Xəbər lenti
Prezidentin 3 əsas tələbi... – Şərh
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayı zamanı Azərbaycanın yeni dövrə qədəm qoyduğunu bildirdi. Bu, əslində ölkə başçısının bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətin yarandığı mesajı idi. Yeniliklərə uyğunlaşmaq üçün isə dəyişiklik mütləq şərtdir.
Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı zamanı səsləndirdiyi fikirlər haqda danışarkən deyib.
Politoloq qeyd edib ki, Prezidentin qurultayda çıxışı zamanı səsləndirdiyi fikirlərdən bəlkə də ən diqqət çəkəni Azərbaycanın İkinci Qarabağ müharibəsinin təcrübələrindən istifadə edərək zəif yerləri aradan qaldırıb daha modern, daha üstün ordu qurmalı olduğunu deməsi idi:
“Bu, əslində həm daxili auditoriyaya, həm də xarici düşmənlərə verilən açıq bir mesaj idi. Yəni heç kəs Azərbaycanın qalib ədası ilə arxayınlaşacağını, 20-30 il sonra bu arxayınçılıqla yenidən torpaqlarının işğal edilməsinə şərait yaradacağını düşünməsin. Ölkəmiz 44 günlük müharibədə tarixi bir qələbə qazandı. 27 il sonra torpaqlarımız düşmən işğalından azad edildi. Lakin nə əldə edilən qələbə bizi arxayınlaşdırmalı, nə də 27 illik işğal tarixi yaddaşımızdan silinməlidir. Çünki tarix ondan dərs çıxaranları sevir.
Ölkə başçısının mesajı konkret və aydındır. Qalib ölkə olaraq daha da güclənəcək, gələcək nəsillərə, Azərbaycana daha güclü ordu miras qoyacağıq. Beləcə gələcək nəsillər torpaqlarımızın işğal edilməsi təhlükəsi ilə üzləşməyəcək”.
Politoloqun sözlərinə görə, Prezident qurultayda konkret tələblərini dilə gətirdi:
“Birincisi, ölkə başçısı bütün sahələrdə, o cümlədən siyasi islahatlar sahəsində ən müasir təcrübənin Azərbaycanda tətbiq edilməsini istədi. Şübhəsiz, bu gün ölkədə davamlı və uğurlu sosial, iqtisadi, siyasi islahatlar aparılır. Bütün bu islahatların əsas məqsədi Azərbaycan xalqının, dövlətinin rifah səviyyəsini artırıb daha güclü olmasıdır.
Dəyişən və inkişaf edən dünya ilə ayaqlaşmaq üçün ən müasir təcrübələrdən faydalanmalıyıq.
İkincisi, cənab Prezident təhsil müəssisələrində gənc nəslin tərbiyə edilməsinə xüsusi diqqət yetirilməli olduğunu qeyd etdi. Bənzər fikirləri ümummilli lider Heydər Əliyev də dəfələrlə səsləndirib.
Təhsil sistemimiz inkişaf etsə, yetişən gənclik də vətənə, millətə daha xeyirli olar. Lakin cənab Prezidentin bu sözlərində həm də bir narahatlıq var idi. Çünki ölkədə Qərbin saxta, yalançı təbliğat maşını yetişən gənclərin ağlını bulandırır. Bu da öz növbəsində yetişən nəslin milli dəyərlərdən uzaqlaşmasına gətirib çıxara bilər. Düşünürəm, ölkə başçısı təsadüfən bu məsələyə toxunmayıb.
Üçüncüsü, ölkə başçısının toxunduğu digər diqqət çəkən mövzu ölkəmizdə tolerant mühitin, etnik-dini icmalar arasında dostluq, mehriban münasibətlərin qorunması, Azərbaycanın multikulturalizm mərkəzlərindən biri kimi təbliğinə bundan sonra da xüsusi diqqət yetirilməsi idi.
Ümumiyyətlə, Azərbaycan çoxkonfessiyalı bir ölkədir. Buna görə də ölkədə multikulturalizm, tolerant mühit, etnik-dini icmalar arasında dostluq və s. mövzular hər zaman aktualdır. Şübhəsiz mövcud vəziyyətin belə hazırkı tərzdə qorunub saxlanması və inkişaf etdirilməsi də vacib, eyni zamanda zəruridir.
Düşmən 44 günlük müharibə zamanı daxildəki fərqli etnik qrupları ayağa qaldırmağa çalışırdı. Lakin buna nail ola bilmədi. Səbəb ondan ibarətdir ki, bu torpaqlarda heç kəsə etnik, dini ayrı-seçkilik edilmir. Bu, 1000 il öncə də belə idi, 1000 il sonra da belə olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar