Xəbər lenti
Hərbi Prokurorluq ləğv olunacaq?
Milli Məclisin ötən gün keçirilən iclasında “Tərtər işi” yenidən gündəmə gətirilib. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışı zamanı Tərtər hadisələrindən danışaraq, Hərbi Prokurorluğun ləğv olunmasını, keçmiş baş prokuror Zakir Qaralovun Ali Baş Komandan və Azərbaycan xalqından üzr istəməsini tələb edib.
“Hərbi Prokurorluğu ləğv edib “Tərtər işi”ni ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək, MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlmatqda fayda var”, - deyə Zahid Oruc 405 nəfəri satqınlıqda günahlandırmağın bağışlanmaz xəyanət olduğunu söyləyib.
“Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər” - komitə sədri əlavə edib.
Deputat Qənirə Paşayeva da Zahid Orucun fikirlərinə dəstəyini ifadə edib. Millət vəkili əsgər və zabitlərə şər atanların cəzalandırılmasının vacibliyini diqqətə çatdırıb:
“O hadisədə zərərçəkənlərin uşaqları məktəbə gedə bilmirdi, anaları camaat içinə çıxa bilmirdi. Bizi də ittiham edirdilər ki, siz casusları müdafiə edirsiz. İndi bu adamlar çıxsınlar, zəhmət çəkib, camaatın içində üzr istəsinlər. İşgəncə əmrlərini kim veribsə, xalq onları görmək istəyir. İndi o satqın müstəntiqlər hardadırlarsa, gəlib xalqın içində əsgər, zabit analarından, uşaqlarından üzr istəməlidirlər. Həmin o əziyyəti verənlər televiziyadan xalqa nümayiş etdirilməlidir. İndi nə oldu, gördülər ki, biz casusları yox, günahsızları müdafiə ediridik. Onlar çox yaxşı bilirlər ki, bu qərarları kim verib, indi çıxsınlar ortaya, xalqa cavab versinlər”.
Milli Məclisdə səsləndirilən çıxışlar barədə Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, “Tərtər işi”ndə vəziyyətin bu həddə çatması Hərbi Prokurorluğun qeyri-peşəkarlığı ilə əlaqədardır.
O, Hərbi Prokurorluğun ləğv edilməsi təklifini dəstəklədiyini söyləyib: “Yaxşı ki, cənab Prezident “Tərtər işi”ni öz nəzarətinə götürdü. Mən bunu ilk gündən müsbət qarşılamışdım. Çünki Hərbi Prokurorluq bu işi qeyri-peşəkarcasına aparmışdı. Hərbi Prokurorluq son illərdə öz fəaliyyətləri ilə Azərbaycan ictimaiyyəti arasında mənfi imic qazanıb. Buna görə də Hərbi Prokurorluğun ləğv olunması, yaxud onun Baş Prokurorluğun birbaşa tabeliyində olan quruma çevirləməsinin Azərbaycan ictimaiyyəti tərəfindən dəstəklənəcəyini düşünürəm”.
Qeyd edək ki, hərbi prokuror Xanlar Vəliyev daha əvvəl mediaya açıqlamasında "Tərtər işi"nə görə ittiham olunmasını absurd adlandırıb və vəzifəsindən istefa verməyəcəyinə eyham vurub.
"Mənə istefa çağırışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı", - deyə o qeyd edib.
Hərbi prokuror Tərtər hadisələri barədə digər açıqlamasında isə belə deyib: “Biz o vaxtı müəyyən etdiyimiz satqınlarla bağlı iş görmüşük. Onların yoldaşları və onlara qarşı işgəncə verənləri də məhkəməyə vermişik”.
Xatırladaq ki, bir neçə gün öncə Ali Məhkəməsinin Plenumu dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar baxaraq, həmin qərarları ləğv edib. Bundan sonra müvafiq məhkəmələr tərəfindən qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən onlara bəraət verilib və azadlığa buraxılıblar.
Bəraət alanlar ümumilikdə 19 nəfərdir.
Onu da bildirək ki, "Tərtər işi" nəticəsində 10-dan çox hərbçi qətlə yetrilib, 2000-ə yaxın hərbçi ağır işgəncələrdən keçib, pis rəftara məruz qalıb, ləyaqətləri alçaldılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar