Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nəsillərə örnək və ya bir ömür kitabından səhifələr -ŞƏKİL

Tarix: 08-04-2021 12:54     Baxış: 3322 A- / A+
(“Məşqçi – hakim mətbuat səhifələrində” kitabı haqqında bəzi qeydlər)
Nəsillərə örnək və ya bir ömür kitabından səhifələr

Ölkəmizdə gələcəyin sağlam qurucularını yetişdirmək üçün bədən tərbiyəsi və idmana həmişə böyük diqqət yetirilib. Ötən əsrin 70-80-ci illərini götürək. Bu illər fiziki tərbiyənin və idmanın kütləviliyi ilə daha çox yadda qalıb. Bu, respublikamızın bölgələrində də özünü göstərirdi. Həmin illərdə Lənkəranda boks idmanı demək olar ki, öz zirvə ömrünü yaşayırdı.
Boksa göstərilən maraq heç də təsadüfi deyildi. Ayrı-ayrı boksçuların sorağı respublika və beynəlxalq turnirlərdən gəlirdi. Böyük uğurlara imza atılırdı. Təbii ki, boks idmanı sahəsində qazanılan bu qələbələr Lənkəranlı gənclərdə böyük ruh yüksəkliyi doğururdu. Hamı asudə vaxtlarında boksla məşğul olmağı bir borc kimi qəbul edir, yarışların qalibi kimi doğma Azərbaycanın müqəddəs Bayrağını SSRİ və Beynəlxalq turnirlərdə yüksəklərə qaldırmaq arzusuyla qürur duyurdu. Artıq Lənkəranın boksçuları arasında respublika, SSRİ çempionlarının, habelə Beynəlxalq yarışların qaliblərinin sayı getdikcə artırdı. Eyni zamanda adi bir evdən başlanan idman hazırlığı əvvəl Lənkəran, sonra isə Cənub Regional Boks Mərkəzinə çevrildi.
Nəsillərə örnək və ya bir ömür kitabından səhifələr

Qeyd edək ki, Lənkəranda boks idmanını inkişaf etdirmək, bu idmanın kütləviliyinə nail olmaq, adlı-sanlı boksçular yetişdirmək heç də asan başa gəlmədi. Bu məqsədlə hazırda Lənkəranın Liman şəhərində yaşayan və yaşadığı evində gəncləri yığıb boksu öyrənməyə sövq edən Əlizadə Əsədovun illərlə çəkdiyi zəhmət axır ki, öz bəhrəsini verdi. Bu yolda onu çətinliklər, təzyiqlər, təhdidlər qorxutmadı. Yeri gəlmişkən öz iradəsini, qətiyyətini cəsarətlə ortaya qoydu və uğurlarına kölgə salanlara isə dedi:

- Mən boksa şəxsi gəlir mənbəyi kimi deyil, Lənkəranın şöhrəti kimi baxıram. Bir də gənclərimizin sağlamlığı hər şeydən önəmlidir. Çünki bu günün uşağı, yeniyetməsi sabah Vətəni qoruyan əskərdir ...

Əlizadə Əsədovun dedikləri I və II Qarabağ müharibələrində öz təsdiqini tapdı. Onun yetirmələrindən də bu müharibələrdə iştirak edənlər oldu. Məhz yüksək idman hazırlığı sayəsində onlar əsl qəhrəmanlıq göstərdilər...

Bəs necə olub ki, Əlizadə Əsədovun ömür yolu boks idmanından keçib? O, ilk dəfə boksla Bakıda 7 saylı texniki-peşə məktəbində oxuyarkən məşğul olub. Həm peşə öyrənib, həm də burada idmanın boks növünün sirlərinə yiyələnib. Üç dəfə Azərbaycan boksunun birincisi olan gənc Əlizadə respublika yığma komandasının tərkibinə daxil edilib. Bu məktəbdə oxuyarkən onun həyatında daha bir unudulmaz hadisə baş verib. 1972-ci ildə 7 saylı texniki-peşə məktəbinə peşə təhsilində qazandığı uğurlara görə “Komsomolun 50 illiyi” fəxri adının verilməsinə həsr olunmuş mərasimə o vaxt Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyev də gəlmişdi. Dahi rəhbər şagirdlərlə də görüşüb problemlərini öyrənməyi unutmadı. Növbə Əlizadə Əsədova çatanda məktəbin direktoru onu o ki, var, tərifləyib:

- Həm əlaçımızdır, həm də boks üzrə üçqat Azərbaycan çempionudur, - dedi – Gələcəyinə böyük ümid bəsləyirik...

- Hardansan? – deyə ulu öndər soruşdu.

- Lənkərandanam.

- Yəqin ki, boks idmanını da orada öyrənmisən...

- Lənkəranda boks məktəbi yoxdur. Boksun sirlərini peşə məktəbində öyrənmişəm.

Sonra Heydər Əliyev əlini onun çiyninə qoyub:

- Demək, bundan sonra Lənkəranda da boks məktəbi olacaq, - deyib.

Ulu öndərlə bu unudulmaz görüş Əlizadə Əsədovun gələcək həyat yoluna nur saçıb. Lənkərana qayıdanda yuxarıda qeyd etdiyimiz kimi, Liman şəhərində boks məktəbinin təməlini qoyub. Qısa vaxt ərzində bu məktəbin şöhrəti respublikanın hər yerinə yayılıb. Eyni zamanda ali təhsil almağı da unutmayıb Əlizadə Əsədovur. 1982-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirəndən sonra onun təşəbbüsü ilə Liman şəhərində İdman Sağlamlıq Kompleksi tikilib. Lənkəran Dövlət Universitetində yaradılan idman klubu da məhz Əlizadə Əsədovun adı ilə bağlıdır.
Nəsillərə örnək və ya bir ömür kitabından səhifələr

Ötən il Əlizadə Əsədov anadan olmasının 65 illik yubileyini qeyd edib. Acılı-şirinli xatirələr dilə gəlib. Arxada qalan illərin hər biri təkcə onun deyil, el – obanın yaddaşına köçüb. Çünki bu illər Lənkəran hüdudlarını aşaraq doğma Azərbaycana idman şöhrəti qazandırıb. Dəfələrlə respublikamızın dövlət Bayrağını mötəbər yarışlarda ən uca pillədə dalğalandırıb. Aldığı mükafatları, layiq görüldüyü fəxri adları isə sadalasaq uzun bir siyahı alınar. Buna baxmayaraq bəzilərini diqqətə çatdırmaq yerinə düşər. Yuxarıda deyildiyi kimi Əlizadə Əsədovun idman uğurları hələ oxuduğu texniki – peşə məktəbindən başlanıb. Ordu sıralarında xidmət edərkən SSRİ idman ustası adına layiq görülüb. Sonra Respublika Olimpiya Ehtiyatları Boks İdman Məktəbinin baş məşqçisi, SSRİ Həmkarlar İttifaqı İdman Cəmiyyətinin yığma komandasının məşqçisi təyin edilib. 1986-cı ildə Respublika dərəcəli hakim, 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 2001-ci ildə Beynəlxalq dərəcəli hakim, 2006-cı ildə Azərbaycan Respublikasının “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adlarına layiq görülüb.

Əlizadə Əsədovun uğurları təkcə boks idmanı ilə bitmir. O, idman jurnalistikasında da yaradıcılıq sevgisini, mənəvi gücünü ortaya qoyub.

Yaxşı yadımdadır, keçən əsrin 70-80-ci illərində Lənkəranda boks idmanı ömrünün qızıl illərini yaşayırdı. Rayonda çıxan “Leninçi” (indiki “Lənkəran) qəzetində məktublar şöbəsinin müdiri işləyərkən Əlizadə müəllimlə tez-tez ünsiyyətdə olardıq. O, hər dəfə redaksiyaya gələndə bilərdim ki, yetirmələrindən kimsə bir mötəbər yarışın qalibi olub. Məqaləni də özü yazar, hazır şəkildə bizə təqdim edərdi. Qəzetimizdə yazılarını görəndə sevincinin həddi-hüdudu olmazdı.

Həmişəki kimi bir gün yenə redaksiyaya gəlmişdi. Bu dəfə əhval-ruhiyyəsi daha yüksək idi. Əlindəki yazını mənə verib:

- Məni təbrik edə bilərsiniz, - dedi – Lənkəran boksunun nümayəndəsi Zahid Mehdiyev SSRİ çempionu adını qazanıb....

Təbii ki, Əlizadə Əsədovun növbəti böyük uğuru bizi sevindirdi. Xarakterinə, məşqçilik bacarığına yaxşı bələd idik. Bilirdik ki, bu, Əlizadə müəllim üçün son hədd olmaz. Yetirmələrinin xoş sorağı daha mötəbər yarışlardan gələcək... Necə ki, indiyə qədər onlarla yetirməsi Avropa və dünya yarışlarının qalibi olub. Ümumilikdə isə yüzlərlə idmançı yetişdirib. Yetirmələrinin arasında 4 nəfər Beynəlxalq dərəcəli idman ustası, 5 nəfər Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 7 nəfər respublika dərəcəli hakim, yüzlərlə idman ustası və ustalığa namizəd var. Bəhruz Hüseynov və Fərid Əsədov dünya çempionudurlar.

Qeyd etdiyimiz kimi Əlizadə Əsədov idman jurnalistikası ilə də məşğul olur. Onun yazıları yerli “Lənkəran”, “Aşkarlıq”, “İdman”, “Azad Azərbaycan” qəzetlərində, habelə “Məşəl”, “Söz” jurnallarında müntəzəm dərc olunur. Təsadüfi deyil ki, hazırda “Məşəl” jurnalının baş redktor müavini işləyən Əlizadə Əsədov 1982-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, Azərbaycan KİV Həmkarlar İttifaqının “Qızıl qələm” mükafatına, Avropa Nəşr Mətbuat Evi”nin “Ən yaxşı məşqçi”, “Ən yaxşı hakim” “Qızıl” medalına layiq görülüb.

Əlizadə Əsədovun həyat yolu, idman fəaliyyəti barədə mətbuat səhifələrində saysız-hesabsız məqalələr yazılıb. Şair İltifat Saleh “Döyüş şöhrəti”, Musa Xanbabazadə və E. Əhədov “Əlizadə Əsədov məktəbi”, D. Rəşidoğlu “Dağlarda izin qaldı” kitablarını isə Azərbaycan boksunun inkişafında böyük xidmətlərinə görə məhz Əlizadə müəllimə həsr ediblər. Keçən il “Məşəl” jurnalının onun 65 illik yubileyi ilə əlaqədar xüsusi buraxılışı olub.

Hələ Əlizadə Əsədovun 60 illik yubileyi ilə bağlı yazıçı-jurnalist Musa Xanbabazadənin qələmə aldığı və “Məşəl” jurnalında dərc edilən “Ömrün 60-cı dayanacağı” adlı publisistik yazısını həyəcansız oxumaq olmur. Adlı-sanlı boksçuya müraciətən yazılan bu qeydlərdə oxuyuruq:
Nəsillərə örnək və ya bir ömür kitabından səhifələr

“Əzizim Əlizadə! 60 ildir ki, yolları ayaqlarına geyirsən.... Yollar səni yalnız Azərbaycanda gəzdirmir. Kökü Lerikin Züvüc kəndindən Lənkəranın Liman şəhərinədək uzanan yollar səni haralara, hansı ölkələrə, şəhərlərə aparıb çıxarmır? Yollar səni Sankt-Peterburq və Moskvada, Kiyev və Baltikyanı ölkələrdə... boks meydançalarına çıxarır, sənə qələbə sevincləri yaşadır. Və yollar səni yenidən Azərbaycana – Lənkərana, Limana qaytarır. Özü də üzü ağ, alnı açıq, qürurlu. Fəqət bu yolçuluqdan nə sən yorulursan, nədəki yollar... İndi ömrün 60-cı dayanacağına çatırsan... İrəlidə isə qələbə sevinci ilə dolu yollar, illər var...”

Sadaladığım kitablardan fərqli olaraq “Məşqçi – Hakim mətbuat səhifələrində” kitabının müəllifi məhz Əlizadə Əsədovun özüdür. “Adiloğlu” nəşriyyatı tərəfindən nəfis tərtibatla yenicə buraxılan bu kitab Əlizadə Əsədovun keçdiyi həyat yoluna, qazandığı böyük uğurlara güzgü tutmaqla bərabər yetirmələrindən, habelə onların Azərbaycan boks idmanının inkişafına verdiyi töhfələrdən də söhbət açır.

Hazırda mənalı ömrünün 66-cı baharını yaşayan Əlizadə Əsədov öz kitabında Cənubda təməlini qoyduğu boks idmanının bütöv tarixini qarşımızda canlandırır. Yazılarından görürük ki, o, yetirmələrini təkcə mübarizə meydanları üçün hazırlaşdırmaqla kifayətlənməyib, onların uğurlarını mətbuat səhifələrinə çıxarmaqla öz fikirlərini bir jurnalist kimi oxucuları ilə paylaşmağa xüsusi diqqət yetirib. Lənkəranda çıxan yerli “Leninçi” (indiki “Lənkəran” qəzetində işıq üzü görən “Dünya kubokunun qalibi”, “Boks yarışlarında”, “Döyüşdə qazanılan qələbə”, “Respublika çempionu”, “Beynəlxalq turnirdə”, “Boksçuların mübarizəsi”, “Rinz sahibləri fərqləndilər”, “Həmyerlimizin qələbəsi”, “Birincilik uğrunda”, “Şagirdin müvəffəqiyyəti”, “Boks idmanı”, “Yarışlar başa çatdı”, “Bacarıqlı boksçular yetişir”, “Təcrübə qələbənin rəhnidir”, “İdmançı məktəblilər”, “Gərgin döyüşlər, “Beynəlxalq turnirə vəsiqə”, “Yarışda fərqlənənlər”, “Gənc boksçular, “Qızıl medalla qayıtmışlar”, “Daha bir qələbə”, “SSRİ idman ustası”, “Həzi Aslanovun xatirə turniri”, “Sevinməyə haqqımız var”, habelə ‘Məşəl” jurnalında, “İdman”, “Aşkarlıq”, “Yeni həyat”, “Bizim era, “Respublika həyatı” və s. qəzetlərdə dərc olunan yazıları mühüm əhəmiyyət kəsb edir.

“Dünya kubokunun qalibi” yazısında Lənkəran komandasının qarışıq döyüş növləri üzrə dünya koboku yarışına qatıldığından və kubokun qalibi olduğundan bəhs edilir. Göstərilir ki, komandanı yarışa öz yetirməsi, 7 qat dünya, 4 qat Avropa, 17 Beynəlxalq, 22 dəfə respublika çempionu olan baş məşqçi Zaur Məmmədov hazırlayıb!

Kitabda Əlizadə Əsədovun digər mövzularda qələmə aldığı yazıları da yer alıb. “Qarabağ uğrunda candan keçən Vüsal” adlı yazısı II Qarabağ müharibəsində şəhidlik məqamına yüksələn Vüsal Kamran oğlu Kazımova həsr olunub. Yazıda oxuyuruq: “Vüsal Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olmuşdu. Ailənin bircə oğul övladı idi. Bu ilin dekabr ayının 17-də Vüsalın 30 yaşı tamam olacaqdı. Əfsus ki, yubileyini keçirmək ona qismət olmadı... Onun dəfnində yer-göy ağlayırdı. İnsanların dilində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı bütün Lənkəran boyu səslənirdi. Onunla bir məktəbdə işlədiyimdən Vüsalın nurani çöhrəsi, gözəl siması mənim də gözlərimin önündən getmirdi... Yeganə təsəllimiz isə onun Vətən uğrunda canından keçməsi idi...”
Nəsillərə örnək və ya bir ömür kitabından səhifələr

Göründüyü kimi, qəm-kədər notları ilə yüklənən bu yazıda müəllifin təbliğ etdiyi əsas ideya müqəddəs vətən sevgisidir. Onun qənaətinə görə candan keçmək olar, ancaq Vətəndən keçmək olmaz. Ürəyi Vətən sevgisi ilə döyünən Vüsal Kazımov da Vətənin yaşaması üçün məhz şəhidlik yolunu seçdi. Şəhidlik isə əbədiyyətə qovuşmaq, əbədi bir ömrə imza atmaq deməkdir. Sonda şəhidin dilindən deyilən bu misralar onun ölməzliyinin sübutu, şəhidə çalınan ana laylası kimi səslənir:

Son qoyular nə zaman
Bu günaha, bu aha.
Şəhid oldum ay Ana,
Dönəcəyəm bir daha.

Hər gecə sən yatanda
Ruhum gələr, görüşər.
Ruhumu oxşadıqca
Balan yadına düşər.


Tanınmış boks ustası, gözəl pedaqoq, nəcib ziyalı və xeyirxah insan Əlizadə Əsədov haqqında mətbuat səhifələrində çox yazılıb və yenə yazılmaqdadır. Yazdıqca da adama elə gəlir ki, onunla bağlı heç nə deməyib. Bu mənəvi boşluğu doldurmaq üçün istər-istəməz əlinə qələm alıb yenə yazmağa ehtiyac duyursan. Sözü gedən kitabda da istər yerli, istərsə də mərkəzi mətbuat səhifələrində gedən çoxlu sayda yazıların ancaq bir qismi verilib. Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Ağalar İdrisoğlu, keçmiş Millət vəkili, professor Ağacan Əbiyev, Respublika Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktoru, Əməkdar mədəniyyət işçisi Maarif Teymur, tanınmış şair və yazıçılardan Lənkəran Universitetinin kafedra müdiri, fiolologiya üzrə fəlsəfə doktoru Elşad Səfərli, filologiya üzrə fəlsəfə doktoru Mirhüseyn Abbas, Səyavuş Süleymanlı, Ədəbiyyatşünas Musa Xanbabazadə, “Aşkarlıq” qəzetinin baş redaktoru Hacı Etibar Əhədov, Respublikanın Əməkdar jurnalisti İdris Şükürlü, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin məsləhətçisi Ağamir Cavad, jurnalistlərdən İltifat Məhərrəmoğlu, Ağaddin Babayev, “Məşəl” jurnalının baş redaktoru Əliməmməd Ağazadə, “Məşəl” jurnalının məsul katibi Nizami Hüseynov və başqaları Əlizadə Əsədov haqqında öz ürək sözlərini lazım olan səviyyədə yazıblar.
Nəsillərə örnək və ya bir ömür kitabından səhifələr

Prezident mükafatçısı, yazıçı-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun “Cənub boks məktəbinin atası” adlı yazısını birnəfəsə oxuduq. Müəllif mənalı həyatı nəsillərə örnək olan Əlizadə Əsədov haqqında yazır: “Ömrünün 50 ilini idmanın boks növünə həsr edən Əlizadə Əsədov keçmiş illəri yada saldıqca bəzən təəccüblənir ki, Lənkəran kimi bir rayonda bu qədər idmançı yetişdirə bilib. Açığı onun bu mənalı ömrü ilə tanış olduqda, özü ilə elədiyim söhbətdə mən özüm də təəccübləndim ki, insanda doğrudanmı bu qədər enerji, özünə inam, güc ola bilərmi? İnsan doğrudanmı canı, qanı ilə Vətəninə, millətinə, milli idmana belə bağlı ola bilərmi?... İdmanda 50 illik fəaliyyəti Əlizadə Əsədova böyük ad-san gətirməklə, onu Cənub bölgəsində idmanın ağsaqqalı və boksun atası kimi tanıdıb...”

Kitabda həmçinin mənalı bir ömrün ən mühüm məqamlarını, təltif və mükafatların, fəxri adların təqdimatını, ailə həyatını, yaxın dost – tanışlarla ünsiyyəti və sairə məqamlarını əks etdirən foto şəkillər, ayrı-ayrı jurnalistlərə verilən müsahibələr də diqqətdən kənarda qalmayıb. Eyni zamanda Əlizadə müəllimin lirik obrazını canlandıran şeirlər kitabın daha oxunaqlı olmasına kömək edir.

Şair Ağamir Cavadın Lənkəranda boks məktəbinin yaradıcısı, beynəlxalq dərəcəli hakim Əlizadə Əsədova həsr etdiyi “Sözlə yumruğun vəhdəti” adlı şeiri bu cəhətdən diqqəti cəlb edir:

Min dərdə, əzaba gərərək sinə,
Qəlbini Tanrıya etmisən binə.
Qoymayaq düzlüyün mizanı dönə,
Xeyir zəfər çalsın qoy şərə qardaş.

Qatdıq səsimizi haqqın səsinə,
Od olduq zamanın yaz nəfəsinə.
Vur haqq yumruğunu Yer kürəsinə,
Bəlkə haqq-ədalət göyərə, qardaş.


Müəllif bu şeirdə Əlizadəni oxucuya sözlə yumruğun vəhdəti kimi təqdim edir. Axı, Əlizadə bir jurnalist kimi həm söz sahibidir, həm də boksun mübarizə meydanında öz sözünü deyəndir. Eyni zamanda şair bu haqsız dünyada haqlı olaraq haqq-ədalətin göyərməsini sözlə yumruğun vəhdətində görür.

60 illik yubileyi münasibətilə Əlizadə Əsədova ünvanlanan şeirlər arasında böyük qardaşı, mərhum Əlimuxtar Əsədovun “Yaşın mübarək” adlı şeirini də həyəcansız oxumaq olmur. Qardaşın qardaşa bəslədiyi sonsuz sevgidən güc alan bu şeirdə deyilir:

Ağlıyla ucalan, gücüylə qalxan,
Əslinə dayaqsan, Vətənə qalxan.
Məkrli əllərə keçməsin yaxan,
Həmişə ucalıb yüksələn qardaş!..


Hazırda Lənkəran Dövlət Universitetində müəllim işləyən Əlizadə Əsədov məşqçilik fəaliyyətini də davam etdirir. İndi 66-cı baharını yaşayan müəllifin işıq üzü görən “Məşqçi - hakim mətbuat səhifələrində” kitabı əslində onun ömür kitabıdır. Bu kitabı vərəqlədikcə mənalı bir ömrün keşməkeşli illəri, pedaqoji və məşqçilik fəaliyyəti, peşəkatr boksçu kimi qazandığı çoxlu sayda təltifləri, fəxri adları, özünün və yetirmələrinin coğrafi hüdud tanımayan şöhrəti, xeyirxahlıq və ziyalı işığına bələnən el-oba təəssübkeşliyi, müqəddəs Vətən sevgisi... kino lenti kimi gözümüzün önündə canlanır. İstər-istəməz hələ Əlizadə Əsədovun 65-illik yubileyinə yazdığım şeirdən aşağıdakı misraları xatırladım:

Dəyərli övladsan xan Lənkərana,
Durur xidmətlərin göz qabağında.
Ömrünü versən də tamam idmana,
Aciz də deyilsən söz qabağında.

Aşıladın yurda idman vərdişi,
Qələbə naminə gördün hər işi.
Demə yola saldın altımış beşi,
Gözəl illərin var yüz qabağında.


Xudaverdi Cavad,
AYB-nin üzvü, şair - publisist

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar