Təəssüf ki, aradakı gərginliyi azaltmaq əvəzinə İran molla rejimindən Azərbaycana qarşı riyakarlıqdan başqa bir şey görmürük. Halbuki iki ölkə arasındakı gərginliyi də başladan elə ilk gündən məhz İran molla-fars rejiminin tutduğu mövqe oldu.
Vətən müharibəsindən sonra Ermənistanla qardaşlığı Azərbaycanla düşmənçiliyə dəyişən rəsmi Tehran aradakı gərginliyi azaltmaq əvəzinə ritorikasında hədə, təhdid, güc nümayişi, terror elementlərini bu gün də sürətlə artırmaqdadır.
Öz gözündə tiri görməyən, özgə gözündə tük axtarır...İran Ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydərinin son açıqlaması iki ölkə arasında soyuq olan münasibətləri biraz da dondurdu. O bildirib ki, Qafqazda bir neçə son dərəcə həssas məsələ var:
✔️ Bunlardan biri "ölkə sərhədləri daxilində sionist rejim ünsürlərinin mövcudluğu"dur.
✔️ Digər problem 2022-ci ildə Azərbaycanla Ermənistan arasında gedən müharibə zamanı münaqişə tərəflərindən birinin təşəbbüsü ilə guya burada meydana çıxan Suriyadan terrorçuların bölgədə olması ilə bağlıdır. Həmin terror ünsürlərinin regionu tərk etməsi ilə bağlı İran tərəfindən heç bir etibarlı məlumat yoxdur.
✔️ Bir başqa məsələ, regionda dövlət sərhədlərinin qanunsuz dəyişdirilməsinin yolverilməzliyidir. Onun sözlərinə görə, İran qonşu dövlətlərin sərhədlərinə hörmətlə yanaşır, lakin onların dəyişdirilməsinə imkan verməyəcək.
Belə bir şey nə dünya siyasətində var, nə də onun beynəlxalq hüququnda ki, sən bir dövlətin sərhədlərinə hörmətlə yanaşasan, amma onun faktiki olaraq 30 il ərazində dəyişdirilərək işğalçıların istifadəsində olmasına bir dəfə də olsun həmin müddət ərzində səs çıxarmayasan, etiraz bildirməyəsən.
İran generalı Kiyuməs Heydərinin bu açıqlamaları əslində molla rejiminin regionla bağlı planlarını növbəti dəfə ifşa etdi. İlk dəfə idi ki, Azərbaycan Müdafiə Nazirliyi İran tərəfindən Azərbaycana qarşı iftira dolu bəyanata belə operativ və sərt reaksiyası ilə diqqət mərkəzinə düşdü.
Müdafiə Nazirliyi İran Ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydərinin ittihamlarına cavabında bildirib ki, "Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur".
Burada xüsusilə ən diqqətçəkən məqamlardan biri Bakının Tehranın "terrorçularla" bağlı ittihamlarına ilk dəfə məhz "terroru dəstəkləyən İrandır" kontekstində cavab verməsidir. Belə aydın olur ki, artıq Bakı çox yaxşı anlayır ki, tehran Azərbaycanla münasibətləri korlamaqda, vəziyyəti gərginləşdirməkdə maraqlı tərəfdir. Bu da böyük ehtimalla Azərbaycan-İran xəttində gərginliyin yeni mərhələdə davam edəcəyinə bir işarədir.
Amma Heyədrinin əsassız ittihamlarına Bakının cavabı daha sərt və yerində oldu. Bakının cavabı Heydərinin Azərbaycanı 44 günlük müharibədə İŞİD terrorçularını bölgəyə gətirməsinə dair iddiasına cavab olmaqla yanaşı, həm də son hadisələr - səfirliyimizə və millət vəkili Fazil Mustafaya hücumla bağlı Tehrana verilən "baş verənlərin arxasında sizin dayandığınızı bilirik" mesaj idi.
Bütün bu təzyiq dolu bəyanatların, çıxışların, təxribatların məhz Təl-Əvivdə Azərbaycan səfriliyinin açılması ərəfində baş verməsi isə təbii ki, heç də təsadüf bir məsələ deyil.
Molla rejiminin israrla Azərbaycanda "suriyalı terrorçular" olduğu iddiasını davam etdirməsi qəribə olduğu qədər həm də təhülkəli ittiham növüdür. Müharibə vaxtı ortaya atılan bu iddiaları artıq Ermənistanın belə dilə gətirmədiyi bir vaxtda indi Tehranın ortaya düşərək Azərbaycanı "terrorçu" saxlamaqla ittiham etməsi, böhtan atması İranın bölgəmizdə yeni hərbi eskalasiya riskini artırmaq, buna zəmin hazırlamaq üçün qurulmuş plandan başqa bir məsələ deyil.
İranın bu absurd ritorikanı davam etdirməsində bir qəribəlik də axtarmağa gərək yox. İkinci Qarabağ müharibəsindən üzü bu yana molla rejiminin Azərbaycana qarşı tutduğu mövqenin hansı xətt üzrə inkişafı "İrandan hər pisliyi gözləməliyik" fikrini aktuallaşdırır.
iranın bu ittihamlarının, böhtanlarının isə əsas səbəbi Yaxın Şərqdə olduğu kimi Cənubi Qafqazda da "sionist"lə yanaşı, "təkfirçi" narrativindən də istifadə etməklə Azərbaycanla geosiyasi çəkişməyə dini-ideologiya don geyindirməyə çalışmaq və bununla da, Azərbaycana qarşı hazırladığı "silahlı proksi qrup"larına ideoloji legitimlik və dəstək yaratmaq istəyindən irəli gəlir.
Bunu biraz da konkretləşdirsək, İran rejimi Yaxın Şərqdəki mübarizə narrativləri, oradakı xaos durtumu Cənubi Qafqaza proyeksiya etməkdə maraqlıdır. Bu, İranın bu zamana kimi olduğu bütün coğrafiyalarda belə olub, yəni İranın oyun stili dəyişməz olaraq qalır.
Beləcə, İran regionda hərbi toqquşma üçün bəhanə axtarışlarını dava etdirir. Azərbaycanın İsraildə səfrilik açmasından özünə yer tapmayan molla rejimini niyə məhz qardaş bildiyi Ermənistanın artıq neçə illərdir İsraildə səfirliyinin olması bugünə kimi narahat etməyib?
Əgər İranı tək Azərbaycanın İsraildə səfirlik açması məsələsi narahat edirsə, bunun hesabını Ermənistandan da sormağı bilməlidir. Əgər İran Qafqazda sionist ölkələrlə bağlı bəyanat verirsə ilk növbədə Ermənistan ittiham etməlidir.
Azərbaycanın artıq hansı dövlətlə, hansı müstəvidə münasibət quracağı, dostluq əlaqələri yaradacağı Bakının öz qərarı, öz işidir. Rəsmi Bakı imkan verməyəcək ki, ona edilən bu cür terror təhdidləri ilə Azərbaycanın maraq və prinsipləri zərbə altına düşsün.milli.az