Xəbər lenti
Ermənistanda “ikitərəfli məxfi sənəd” qalmaqalı: Paşinyan bu dəfə müdafiə nazirindən zərbə aldı
Erməni deputatlar, müdafiə naziri Supen Papikyanın məxfi olduğunu bildirdiyi ikitərəfli sənədin açıqlanmasını tələb edirlər; Baş nazir Nikol Paşinyan “sürüşkən siyasətçi” imici olan və “ikibaşlı oyunlara” başladığı ehtimal edilən yeni müdafiə naziri tərəfindən qəliz vəziyyətə salınıb…
Manevr.az musavat.com-a istinadən Ermənistanda siyasi böhran yeni istiqamətlər almağa başlayıb. Son vaxtlar erməni müxalifəti Paşinyan hakimiyyətinə qarşı ittihamların məzmununu nisbətən dəyişməyə başlayıb. Və indi Ermənistanın hakim dairələri təslimçilik siyasəti yürüdülməsi ilə bağlı ittihamlarla yanaşı, həm də gizli anlaşmalara imza atmaqda da suçlanır.
Onu da qeyd edək ki, radikal revanşist siyasi qüvvələr belə ittihamlarla hakimiyyət uğrunda mübarizəni daha da intensivləşdirə biləcəklərinə ümid bəsləyirlər. Hesab olunur ki, Paşinyan hakimiyyətinə qarşı nə qədər məxfi anlaşmalarla bağlı suallar yönədilərsə, Ermənistan cəmiyyətinin diqqətini bir o qədər cəlb etmək olar. Nəticədə, Paşinyan hakimiyyəti çıxılmaz vəziyyətə düşər və müqavimət gücü daha da zəifləyər.
Maraqlıdır ki, revanşistlər Paşinyan hakimiyyətinə qarşı anti-təbliğat kampaniyasına ilk olaraq, Azərbaycanın nəzarəti altına keçmiş Gorus-Qafan yolu ətrafında mövcud olan qalmaqallı situasiyadan başlayıblar. Böyük ehtimalla bu məsələnin Ermənistan cəmiyyətində xüsusi həssaslıqla qarşılandığı nəzərə alınıb. Və hazırda ölkədaxili siyasi gərginliyi məhz bu mövzu üzərindən artırmağa çalışırlar.
Bu baxımdan, Qarabağ klanını təmsil edən iki deputatın - Anna Qriqoryan və Qeqam Manukyanun Paşinyan hakimiyyətinə qarşı Gorus-Qafan yolu üzərindən “hücuma” keçməsi təəccüb doğurmur. Çünki bu məsələ hələ də ictimai marağı öz üzərində toplaya biləcək məqamlara malikdir. Və istənilən halda, rəsmi İrəvan üçün əlverişsiz müzakirə mühiti vəd edir.
Ona görə də, Anna Qriqoryan öz ittihamlarına əvvəlcə "Azərbaycan hərbçiləri Zəngəzurun kəndlərinə yaxınlaşanda baş nazir Nikol Paşinyan bildirmişdi ki, onlar razılaşmalar əsasında irəliləyiblər" xatırlatması ilə başlayıb. Erməni deputat onu da vurğulayıb ki, həm onun özü, həm də həmkarı Qeqam Manukyan bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə, Baş Qərargaha və digər dövlət strukturlarına rəsmi sorğu göndəriblər. Ancaq həmin dövlət qurumlarından dəqiq cavab ala bilməyib.
Deputat Qeqam Manukyan isə xanım həmkarından fərqli olaraq, aldığı cavablardan yalnız təəccüblənə bildiyini vurğulayıb: "Bu yaxınlarda baş qərargah rəisindən olduqca gözlənilməz cavab aldım. Məxfi xarakter daşıdığından həmin cavabı tam dərc etməyə hüququm yoxdur. Ancaq baş qərargah rəisi, general Artak Davtyanın sözlərinə görə, Zəngəzurda yerləşən ordu bölmələri və könüllü dəstələr təxminən 20 km geri çəkilib. Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi də məhz imzalanmış sənəd əsasında Azərbaycanın nəzarətinə keçib".
Qeqam Manukyanın iddiasına görə, 2020-ci ilin dekabrında Ermənistan hərbi qüvvələrinin geri çəkilməsi barədə baş nazir N.Paşinyanın yazılı əmri mövcuddur: “Biz ordu hissələrinin “sovet sərhədləri”nə geri çəkilməsinin səbəblərini dəqiqləşdirməyə bir il zaman sərf etdik. Məlum oldu ki, baş nazir N.Paşinyan yeni müharibə təhlikəsindən yayınmaq məqsədilə belə bir əmr verib”.
Ancaq erməni deputatı narahat edən əsas məsələ ondan ibarətdir ki, onun sorğusuna yeni müdafiə naziri Suren Papikyanın verdiyi cavabda müəyyən müəmmalı məqamlar da var: “Suren Papikyan məlumat verir ki, məlum bəyanatlardan və üçtərəfli anlaşmalardan başqa Ermənistan və Azərbaycan arasında heç bir sənəd imzalanmayıb. Ancaq o, həm də bildirir ki, 2020-ci ilin dekabrında ikitərəfli sənəd də imzalanıb. Həmin sənəd məxfi olduğu üçün ictimailəşdirilə bilməz”.
Göründüyü kimi, Ermənistanda bəzi siyasi qüvvələr daha çox cavabsız suallar icad etməklə, açıq-aşkar vəziyyəti qəlizləşdirməyə cəhd edirlər. Qəribə də olsa, bu cəhdlərdə Ermənistanın yeni müdafiə naziri Suren Papikyandan istifadə etməyə çalışırlar. Halbuki S.Papikyan baş nazir N.Paşinyanın ən yaxın ətrafına aid edilir. Və onun müdafiə naziri təyin olunmasında da bu amilin xüsusi rol oynadığı bildirilir.
Ancaq erməni deputatın dedikləri doğrudursa, S.Papikyanın ikibaşlı oyun oynadığını da düşünmək olar. Çünki, müdafiə naziri bir tərəfdən “məlum bəyanatlar və üçtərəfli anlaşmalardan başqa, Ermənistan və Azərbaycan arasında heç bir sənədin imzalanmadığını” bildirir. Digər tərəfdənsə, ictimailəşdirlməsi qadağan olunan ikitərəfli məxfi sənədin mövcudluğunu da etiraf edir. Və onun bu “məxfi sənəd” barədə məlumatı məqsədyönlü şəkildə gündəmə gətirmiş ola biləcəyi də qətiyyən istisna deyil.
Onu da qeyd edək ki, Ermənistanın yeni müdafiə naziri haqqında “sürüşkən siyasətçi” imici formalaşıb. Hətta baş nazir N.Paşinyanın yaxın ətrafından ona S.Papukyandan xilas olmağın vacibliyi məsləhət görüldüyü barədə də məlumatlar mövcuddur. Və bütün bunları nəzərə aldıqda, erməni baş nazirin məxfi məlumatların cəmiyyətə sızdırılması ilə bağlı sabotajla üz-üzə olduğunu da ehtimal etmək mümkündür.
Hər halda, erməni baş nazir hazırda radikal revanşistlərin ittihamlarını təkzib etmək və ya əhəmiyyətdən salmaq məcburiyyətində qalıb. Onun Soçi və Brüssel görüşlərinin Ermənistana “dinc inkişaf erası”na başlamaq imkanı açdığını bəyan etməsi də məhz siyasi-ictimai təzyiqləri nisbətən zəiflətmək niyyəti ilə izah olunur. Yəni erməni baş nazir Ermənistan cəmiyyətinə “parlaq gələcək” barədə yeni vədlər verməklə, rəqiblərinin təzyiq kampaniyasını zərərsizləşdirməyə çalışır.
“Biz yalnız inkişaf yolu ilə irəliləmək istəyirik” deyən erməni baş nazir siyasi rəqiblərini “Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Ermənistan cəmiyyətini aldatmağa çalışmaqda suçlayır: “Sülh danışıqları ilə bağlı müxtəlif siyasi açıqlamalar eşidirdik. Ancaq sonra gördük ki, həmin açıqlamlar ilə danışıqların məzmunu qətiyyən uyğun deyil. Qapalı toplantılarda qəbul edilən qərarları cəmiyyətə fəqrli məzmunda açıqlamaq yolverilməzdir. Biz özümüzü belə tələyə salmaq istəmirik. Həm də hər kəs anlamalıdır ki, milli təhlükəsizlik sahəsində bir çox məsələlərin məxfi qalması vacibdir”.
Belə anlaşılır ki, erməni baş nazir bəzi məsələlərin Ermənistan cəmiyyətinin müzakirəsinə çıxma ehtimalından ciddi şəkildə narahatdır. Ona görə də, öz siyasi rəqiblərini üstüörtülü şəkildə dövlət sirlərini yaymaqda suçlamağa çalışır. Erməni baş nazir nə qədər özünü qorumağa çalışsa da, məhz məxfiliklə bağlı bəzi məqamlar hər halda, müxalifətin iddialarında həqiqət payının ola biləcəyindən də xəbər verir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar