Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kəmaləddin Heydərovun müflisləşdirilməsinə sevinənlərin söykəndiyi arqumentlər...

Tarix: 25-10-2018 07:00     Baxış: 3640 A- / A+
Kəmaləddin Heydərovun müflisləşdirilməsinə sevinənlərin söykəndiyi arqumentlər...

Bəri başdan onu deyim ki, bir çoxlarından fərqli olaraq Kəmaləddin Heydərovun evində yanan çırağın nəinki şöləsi, heç kölgəsi də bizim qapıya düşmür. Dolayısıyla məni bu yazını yazmağa vadar edən də onun dağılan mülkiyyəti yox, Azərbaycanın iqtisadi perspektividir. İndisə keçək əsas mətləbə.

Kəmaləddin Heydərovun bütün mülkiyyətinin əlindən alınması xəbəri, uzun zamandır, ictimaiyyət arasında müzakirəyə çevrilib. Qulaqdan-qulağa pıçıldanan bu xəbərə inananlar da vardı, inanmayanlar da. İnananlar belə, ölkənin ən iri oliqarxının əlindəki mülkiyyətin bu qədər rahatlıq alınmasına və hər hansı reaksiya ilə nəticələnməməsinə heyrətlənirlər. İnanmayanlar da eyni məntiqə söykənərək, məlumatların həqiqəti əks etdirmədiyini düşünürlər.

Son zamanlar bir sıra mətbu orqanlarda işıq üzü görən məlumatlar yayılan xəbərin əsassız olmadığını ortaya qoydu. Məlumatlara inansaq, “fövqəlnazir”in bir sıra iri müəssisələri ya tamamilə bağlandıqlarını rəsmən elan etmiş, ya da onların adı dəyişdirilmışdi. Bildirildiyinə görə, dünyanın bir çox ölkələrində işgüzar fəaliyyətlə məşğul olan “Gilan Turizm” şirkəti ən son bağlananlardandır. Bundan əvvəl isə “Gilan Pasicifik İnşaat Materialları” MMC, “Gilan Motors” MMC və “Gilan Sement” MMC kimi şirkətlər də bağlandıqlarını rəsmən elan etmişlər.

Holdinqə məxsus adı dəyişdirilən şirkətlər arasında isə son günlər ən çox “Qafqaz”otellər qrupunun adı hallanır. Məlumatlara görə, bu qrupa 13 otel daxil idi və onların adındakı “Qafqaz” sözü “Kaspia” ilə əvəz edilib: “Misal üçün, Qəbələdə yerləşən "Qafqaz Yeddi Gozel Hotel"in adı dəyişdirilərək "Kaspıa Yeddi Gozel Hotel Gabala", Lənkəranda yerləşən "Qafqaz Sahil Hotel”in adı dəyişdirilərək "Kaspıa Sahil Hotel Lankaran" adı verilib” (unikal.org). “Qafqaz” otellər şəbəkəsinə aid olan bir müəssisə - "Qafqaz Sahil Hotel” isə oktyabr ayının 20-dən fəaliyyətini rəsmən dayandırıb.

Bu zamana qədər işləyən və az-çox istehlak bazarında öz xidmətilə tanınan müəssisələrin birdən-birə adlarından imtina etməsi heç bir iqtisadi məntiqlə əsaslandırıla bilməz. Odur ki, bu addımların arxasında tamamilə başqa niyyətin dayandığı məntiqi doğur. Ən ağla batan versiya isə müəssisələrin əl dəyişdirməsidir ki, bu da irəli sürülən iddiaları təsdiqləyir.

İctimaiyyətin bu xəbərlərə münasibəti isə birmənalı deyil. Ölkənin bütün varidatının bir ovuc əldə toplanmasına qəbul edə bilməyən vətəndaşlarımızın bir çoxu Kəmaləddin Heydərovun müflisləşdirilməsinə sevindiklərini gizlətmirlər. Amma bu xəbərə üzülənlər də az olmadı. Bu qəbildən olan insanlarımızı ən çox narahat edən isə ölkənin indiki zamanında bir çox iş yerlərinin bağlanması və işsizliyin artması perspektividir.

Bəs görəsən, bir-birinə zidd bu iki mövqedən hansı daha haqlıdır?

Fikrimizcə, hər iki arqumentdə haqlıq hayı var. Birincilər ona görə haqlıdırlar ki, ölkənin bütün varidatının bir neçə qüdrətli əldə toplanması istər-istəməz monopoliyalar yaradır, rəqabət imkanını məhv edir, iqtisadi böhranlara aparır. Fəqət, bu arqumentdə özü-özünü təkzib edən bir sıra amillər mövcuddur. Əsas amil isə ondan ibarətdir ki, Kəmaləddin Heydərovun əlindən alınan mülkiyyətlər hansısa yetim-yesir arasında paylaşılmayıb, milliləşdirilərək “zəhmətkeş”lərin ixtiyarına verilməyib. Əksinə, daha böyük oliqarxın və ya oliqarxların əlində toplaşıb. Bu da onsuz da var olan digər iqtisadi qüdrətin “cazibə qüvvəsi”ni artırır. Nəticədə “cazibə qüvvəsi” böyüyən həmin nəhəngin digər xırda təsərrüfatları “yemək” potensialı da çoxalır. Elədirsə, bir divin bu şəkildə yoxoluşu ondan ikiqat, üçqat daha böyük bir divin doğuluşu deməkdir ki, buna sevinən Cırtdanların canfəşanlığı bir müddətdən sonra özlərinin yemə çevrilməsini alqışlamasına bənzəyir.

Kəmaləddin Heydərovun müflisləşdirilməsinə sevinənlərin söykəndiyi bir başqa arqument isə monopoliyaları, paket maaşa dayalı sistemi məhz onun yaratmasıdır. Guya, indi həmin adamın müflisləşməsi də ilahi ədalətin tələbidir. Necə deyərlər, “gen qaz, dərin qaz, özün düşərsən”.

Açığını desəm, bu zamana qədər mən də buna inanır və onu xeyli qınayırdım. Amma indi Kəmaləddin Heydərovun mülkiyyətinə əl qoyulması xəbərləri təsdiqləndikcə, mənim bu adamın belə bir qüdrətə malik olmasına inamım azalır. Axı necə ola bilər ki, ölkədəki bütün qazanc sistemini dəyişəcək qədər qüdrətli olan bir fövqəl güc heç bir iqtisadi səbəb olmadan bütün mülkiyyətini itirsin? Belə çıxır ki, o, əslində bu siyasətin qurucusu yox, icraçısı idi və birdən-birə özü ətçəkən maşınının dişləri arasına qaldı.

Oliqarx mülkiyyətlərinin əl dəyişdirilməsinə üzülənlər isə ona görə haqlıdırlar ki, bu cür metodlarla nə düz-əməlli iqtisadiyyat, nə də güclü dövlət qurmaq mümkündür. Zira ibtidai dövrlərdən indiyə qədər qurulan, ideoloji xarakterindən, iqtisadi formasiyasından asılı olmayaraq, bütün dövlətlərin təməli mülkiyyət hüququna və onun qorunmasına əsaslanır. İbtidai dövlətlər mülkiyyət münasibətlərini tənzimləmək üçün ortaya çıxdığı kimi, müasir dövlətlər də məhz bu hüquqa hörmət etdiyi üçün ayaqda durmağı bacarır. Mülkiyyət sahiblərinin sayı azaldıqca dövlətlər də balacalaşır, gücdən düşür və hər kəsin üz döndərdiyi quruma çevrilir. Təhkimçi kəndlilər feodal Rusiyasını böyütmədiyi, sahibkarlıq hissi olmayan qullar quldarlıq quruluşunu əbədiləşdirmədiyi kimi, bütün mülkiyyətlərin bir əldə toplandığı cəmiyyətlər də eyni taleyi yaşamağa məhkumdur. Bu mənada hətta krallıqların qüdrəti belə, kralların əlində cəmləşmiş varidatın böyüklüyü ilə yox, mülkiyyət sahiblərinin çoxluğu ilə ölçülür. Sahibkarların çox olduğu və ÜDM-nun çox sayda insanda toplandığı cəmiyyətlər həm rəqabət mühitinə açıq olduğu üçün inkişaf edir, həm də daha çox insanın marağına uyğun olduğu üçün ayaqda dayana, təhlükəsizliyini daha rahat qoruya bilir. Deməli, dünən Ziya Məmmədovların, Hafkaların, bu gün Kəmaləddin Heydərovların, sabah yəqin ki, Bəylər Əyyubovların mülkiyyətlərinin əlindən alınması qətiyyən dövlətin güclənməsinə xidmət etmir. Əksinə, bütün mülkiyyətlərin bir ələ toplanmasına gətirib çıxarır ki, bu da oliqarx rejimindən daha təhlükəli olan krallıq rejiminə keçmək deməkdir.

Üstəlik, Kəmaləddin Heydərov, nə qədər bəyənməsək belə, qeyri-qanuni və ya qanuni əldə etdiyi varidatları xaricə qaçırmayıb. Öz ölkəmizin iqtisadiyyatına yatırıb və müəssisələrində minlərlə insan çalışdırıb. Mənim kimi bir neçə nəfəri halal zəhmətilə qazandığı bir tikə çörək üzünə möhtac qoysa da, hər halda bu təşəbbüsü təqdirə layiqdır. Oğurladıqları pulları xaricə qaçırıb özlərinə cənnət yaradanların və Vətəninə pul qazanmaq yeri kimi baxanların bir çoxu hələ də vəzifələrini qoruduğu halda, “fövqəlnazir”in bu münasibətlə üzləşməsi Qismən Yaxşının cəzalandırılması, Mütləq Pisin isə mükafatlandırılmasıdır ki, tarix boyu bütün dövlətlər məhz bu ədalətsizlikdən çöküb.

Mülkiyyət hüququnun bu qədər rahatlıqla əldən alınmasının başqa sıxıntıları da var. Məlum olduğu kimi, Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirmək üçün ölkəyə xarici kapital cəlb etməyə çalışır. Ölkəmizdə zaman-zaman yaşanan hüquq pozuntuları isə xarici kapitalı qorxudur, sərmayədarları iqtisadiyyatımıza investisiya qoymaqdan çəkindirir. Bir zamanlar “Barmek”-in qurucusu Hüseyn Arabulun başına gətirdiyimiz müsibətlər hələ də yaddaşlardan silinməyib. Bəzi xarici kreditorların Beynəlxalq Bank əməliyyatlarında ağzının yanması Azərbaycanın beynəlxalq iqtisadi imicinə ciddi şübhələr yaradıb. Demək olar ki, bütün beynəlxalq reytinq qurumları Azərbaycanın investisiya qoyuluşu dərəcələrini təhlükəli vəziyyət həddinə endirib. Bu da azmış kimi, neftin dünya bazarında qiymətinin ucuzlaşmasıyla üzləşdiyimiz böhran da iqtisadiyyatımızın nə qədər qırılğan olduğunu ortaya qoyub. Belə bir zamanda “fövqəlnazir”in belə, öz mülkiyyətini qoruya bilməməsi qənaətinin formalaşması ölkəmizin investisiya mühiti barədə imicini büs-bütün korlayır. Bu yalnız xarici investorları da qorxutmur, eyni zamanda yerli iş adamlarımızın belə təşəbbüskarlığını azaldır, hər kəs əlindəki sərvətin taleyini düşünür. Beləcə, ölkəmizin gələcək perspektivinin qarantiyası olan iş adamlarımızın və kapitalımızın xaricə qaçmasına zəmin hazırlanır.

Bütün bunları nəzərə alanda Kəmaləddin Heydərovun mülkiyyətinin əlindən alınması təkcə hakimiyyətin daxili məsələsi olmaqdan çıxır və hər kəsin taleyinə birbaşa təsir göstərən amilə çevrilir. Fikrimizcə, ölkəni bu çətin vəziyyətdən qurtarmağım yolu bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, hansısa yollarla oliqarxa çevrilmişləri müflisləşdirmək, onların mülkiyyətinə əl qoymaq deyil. Əksinə, bütün mülkiyyətlərə amnistiya vermək və iqtisadi qurumlar arasında azad və ədalətli rəqabəti təmin edəcək islahatlar aparmaqdır. Bir tərəfdə milyardların və qohum-əqrəbaların toplandığı, digər tərəfdə isə hər cür imkan və potensialı məhdudlaşdırılmış həqiqi işgüzar beyinlərin ümidsiz halda məmləkətin düzələcəyini gözlədiyi bir şəraitdə hansısa islahatlara başlamaq asan deyil. Amma həqiqi demokratik dövlət və rəqabətə dayalı iqtisadiyyat quruculuğu üçün alternativ yol da yoxdur./ovqat.com



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar