O bildirib ki, ABŞ və Fransa Qarabağ məsələsi ilə bağlı proseslərdə birmənalı olaraq Qarabağdakı ermənilərin hüquqları prinsipini rəhbər tuturlar:
"ABŞ-ım Şuşa səfəri ilə bağlı qərarı ikili standartdır. Çünki ABŞ demokratik dəyərləri öz maraqları daxilində istismar edir.
Xatırlayırsınızsa, ərəb dövlətlərini öz ətrafında İraq əleyhinə birləşdirmək üçün ABŞ mətbuatı Körfəz müharibəsi zamanı Səudiyyə Ərəbistanı yaxud Birləşmiş Ərəb Əmirliklərini "potensial demokratiya ölkələri" kimi təbliğ edirdi. Yəni, ABŞ ənənəvi diktatura və monarxiyalara lazım gəldikdə demokratik dövlət deyə bilir.
Yaxın tariximizdən başqa bir misal gətirim, 2014 cü ilin qışında legitim Yanukoviç hakimiyyəti dura-dura ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland Ukrayna müxalifətinə Maydanda açıq dəstək verirdi. Elə Rusiyanın özündə ABŞ səfiri Makfol açıq aşkar Rusiya müxalifəti ilə müntəzəm görüşürdü. Azərbaycanda da Fransa və ABŞ onlarla siyasətdən uzaq ədibi, görməzdən gəlib, dissidentlərlə müntəzəm görüşlər keçirir. Odur ki, səfərə qoşulmamağın arxasında Azərbaycan hökümətinə münasibət dayanır, yəni siz bizə müttəfiq deyilsiniz ki, sizin hakimiyyəti gücləndirən layihələrdə iştirak edək.
Ərazi bütövlüyünə hörmətə gəldikdə bilməlisiniz ki, ABŞ və Fransa Qarabağ "münaqişəsilə" bağlı birmənalı olaraq Qarabağdakı ermənilərin hüquqları prinsipini rəhbər tuturlar. SSRİ-ni dağıdanda da oxşar prinsipləri təbliğ edirdilər. Nə qədər ki, Azərbaycan Gürcüstan, Moldova, Ukrayna kimi Rusiyaya qarşı cəbhə deyil, ABŞ və Fransadan Azərbaycanın ərazi bütövlüyünə münasibətdə "dovşana qaç, tazıya tut" münasibəti sərgilənəcək. Gəlin xristian həmrəyliyini də unutmayaq.
Beynəlxalq təşkilatlar və dövlətlərin münaqişənin həllinə müdaxiləsi heç vaxt münaqişənin həllinə xidmət etmir. Azərbaycanda, konkret Qarabağ mövzusunda Qərb və Rusiyanın maraqları toqquşur, deyə bilərik. Amma Azərbaycandakı mövcud iqtidar müstəqil siyasət yürüdür, eləcə də Türkiyə və Rusiya ilə münasibətləri daha yüksək səviyyədə inkişafdadır.
Bu mövqə nəticəsində hökümət torpaqların böyük hissəsini azad edib. Başlanmış prosesi sona yetirmək üçün bu xətt üzrə də davam etmək lazımdır ki, buna Türkiyə və Rusiyadakı prezident seçkilərinin nəticələri təsir edə bilər. Avropanın danışıqlardakı fəallığından heç nə itirmirik, amma nəsə gözləməyə də dəyməz. Əmin ola bilərsiniz ki, Xankəndi və digər azad edilməmiş ərazilərə qayıdış iqtisadi, demoqrafik ekspansiya və xüsusi antiterror əməliyyatları nəticəsində 2030 cu ilə qədər gerçəkləşəcək.