Xəbər lenti
Vətən sevdalılar - silahsız döyüşçülər

Vətən üçün doğulanlar, Torpaq üçün vuruşanlar, Xalq üçün yaşayanlardı Vətən sevdalıları! Onlar bu yolda nə ağrı-acı bilməzlər, nə yuxusuz gecələr. Bildikləri bir şey var – Vətən! Düşüncəsi, sevgisi ancaq Vətən olanların sayəsində Torpaq Müqəddəsləşir – Vətən olur.
Biri var səni döyüşə-müharibəyə çağıralar, biri də var döyüş səni çağıra. Çoxdan arzusunda olduğun döyüş. Məğlubiyyətlə yaşaya, barışa bilmədiyindən içindəki döyüşdən canını qurtarıb torpağındakı döyüşə can atırsan... Burada hamı əsgərdi. Döyüşəni də, bütün gecəni yatmayıb olmayanları mümkün edib tapıb gətirən, döyüşdəki əsgərə “sən darıxma, nə istəsən gətirəcəm, sən ancaq döyüş, irəli get”, - deyib ürək-dirək verən silahsız əsgər də. Bu əsgərin postu, döyüşəcək yeri şimaldan-cənubacandır. Hər gün bu yerlərə baş çəkmək, lazım olanları tapmaq, çatdırmaq... Uğura hamıdan çox sevinmək... Bu arxayla ön cəbhə arasında ön cəbhəyə daha yaxındı. 0-la 1 arasında 1-ə daha yaxın olan kimi. Bu əlaqə deyil, bu iştirakdı. Təchizatdı. Könüllü təchizat. Silah-sursatdan başqa əsgərə lazım olan bütün təminatı ödəməkdi... Həm də əsgərə güc və ruh verən mənəvi-psixoloji təminatdı bunların işi. Döyüş üçün lazım olan üç şərtdən ikisi. Bu həm də əsgərə yanındayam, arxandayam deməkdi. Döyüşən əsgərlə yağışda birlikdə işlanan, soyuqda birlikdə üşüyən, qələbə üçün birlikdə darıxan, ən kiçik uğura birlikdə sevinən silahsız döyüş yoldaşı. Və sonda əsgəri islanmağa, üşüməyə qoymayan qardaşı. “Təki sən vuruş. Düşməni geri oturt, torpaqlarımızdan qov, çıxart”, - deyə məlumatla, sözlə köməyində olan, kürəyini-kürəyinə söykəyən, dostu. Gecəsi-gündüzü olmayan, evini, istirahətini unudan, bir çimir yuxu həsrətli vətən oğlu, vətən oğulları. Ömrü boyu kimdənsə nəsə istəməyən, indi əsgərlər üçün özününkülərdən, dostlardan lazım olanları alan, başqalarından xahiş edən, bu gün üçün, hətta kiməsə yalvara biləndi, bu sevilən oğullar. Əsgərlə bütün cəbhə boyu addım-addım irəliləyəndi. Döyüş başlanandan olanla olmayanı, psixoloji durumu görüb bilmək, bu ağrıları içindən keçirib saf-çürük etmək, informasiyaları izləmək, müzakirə edib nəticə çıxarmaq və səhər tezdən axşamkı zənglərin sifarişini çatdırmaq... Bu bir gündə görüləcək işlərdi. Bu əsgərlər müqəddəs vətən qarşısında hər şeyi borc bilib özünü ora yetirənlər, çatdıranlardı. Tapa, çatdıra bilməyəndə torpaq qarşısında utandığından zülüm-zülüm ağlayanlardı. Tapıb vaxtında çatdıranda əsgərin üzündəki sevincdə rahatlıq tapanlardı, bunlar. Sən müharibənin içindəsən. Ön və arxa cəbhələr arasındasan. Vasitəçisən. Lazım olanları tapıb çatdıransan. Haradan, necə?.. Bu sənin problemindi. Bütün bu günlər ərzində yaşadığın problem... “İstə! Al! Gözün arxada qalmasın”, – deyib bu günləri beləcə yaşadın. Əgər buna yaşamaq demək olarsa. Bu halın yaşamağını yaşayanlar bilər. Ömrü yazan Tanrıdı. Onu yaşadansa insanın özüdü. Bu ömrün içində o qədər ömürlər var ki... Eləsi var o səni yaşadır. Sən olmayanda belə. Ömür xalq, millət, dövlət, bəşəriyyət üçün yaşanan, sərf olunan zamandır! Budur, ömür. İçindən keçdiyin ömür də var, içindən keçən ömür də. Səni yaşadan ömür, “yaşadım” dediyin ömürdü. Ən ağrılı ömür savaşda yaşanan ömürdü. Və bu ömürlərin ən şərəflisidi. Vətən üçün, torpaq üçün yaşanan, vuruşan ömür! Kitabda hadisələr, azad olunan torpaqlar, yurd yerlərinə baxış, anın yaşantıları elə ifadə olunub ki, bunları oxuyanda torpaq itkisinin nə olduğunu bilməyən avropalının da gözləri mütləq dolar və bu itkinin nə olduğunu təsəvvüründə canlandırar. Yaxın və çox uzaqdan əsgərlərimizə nifrətlə baxanlara: “...Keşkə, onları bura gətirmək mümkün olaydı. Keşkə, onlar gəlib Azərbaycan əsgərinin gözlərindəki sevinci görə biləydilər. Qan yaddaşından gələn bir sevda adına yola çıxmağın sevincini... Yarına qovuşmaq üçün hər şeyi gözə ala bilməyin sevincini... Dədələrin yurdunda, ataların dizinin-dirsəyinin qanı yaxılan yerlərdə kama çata bilməyin sevincini...” Ağrı, qan dolu müharibəyə, döyüşə qatılan poetik çalarlar hadisəni daha yadda qalan edir. “Bilmirəm, hamıya elə gəlir, ya yox; Laçın ürəkdağlayan halda çıxdı qarşıma. Sanki cavan, enerjili, təravətli vaxtında əsir götürülüb, Rusiyanın uzaq vilayətlərində daş kömür şaxtalarında gecə-gündüz işlədilib, 30 il sonra azad edilən bir oğlandı, saçı ağarmış, əlləri qabar-qabar, üzünü kirli saqqal basmış, dişləri tökülmüş, gözləri bozarmış bir oğlan... Yollar 30 il zorlanan qadın kimi bitmiş, ağaclar nəfəsini içinə şəkmiş, yol kənarındakı elektrik dirəkləri qorxaq ümid kimi... Təpənin üstdəki “41-45 abidəsi” utandığından gizlənməyə yer axtarır”. “Əsgərlərdən eləsi var ki, 40 gündən çoxdur koma vəziyyətindədir, eləsi də var ki, artıq sağalıb ailəsinin içindədir. Eləsi var ki, yanına düşən mərminin dalğa zərbəsindən travma alıb, ayılan kimi var gücü ilə bağırır, iynə vurub yatırırlar. Eləsi də var ki, zəng edib səngər yoldaşlarından ayağını soruşur: “harada idi?”, ”basdırdınız, yoxsa elə ortalıqda qaldı?” kimi suallar... Müharibə belə şeydir, amansız... Bəzən günlər sonra hospitalda ayılan əsgər ayaqlarını itirdiyini yalnız hospitaldan çıxanda anlayır, durmaq lazım gələndə... Bütün bədəni key içində... əli də yoxdur ki, qıçının yerində olub, olmadığını yoxlaya bilsin. Hə, cancığazım, belə şeydir müharibə... Barmaq işarələri fərqli olduğu kimi dərdlər, qayğılar, ağrılar da fərqlidir. Bir mərminin partlaması ilə ondan qopan qəlpələr də fərqlidir, kimini sədəf boydası öldürür, kimiyə də əl boydası yüngül xəsarət yetirir. Yəni, bunun özü də qədərdir. Kiminin qolsuz ömrün yükünü qaldırmaq, kiminin ayaqsız dik dayanmaq var taleyində. Bu oğlanlar ayağını dövlətə pay verdi ki, yerisin dövlət, sabahlara götürsün balalarımızı... Onlar tariximizin ən böyük vəzifəsini həyata keçirdilər”.

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar