Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sərhəd gərginliyinin ilginc səbəbi: Qərb və İrəvan Rusiyanı şantaj edir

Tarix: 19-11-2021 15:33     Baxış: 4174 A- / A+




Putinin delimitasiya işlərində digər vasitəçilərə “yox” deməsi, buna cavabda Paşinyanın Qərbin diktəsi ilə üçtərəfli görüşü tormozlaması, Moskvanın regionda dominat rolunu kölgələməsi, nəhayətdə isə son toqquşmaları yenə Kremlin dayandırması göstərdi ki, Rusiya “siz başladınız, amma biz bitirdik” mesajını ABŞ və Avropaya verdi - ekspertlərin fərqli baxışı
Sərhəddə baş vermiş hər iki tərəfin itkiləri ilə nəticələnən qarşıdurmada kimlərin maraqlı olduğu haqda suallara hələ ki, birmənalı cavab yoxdur.
Manevr.az xatırladır ki, Rusiya sərhədlərin müəyyənləşməsi ilə bağlı hər iki tərəfi güzəştlərə çağıraraq, vasitəçilik missiyasını yenə də təkbaşına üzərinə götürmüşdü. Kreml başçısı Vladimir Putin “Valday” klubundakı  çıxışında bu məsələyə toxunmuşdu. Halbuki  sərhədlərlə bağlı Qərbin də öz planları vardı, xüsusilə Avropa Birliyi vasitəçiliklə bağlı xeyli fəallaşmış, son günlər regiona ard-arda öz emissarlarını göndərmişdi. ABŞ məsafəli davransa da, xüsusilə bu ölkənin Ermənistandakı səfirinin verdiyi bəyanatlarda “status məsələsi” qaldırılır və ATƏT-in Minsk Qrupunun vasitəçiliyinin vacibliyi vurğulanırdı.
Amma Rusiyanın vasitəçilərə “yox” deməsi, Putinin kənar iştirakçılara ehtiyac olmadığını söyləməsi, sərhədlə bağlı xəritənin Baş Qərargahda olduğunu bəyan etməsindən sonra proses sanki tormozlandı. Ona görə Moskvada üçtərəfli görüşlə bağlı noyabrın ilk ongünlüyündə gözlənilən görüş qəfildən heç bir səbəb göstərilmədən ertələndi. Eyni zamanda Minsk Qrupunun tərəfləri görüşdürəcəyi ilə bağlı iddialar da təsdiqlənmədi, əvəzində həm Qarabağ ətrafında, həm sərhəddə gərginlik yarandı.
Beləliklə, Ermənistanın ikili oynadığına şübhə yoxdur və danışıqların baş tutmamasının da əsl səbəbi İrəvanın mövqeyidir. Baş nazir Nikol Paşinyan bunu daxili gərginliklə, guya müxalifətin xalqı ayağa  qaldıracağı ilə əlaqələndirsə də, məlumdur ki, ölkəyə nəzarət onun əlindədir, müxalifətin onu hakimiyyətdən qovmağa taqəti yoxdur. O halda, Paşinyanın Qərbin sifarişi ilə bu gərginliyi artdırdığı versiyası daha inandırıcı görünür. Paşinyan Qərbin diktəsi ilə vəziyyəti gərginləşdirməklə Rusiyanın vasitəçilik, regionda dominat rolunu kölgələyir, üstəlik, bununla da özünü “təslimçi sülhdən”, Zəngəzur dəhlizinin açılmasından sonra mümkün təzyiqlərdən sığortalamış olur.
O da var ki, Rusiya Ermənistana əvvəlki sıcaq münasibəti göstərmir, üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsinin vacibliyini vurğulayır. Üstəlik, Rusiya elitasından Kremlə Ermənistan yükündən qurtulmaqla bağlı çağırışlar səslənir. Qərb-Avropa Birliyi isə məlumdur ki, İrəvana 2,6 milyard avro maddi dəstək ayırıb, bu vəsaitlərin artacağı da istisna deyil. Nəzərə almaq lazımdır ki, status xəyallarını da Ermənistana aşılayan Rusiya deyil, Qərbdir. O halda Paşinyanın Qərbin dəstəyi və göstərişi ilə vəziyyəti gərginləşdirdiyi versiyası ikiqat ağlabatan görünür.
Paşinyanın  gərginliyin pik həddində Rusiyaya yaxın müdafiə nazirini kriminal keçmişi və özünə çox yaxın olan şəxslə əvəzləməsi də diqqət çəkməyə bilməz. Ermənistan TŞ-nin katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması da əslində Rusiyanı şantaj etmək cəhdidir. Maraqlıdır ki, Rusiyadan əvvəl sərhədlərdən min kilometrlərlə uzaq olan Avropa Birliyi narahat oldu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Yalnız bundan sonra danışıqlara Rusiya qoşuldu, Paşinyan ənənəvi olaraq Rusiya prezidentini telefonla aradı, sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə hər iki ölkədəki həmkarı ilə zəngləşdi. Daha bir mühüm detal - Rusiya atəşkəsin  məhz onların vasitəçiliyi ilə baş tutduğunu bu dəfə xüsusi vurğuladı. Sanki Rusiya bu məqamı vurğulamaqla, “siz başladınız, amma biz bitirdik”, “hələ də bu bölgədə sözükeçən bizik” mesajını vermiş oldu. Fransız siyasi ekspert Naim Asasın fikrincə, gərginlikdə Rusiya və Türkiyəyə düşmən olan xarici qüvvələr də maraqlar ola bilər, onlar bölgədəki ölkələri birləşdirən nəqliyyat dəhlizinin açılmasını istəmirlər. Bəs bizim analitiklər nə düşünürlər, bu məntiqi ardıcıllığı bölüşürlərmi?

 Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan strateji nöqtələrdə möhkəmlənir, Ermənistan buna alışmayıb, 30 ildə görmədikləri mənzərə ilə qarşılaşıblar: “Ona görə Paşinyan müqavimət göstərir, amma acı nəticəsini gördü. Düşünmürəm ki, kiminsə təlimatı ilə edir, öz ağlının məhsuludur. Müdafiə nazirini də dəyişdi ki, guya dişli cavab versinlər, əvəzində itkiləri oldu, əsirləri var. İndi Paşinyan əsirlərə görə erməni ictimaiyyətinə cavab verməli olacaq. Azərbaycan isə onları hələm-hələm qaytarmayacaq”.
E.Şahinoğlu proseslərdə Qərbin diktəsini istisna edir: “Onların öz problemləri var, başı Polşa-Belarus sərhədində baş verənlərə qarışıb. Odur ki, Qərbdən Minsk Qrupu ilə bağlı nə qədər istəyirlər desinlər, bizi bu toqquşmalarla məcbur edə bilməzlər. Paşinyan indi gah sülh müqaviləsi deyir, gah Qarabağ mötərizədə olacaq söyləyir. Deyəsən, Paşinyan fərqli sülh müqaviləsindən danışır. Ümumiyyətlə, Ermənistan çətin vəziyyətdədir. Paşinyan özü danışıqlara getmədi, başa düşdü ki, qarşısına xəritələr qoyulacaq. Yəni İrəvan iki seçim qarşısındadır: bizimlə razılaşsa, müxalifətin təzyiqləri güclənəcək, anlaşmasa, Bakının təzyiqi artacaq, İrəvanın itkiləri olacaq”.
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun  dediyinə görə, bu hadisələrin əsas məqsədi ondan ibarətdir ki, Ermənistan köhnə siyasətindən əl çəkmək istəmir: “Onlar ”artsax" siyasətini yeni şəraitdə davam etdirmək niyyətindədirlər. Görünür ki, Ermənistan Zəngəzur dəhlizi və delimitasiya ilə bağlı boyun qaçırır. İndi yeni situasiya meydana çıxır - sərhəd yox, təmas xətti yaratmağa çalışırlar. Ermənistan Azərbaycan ərazisində təmas xətti qurmaq arzusundadır. Təmas xəttinin siyasi və hüquqi xüsusiyyətləri isə fərqlidir. O deməkdir ki, müharibə bitməyib və iddialarından əl çəkməyiblər".

 Tofiq Zülfüqarov
T.Zülfüqarov hesab edir ki, hər şey köhnə ssenari üzrə gedir: “Əvvəlcə gərginlik yaşanır, sonra haray-həşir salınır, sonra tərəflər ”gəlin sizə vasitəçilik edək" təklifi irəli sürürlər. İrəvan indiki mərhələdə Rusiyaya etibar etmir. Ancaq müsbət haldır ki, münaqişə Qarabağ yox, sərhəddə olacaq. Bu da strateji baxımdan xeyrimizədir. İndi Paşinyandan delimitasiya haqda bəyanatlar da ola bilər. Əslində demarkasiya və delimitasiya texniki prosesdir. Saziş olmalıdır ki, tərəflər ərazi bütövlüyünü tanısınlar. Ermənistan əvvəlcə razılıq verəcək, sonra deyəcək ki, sərhəddə müşahidəçilər olsun. İk növbədə Rusiya istəyəcək ki, onun müşahidəçiləri sərhəddə olsun, amma Qərb və Ermənistanın özü də müşahidəçi istəyəcək, çünki Moskvaya etibar yoxdur. Sadəcə, Qərb bəyanatlardan o yana gedə bilmir. Bir tərəfdən də bizim ictimaiyyətdə çaşqınlıq var. Bəziləri deyirlər ki, yenə müharibə gedir. Amma öz seçimimiz deyil axı?!"

 Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlının fikrincə, bölgədə üç əsas oyunçunun gündəliyi eynidir və bu, Ermənistan üçün yalnız bir açıq qapı saxlayır: sərhədin delimitasiyası və demarkasiyasına razılaşmaq. Onun sözlərinə görə, İrəvanın əks mövqeyi “məcburetmə əməliyyatının” davam etməsi deməkdir: “Rəsmi İrəvan sülhə hazır olduğunu bəyan edir, lakin öz gündəliyi var. Paşinyan bildirir ki, ”Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də. Bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib. Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır". Bu, Bakının sülh gündəliyinə uyğun deyil. Çünki Paşinyan yeni gündəlik təqdim edir və məqsəd Minsk Qrupu çərçivəsində Qarabağ məsələsini aktuallaşdırmaqdır. Döyüşlərdən sonra da İrəvanın bunu irəli sürməsi göstərir ki, Paşinyanı dəstəkləyən qüvvə bölgədən kənarda olan Qərbdədir. Və Nikol anlayır ki, regionun gündəliyindən uzun müddət imtina edə bilməyəcək. Ona görə danışıqlarda mümkün qədər nəsə əldə etməyə çalışır, bunun üçün həm də Qərbin bölgəyə gəlmək istəyindən rıçaq olaraq istifadə edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar