladım. Bazar günləri və bayram günləri işləyəndə isə ikiqat əmək haqqı alırdım. Ağa müəllim mənə öz işimdən əlavə iş gördürəndə də onun əmək haqqını verirdi. İşim Ağa müəllimin xoşuna gəldiyinə görə, məni yanına çağırıb belə dedi:
-Səni Kimya-Texnologiya Texnikumuna da işə düzəltmək istəyirəm. Orada kimya fənnindən dərs deyəcəksən. Direktorla danışmışam, sənə dərs verəcək. Get onun yanına.
Həmin vaxtı texnikuma müəllim kimi işə düzəlmək elə də asan deyildi. Gəldim texnikumun direktoru Kərəm Camaloğlunun yanına. Kərəm müəllim uca boylu, yaraşıqlı, gülərüz kişi idi. O da məni mehriban qarşıladı. Diplomumdakı qiymət cədvəlinə baxdı. Gördü qiymətlərim yaxşıdı. Bir neçə sual-cavab elədi. Gördü savadım da yaxşıdı. Dedi:
-Artıq dərslər bölüşüb. İndi kimdənsə dərs alıb sənə versəm, söz-söhbət yaranar. Səni götürürəm texnikumun laboratoriya müdiri vəzifəsinə. Özüm keçdiyim dərsləri də verirəm sənə. Bundan sonra mənim əvəzimə dərsləri sən keçəcəksən və onun da pulunu alacaqsan.
Razılaşdıq.
- Beləliklə, Kərəm müəllim əmrimi verib, məni işə götürdü. Onun Azərbaycan və rus qruplarında olan dərslərini də mən keçməyə başladım. Mən də dərsləri yüksək səviyyədə keçdiyimə görə bütün müəllimlər və tələbələr də razı qaldılar. Gələn ilin sentyabr ayından mənə ayrıca dərslər verildi. Bax, görürsünüzmü? Deməli, həyatda xeyirxah adamlar az deyil. Daha doğrusu, Böyük Tanrı gərək belə adamları sənin qarşına çıxarsın. Mənim qarşıma da Muxtar Sultan oğlu Hüseynov, Ağa Abdullayev və Sumqayıt Kimya-Texnologiya Texnikumunun direktoru Kərəm Camaloğlu kimi çox savadlı, yüksək insani keyfiyyətlərə malik insanlar çıxardı, - deyə Möhübbət həkim keçmiş illəri yada salıb, qarşısındakı çaydan bir qurtum içdi.
Hiss edirdim ki, o xeyirxah insanlara daxilində qəni-qəni rəhmət diləyir. Bu fikir onun gözlərində də aydın ifadə olunurdu.
Bu vaxt yadıma Həzrəti Əlinin insanlarla bağlı belə bir kəlamı düşdü: “İnsanın pulu çoxaldıqca, düşmənləri də çoxalır. Lakin elmi çoxaldıqca dostları çoxalır”.
60 illik aptek həyatının qısa tarixçəsi
Beləliklə, ali təhsilli əczaçı Möhübbət Fərman oğlu Məhərrəmov 1962-ci il avqust ayının 1-dən taleyini gənc şəhər Sumqayıtla bağladı. Bu şəhər minlərlə sumqayıtlılar kimi artıq 60 ildir ki, onun da tale şəhəridir. Bu şəhərdə 1962-ci ilin avqust ayının 01-dən əmək fəaliyyətinə başlayan Möhübbət həkimin yuxarıda yazdığım kimi ilk vaxtlar işləri heç də yaxşı olmayıb. Çünki ali təhsilli mütəxəssis 265 saylı aptekdə 10 ay reseptçi kimi işləyib. Sonra 182 nömrəli aptekə işini dəyişiblər. Həmin aptekdə gecə növbətçi-satıcısı işləyib. Az bir vaxtda burada özünü çox yaxşı işçi kimi sübut elədiyindən, vəzifə pillələrində yüksəlib. 1966-cı ilin 20 yanvar tarixindən Sumqayıtdakı 300 nömrəli aptekin müdiri vəzifəsinə irəli çəkilib. Heç bir şəraiti olmayan bu apteki qısa vaxtda şəhərin ən yaxşı apteklərindən biri edib Möhübbət həkim. 1973-cü ilin 11 iyun tarixindən 440 nömrəli daha böyük aptekin müdiri vəzifəsini ona həvalə ediblər. İki il burada müdir işləyən Möhübbət həkimi sonra 415 nömrəli ən cavabdehli aptekin müdiri təyin ediblər. 1987-ci ildən bu aptek Sumqayıt şəhərinin həm də Mərkəzi Apteki olub. Möhübbət həkim 12 il müddətində Sumqayıt Apteklər İdarəsinin rəhbəri vəzifəsində işləyib. 1999-cu ildən apteklər özəlləşəndən sonra 415 nömrəli aptek də özəlləşib və Möhübbət Məhərrəmov bu aptekin idarə heyətinin sədri təyin olunub. O, bu gün də həmin vəzifədə çox böyük uğurla işləyir və öz sənətini səbrlə, həvəslə nəvəsi, ali təhsilli provizor Turala öyrədir.
Yüksək təşkilatçı, savadlı, bacarıqlı insan olan Möhübbət həkimin bütün bu illərdə əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilib. O, iki çağırış Sumqayıt şəhər Xalq deputatları sovetinin üzvü olub. 1986-cı ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub. 1990-cı ildə Səhiyyə Nazirliyinin “Farmasiya” Dövlət İstehsalat Birliyinin attestasiya komissiyasından keçərək, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən provizor təşkili sənədi üzrə “Ali dərəcə” alıb. 2005-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona “Əmək veteranı” adı da verilib. 2009-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. 2014-cü ildə “Hacı Zeynalabdin Tağıyev” adına ordenlə təltif olunub. 2016-cı il Möhübbət həkim üçün daha düşərli olub. O, Sumqayıt şəhərinin social-iqtisadi inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin “Fəxri Diplomu” ilə təltif olunub. O, uzun illərdir ki, Yeni Azərbaycan Partiyasının fəal üzvüdür.
Amma bu 60 ildə aptek sistemində böyük uğurla işləyən Möhübbət Məhərrəmova hələ də Əməkdar provizor fəxri adı verilməyib. Çox maraqlıdır. O, bundan artıq hansı işləri görməlidir ki, ona bu fəxri ad verilsin?.. Axı o, bu fəxri ada çoxdan layiqdir.
Möhübbət həkim çox gözəl ailə başçısıdır. Həyat yoldaşı Şərqiyyə Əbdüləli qızı Məhərrəmova Qubadlı rayonun Xələc kəndində anadan olub. Uzun illər Sumqayıt Dövlət Texniki Kollecində (keçmiş Kimya-Texnologiya Texnikumu) ingilis dili müəllimi işləyib. Öz işinin yüksək peşəkarı və ali dərəcəli müəllim olub. İngilis dilini tələbələrinə çox sevdirə bilib. Şərqiyyə müəllimə hal-hazırda təqaüddədir. Möhübbət həkimin bu səviyyəyə yüksəlməsində bir həyat və ömür-gün yoldaşı kimi Şərqiyyə müəllimənin ağıllı məsləhətləri, xidmətləri əlbəttə, çox olub. Elə övladlarının da ağıllı, savadlı böyüməsində, Mətləb bəyin çox peşəkar maliyyəçi, Aydın bəyin uzun illər Polis sisteminin zabiti, Vüsalə xanımın isə çox bacarıqlı həkim olmasında, bir ana kimi Şərqiyyə xanımın zəhməti çox böyükdür. Ümumiyyətlə, uşaqların tərbiyəsində ananın rolu atanın rolundan çox böyükdür. Məhz ona görə də məşhur yazıçı, filosof Asef Sas deyib ki, “ bütün sevgilər unudulur, yalnız Ana sevgisindən başqa”.
Möhübbət həkimin və Şərqiyyə müəllimənin 3 övladı, 10 nəvəsi və bir nəticəsi var. Allah onların hamısının canını sağ eləsin! Əlbəttə, bu qısa arayışda çox böyük, keşməkeşli ömürlərin tarixçəsi var.
Canlı həyat tarixçəsi olan Möhübbət həkimlə Sumqayıtın keçmiş tarixinə bir səyahət etməkçün ona yenə də suallar verirəm.
-Siz artıq 60 ildir ki, sumqayıtlısız. Eşitmişəm ki, Sumqayıtı quranların çoxu sizdən yaşca böyük olsalar da onlarla dostluq edibsiniz. Bu insanlarla bağlı xatirələriniz varmı?
-Bəli, var. Özü də həddindən artıq çoxdur. Bu xatirələr bir oçerkin yox, böyük bir kitabın mövzusu qədərdir. Düz deyirsiniz. Bu şəhəri quranların çoxu ilə yaxşı münasibətim olub.
Sumqayıt şəhərinin İcraiyyə Komitəsinin sədri Kamal (Hüseyn) Axundov bu şəhərin inkişafı üçün əvəzsiz işlər görüb. Elə onun sayəsində salınan Sumqayıt Nəsimi parkı sumqayıtlılara əvəzsiz bir töhfədir. Onun müavini Kərim Axundov isə Sumqayıtın tikintisində çox böyük, əvəzsiz işlər görüb. Deməli, Sumqayıt nə qədər var olacaqsa, Kamal ( Hüseyn) Axundov və Kərim Axundov kimi kişilər də o qədər yaşayacaq. Onlar haqqında hələ bundan sonra çox yazılacaq.
Sumqayıt üçün əvəzsiz işlər görən, yüksək peşəkar cərrah, hətta keçmiş Sovetlər Birliyində tanınan İzzət Sadıxov, Sumqayıt kimya sənayesinin inkişafında əvəzsiz xidmətləri olan, uzun illər Sumqayıt Superfosfat zavodunun direktoru, Kimya Sənayesi naziri işləmiş Nərçə Ağayev, bu şəhərin ticarətində əvəzsiz xidmətləri olan, burada ilk univermağı yaradan Zaman İsgəndərov çox yaxın dost idilər. Həm də onların bir-biri arasında çox möhkəm zarafatları vardı. Onlarla bir məclisdə olmağı hamı arzu edirdi. Çünki onların məzəli, duzlu sözlərindən, lətifələrindən heç kim doymurdu. Mən yaşca onlardan cavan olsam da, onlarla dostluq edirdik. Tez-tez gəzməyə, ova gedirdik. Onlar həm də çox gözəl yol-yoldaşı idilər. Bu insanların hər birinin öz sahəsində həqiqətən də Sumqayıt üçün çox böyük xidmətləri olub. Yəqin ki, yazarlar belə insanların həyatını tezliklə lazım olan kimi işıqlandıracaqlar. Çünki Sumqayıt məhz belə insanların sayəsində böyük uğurlar qazanıb. Sumqayıtda kimya sənayesində, metallurgiyada, elmdə, təhsildə, səhiyyədə, incəsənətdə, idmanda və başqa sahələrdə yüzlərlə belə böyük şəxsiyyətlər işləyib. Onların həyatı hökmən qələmə alınıb, gələcək nəsillərçün qalmalıdır. Əfsanələrdən yaranan Sumqayıtın qurucuları özləri də əfsanəvi şəxsiyyətlər olublar. Axı onlar bu qumsallıqda cənnət yaradıblar...
Həmin əfsanəvi çəxsiyyətlərdən biri də Ərşad Səməd oğlu Kərimov olub.
Ərşad müəllim mənim ağsaqqalım idi. Onunla bağlı da xatirələrim çoxdur. Baxmayaraq o, məndən yaşlı idi. Amma aramızda dostluq vardı. Bir-birimizin evinə gedib-gəlirdik. Uşaqlarımız hal-hazırda dostluq edirlər. Ərşad Kərimov uzun illər Azərbaycan Tikinti Nazirliyinin Sumqayıtdakı 1 nömrəli Tikinti-Trestinin partiya komitəsinin katibi işləmişdi. Həmin Tikinti-Tresti o vaxtlar respublikada çox böyük təşkilat idi. Oranın partiya komitəsinin sədri də çox böyük vəzifə sayılırdı. O, Sumqayıt şəhər partiya komitəsi bürosunun və pleniumunun üzvü idi. Sumqayıtda çox böyük söz sahibi sayılırdı. Çox vaxt şəhər partiya komitəsinin birinci katibləri də onunla hesablaşırdılar. Dəflərlə Sumqayıt şəhər İcraiyyə Komitəsinin deputatı seçilmişdi.
Sumqayıtın tikintisində böyük xidmətləri olan insanlardan biri də Qəzənfər Quliyev olub. Xasiyyətcə çox tünd və tələbkar olan Qəzənfər müəllim, əslində çox xeyirxah kişi idi. O, bütün işçiləri üçün əlindən gələni edirdi. Cavanlara həmişə atalıq qayğısı göstərirdi. Bir dəfə biz onunla Qubadlıya getmişdik. İki gün yol yoldaşı olmuşduq. Bu qaradinməz, az danışan kişi, inanın ki, yol boy elə maraqlı söhbətlər eləyirdi ki, adam onun söhbətlərindən doymurdu. Həmin vaxtı mən elə bil ki, Qəzənfər müəllimi yenidən kəşf elədim...
Sumqayıtın kimya sənayesi üçün əvəzsiz işlər görən insanlardan beş nəfər haqqında burada danışmasam düzgün olmaz. Bu insanları hamı tanımalıdır. Bunlar - Zamin Hüseynov, Nurəddin Babayev, Fikrət Sadıxov, Təvəkgül Məmmədov və Ucal Qasımzadə olublar.
Zamin Hüseynov o vaxtlar Moskvada Akademiyanı əla qiymətlərlə bitirmişdi. O, kimya üzrə alim idi. Əvvəllər kimyanın ayrı-ayrı sahələrinə rəhbərlik eləmişdi. Sonra isə Sumqayıt Sintez-Kauçuk İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışırdı. Onun rəhbərlik elədiyi bu Birlik, istehsal etdiyi yüksək keyfiyyətli məhsullara görə 1980-cı illərin axırından başlayaraq, Azərbaycana xarici ölkələrdən çoxlu valyutalar gətirirdi. Zamin müəllim təkcə öz işçilərinə yox, həm də bütövlükdə Sumqayıt şəhər camaatı üçün əlindən gələn bütün köməklikləri eləyirdi. O, mənim rəhbərlik elədiyim və 45-ci məhəllədə yerləşən 415 nömrəli aptek olan binada yaşayırdı. Zamin müəllimdə yüksək şəkər xəstəliyi vardı. Tez-tez mənim yanıma gəlirdi və görüşürdük. Mən ona şəkərlə bağlı ən keyfiyyətli dərmanları tapırdım. Zamin Mirəli oğlu Hüseynov həddindən artıq savadlı və xeyirxah insan idi. Belə böyük vəzifədə işləyən və çoxlu xarici ölkələrdə tanınan insan həddindən artıq çox sadə xasiyyətli və təvazökar idi. Özü haqqında heç nə danışmağı xoşlamırdı.
Nurəddin Babayev uzun illər Üzvi Sintez zavoduna rəhbərlik etmişdi. Bu zavod da məhz Nurəddin Babayevin sayəsində keçmiş Sovetlər Birliyində çox tanınırdı və İstehsalat Birliyi olmuşdu. Nurəddin müəllim həm yaxşı təşkilatçı, həm savadlı və həm də çox xeyirxah insan idi. Ona müraciət edən hər insana əlindən gələn bütün köməklikləri eləyirdi. O, eşidəndə ki, mən Sumqayıt şəhər Sovetinə deputat seçilmək üçün sənədlərimi vermişəm və həmin dairədən onun oğlu da seçilməlidir, həmin vaxtı öz oğluna yox, mənə köməklik elədi ki, deputat seçilim. Hətta aptek sistemindən yuxarı təşkilatlara qərəzli məktub yazan adamın onun rəhbərlik etdiyi müəssisədə işlədiyini mən ona bildirəndə, həmin adamı çağırıb tənbeh etdi və bundan sonra həmin adam daha heç nə yazmadı. Nurəddin Babayev çox böyük sülh tərəfdarı idi.
Fikrət Sadıxovun həm zavod direktoru və həm də “Azərikimya” Dövlət Şirkətinin yaranmasında bu Şirkətin prezidenti kimi Azərbaycan kimya sənayesinin inkişafında əvəzsiz xidmətləri olub. Sovetlər Birliyi dağılandan sonra Azərbaycan kimya sənayesinin dağılmaması və bu günə kimi yaşaması, kimya sənayesində çoxlu mütəxəssislərin yetişməsi üçün Fikrət Sadıxovun xidmətləri əvəzsizdir. Bunu danmaq olmaz.
Təvəkgül Məmmədovun təkcə kimya sənayesinin inkişafında yox, həm də Sumqayıt İcraiyyə Komitəsinin sədri, Sumqayıt Evtikmə Kombinatının baş direktoru, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, Sumqayıt Mənzil-Kommunal İstehsalat Birliyinin baş direktoru kimi Sumqayıtın inkişafında xidmətləri həddindən artıq çox olub. Təvəkgül müəllim xeyirxahlıq simvolu idi desən yanılmaram. Çünki bu insan, Sumqayıt camaatı üçün əlindən gələn bütün yaxşılıqları eləmişdi. Sumqayıtda apteklər sisteminin qurulmasında da onun böyük köməkliyi olmuşdu.
Ucal Qasımzadə Sumqayıt Məişət Kimyası İstehsalat Birliyinə rəhbərlik edirdi. Yuxarıda adlarını çəkdiyim insanların hamısından cavan olsa da, öz bacarığına, iş qabiliyyətinə və xeyirxahlığına görə onlardan heç də geri qalımırdı. O, təkcə öz işçiləri üçün yox, Sumqayıtın inkişafı, camaatı üçün də əlindən gələni edirdi. 1988-ci ildən başlayaraq məişət kimyası ilə bağlı yuyucu vasitələr keçmiş Sovetlər Birliyində çox çətin tapılırdı. Amma həmin vaxtlar Ucal Qasımzadənin böyük təşkilatçılığı ilə Sumqayıt Məişət Kimyası İstehsalat Birliyi bu məhsullarla təkcə Azərbaycanı, Gürcüstanı, bütövlükdə Qafqazı yox, keçmiş Sovetlər Birliyinin bir çox respublikalarını da həmin məhsullarla təmin edirdi. Hətta Sumqayıt camaatına bu məhsullar çox ucuz qiymətə satılırdı.
Qubadlının Çərəli kəndindən olan Bəbir Tumas oğlu İmanov Bakıdakı 2 nömrəli Çaxır zavodunun istehsalat şöbəsinin müdiri idi. Yüksək təfəkkürlü, savadlı insan olan Bəbir müəllim Sumqayıtda yaşayırdı. O, sadəliyinə, xeyirxahlığına görə Sumqayıtda böyük hörməti olan insanlardan biri sayılırdı. Bəbir müəllim Bakıda işləsə də Sumqayıt şəhərin inkişafı üçün əlindən gələni edirdi.
Dostum Sahib Qarayevin Sumqayıtın nəqliyyatının qurulmasındakı xidmətlərini kim dana bilər? Onun vaxtında Sumqayıt nəqliyyatı respublikanın ən aparıcı nəqliyyatı hesab olunurdu.
Mən uzun illər aptek sistemində çalışdığımdan, bir müddət Sumqayıt Apteklər idarəsinə rəhbərlik etdiyimdən respublikanın hər yerindən dostlarım da çox olub.
İnsanın yaxın dostu, sirdaşı olması, bu özü böyük xəzinədi.
Onlardan yalnız Sumqayıtdan olan ən yaxın dostlarım haqqında bir neçə söz demək istəyirəm. İlk öncə onlardan haqq dünyasına qovuşan Ənvər Şirinovun, Sərraf Zahidovun, İbrahim Səfərovun adını çəkmək istəyirəm. Ənvər Şirinov uzun illər Sumqayıt ingilis və fars təmayüllü internat məktəbə rəhbərlik eləmişdi. Sərraf Zahidov Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin 15 ildən çox direktoru işləmişdi. İbrahim Səfərov özü həm yaxşı həkim idi, həm də Sumqayıt şəhər iki nömrəli xəstəxananın baş həkimi kimi hamı tərəfindən sevilirdi. Onların hər üçü Sumqayıt şəhəri və camaatı üçün əllərindən gələni etmişdilər.
Lap cavanlıq illərimzidən Malik İsaqovla, İsgəndər İsgəndərovla, Nəbi Nəbiyevlə, Qüdrət Kərimovla, Tofiq Hüseynli ilə, Zakir Əliyevlə, Məzahir Əkbərovla dostluq eləyirik.
Malik İsaqov uzun illər Sumqayıtda Elektrik Quraşdırma Trestinə böyük uğurla rəhbərlik edəndən sonra onun işgüzarlığını, yaxşı təşkilatçı rəhbər olduğunu görüb 2001-ci ildən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı təyin elədilər. O, Qubadlı rayonuna rəhbərlik elədiyi bu müddətdə rayon camaatı üçün əlindən gələnləri eləyib. Malik müəllimin arzusu tezliklə doğma Qubadlıya qayıtmaq və rayonun yenidən qurulması üçün əlindən gələni etməkdir.
İsgəndər İsgəndərov uzun illər Azərbaycan Təhsil nazirinin birinci müavini işləyib. Azərbaycan təhsili üçün əlindən gələni edib. İsgəndər müəllim çox xeyirxah insandır. Azərbaycanın hər yerində onun böyük hörməti var. Respublikada təhsil sisteminin qurulmasında onun xidmətləri əvəzsizdir.
Nəbi Nəbiyeb uzun illər Sumqayıtın Qaz idarəsinə rəhbərlik eləyib. Bu şəhərin bütövlükdə qazla təchiz olunması onun adı ilə bağlıdır. Nəbi müəllim Sumqayıt şəhər İcra Hakimiyyəti baçısının birinci müavini işlədiyi vaxt bu şəhər üçün çox böyük işlər görüb.
Qüdrət Kərimov müstəqil Azərbaycanımızın ilk sahibkarlarından biridir. Azərbaycan sahibkarlığının inkişafında əvəzsiz xidmətləri olub. Uzun illərdir Sumqayıtdakı “Xəzər” Səhmdar Cəmiyyətinə böyük uğurla rəhbərlik edir.
Tofiq Hüseynli Millət vəkili kimi ölkəmizin taleyüklü məsələlərinin həll olunmasında, qərarların qəbul olunmasında çox böyük işlər görüb. Sumqayıtdakı “Sumqayıt çörək” Açıq Səhmdar Cəmiyyətinin sədri kimi bu müsəssisəni respublikanın ən aparıcı Çörək Kombinatlarından biri edib. Eləcə də Qarabağda bu gün Çörək Kombinatlarının yaramnmasında da Tofiq müəllimin xidmətləri əvəzsizdir.
1993-cü ildən Qubadlı rayonu qaçqın kimi əsasən Sumqayıtda məskunlaşıb. Həmin vaxtlardan bu rayonun İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Haqverdiyevlə mənim çox yaxın münasibətlərimiz yaranıb. Bu münasibətlər də dostluğa çevrilib. Allahverdi müəllim bütün bu müddətdə Qubadlı camaatı üçün əlindən gələni edir. Rayon camaatı da ondan çox razıdır.
-Siz bir vaxtlar Azərbaycan elmi üçün çox böyük işlər görmüş, məşhur alim Əsgər Abdullayevlə də çox yaxın olubsunuz. Onun haqqında və rəhbərlik elədiyi institut haqqında nə deyə bilərsiniz.
-Əsgər Abdullayev Sumqayıtın ən üzdə olan böyük ağsaqqal ziyalılarından biri idi və həm də mənim ağsaqqalım idi. Əfsus ki, onun haqqında demək olar ki, heç nə yazılmır, ona görə də mən burada onun özü və davamçısı Əli Əmirov haqqında bir qədər geniş məlumat vermək istəyirəm.
Əsgər Ələkbər oğlu Abdullayev 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olmuşdu. Orta məktəbi Kəlbəcər rayonunda almışdı. Ali təhsilini 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunda başa vurmuşdu. Avtomatika sahəsində elmlər doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının muxbir üzvü olmuşdu. SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar Mühəndisi fəxri adlarına layiq görülmüşdü.
O, 1954-cü ildə Azərbaycan Neft Maşınqayırma İnstitutunda laboratoriya müdiri, 1957-ci ildə Neftkimyaavtomat ETLİ-də direktor müavini, 1959-cu ildən direktor, 1985-ci ildən Neftqazavtomat Elm İstehsalat Birliyinin baş direktoru olmuşdu. 1994-cü ildən isə bu Elm İstehsalat Birliyinin Baş elmi məsləhətçisi vəzifəsində çalışırdı.
Bu təşkilat onun rəhbərliyi altında fəaliyyət göstərdiyi illərdə, Sumqayıt şəhərində yerləşən Neftqazavtomat EİB o zamankı Sovetlər İttifaqında neftçıxarmanın avtomatlaşdırılması və telemexanikləşdirilməsi üzrə Cihazqayırma Nazirliyinin baş təşkilatı olmuşdur. Yaradılmış avtomatika-telemexanika qurğuları və sistemləri keçmış Sovetlər İttifaqının bütün neft regionlarında geniş surətdə müvəffəqiyyətlə tətbiq olunmuşdur. Əsgər müəllim eyni zamanda milli elmi kadrların yetişdirlməsində də böyük fəaliyyət göstərmişdir.
Təsadüfi deyil ki, Respublikamızın müstəqilliyinin ilk ağır illərində, 1994-cü ildən Əsgər müəllimi onun öz yetişdirməsi olan gənc alim, texnika elmləri üzrə fəlsəfə doktoru Əli Əmirov əvəz etməli olmuşdur. Yeni təyin edilmiş direktor öz sələfinə - Əsgər müəllimə diqqət və qayğı ilə yanaşmış, baş elmi məsləhətçi kimi onun böyük təcrübəsindən və məsləhətlərindən yararlanmışdır. Bundan xeyli əvvəl isə Əli Əmirov məhz Baş direktor Əsgər Abdullayevin əmri ilə onun tabeliyində olan Əli-Bayramlı Cihazlar zavodunda 1986-87-ci ilərdə direktor kimi fəaliyyət göstərmişdi. Əsgər Abdullayevin 35 illik rəhbərliyindən sonra onun davamçısı olaraq, Əli Əmirov Neftqazavtomat Elm-İstehsalat müəssisəsinə daha 25 il rəhbərlik etmişdir (1994-2019). Respublikamızın müstəqilliyi dövründə, bir çox müəssisələrin iqtisadi səbəblərdən tənəzzülə uğradığı illərdə Əli müəllim ölkəmizin neft, kimya, energetika sənaye sahələrində müasir tələblərə cavab verə bilən kompüterləşdirilmiş avtomatik nəzarət və idarəetmə sistemlərinin yaradılması, istehsalı və tətbiqi ilə məşğul olaraq, müəssisəni ağır iqtisadi vəziyyətdən çıxarmış və onun əvvəlki nüfuzunu bərpa edə bilmişdir.
Ən mühüm cəhət isə, Əsgər Abdullayevdən yadıgar qalmış Naftqazavtomat EİM, onun üçün tamamilə yeni olan müdafiə sənayesi sahəsində də fəaliyyət göstərməyə başlamış və Respublikamızın hərbi qüdrətinin artırılması üçün öz töhvələrini vermişdir. Əli Əmirov bu fəaliyyətinə görə Respublikanın Əməkdar Mühəndisi fəxri adına və "Tərəqqi" medalına layiq görülmüşdür.
Ən böyük təqdirəlayiq iş budur ki, Əli müəllim vaxtilə, 1997–ci ildə öz sələfinin - Əsgər Abdullayevin 70 illiyini təntənəli surətdə, AMEA-nın prezidentinin, institut rəhbərlərinin, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Şakir Abuşovun və Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin sədrinin iştirakı ilə institutun akt zalında möhtəşəm şəkildə keçirmişdi. Mən də həmin tədbirdə iştirak etmişdim.
Əsgər Abdullayevin ən böyük xidmətlərindən biri də o olmuşdur ki, Yeni Azərbaycan Partiyasının yaranmasında həddindən artıq çox fəaliyyət göstərmişdi. Hətta Yeni Azərbaycan Partiyasının ilk təsis qurultayı da məhz Əsgər Abdullayevin böyük zəhməti, iradəsi sayəsində, onun rəhbərlik etdiyi institutun akt zalında olmuşdu. Çünki həmin vaxtı bu qurultayı Bakıda keçirmək mümkün olmmamışdı. Daha doğrusu Bakıda keçirməyə dövlət səviyyəsində icazə verilməmişdi. Amma Əsgər müəllim bütün qadağalara baxmayaraq, bu qurultayın Sumqayıtda, onun rəhbərlik elədiyi institutun akt zalında keçirilməsini təşkil eləmişdi. Buna görə ona hətta dövlət rəhbərliyi səviyyəsində hücumlar da olmuşdu, amma o, öz istəyinə nail olmuşdu. Bax, Əsgər Abdullayev belə qorxmaz, qoçaq kişi idi.
-Bəli. Həmin qurultay yadımdadır. Çünki məhz rəhmətlik Əsgər Abdullayevin xahişi ilə həmin vaxtı rəhbərlik elədiyim Sumqayıt Dövlət Musiqili-Dram Teatrının səsgücləndirici aparatını, işıq sistemini də mən instituta göndərmişdim ki, qurultay texniki cəhətdən daha yaxşı keçsin. Həmin vaxtı ulu öndər Heydər Əliyevi müdafiə elədiyimə görə və “Azmənzilsənayetəmirtikinti” İstehsalat Birliyində keçirilən tədbirdə, Azərbaycana rəhbərliyə Heydər Əliyevin gəlməsini təklif elədiyimə görə, bu çıxışım da mətbuatda çap olunduğundan məni işdən çıxarmaq istəyirdilər. Əsgər müəllim bunu bildiyinə görə həmin qurultaya mənim gəlməyimi məsləhət bilməmişdi,- deyə mən də həmin günləri yada saldım.
-1998–ci ildə isə Əsgər müəllimin cənazəsi, onun öz arzusu ilə, uzun müddət işlədiyi, rəhbərlik etdiyi Neftqazavtomat EİM-dən, onun davamçılarının çiyinlərində haqq dünyasına yola salınmışdır, -deyə Möhübbət həkim sözlərinə davam elədi.
Bu insanlar mənim dostlarımın çox az qismidir. Bax, mənim bu dostlarım Azərbaycan dövləti və dövlətçiliyi üçün həmişə əllərindən gələni ediblər. Mən də bir dost kimi onlarla fəxr eləyirəm. Dahi Mövlanə deyib ki, “ dost, sözünü acı deyən yox, dost acı sözü şirinliklə deyə biləndir”.
Sözümün canı, cövhəri odur ki, yaxşı, xeyirxah insanlar haqqında hökmən yazılmalı və onların böyük təcrübəsi, xeyirxah əməlləri gələcək nəsillərə çatdırılmalıdır. Çünki dünyada sivil millətlər belə insanlar haqqında həmişə yazıb, gələcək nəsillərə ötürürlər. Bunları oxuyan insanlar da onlardan böyük ibrət götürüb, həyat yolunda özləri üçün onların həyatının yaxşı cəhətlərini tətbiq edirlər. Axı düyna gör-götür dünyasıdır. Ağsaqqallarını, müdriklərini təbliğ eləməyən millət, çox vaxt başqa millətlər arasında uduzur...
Yadıma eramızın 121-ci ildən-180-ci ilinə kimi yaşamış məşhur Roma imperatoru, çox müdrik şəxsiyyət Mark Avreliyin bir fikri düşdü:” Əl-ələ, ayaq-ayağa, üst çənə alt çənəyə kömək etdiyi kimi insanlar da bir-birinə kömək üçün doğulublar”. Bax, yuxarıda dediyim həmin kişilərin, yaxın dostlarımın bu fikir elə bil ki, ali məqsədi və həyat qayəsi olub. Məhz buna görə də onların sayəsində qumsallıqda, sərt iqlim şəraitində, küləyin qumu göyə qaldıraraq, nəfəs almaq çox çətin olan bir yerdə belə gözəl, yaraşıqlı şəhər salındı. Burada yaşayan insanlar, o kişiləri heç vaxt unutmamalıdırlar. Onları xalqımız həmişə böyük hörmətlə, məhəbbətlə yad etməlidirlər. Onlar çox müdrik insanlar idilər. Onlar da Sumqayıtın belə gözəl, yaraşıqlı olması üçün hər şeylərini, hətta sağlamlıqlarını da qurban vermişdilər. Bu gün sağ qalanlar da Sumqayıtla nəfəs alırlar. Bu şəhərin ən kiçik uğuruna belə sevinirlər. Məşhur filosof Epiktet bu maraqlı fikrini yəqin elə o insanlar haqqında deyib: “Ağıllı insan həyata verdiyidiyindən artığını alır, müdrik insan həyata aldığından artığını verir”.
-Sumqayıta gəldiyiniz illər yaddaşınızda necə qalıb?
-Mən bu şəhərə işləməyə gələndə Sumqayıt şəhərinin cəmi 13 yaşı vardı. Sumqayıt İnşaatçılar, Kottec qəsəbələrindən və bir neçə məhəllədən ibarət idi. Biz, Bakıdan elektriçka ilə gəlib Sumqayıt stansiyasında düşürdük. Oradan da avtovusla Sumqayıta gəlirdik. O vaxt Sumqayıt avtovağzalı indiki “Yaşıl aptek” deyilən yerdə idi. Sumqayıtda olan bütün mikrorayonların hazırkı sahəsi o vaxt Corat və Saray camaatının kolxoz bağlarıydı. Həmin vaxt Sumqayıtda cəmi beş aptek vardı və bu apteklər Bakı şəhərinin tabeliyində idi. Sumqayıt isə cəmi dörd küçədən ibarət idi: Keçmiş Lenin, indiki Azərbaycan, Dostluq, Nəriman Nərimanov və Səməd Vurğun küçələri. Amma burada çox qaynar bir həyat vardı. Şəhərdə günün 24 saatı iş gedirdi. Bu qumsallıqda zavodlar, fabriklər, yaşayış massivləri tikilir, yollar çəkilir, parklar salınır, məktəblər, mədəniyyət evləri, kinoteatrlar bir-birinin ardınca təhvil verilirdi, ağaclar, gül kolları əkilir, parklar, xiyabanlar salınırdı. Açığı, kənddən gələn, Bakıda təhsil alan bir gənc üçün bu, bir möcüzə idi. Ən əsası isə bu şəhərdə insanlar arasında mehribanılıq, elə bir xoş münasibət vardı ki, sanki adamlar bir-birini uzun illər idi ki, tanıyırdılar. Bir-biri ilə qardaş, bacı, ən yaxın qohum kimi idilər. Bütün günü şəhərdə çal-çağır, musiqi səslənirdi. Tez-tez Sumqayıtda keçmiş Sovetlər Birliyindən konsert briqadaları, teatrlar, sirk kollektivləri gəlirdi. Mədəniyyət zalları, kinoteatrlar həmişə adamla dolu olurdu. İnsanlar kitab mağazalarından bədii, elmi, texniki kitablar almaq üçün təsəvvür eləyin ki, saatlarla növbədə dururdular. Biz aldığımız bədii kitabları oxuyandan sonra dostlarımıza verirdik. Onlar da oxuyurdular və başqalarına oxumağa verirdilər. Həmin kitabların çox böyük müzakirəsi keçirilirdi. Şəhərdəki qəzet köşklərində də həmişə növbə vardı. Biz, o dövrün cavanları oxumağın, hər şeyi öyrənməyin acı idik. Azərbaycanın və SSRİ-nin tanınmış elm adamları, yazıçıları, şairləri, aktyorları, bəstəkarları, musiqiçiləri və başqa tanınmış xadimləri vaxtaşırı Sumqayıta gəlirdi. Onlarla olan görüşlər böyük tarixi hadisələr idi. Bax, ona görə də biz, hərtərəfli inkişaf edirdik. Həm öz sənətimizi, həm də ədəbiyyatı, incəsənəti, tarixi, psixologiyanı dərindən və mükəmməl mənimsəyirdik. Ona görə də yaşıdlarımın və məndən bir qədər cavan olanların təfəkkürü çox yüksəkdir. Bu bilik həm də bizə həyatımızı düzgün qurmaqda, böyüyə hörmət etməkdə, şəhərimizi, onun insanlarını sevməkdə, şəhərdə əkilən hər bir ağacın, gül kolunun, yaşıllığın qorunmasında böyük yardımçı olurdu. Çünki həmin vaxtlar tez-tez Sumqayıtda iməciliklər keçirilidi və biz gül kolları, ağaclar əkirdik. Onlara qulluq edirdik. Sumqayıt o vaxtlar, bizim həyat universitetimiz idi... Bu universitet mənim kimi minlərlə cavanı kamil, müdrik, xeyirxah, həyatın incəliklərini dərk edən səviyyədə yetişdirdi. Həzrəti İmam Əli deyib ki, “insanlar özləri kimi olanlara daha çox meyillidirlər”. Yuxarıda dediyim kimi o vaxt, məni 265 nömrəli aptekə işə götürdülər, amma əvvəldə dediyim kimi, heç bir şəraiti yox idi. Sumqayıtda 182 saylı aptekin müdiri vardı, Ağa Abdullayev. O kişi adı kimi həqiqətən də ağa idi. Mənim iş qabiliyyətimi görüb, mənə “dədəlik”, atalıq elədi. Allah ona qəni-qəni rəhmət eləsin! O kişi az bir vaxtda məni Bakı Baş Apteklər idarəsinin rəisi Muxtar Hüseynovun təklifi ilə özü işlədiyi aptekə gətirdi. Əvvəlki iş yerimdən cəmi 62 manat alırdım, burada 90 manat almağa başladım. Mənim savadlı olduğuma və kimyanı yaxşı bildiyimi görüb, yuxarıda dediyim kimi o, məni Sumqayıt Kimya- Texnologiya Texnikumuna kimya müəllimi vəzifəsi işinə götüzdürdi. Burada az bir vaxtda müəllim kimi özümü doğrultduğuma görə, yenə də Ağa kişinin sayəsində məni həm də Sumqayıt Sənaye İnstitutuna, (indiki Sumqayıt Universiteti) saathesabı kimya müəllimi vəzifəsinə də işə qəbul etdilər. Mən saathesabı hər iki təhsil ocağında dərs deyirdim və həm də aptekdə işləyirdim. Özünü tərifləmək olmasın, mən kimya fənnini yaxşı bilirəm. Nitq, natiqlik qabiliyyətim və insan psixologiyasını yaxşı bilməyim, tələbələrlə tez dil tapmağım o vaxt Sumqayıtda müəllim kimi mənə marağı artırmışdı. Ona görə də Sumqayıt Tibb Texnikumunun da rəhbərliyi məndən xahiş elədi ki, orada kimya fənnindən dərs deyim. Təsəvvür eləyin ki, bütün günü ən azı 14-16 saat böyük həvəslə işləyirdim...
Deməli, hər bir gənc ona arxa-dayaq olan insanın əməyini, diqqətini yüksək qiymətləndirməli, bunu Allahın ona verdiyi şans kimi başa düşməli və ona arxa- dayaq olan insanın əməyini, diqqətini həmişə yadında saxlamalıdı. Özünün yaxşı işi ilə həmin insanın başını uca etməlidir. Mən də elə ilk günlərdən Ağa Mövsüm oğlunun əməyini və mənə etibar etməsini doğrultdum. Həqiqətən də ona bir valideyn kimi yüksək səviyyədə hörmət eləyirdim. Özümün ağsaqqalım bilirdim. Bu da yəqin ki, Ulu Tanrının mənə, arxasız, köməksiz bir cavana göndərdiyi müqəddəs pay idi. Böyük Yaradan axı heç vaxt onu sevən bəndələrini arxasız-köməksiz qoymur. Mən həyatım boyu bunu həmişə hiss etmişəm. Tanrım məni heç vaxt tək, naümid qoymayıb. Daim nəzarəti üstümdə olub.
Əvvəldə dediyim kimi, biz, beş övlad bir ananın və nənənin himayəsində böyümüşdük. Özü də Böyük Vətən Müharibəsində və ondan sonrakı illərdə adamların çörək tapa bilmədiyi vaxtlarda. Deməli, Tanrının nəzəri bizim üstümüzdə olmuşdu ki, biz həyatın bütün çətinliklərindən keçə bilmişdik. Ağa Abdullayevin köməkliyi ilə 1965-ci ildə mənə Sumqayıtda bir otaqlı mənzil də verdilər. Onun sayəsində də vəzifə pillələrində yüksələ bildim. Ona görə də deyirlər ki, “Böyük Yaradan istədiyi bəndəsini həmişə qoruyur və həmişə də nəzəri onun üstündə olur”. Rəhmətlik Ağa kişi təkcə mənə yox, mənim kimi onlarla cavana da ağsaqqallıq edirdi və lazım olan bütün şəraitləri yaradırdı. O, iki il Sumqayıt Apteklər idarəsinə də rəhbərlik elədi. Sumqayıtdakı bütün aptek işçiləri həmişə onun köməyini, qayğısını görürdülər. Ömrünün sonuna kimi də aptek müdiri oldu. Ümumiyyətlə, həmin vaxt, yəni Böyük Vətən Müharibəsindən sonra insanların çoxunda xeyirxahlıq, təmənnasız kömək etmək, arxa, dayaq durmaq xisləti vardı. Yeri gəldiyinə görə bir ağsaqqal kimi səmimi deyim ki, o vaxtlar yerlibazlıq, qohumbazlıq, tayfabazlıq kimi pis, naqis cəhətlər yox idi. İnsanlara öz əməyinə, bacarığına, savadına, təşkilatçılığına, adamlarla yaxşı dil tapmasına görə qiymət verirdilər. Bunu elə Sumqayıta gəldiyim ilk günlərdən də gördüm. Bu şəhərə rəhbərlik eləyənlər hamını özünün doğması, əzizi kimi qəbul eləyirdilər. Mən o vaxt eşitməmişəm ki, hansısa rəhbər işçi kimisə işə götürəndə, ona ev verəndə rüşvət alsın. O dövrün rəhbər işçilərinə belə naqis cəhətlər tam yad idi. Axı onlar özləri də kiminsə hesabına yox, kiməsə rüşvət verməklə bu vəzifələrə gəlməmişdilər və vəzifə pillərində yüksəlməmişdilər. Ona görə də rüşvət və başqa naqis cəhətlər onlara tam yad idi. Onlar insanlara, mütəxəsislərə yalnız öz bacarığına, işini yaxşı bilməsinə, yaxşı təşkilatçı olmasına görə qiymət verirdilər. Bu baxımdan həmin vaxtı Sumqayıtda hər sahədə yaxşı mütəxəssislər yetişirdi. Həmin mütəxəssislərin çoxu sonralar Bakıda, Gəncədə və başqa yerlərdə ən sayılıb-seçilən mütəxəssislər oldular. Söhbətimin bu yerində məşhur Kanfutsinin bu sözləri yadıma düşdü: “Xeyirxah rəhbərdə siyasət və etika birləşməlidir. Həm də etika bütün sahələrdə siyasəti üstələməlidir”.
- Siz bu şəhərdə yaşadığınız 60 ildə Sumqayıta rəhbərlik edənlərdən kimlər yaddaşınızda daha yaxşı qalıb?
-Mən Sumqayıta Nadir Balakişiyev rəhbərlik elədiyi dövrdə gəlmişəm. Həmin vaxtı Kamal Axundov da İcraiyyə Komitəsinin sədri idi. Onlar Sumqayıt üçün çox işlər görürdülər. Onlardan sonra çoxlu birinci katiblərlə, İcra Hakimiyyəti başçıları ilə işləmişəm. Həmişə də onlarla təmasda olmuşam. Yaddaşımda Kamran Bağırov, Şənlik Əliyev, Zülfü Hacıyev, Eldar İsmayılov, Şakir Abuşov, Təvəkgül Məmmədov, Vaqif Əliyev yaxşı rəhbərlər kimi qalıblar. Onlar da Sumqayıt şəhəri və bu şəhərin camaatı üçün çox işlər görüblər. Sumqayıtlılar da onları heç vaxt yaddan çıxarmayacaq.
-Zakir Fərəcov Sumqayıtın İcra Hakimiyyətinin başçısı olduqdan sonra Sumqayıt özünün ikinci intibah dövrünü yaşayır. Bu haqda nə deyə bilərsiniz?
- Zakir müəllimi lap cavanlıq illərindən tanıyıram. O, Sumqayıt Mənzil Təsərrüfatında işləyəndə və Sumqayıtın ilk Bələdiyyə sədri olanda bu şəhər üçün çox böyük işlər görüb. Abşeron rayon İcra Hakimiyyətinin başçısı olanda da o rayon üçün çox böyük işlər görüb. Sumqayıt şəhərinin İcra Hakimiyyətinin başçısı təyin olandan sonra bu şəhər üçün onun gördüyü analoqu olmayan işlər çox böyükdür. Dünyanın ən gözəl bülvarlarından olan Sumqayıtın bülvarı artıq onun adı ilə bağlıdır. O, bu şəhərdə on illərlə görülməyən çox böyük qurucluluq işləri görüb. Onun sayəsində Sumqayıtda çoxlu yaraşıqlı, tarixi binalar- Heydər Əliyev Mərkəzi, Şahmat binası, Muğam Mərkəzi, İncəsənət Musiqi məktəbi, YAP-ın yeni binası və başqa sosial, çoxlu yaşayış binaları tikilib. Zakir müəllim Sumqayıtda çoxlu parklar, xiyabanlar, yaraşıqlı küçələr saldırıb. Sumqayıt şəhərinin girişi özü böyük bir gözəllikdir. Saymaqla qurtaran deyil... Birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarına, qazilərinə, şəhid ailələrinə onun böyük diqqəti və qayğısı var. Bəli. Sumqayıt cənab Zakir Fərəcovun bu şəhərə rəhbərliyi dövründə özünün ikinci intibah dövrünü yaşayır. Sumqayıtlılar onun bu əməyini yüksək səviyyədə qiymətləndirirlər. Eləcə də ölkə başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyev onun əməyinə böyük qiymət verib. Ölkə başçımız Sumqayıt bulvarını böyük bir möcüzə adlandırıb.
- Doğma yurdu Qubadlı 1993-cü ildən erməni gavurlarının ayağı altında inildəyən Möhübbət həkim 44 günlük Vətən müharibəsini necə xatırlayır?
-İnanın mənim səmimiyyətimə. 80 yaşımın ərəfəsində mənim ürəyimə dammışdı ki, nə isə çox qarmaqarışıq bir şey olacaq. Həmin vaxtı Tovuz hadisləri oldu. Rəşadətli ordumuz erməni gavurlarını bir neçə günün içərisində darmadağın etdilər. Daxilimdə bir hiss vardı ki, tezliklə Qarabağda nə isə çox böyük vuruş başlayacaq. Çünki artıq bıçaq sümiyə dirənmişdi... Ermənilərin “dərsini verməyin” vaxtı çatmışdı... Hətta bu haqda öz yaxınlarıma da deyirdim...
2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda elə ilk günlərdən mən tam inandım ki, bizim ordumuz, Ali Baş Komandanımız, sevimli prezidentimiz cənab İlham Əliyevin sayəsində qısa vaxtda çox böyük qələbələr əldə edəcəklər. Çünki mən həyatının artıq 80 ilini yaşayan bir ağsaqqal kimi görürdüm ki, Rusiya bu müharibəyə qoşulmur. Türkiyə, Pakistan, Əfqanıstan, İsrail də bizə köməklik eləyirlər. Deməli, erməni gavurları bizim qarşımızda duruş gətirə bilməyəcək...
Bu 44 günlük Vətən müharibəsini mən çox ciddiliklə izləyirdim. Hər bir yüksəkliyin, kəndimizin, rayon mərkəzimizin alınmasına bir uşaq kimi sevinirdim və kövrəlirdim. 25 oktyabr 2020-ci ildə Qubadlının və doğulduğum Məmər kəndinin 2020-ci ilin oktyabr ayının 30-u tarixində erməni gavurlarından azad olunması xəbərini eşidəndə, nə gizlədim. Səmimi demək istəyirəm ki, zülüm-zülüm ağlamışam. Mənim ağlamağıma dözməyib, evdəkilər də ağlayıb... Həmin vaxtı hansı hisslər keçirmişəm, bunu yalnız Böyük Yaradan bilir...
Bu əlbəttə, sevinc göz yaşları olub. Həmin vaxtlar həyatımın ən ağır, ən əzablı illəri yadıma düşüb... Nənəm, babalarım, əmilərim, anam, hətta üzünü belə xatırlamadığım atam da həmin vaxtı yuxuma giriblər. Ay Allah! Onlar necə sevinirdilər... Mən isə onların bu sevincinə yalnız göz yaşlarımla cavab verirdim... Axı 27 il idi ki, həmin yerlərimiz erməni gavurlarının tapdağı altında idi. Bu erməni faşistləri bütövlükdə Qarabağı vəhşi kimi məhv eləmişdilər. Hətta kəndimizdəki qədim, XVII əsrə məxsus məsciddə bu vandalların donuz saxlaması, mənim bütün heysiyyətıma toxundu... Axı həmin məscid o bölgədə ən qədim müqəddəs ocaq olmaqla, minlərlə insanın ibadət etdiyi yer idi. Doğrudanmı adam belə vəhşi, belə faşist ola bilərmiş? Allahın müqəddəs evində donuz saxlaya bilərmiş? Bax, Allah məhz buna görə də onları belə dəhşətli dərəcədə cəzalandırdı... Lənətlədi. Tarix boyu da onlar lənətlənmiş toplum kimi qalacaqlar.
Yadıma məşhur Paskalın belə bir kəlamı düşür: “ Vicdan, elə bir müqəddəs və əxlaqi kitabdır ki, ona hər şeydən çox nəzər salmaq lazımdır”. Bu 32 illik Qarabağ müharibəsində erməni faşistləri bir daha vicdansız, əqidəsiz, insanlıqdan kənar olduqlarını hər cürə təsdiq etməklə, indi zəlil, rəzil günə qaldılar... Təkcə fransızlradan başqa, bütün dünya xalqları onlara lənətlər yağdırır. Fransızlar da erməniləri müdafiə etdiklərinə görə dünya xalqlarının qınaq nöqtəsi olublar...
... Sonda erməni gavurlarının kapituliyasiya aktına imza ataması, bütün azərbaycanılar kimi məni də çox sevindirdi. 32 illik Qarabağ müharibəsinə son qoyuldu. Ağdamın, Kəlbəcərin və Laçının hətta bir güllə belə atılmadan geri qaytarılması isə dünyada görünməmiş tarixi hadisə oldu. Deməli, Azərbaycan xalqı dünyada özünün necə qüdrətli Ali Baş Komandanı və qüdrətli ordusu olduğunu sübut elədi. Bu müharibə Azərbaycan tarixində son 300 ildə çox böyük bir tarixi qələbə oldu. Mən bir daha inandım ki, biz daha bundan sonra uzun illər, tarixi qərinələr keçdikcə dünya xalqları arasında istədiyimiz kimi öyünə bilərik ki, Yer kürəsində ən qüdrətli xalqlardan biri də Azərbaycan xalqıdır. Ermənilərin rusların köməkliyi ilə çox çətinliklə 7 ilə bizdən aldıqları torpaqlarımızı biz cəmi 44 günə geri almaqla nəyə qadir xalq olduğumuzu bir daha təkcə ermənilərə və ruslara yox, bütövlükdə dünya xalqlartına sübut etdik.
İnanıram ki, bizim cənnətməkan yurdumuz Qarabağ qısa vaxtda nəinki əvvəlki görkəmini geri qaytaracaq və hətta ondan da gözəl olacaq. Qarabağ bundan sonra hər bir azərbaycanlının qibləgahı, ziyarətgahı olacaq... Bax, budur torpaq sevgisi, Vətən sevgisi! Torpaq, Vətən sevgisi güclü olan xalqı da çökdürmək mümkün deyil.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qəbirləri nurla dolsun! Hamımız bundan sonra onların ruhları qarşısında baş əyməliyik. Qazilərimizi özümüzün ən əzizi, müqəddəs adamımız bilməliyik. Yadıma böyük Peğəmbərimiz Məhəmməd əlehisəlamın bu sözləri düşdü: “ Üç şey həmişə müqəddəsdir. Ana, torpaq və şəhidlər. İnsan həmişə onların qarşısında diz çökməlidir. Həmişə onlara borclu olduğunu bilməlidir”.
Biz də bir millət olaraq həmişə ananı, torpağı və şəhidlərimizi müqəddəs bilmişik. Bu müqəddəslik ulularımız tərəfindən bizə ötürüldüyü kimi, biz də bu müqəddəsliyi gələcək nəsillərimizə müqəddəs borc kimi ötürməliyik!
P. S. Fikrimin sonunda vurğulamaq istəyirəm ki, Azərbaycan Dövlət Tibb İnstitutunun 1962-ci ildə buraxılışı olan 166 nömrəli qrupun sağ qalan tələbələri mənim səsimə səs versinlər. Mənim iş yerim Sumqayıt şəhərindəki 45-ci məhəllədəki 415 nömrəli Loğman aptekidir. Mobil telefonlarim isə belədir: 050 339 23 73, 055 339 23 73. Tələbə yoldaşım Mahmud Nəcəfovun telefonu isə belədir: 050 363 88 14. Sizin səsizinizi eşitməyə və sizi görməyə çox şad olaram. Hamınız bilirsiniz ki, həyat bir iynədir, sapı çox qısa. Bu qısa ömrümüzdə imkan eləyib, yenidən görüşək və tələbəlik illərini yada salaq. Axı tələbəlik illərindən ülvi, əziz illər yoxdur.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Sumqayıt şəhəri,
İyul- 2022-ci il

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar