Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Buğra tələsi

Tarix: 07-06-2022 17:34     Baxış: 2371 A- / A+
(Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun qəhrəmanlıq dastanı)

Vətən Müharibəsi Qəhrəmanı, mayor  Elçin Mansurov 1984-cü il noyabrın 25-də Bakıda - Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. Paytaxtdakı 149 və 286 nömrəli orta məktəbdə 8-ci sinfə qədər təhsilini davam etdirən Elçin tam orta məktəbi ata yurdunda - Yardımlının  Kürəkçi kəndində başa vurdu. Elçinin ən böyük arzusu hərbçi olmaq idi. Ona görə də 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olundu. Məktəbi müvəffəqiyyətlə başa vuran leytenant Elçin Mansurov təkmilləşdirmə kursunu keçəndən sonra Tovuzda yerləşən "N" nömrəli hərbi hissədə xidmətə başladı. Daha sonra Goranboyda, Murovdağ istiqamətində, Füzulidə düşmənlə üzbəüz mövqelərdə həm təcrübəli komandir, həm də cəsur kəşfiyyatçı kimi vəzifə borcunu şərəflə yerinə yetirdi. “Kəşfiyyat ordunun görən gözüdür. Məqsədimiz hərbi qulluqçulardan peşəkar kəşfiyyatçı yetişdirməkdir. Mən fəxr edirəm ki, kəşfiyyatçıyam” – ifadəsi də Elçin Mansurova məxsusdur.

Elçin Mansurov qüsursuz xidmətlərə görə general-mayor Mais Bərxudarov və digər zabitlər tərəfindən dəfələrlə təşəkkürnamələr və Fəxri fərmanlarla təltif edilib.
2016-cı il Aprel savaşında Elçin Mansurov əsl qəhrəmanlıq tarixi yazdı. O gecə Cəbrayılın Lələtəpə istiqamətində olan əlverişli mövqeləri, strateji nöqtələr, o cümlədən Lələtəpə yüksəkliyi ordumuzun nəzarətinə keçdi. O gecə həm də Ermənistan ordusunun "keçilməz Ohanyan səddi" kimi tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edildi. Mənfur düşmən ordumuzun gücünü, qüdrətini bir daha dərk etdi o gecə.  
2020-ci il 27sentyabr... Səhər saat 5-6 radələri... O gün düşmən təxribatlarının qarşısını almaq üçün ordu birləşmələri tam hazır vəziyyətə gətirilmişdi. Hər kəs illərdən bəri düşmən tapdağında inləyən torpağa can atır, səbirsizliklə hücum anını gözləyirdi. Kəşfiyyat komandiri mayor Elçin Mansurov da öz dəstəsi ilə ön sırada idi. İlk cavab atəşi yeri-göyü lərzəyə gətirəndə fərəhlə irəli atılanlardan – birincilərdən biri idi Mansurov.    
Elçin Mansurovun qrupu təmas xəttini ilk yaranlardan biri oldu. Qısa zaman ərzində iki fərqli istiqamətə edilən hücüm bəhrəsini verdi. Müqavimət göstərməyə cəsarət edə bilməyən erməni hərbi birləşmələrinin iki tağımı darmadağın edildikdən sonra, əvvəlcə üç, sonra iki xüsusi əhəmiyyətli post və strateji yüksəkliklər ələ keçirildi. 
Hamı onu “Pələng” ləqəbi ilə tanıyırdı. İri cüssəli, hündür boylu, enli kürəkli, sağlam,  əzəmətli və çox güclü, iradəli bir komandir idi Elçin Mansurov. Güclü olduğu qədər də sadə, səmimi, gülərüz, hazırcavab və təmkinli idi. Kursant yoldaşı Fərid Əhmədovu itirəndən sonra bir qədər gərgin olsa da, təmkinini pozmur, qisas hissi ilə yaşayırdı.Və inanırdı ki, bir gün Mübarizin də, Fəridin də, generalımız Polad Həşimovun da qisasını alacaq, şəhidlərimizin qanını yerdə qoymayacaq. Dediyinə əməl etdi Mansurov, o həm qisas aldı, həm də öz adını hərb tariximizin şərəfli səhifəsinə yazdı.
Beyləqanlı Elgiz Salahlının qəhrəmanlığına xüsusi dəyər verən komandir Mansurov hələ neçə-neçə savaşlarda düşmənə qan udduracaqlarına inanırdı. Çünki qurd ürəkli idi Elgiz. Təəssüf ki, amansız güllə arzu dolu ümidləri vaxtsız söndürdü.
***
2009-cu il... Komandir Mais Barxudarov posta yaxınlaşanda gənc leytenant Mansurov külüngü bir tərəf atıb səngərdən çıxdı və iri addımlarla komandirə yaxınlaşıb məruzə etdi: “cənab polkovnik, leytenant Mansurov verdiyiniz əmri vaxtından əvvəl yerinə yetirdi”. 
Komandir dilləndi:
-Kim?
-Leytenant Mansurov!
Barxudarov gülümsünərək əlavə etdi:
-Leytenant yox, artıq baş leytenant! Sonra da əlini Mansurovun boynuna doladı, qucaqlaşıb öpüşdülər. 
-Halaldı sənə, əslində, mən də inanmırdım ki, bu qədər dərin və uzun səngəri qısa zamanda başa çatdırmaq olar. Sən buldozersən, sən tanksan qardaş, əhsən, - deyib bir daha yeni rütbəsi üçün təbrik və təşəkkür etdi Elçinə. 
*** 
Mayor Elçin Mansurovun ömür və döyüş yoluna işıq tutmaq üçün anası Məleykə xanım və kiçik çavuş Mönsüm İsgəndərovla həmsöhbət olduq. Bir qədər sonra isə söhbətimizə snayper Səbuhi Quliyev də qoşuldu.
Bəzən qəm-kədərli, bəzən sevincli-nəşəli xatirələri vərəqləmək nə qədər ağrılı olsa da, yaddaşlarda olanları vərəqlərə köçürməyi özümüzə borc bildik. Çünki zaman ötdükcə nəm çəkən divarlar quzulayır. 
O müqəddəs bir savaş idi. Ona görə müqəddəs idi ki, uzun illərdən bəri işğal altında inləyən torpaqlar əcdadlarımızın əmanəti, nişanəsidir bizə. Və çox şükür ki, dədə mirasını geri qaytara bildik. O torpağın azadlığı uğrunda neçələri əlillik arabasına məhkum olduğu kimi, neçələri də şəhidlik zirvəsinə ucaldı – Elçin Mansurov kimi.
...Məleykə ana ilə söhbətimiz uzun çəkdi. Dünyanın geosiyasi vəziyyətindən də danışdıq, ölkələrarası baş verən qırğınlardan da. Qlobal bahalaşmadan söz açdıq, ictimai-siyasi məsələlərdən də. Fikirlərimiz bütün dünyanı dolaşsa da, sonu 44 günlük müharibə ilə tamamlandı. O müharibə ki, hərb tariximizin şərəfli səhifələrinə qürurla yazıldı. 
Məleykə ananın vaxtsız ağaran saçları qara günlərə işıq tutan bir aynadır. Telində göyərən vətən nisgilini, torpaq həsrətini ürəyinin yağı, baxışlarının nəmi ilə suvarıb. Qeyrəti, təpəri ilə çəpər çəkib yurd sevgisinin həndəvərinə. Baxçasında bitən güllərə də yurd sevgisini çiləyib. Yurd sevgisindən nəşələnən qoluzorlu, dizibərk, qurdağızlı oğulların sayı artdıqca sıralar genişlənib, səflər düzülüb. Bax beləcə, qarı düşmənin diz çökəcəyi gün anbaan yaxınlaşıb.


Xəyallar aləmində var-gəl edən Məleykə ana Elçinlə olduğu qayğısız günləri səhifələməyə çalışdı.
-Elçin çox qayğıkeş, insansevər, vətənpərvər bir oğul idi. Hələ uşaqlıqdan tapança, avtomat və tankdan başqa heç bir oyuncaqla oynamazdı. 18 ədəd “silahı” vardı. Məhəllə uşaqları ilə “dava-dava” oynayan zaman silahları paylayar, sonra da səliqə ilə yığardı qutuya. O qədər çevik idi ki, pilləkləri beş-beş qalxıb düşərdi Elçin. 20 Yanvar hadisələri zamanı beş yaşı yenicə tamam olmuşdu. Evimiz hava limanına yaxın olduğu üçün hər təfəfi apaydın görmək mümkün idi. O zaman Rusiyanın səhv etmirəmsə, düz 22 ədəd hərbi vertolyot və qırıcısı başımız üzərində dövrə vururdu. Elçin snayperi götürüb eyvana çıxdı, sanki bir an içində vertolyotları məhv edəcək, baş verə biləcək hadisələrin qarşısını alacaqdı. Qonşu onun kürəyindən yapışıb otağa çəkdi, “ay bala, həqiqi silah zənn edib vurarlar səni, gir evə” - dedi. Əslində, oyuncaq snayper kənardan çox diqqət çəkirdi, çünki atəş açan zaman qırmızı işığı (lazer) yanırdı. İstər-istəməz şübhə yaradacaq durumda idi. 
Elçin olduqca cəld və çevik uşaq idi. Ən hündür ağaclara dırmaşar, hasarlardan aşardı. Yıxılsa da, zədə alsa da ağlamaz, əksinə heç nə olmayıbmış kimi davranardı. Bəzən valideynlərinin danlağına tuş gəlsə də, “Vətən sağ olsun” deyib haradasa özünə haqq qazandırardı.
***
Elçinin böyük qardaşı Telman Sankt-Peterburqda Aviasiya Akademiyasında təhsil alırdı. Elçin hərdən onun hərbi libasını geyinib qürurlanır, “mən də böyüyəndə həbçi olacağam”- deyirdi. 
O arada Telman ikinci kursu bitirər-bitirməz təhsilini yarımçıq qoyub Vətənə döndü. Könüllü olaraq xidmət etmək üçün hərbi komissarlığa müraciət etdi. “2004-cü ilə qədər sən azadsan, təhsilini davam etdirməlisən”, - deyib yolundan göndərmək istədilər. Amma çox isrardan sonra onun kompüter bilgisini nəzərə alıb iş təklif etdilər. “Mən Sankt-Peterburqdan bura gəlməmişəm ki, kompüter arxasında oturum, mən gəlmişəm ki, əlimə avtomat alıb düşmən qarşısına çıxım” -dedi. Çox isrardan sonra Şərurda xidmətə başladı Telman. Sıradan çıxmış radar sisteminə baxış keçirdikdən sonra qənaətə gəlmişdi ki, çatışmayan hissələri bərpa etsə, sistem işə düşə bilər. Komandir inanmadı, amma Telman təkidlə bildirdi ki, bəli, filan hissələr alınsa, tam bərpa olunacaq. Nəhayət, lazım olan hissələrin əldə edilməsi Telmanın bilik bacarığını ortaya qoydu. O gündən sonra Ermənistan ərazisindən bir quş havaya qalxsaydı, sistemin gözündən yayına bilməzdi. Fizika-riyaziyyat üzrə güclü biliyə malik olan Telman hələ akademiyada oxuduğu illərdə “Lenin” ləqəbini almışdı. Sərurda radar sistemin işə saldıqdan sonra onun həqiqətən də “kəllə” olduğunu hər kəs təsdiqlədi.
...Mönsüm İsgəndərov silahdaşı, komandiri olmuş Elçin Mansurovla ilk tanış olduğu günləri xatırlamağa çalışdı.
-2017-ci il idi. Füzulidəki “N” nömrəli hərbi hissəyə bölük komandiri vəzifəsinə təyin olunanda ilk dəfə tanış olduq Elçinlə. Deyəsən yanılmışdıq, həmin gün onu qərargah bölüyünə göndərdilər. Amma o gündən yoldaşlıq etdik, bir-birimizə inamımız, etibarımız artdı. O, bir zabit olmaqla yanaşı, həm də bir dost kimi özünü bizə sevdirdi. Beləcə, bu səmimi yoldaşlıq bizi 2020-ci ilin sentyabrına qədər gətirib çıxardı.
Elçin Mansurov qəhrəmanlığı ilə dillərdə dastan olmuşdu. Hətta onun adını bilməyənlər də “Pələng”i yaxşı tanıyırdılar. 2016-cı ildə Aprel savaşı zamanı göstərdiyi şücaət, düşmənə vurduğu zərbə, canlı qüvvənin və ağır texnikanın məhv edilməsi, hətta yaralıların təhlükəsiz yerə çəkilməsi Elçinin diribaşlığının nəticəsi idi. O, pələng kimi irəli atılır, ovunu, şikarını yerindəcə məhv edirdi. Tovuz döyüşlərində də qorxmazlığı ilə silahdaşlarına örnək ola bilmişdi. Həm də enlikürək, sərt baxışlı, riskli, ötkəm və tələbkar bir zabit idi. Hədəfi darmadağın etməmiş geri dönməzdi. Ona görə də “pələng” kimi tanınırdı.  "Tənha canavar", "Boz qurd", "Qorxmaz kəşfiyyatçı" kimi fərqli ləqəblərlə müraciət eləyənlər də az deyildi. 
Elçinin Aprel savaşında iştirakını Mönsüm belə xatırladı.
Əslində, Elçin Mansurovun Aprel savaşındakı qəhrəmanlığından xəbərsiz idim, ta ki Şəhidlər Xiyabanında bir əsgərin Mansurovun abidəsi qarşısında qürurla söylədiklərinə şahidlik edənə qədər. “Komandir, sən Aprel savaşında misilsiz şücaət göstərdin, düşmənin texnikasını, canlı qüvvəsini məhv etdin. “Siz əsgərsiniz, evdə yolunuzu gözləyən var”, deyib qabağa getmək üçün bizə imkan vermədin. Özünü sipər elədin bizə”, -deyən əsgər komandirinin itkisi ilə barışa bilmir, zamanın ədalətsizliyini qınayırdı. 
Mönsüm intəhasız dünyanın tektonik çatlarından qan sızdığını bildiyi üçün müharibənin gətirəcəyi fəsadlardan heç də üşənmirdi. Varlığın yoxluğa verdiyi məşəqqəti, qəzəbin gülüş üzərindəki ironiyası, nahaqqın haqqa səcdəsi, yaltağın ədalət qarşısında quyruq bulaması şüurda məngənə sıxıcılığı yaratsa da, ilhamverici ilahi duyğular və bəşəri düşüncələr ümid işığı kimi qaranlıdan doğurdu. 
-Döyüşlərə Qaraxanbəyli istiqamətindən başladıq. Mayor Mansurov isə Kənd Horadiz yaxınlığındakı Burğa dərəsində cəmləşən erməni hərbi birliklərinə qarşı mövqe tutmuşdu. Məhz həmin istiqamət kameralarla müşahidə olunan və nəzarət edilən bir ərazi idi. Düşmənin orada bir bölüyü və iki tağımı yerləşirdi. Elçin bütün çətinlikləri gözə alaraq, peşəkar nişançıların köməyi ilə lazımi nöqtələri anındaca susdurdu. Dərhal hərəkətə keçən dəstə canlı qüvvənin məhv edilməsi üçün bəlli mövqeləri gülləbaran etdi. Güclü müqavimət qarşısında tab gətirməyən düşmən itki verərək geri çəkilməyi üstün tutdu. Mifə dönmüş “Ohanyan səddi” qısa zaman ərzində paramparça oldu.  
Musabəyli kəndində idik. Ordumuzun sürətli irəliləyişi xəbərini aldıq. Qürurlu anlar idi. Amma itkilərimiz də vardı. Bir nəfər danışırdı ki, “enlikürək, hündür bədənli, bir zabit düşmən qarşısında meydan sulayır, göz açmağa imkan vermirdi. Adına pələng deyirdilər. Təəssüf ki, döyüşün sonuna az qalmış düşmən gülləsi onu da yaxaladı.” Bax onda anladım ki, komandir Mansurov şəhidlik mərtəbəsinə ucalıb, - Mönsüm göz yaşlarını saxlaya bilmədi.
O, ən ali məqamı fəth elədi. Öz sinəsi ilə bütün sədləri vurub keçdi, heç bir əsgərə imkan vermədi ki, ondan önə keçsin. O yolda ölsə də, geri durmadı. Əksinə, arxadan gələn qoşun üçün yol açdı, ölümü ilə körpü oldu işğalda inləyən torpağa.
Tarixi kinolardan, ulu keçmişimizdən, qəhrəman sərkərdələrimizin döyüş yolundan, hətta Birinci Qarabağ savaşında şücaəti ilə dastan yazan oğullarımızın məharətindən ibrət götürmüşdü, özünü o ruha kökləmiş, vətənpərvərlik dərsi keçmişdi Elçin, - deyir Məleykə ana.  
Məleykə ana onu da əlavə elədi ki, Elçin Fərid Əhmədovla mehriban dost idi. Akademiyada oxuduğu illərdə altı il eyni otaqda qalmış, necə deyərlər, qardaşlaşmışlar. Fərid cəsur qəhrəmanımız Mübariz İbrahimovun nəşini gətirmək üçün gedərkən özü də şəhid olmuşdu. Ondan sonra Elçinin üzü gülmür, elə bir cəsarətli, qorxmaz, mərd bir oğulun itkisi ilə barışa bilmirdi. Sanki havalanmışdı. Heç vaxt ağlamayan Elçin o gün zülüm-zülüm göz yaşı axıtdı hətta. Heç kirimək bilmirdi. Onun hıçqrtısı göz yaşlarına bələnmiş qisas hissinin son akkordu kimi başa düşülsə də, əslində düşmənə nifrətin kükrəyişi idi. Fəridin qisasını almaq üçün o gün and içdi Elçin. 
Fəridlə Mübarizin nəşi torpağa tapşıldıqdan sonra Elçin evə döndü. Rəngi qaçmışdı. Çox narahat idi. Evdə o baş-bu başa gedir, sağa-sola vurnuxurdu.  Gah masaya əyləşir, gah da qərarsız halda həyətə çıxır, yenidən otağa dönürdü. Qisas hissi ilə yanıb-yaxılan Elçinin gözlərindən od püskürürdü sanki. Bəlkə də bu məqamda düşmənlə üzbəüz gəlsə dişləri ilə didib-parçalayardı. Qəflətən yumruğunu masaya elə çırpdı ki, elə bildim evin damı uçulub töküləcək başımıza. 
-Nə olub, Elçin?! 
-Ana, onlar ölməli oğullar deyildi.
Göz yaşlarımı saxlaya bilmədim, başqa nəyə gücüm çatırdı ki... Məleykə ana xatirələri vərəqlədikcə bir daha kövrəldi. Sözünə ara verib yeni bir səhifə açdı.
-Əvvəllər Bakıya yolu düşəndə mütləq mənə baş çəkərdi. Amma Fəridin ölümündən sonra tanıya bilmirdim onu. “Anacan, üzürlü say, bu dəfə Xiyabana gedəcəyəm – Fəridlə, Mübarizlə görüşüm var. Gələn dəfə mütləq sənə baş çəkəcəyəm, incimə haaa...” – deyə toxtaqlıq verməyə çalışırdı. 
Bir dəfə əsgərlərdən biri danışırdı ki, Elçin Tovuz istiqamətində xidmət etdiyi zaman ara-sıra silahlanıb harasa gedirdi. Əslində, o, kəşfiyyatçı idi, hər hansı bir məlumatı dəqiqləşdirmək üçün çox vaxt təkbaşına hərəkət edir, atdığı addımlardan kiminsə xəbəri olmurdu. Amma bir dəfə cəsarət göstərib hara gedəcəyini soruşdum. Qisasa – Fəridin, Əhmədin, Mübarizin qisasını almağa gedirəm, -dedi.
“Ölüm boş şeydi, ölümdən qorxmayın, onsuz da bu gün varıq, sabah yox, deyib hər kəsin əhvalını yüksək tutmağa çalışırdı. Sonra da əlavə eləyirdi ki, “bir Yanıq Kərəmi” dilləndirin. Sanki sazın, qopuzun səsindən ruhlanır, vəcdə gəlirdi. Və sazın ruhu ilə hər kəsi birliyə, bütövlüyə səsləyirdi Elçin. Ara-sıra təbi gələndə özü də bir ağız oxuyurdu...  
***
-Bir gün zəng gəldi. Deyəsən Tovuzdan idi. Dəstəyi Telman götürdü. Bir əsgər komandiri Elçin haqqında danışırdı. Deyirdi ki: Postları möhkəmləndirmək üçün səngər qazırdıq, fürsəti fövtə verməyən düşmən bizi atəşə tutdu. Ətrafımıza düşən mərmi qorxulu anlar yaşatsa da, komandir Mansurov dərhal öz cüssəsi ilə bədənimi örtdü. Sakitlik çökəndən sonra toz-torpaqdan silkinib ayağa qalxdıq, şükür ki, salamatlıq idi.
-Komandir, can şirin şeydi, niyə bu addımı atdın? -dedim.
-Sən ananın əmanətisən mənə, əmanəti qorumalıyam əsgər, - deyə əlini kürəyimə vurdu. 
Bax o gün Elçinlə bir daha qürur duydum. Telman da için-için gülümsünürdü...
*** 
Tez-tez evə zəng edir, saatlarla danışırdı. Bu dəfə bir az gec idi, saat 11-12 radələri olardı. İşıqları yenicə söndürüb uzanmışdım ki, zəng otağı bürüdü, özü də görüntülü yığmışdı. 
-Nolub, ay oğul, bu vaxtı xeyirdimi?! Həyəcanımı gizlədə bilmədim.
-Niyə qaranlıqdasınız, ay ana?! İşığı yandır!
-Niyə?
-Üzünü görmək istəyirəm!
O zaman bir o qədər fərqinə varmasam da, indi-indi anlayıram ki, niyə üzümü görmək istəyirmiş...
***
Səhv etmirəmsə, sonuncu kərə mart ayında şəhərə gəlmişdi, dedi ki, raport yazmışam. Bir həftə ərzində məzuniyyətə buraxacaqlar. Hər dəfə gələndə Bilgəhdəki Kordioloji sanatoriyanın yanındakı qayalıqlara gedir, dənizin ləpələrində qağayıların rəqsinə, yalın ayaqla qum arasındakı təmasından yaranan xışıltıya, dalğaların qayaya çırpıntısından sonra yaranan ani sükutun, səssizliyin heyrətamiz mənzərəsinə tamaşa edir, rahatlıq tapırdıq. 
-Ana, həqiqətən də bütün yorğunluqlar insanı tərk eləyir burada. Beyin dincəlir, ruh saflaşır elə bil. Həm də ləpələrin pıçıltısı musiqi kimidir, ovsunlayır adamı, - deyirdi. 
Vaxtımızın çoxunu ləpədöyəndə keçirirdik. O ki var deyib-gülür, sonra da termosu açıb qoyurduq qabağımıza. İçdikcə rahatlanırdıq elə bil. Elə ki, kölgənin boyu dənizdə itdi, o vaxt ana-bala qol-qola girib üz tutardıq evə.
Məleykə ananın xəyalları ləpələrlə qarşılaşanda sanki canına üşütmə gəldi. Bir anlıq duruxub Elçinlə son görüşünü xatırlamağa çalışdı.
-Ana, Bakının suyuna elə öyrəşmişəm ki, oradakı suların təmizliyinə şübhəm yaranıb. Ona görə də suyu filtrdən keçirməsəm ürəyimcə olmur.
-Oğul, narahat olma, bu sənin üçün filtr, bu da elektrik çaydanı, - deyib sonra da ehtiyac duyulası nə vardısa yığdı zənbilə Məleykə ana. Onu da ded ki, nə lazım olsa, zəng elə göndərim. 
Vaxt tamam idi, Elçin zənbili götürüb həyətə çıxdı.
Məleykə ana bir qədər doluxsunmuş halda oğlunun arxasınca boylandı. Elçin ağır-ağır addımlayır, onu yola salan ananın göz yaşlarını görməmək üçün baxışlarını yayındırırdı.
Elçin qarşıdakı tindən burulandan sonra “bir daha görməyəcəyəm onu”, düşündü ana. Düşündükləri onu bir qədər də vahimələndirdi. Elə bu an tini burulan Elçin əlini qaldırıb bir daha sağollaşdı. Nədənsə anaya elə gəldi ki, Elçin vidalaşır... Bayaqdan göz yaşlarını içinə axıdan ana hıçqırtı ilə evə döndü. Bəlkə də oğlunun dalınca heç zaman ağlamamışdı, amma bu dəfə... 
Küçədə bir səssizlik vardı, Elçin gözdən itmişdi, ayaq tappıltısı eşidilmirdi ta...
***
Tankın-topun səsindən qulaq tutulurdu, hətta toz dumanı imkan vermirdi ki, göz-gözü görsün. Amma təyin olunan nöqtəyə çatmaq, düşməni darmadağın etmək, hətta postları ələ keçirmək üçün əməliyyat davam etməli idi. O gün Elçinin komandanlığı altında olan dəstə bir istiqamətdən, Mönsümün daxil olduğu dəstə isə digər tərəfdən hücuma keçdi. Hücumun ilk saatlarında döyüş meydanında xeyli erməni leşi qalaqlandı. Üstəlik də xeyli silah-sursat və ağır texnika qənimət olaraq ələ keçirildi. Təəssüf ki, yaralananlar arasında komandir Mansurov da vardı. Amma yaralı olmağına baxmayaraq, on iki nəfəri düşmən gülləsindən xilas edə bilmişdi.
Mönsüm yaddaşını səhifələməyə çalışdı.
-Rüstəmli Rüstəm adında qorxmaz və cəsarətli bir döyüş yoldaşımız vardı. O, həm də peşəkar kəşfiyyatçı idi. Hal-hazırda xidmətini davam etdirir. O gün Rüstəm təngənəfəs özünü yetirəndə həyəcan içində nə deyəcəyini gözləyirdik. 
-Nə olub, ay Rüstəm, hamı bir ağızdan dilləndi.
-Xəbəriniz var?
-Nədən?
-Bəs komandir on iki nəfəri düşmənin mühasirəsindən çıxarıb.
-Bəs özü necədir? – hamı təcccüblə dilləndi.
-Mən bir az ondan aralı idim, qışqırdım ki, cənab mayor, gəlirəm. Düzü, yaralı olduğunu zənn eləmişdim. Yaxınlıqda partlayan minanın əks-sədası qulaqlarımda idi hələ də. Amma şükür ki, heç bir zədə almayıbmış.
Baxışları donurmuş heyrət bir andaca yox olub getdi. 
Həmin gün ermənilərin XTQ-si eyni istiqamətdən üç dəfə hücum etsə də, mayor Elçin Mansurovun adekvat cavabı onları geri oturda bilmişdi. Horadiz -Əhmədbəyli yolunun strateji əhəmiyyəti hər kəsə bəlli idi. Həmin yolla irəliləyən texnikalarımız rahatlıqla hədəf seçilə bilirdi. Ermənistanın XTQ-si o yolun təhlükəsizliyini təmin etmək istəsə də, məğlubiyyətə uğramışdı. 
Üçüncü qrup müharibə əlili, snayper Səbuhi Quliyev o günlərin dəhşətini dilə gətirməkdə çətinlik çəkməsə də, qəhərini gizlədə bildi.  
-Daxil olduğum iyirmi yeddi nəfərlik həmlə qrupunun məqsədi yalnız sədləri yarmaq, ələ keçirilən əraziləri ehtiyat möhkəmləndirici qüvvələrə ötürmək idi. Yalnız bir tankmız vardı. Amma dəstəmiz sırf peşəkarlardan, mahir nişançılardan və əsasən də qorxmaz, cəsarətli oğullardan ibarət idi. Onun nəticəsi idi ki, 40 dəqiqəyə düşmənin üç eşelonunu xüsusən də, “Ohanyan səddi”ni darmadağın etdik. Bütün bunlar peşəkar, təcrübəli, səriştəli komandir Elçin Mansurovun diribaşlığının nəticəsi idi.
Haçansa azad ediləcək torpaqlarımızda bayrağımıza ehtiyac duyulacaq deyə, hərbi xidmətə getdiyim vaxtdan bir bayraq gəzdidiridim sinəmdə. Nədənsə, içimdəki hiss o günün uzaqda olmadığını bəyan eləmişdi. Mən hərbi xidmətimi başa vurduqdan sonra MAXE kimi xidmətimi davam etdirdim. İllər sonra 27 sentyabr tarixi gözlədiyimiz anın təməli oldu. İlk saatlarda düşmənin ön eşelonu darmadağın edildi. Rəhbərlikdən məlumat gəldi ki, həmin ərazidə bayrağımız dalğalansın, qoy düşmən də görsün ki, post ordumuzun əlinə keçib. Komandir Mansurov kimdə bayraq olduğunu soruşdu. 
-Məndə var, cənab komandir, deyərək qürurla irəli çıxdım.
-Bayraq taxmaq sənin qismətinmiş, buyur, dalğalandır.
-Təsəvvür edin, məhz bu məqsəd üçün neçə il gəzdirdiyim bayrağı həmin yerdə dalğalandırdım. O qədər qürurlu idim ki, hətta sevincimdən əlim-ayağım titrəyirdi. O zaman elə zənn edirdim ki, tək bir postu deyil, bütün Qarabağı azad etmişik.
Bir qədər sonra komandir Mansurov Səbuhi ilə bərabər daha üç nəfərlə əks istiqamətdə gizlənmiş erməniləri dənləmək üçün hərəkətə keçdi. Qısa zamanda yaraqlıların məhv edilməsi ilə ərazinin daha təhlükəsiz olduğuna əminlik yaratdı. Geri dönərkən komandir Mansurov sağ cinahda mövqe seçmək üçün Səbuhiyə tapşırıq verdi. Səbuhi də snayperi sinəsinə çəkib qarşı hədəfləri izləməkdə idi. Aradan elə də uzun zaman keçməmişdi. Əsgərlərdən biri təcili Səbuhini çağırdı. Təlaş içində mövqeyi tərk edən Səbuhi komandirin vurulduğunu eşidəndə az qala havalanacaqdı.
Ermənilərin “Minamyot səngəri” (minaatan) deyilən bir postu vardı. Mansurov həmin səngərdə snayper gülləsinə tuş gəlmişdi. Post düzənlikdə qazılmışdı, kənardan çuxura bənzəyirdi. Hər tərəfdən apaydın görünürdüyü üçün oradan müqavimət göstərmək, yaxud mühafizə olunmaq elə də asan deyildi. Yəni çıxışı olmayan bir səngər, daha doğrusu, bir tələ idi. 
Komandir geri çəkilmək üçün əmr verdi, amma kimsə səngəri tərk etmək fikrində deyildi. 
-Onsuz da mən çıxa bilməyəcəyəm, sizin də döyüşü davam etdrimək imkanınız yoxdur. Sağ və sol cinahdakı qüvvələrimiz düşmənin müqavimətini tam qıra bilmədiyi üçün onlardan kömək ummağa dəyməz, - dedi Mansurov və bildirdi ki, mühasirədədirlər.
-Qan şoralandıqca komandir halsızlaşırdı, sağ böyründən dəyən snayper gülləsi qarın nahiyəsini dağıtmışdı. İlk tibbi yardım etmək üçün heç bir ləvazimat yox idi. Onu təhlükəsiz yerə çəkmək, sürümək mümkün deyildi. Bütün bunlarla yanaşı, o, gücünü toplayıb ayağa qalxır, düşmənin hədəflərinə zərbə endirir, yenidən səngərə uzanırdı. Hərdən dodağına su çiləsək də, əlimizdən başqa bir şey gəlmirdi. Beləcə, komandir Mansurov dörd saat sərasər həm ölümlə çarpışdı, həm də düşməni bir-bir hədəfə aldı. Təəssüf ki, komandir son nəfəsini verməkdə idi. Onu itirmək hər birimizi sarsıtmışdı. Bölüyün döyünən ürəyi, düşünən beyni, görən gözü, qatlanmaz dizi idi komandir. Heyif... çox heyif.... 
Artıq səngərdə dörd nəfər qalmışdıq. Baş leytenant Bağıyev Bağı da bizimlə idi. Qərara gəldik ki, ya ayağa durub hücuma keçək, ya da qismən geri çəkilib arxadakı bölüklərlə birləşək, əks halda düşmən minaatanları elə səngərdəcə bizi yaxalayacaq. Baş leytenant qərargahla rabitə əlaqəsi saxlayıb vəziyyəti izah elədikdən sonra axşamçağı şəhidlərimizi götürmək şərti ilə geri çəkildik. 
Mansurovun nəşini götürərkən məlum oldu ki, ətrafında iyirmi iki erməni leşi var. Onları bir-bir, təkbaşına məhv eləmişdi.
Onu da deyim ki, komandir yaralı halda geri çəkilməyimiz üçün əmr verəndə “mənə görə narahat olmayın, onsuz da mən şəhid olacağam, axşam qüsl almışam” dedi. O qədər arın-arxayın və rahatlıqla söylədi ki, sanki ölüm yaşamaqdan üstünmüş. Bəli, o, üstünlüyü seçdi, şəhadət şərbətini içmək və haqqın dərgahına qovuşmaq üçün tam hazır və məmnun idi. 
Nə yaxşı ki, cəsarətli oğullarımız fürsəti fövtə vermədilər. Həm xeyli canlı qüvvəni, həm də neçə-neçə ağır texnikanı məhv edərək, düşmənin qarşısına sədd çəkdilər. Mahir nişançı Akşin isə Elçin Mansurovu hədəf alan erməni snayperini yerindəcə gəbərtdi. 
Hələ Tovuzda xidmət edən zaman ermənilər Mansurovun başı üçün pul mükafatı təyin etmişdilər. Mansurov da yarızarafat “dəyərli başın qiyməti də böyük olar, görəsən düzmü hesablayıblar?!” demiş və xeyli gülmüşdü. 
Qəhrəmanlığı dilə-dodağa sığmayan mayor Elçin Mansurov nümunəvi xidmətinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", , III dərəcəli "Qüsursuz xidmətə görə" medalı və II dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə,  44 günlük Vətən Müharibəsində göstərdiyi şücaətə görə isə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif olundu və "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldü.

Ötərxan ELTAC



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar