Xəbər lenti
Kremldə Paşinyanı qəzəbli Putin gözləyir: İrəvandan Rusiyaya açıq dəstək tələb ediləcək
Kreml Ermənistanı Rusiyanın düşmənləri siyahısına daxil etməyə çox yaxındır; Rusiyanın hərbi müttəfiqlikdən qaynaqlanan tələblərini qəbul edərsə, rəsmi İrəvanın ABŞ və Qərb qarşısında hansı vəziyyətə düşə biləcəyini indidən təsəvvür etmək də mümkündür...
Ermənistanın yenidən xarici himayədarların təlimatları ilə hərəkət etdiyi müşahidə olunur. Rəsmi İrəvan rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə gərginliyin artırılmasına cəhd göstərdiyi nəzərə çarpır. Və Ermənistanın bu davranışlarının məhz Rusiyaya qarşı yönəldiyi də artıq qətiyyən şübhə doğurmur.Rəsmi İrəvan Rusiyanın üçtərəfli anlaşmaları yerinə yetirə bilmədiyi ilə bağlı görüntü yaratmağa çalışır. Buna paralel olaraq da bir tərəfdən hay-küy salıb, ABŞ-a və Avropa qurumlarına şikayətlər ünvanlayır. Digər tərəfdən isə Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların regiondan çıxarılması tələbləri ilə erməni separatçıların mitinqlərini təşkil edir.
Ancaq nə qədər qəribə də olsa, Xankəndidə mitinqə çıxan erməni separatçıların sayı rəsmi İrəvanın məlum iddiaları ilə uyğun gəlmir. Belə ki, rəsmi İrəvan Xankəndi və ətraf bölgədə 120 min erməninin yaşadığını iddia etsə də, mitinqə toplaşanların sayı heç 120 nəfəri keçmir. Yəni, rəsmi İrəvan həmişə olduğu kimi, indi də həm özünü, həm də beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.
Digər tərəfdən, Ermənistanın üçtərəfli anlaşmaların icrası ilə bağlı hay-küyü də tamamilə yersizdir. Çünki, rus sülhməramlılar üçtərəfli anlaşmaları həqiqətən də tam şəkildə yerinə yetirməyiblər. Ancaq bu anlaşmaların pozulması birmənalı şəkildə ermənilərin maraqları çərçivəsində baş verməkdədir. Hər halda, həmin sənədlər imzalandıqdan dərhal sonra Ermənistan öz ordusunun qalıqlarını Xankəndi və ətraf bölgədən çıxartmalı idi. Ancaq rəsmi İrəvan bu barədə öhdəliyini hələ də yerinə yetirməyərək, üçtərəfli anlaşmaları kobud şəkildə pozmaqda davam edir.
Bütün bunlar azmış kimi, Ermənistan Rusiyaya qarşı müəyyən iradlar da bildirməyə çalışır. Son günlər yenidən telefon aparatı ilə "silahlanmış" Ermənistan baş naziri Nikol Paşinyan Rusiya lideri Vladimir Putin ilə danışıb. Ermənistan KİV-lərində yer alan məlumatlara görə, erməni baş nazir Kreml sahibinə rus sülhməramlıların fəaliyyəti ilə bağlı bəzi narazılıqlarını çatdırıb. Guya prezident Vladimir Putindən rus sülhməramlıların fəaliyyətinin araşdırılmasını tələb edib.
Əlbəttə ki, Ermənistan mətbuatında yer alan bu məlumatlara yalnız sadəlövhlər inana bilər. Çünki, erməni baş nazirin Rusiya prezidentinə irad bildirib, nələrisə tələb edə biləcək cəsarətin sahibi olmadığı heç kəsə sirr deyil. Böyük ehtimalla rəsmi İrəvan belə məlumatlar yaymaqla, Ermənistan cəmiyyətində və Rusiya əleyhinə olan beynəlxalq himayədarları qarşısında öz mövqeyini möhkəmləndirmək niyyəti güdür.
Belə anlaşılır ki, rəsmi İrəvan Rusiyanın Ukrayna savaşında çətin vəziyyətə düşməsindən Ermənistana yeni müttəfiqlər axtarışında istifadə etmək niyyətinə düşüb. Halbuki bu, Ermənistan üçün olduqca təhlükəli manevrdir. Çünki, Rusiya nə qədər çətin vəziyyətə düşsə də, hətta ciddi şəkildə zəifləsə də, Ermənistanı cəzalandırmaq imkanlarını hələ uzun müddət itirməyəcək.
Ermənistanın ABŞ və Qərbə olan ümidləri də tamamilə yersizdir. Çünki, indiki məqamda rəsmi İrəvanın hər hansı məsələ ilə bağlı Rusiyaya müəyyən problemlər yaratmasında maraqlı olsa da, bu istiqamətdə müxtəlif təlimatlar versə də, ABŞ və Qərb Ermənistanı həlledici situasiyada qətiyyən müdafiə etməyəcək. Hər halda, hazırda ABŞ və Qərb üçün Ermənistandan daha önəmli strateji hədəflər mövcuddur. Xüsusilə də, enerji resursları indi ABŞ və Qərbin əsas maraq dairəsinə daxildir. Azərbaycandan fərqli olaraq, Ermənistan heç bir enerji resursları növünə sahib deyil. Bu önəmli faktor isə Azərbaycanı ABŞ və Qərb üçün strateji tərəfdaşa çevirir.
Ona görə də, rəsmi İrəvanın ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyindən verilən son açıqlamalara ciddi əhəmiyyət yüklənməsi də sadəlövh yanaşmadan başqa bir şey deyil. Rəsmi Bakı belə açıqlamaların qarşısından geri çəkilib, Azərbaycanın strateji maraqlarını arxa plana keçirəcəyi qətiyyən inandırıcı görünmür. Azərbaycan Fransa Xarici İşlər Nazirliyinə demək olar ki, əhəmiyyət vermir.
ABŞ Dövlət Departamentinin açıqlamasına gəldikdəsə, ona artıq tutarlı cavab verilib. Belə ki, Azərbaycan XİN ABŞ Dövlət Departamentinə xatırladıb ki, "Dağlıq Qarabağ" adlı bir ərazi bölgüsü ümumiyyətlə, yoxdur. Rəsmi Bakı ABŞ Dövlət Departamentinin ermənilərin yalan təbliğatlarına əsaslanmış son bəyanatını isə məsuliyyətsiz açıqlama hesab edib: "Biz bir daha qeyd etmək istərdik ki, Azərbaycan Respublikası öz suveren ərazisində addım atır".
İndi ABŞ Dövlət Departamenti Azərbaycanın beynəlxalq hüquq normaları ilə tanınmış qanuni ərazilərində erməni separatizminə qarşı atdığı addımlara hörmətlə yanaşmalıdır. Əks halda, ABŞ və Qərbin Rusiya tərəfindən Ukraynanın Krım yarımadasının, Donbas bölgəsinin ələ keçirilməsinə etirazları öz əhəmiyyətini itirə bilər. Sepratizm dünyanın hər yerində eyni problemdir. Dünyanın bir bölgəsində separatizmə qarşı çıxıb, daha sonra erməni separatizminə dəstək verilməsi ABŞ və Qərbin özünə ciddi problemlər yarada bilər.
Təbii ki, belə vəziyyətdə rəsmi İrəvanın boşuna hay-küy salmaq əvəzinə üçtərəfli anlaşmalara riayət etməsi Ermənistana daha çox fayda verər. Ermənistanın baş naziri Nikol Paşinyanın Kreml sahibi Vladimir Putini öz telefon zəngləri ilə bezdirməsi də elə bir ciddi nəticə verə bilməz. Hər halda, hazırda prezident Vladimir Putini Rusiya üçün taleyüklü xarakter daşıyan başqa problemlər daha çox düşündürür. Həmin problemlərin sırasında rəsmi İrəvanın Rusiyaya qarşı xəyanət məzmunu daşıyan sürüşkən mövqeyi də olmamış deyil.
Digər tərəfdən, Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçuların rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tətəfindən barəsində 4 maddə ilə cinayət işi qaldırılan və İnterpol xəttilə axtarış elan edilən Araik Arutyunyanın Rusiya prezidenti Vladimir Putinə müraciəti də tamamilə mənasız manevrdir. Hər halda, A.Arutyunyanın üçtərəfli anlaşmalar üzərindən Rusiyaya dəstək müraciəti etməsi son nəticədə erməni separatçı-terrorçuların özlərinin əleyhinə də çevrilə bilər. Çünki, həmin üçtərəfli anlaşmalara indiyə qədər riayət olunsaydı, erməni separatçı-terrorçular rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədən artıq çoxdan çıxarılmalıydı.
Digər tərəfdən, Azərbaycan və Rusiya ilə imzalanmış müttəfiqlik barədə müqavilə də hazırda Ermənistanın və silahlı erməni separatçı-terrorçuların maraqlarına uyğun deyil. Çünki, həmin sənəddə Azərbaycan və Rusiyanın qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanıması, eləcə də, separatizmə qarşı ortaq mübarizə barədə önəmli maddələr yer alır.
Bu baxımdan, Kremlin Azərbaycan qarşısında erməni separatizmi əleyhinə yalnız üçtərəfli anlaşmalarla deyil, həm də müttəfiqlik müqaviləsi ilə də ciddi öhdəlikləri mövcuddur. Və Rusiyanın ilk növbədə Azərbaycan ilə strateji tərəfdaşlığın qorunması məqsədilə həmin öhdəlikləri icra etməyə daha çox önəm verəcəyi qətiyyən istisna deyil.
Böyük ehtimalla bütün bu məsələlərə Ermənistan baş naziri Nikol Paşinyanın gələn ay Moskvaya rəsmi səfəri çərçivəsində aydınlıq gətirilə bilər. Belə anlaşılır ki, erməni baş nazirin Kremldə bir sıra ciddi sürprizlərlə üzləşə biləcəyi istisna deyil. Çünki, rəsmi İrəvan Ukrayna savaşı başlandıqdan sonrakı dönəmdə Rusiyanı məmnun etməyəcək bəzi yolverilməz manevrlər etməyə çalışıb.
Bu baxımdan, Kremlin Ermənistanı son vaxtlar Rusiyaya dost olmayan ölkələrin sırasında görməyə başlaması da qətiyyən təsadüfi deyil. Yəni, erməni baş naziri Moskvada Ermənistanın son davranışlarından narazı olan Kreml sahibi gözləyir. Erməni baş nazir Kremldə prezident Vladimir Putinin bəzi sərt tələbləri ilə üzləşə bilər.
Hətta bu tələblərin rəsmi İrəvanın hərbi müttəfiq kimi Ukrayna savaşında açıq şəkildə Rusiyanı dəstəkləməsi ilə bağlı konkret məzmun daşıya biləcəyi də qətiyyən istisna deyil. Və belə bir tələbin rəsmi İrəvanı ABŞ və Qərb qarşısında hansı vəziyyətdə buraxa biləcəyini indidən təsəvvür etmək də mümkündür.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar