Xəbər lenti
Azərbaycandan fövqəl ADDIM - Moskva Bakıya əngəl ola bilməyəcək
"Avropa İttifaqı ilə imzalanan enerji təhlükəsiziliyi memorandumu Azərbaycana yeni mənfəətlər gətirəcək".
Manevr.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, Aİ ilə imzalanan memoranduma görə Rusiyadan Azərbaycana hansısa bir təhdidin olacağı inandırıcı deyil:
"Azərbaycan keçmişdə qaz sazişlərini başqa prinsiplərin üzərində bağlayırdı. Burada qiymətlərin müəyyən olunmasında müəyyən fərqlər vardı, indi bazar qiymətinə uyğun biz öz qazımızı Avropaya satacağıq və müqavilə qiyməti ilə yox. Ötən illərdə biz müqavilədə göstərilən qiymətlərlə daha çox qaz satışı ilə məşğul oluruq və əvvəlcədən kontraktlarda həmin qiymət göstərilirdi və dünya bazarlarında qiymətdə dəyişiklik olanda bu kontraktla müəyyən olunmuş qiymət dəyişilmirdi. İndi isə biz mavi qazı bazar qiymətlərinə uyğun Avropaya satacağıq. Bu da əlbəttə ki, əlavə mənfəətlər deməkdir. Artıq bu ildən bu praktika tətbiq olunur və qaz, neft satışından əldə olunan gəlirlər təxminən bərabərləşiblər.
Bu, ondan xəbər verir ki, Azərbaycan artıq iri qaz ixracatçısına çevrilir və daxili gəlir balansında qazın yeri və rolu çoxalacaq. Bu da əlavə gəlirlər deməkdir, iqtisadi dayanıqlılığın təmin olunması ilə bağlı işlərin uğurla aparılması deməkdir. Digər tərəfdən əlavə ehtiyyatlar bizə ona görə lazımdır ki, Qarabağda gedən quruculuq proseslərinə bu pulları yönəldək. Orada kifayət qədər çox işlər var. Düzdür, indiyənə qədər də çox işlər görülüb və görürlər. Xüsusilə də nəqliyyat infrastrukturu qurulur, digər tərəfdən elektrik enerji istehsalı ilə bağlı olan yeni obyektlər tikilir, digər infrastrukturlar qurulur.
Nəzərə alsaq ki, üzümüzə gələn illərdə böyük şəhərlərin tikintisi layihəsi həyata keçiriləcək, "ağıllı qəsəbə", "ağıllı kənd" layihələri həyata keçiriləcək. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi üçün əlavə kifayət qədər pul lazım olacaq. Bu memorandumdan irəli gələn məsələlərin reallaşması bizim üçün irimiqyaslı layihələrin həyata keçirilməsinə imkanlar yaradır.
Digər tərəfdən ordu quruculuğu davam edir. Azərbaycan regionda aparıcı hərbi, siyasi gücə çevrilib. Amma bu adı saxlamaq üçün və təhdidlərə layiqincə cavab vermək üçün əlbəttə ki, ordu quruculuğuna da böyük önəm verilir. Burada söhbət təkcə yeni silah-sursatların alınmasından yox, eyni zamanda hərbi heyyətin hazılanmasından gedir. Bunlar da hamısı yenə də gəlirlərə bağlı olan məsələlərdir. Gəlirlər olmasa bütün bunları həyata keçirmək mümkün olmayacaq. Aİ ilə bu saziş bu mənada bizim üçün vacib rol oynayır.
Azərbaycan artıq Avropa üçün fövqəl dərəcədə vacib bir ölkəyə çevrilir. Çünki söhbət təkcə Azərbaycan qazının, neftinin, enerjisinin Avropaya nəqlindən getmir. İndi Avropanın digər tərəfdaşları var, xüsusilə də Mərkəzi Asiya ölkələri. Orada da kifayət qədər zəngin qaz, neft yataqları var və onlar üçün əsas bazar da Avropa bazarı sayılır. Amma bu yanacağı Avropaya çatdırmaq üçün nəqliyyat qovşaqları lazımdır. Azərbaycan bu infrastrukturu təmin edir. Ona görə də bu yol üzərində qovşaq rolunu oynayır.
Bu baxımdan da əlbəttə ki, Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sazişi vacibdir ki, nəticədə Azərbaycan regionda və dünyada geosiyasi çəkisini artırır. Bununla yanaşı eyni zamanda artıq Azərbaycanın maraqları Avropa məkanında ikinci plandan ön plana keçir. Bu da bizim geosiyasi imkanlarımızın artması deməkdir.
Müxtəlif fikirlər səsləndirilir ki, Rusiya Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan bu memoranduma müsbət baxmayacaq və rəsmi Bakıya müəyyən təzyiqlər göstərək ki, Azərbaycan qazını Avropa bazarlarına ixrac etməsin və yaxud da ki, məhdud şəkildə ixrac etsin. Onsuz da Azərbaycan Avropa bazarlarına qazı məhdud şəkildə ixrac edir. Çünki Avropanın illik təlabatı təxminən 300 milyard metr/kuba yaxındır. Azərbaycan isə sadəcə 20 milyard metr/kub qaz ixrac edə bilər.
Digər tərəfdən də ki, Rusiya onsuz da bu bazradan məhrum olunub. Ona görə də burada Azərbaycan Rusiya qazı üçün rəqib görsənmir, çünki Avropa özü Rusiya qazından imtina edir, digər ölkələrin qazına üz tutur. Belə bir vəziyyətdə Rusiya nə edə bilər?! Düşünürəm ki, əslində Rusiya bunda maraqlı ola bilər. Çünki Azərbaycan Rusiyanın tərəfdaşıdır və rəsmi Bakı ilə Moskva arasında çoxlu sazişlər var, qarşılıqlı iqtisadi əməkdaşlıq mövcuddur.
Rusiya maraqlıdır ki, Azərbaycan kimi tərəfdaşlarının sayı çox olsun ki, Moskva onlar vasitəsilə öz ölkəsinə müəyyən investisiyalar cəlb edə bilər, yaxud da ki, müştərək layihələri reallaşdırmaqla öz maraqlarını təmin edə bilər. Yəni əslində Rusiyaya bu bölgədə daha etibarlı və iqtisadi baxımından güclü bir tərəfdaş lazımdır. Azərbaycan belə tərəfdaşlardan biridir.
Azərbaycan öz qazını Avropaya satsa belə, əldə olunan gəlirlərin bir hissəsini, eyni zamanda investisiya layihələrinin həyata keçirilməsinə yönəldə bilər ki, onun bir hissəsi qarşılıqlı investisiya ola bilər və yaxud da ki, qarşılıqlı ikitərəfli layihələrə yönələ bilər. Rusiya maraqlıdır ki, Azərbaycanla Şimal-Cənub dəhlizi reallaşdırılsın. Çünki Azərbaycan ərazisində tikilən infrastruktur Azərbaycanın öz hesabına tikilir ki, bu da Rusiyanı və dihgər ölkələri əlavə xərclərdən azad edir. Bu məsələdə praqmatik yanaşma var və bu praqmatik yanaşma Azərbaycan-Rusiya münasibətlərində hazırda da mövcuddur.
Xəzəryanı ölkələrin son Sammitində Azərbaycan Prezidentinin Ruisya Prezidenti ilə danışıqları olub. Bu görüş çox məhsuldar keçib. Əlbəttə ki, müəyyən məsələlər var ki, o öz həllini yaxın vaxtlarda tapmalıdır. Lakin nə Azərbaycan, nə də Rusiya indiki mürəkkəb vəziyyətdə ikitərəfli dialoqun pozulmasında maraqlı deyil. Ona görə də düşünmürəm ki, Rusiyadan Aİ ilə imzalanan memoranduma görə Azərbaycana hansısa bir təhdidlər gələ bilər".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar