Xəbər lenti
Tarixi qələbəmizin ictimai şahidləriyik...
44 günlük haqq savaşımıza qədər dünyanın 55 milyonluq azərbaycanlısının mütləq əksəriyyətinin ürəyində bir nisgil vardı: Qarabağ dərdi! Qarabağ yada düşəndə (heç yaddan çıxdığı oldumu?!) qədim yurd yerlərimizlə yanaşı, ruhumuzun layla sədası yayılan bir mədəniyyət beşiyi – qədim, qalib Şuşa şəhəri ilk olaraq gözlərimizin önündə canlanır...
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə bir çox ictimai liderlərlə yanaşı, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri olaraq mən də qələbədən sonra 12 sentyabr 2021-ci ildə təşkil olunmuş tanışlıq gəzintisinə yollananlar arasındaydım. Qarabağa, onun musiqili ürəyi Şuşa şəhərinə səfər edənlər arasında olmağın sevincini oxucularımla bölüşmək istəyirəm.
Qarabağ Fatehi – Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə qəhrəmanlardan ibarət müzəffər Milli Ordumuzun 44 günlük möhtəşəm qalibiyyət savaşından sonra hər bir azərbaycanlı kimi, mənim də 30 illik yaralı qəlbim hər zaman doğma Qarabağ, ana diyarım Kəlbəcər, könül yuvam Şuşa ilə çırpınırdı...
Bir yaradıcı xanım, elm adamı, filoloq kimi hər zaman sevimli Şuşaya qəribə bir marağım, sevgim, ruhi tələbatım olub. Uşaqlıqda valideynlərim Kəlbəcərdən Şuşaya yüksələn Qarabağ sevgisini qəlbimizə necə yeritmişdilərsə, hətta 30 ilə yaxın işğalın özü belə o ilahi məkana yönəli eşqi qəlbimizdə soyuda bilməmişdi.
Belə bir ovqatla sübh tezdən bütün çətinlikləri adlayıb kollektiv şəkildə Qarabağa üz tutanda yolun yorğunluğu biz ictimai fəalları həvəsdən salmadı, heç usandırmadı.
Qarabağ – Şuşa havası məni elə bihuş etmişdi ki, könlümdəvaxtilə oxuduğum bir bayatını elə hey təkrar-təkrar səsləndirirdi:
Əzizinəm, quşam mən,
Qəfil dərdə tuşam mən.
Şuşasız, Kəlbəcərsiz
Bir qanadsız quşam mən...
Rəhbərlik etdiyim təşkilatın əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması, adət-ənənələrimizin gənc nəslə çatdırılmasından ibarətdir. İndi gəldiyimiz, illər ötəndən sonra şəhidlərimizin qanı hesabına, igidlərimizin qəhrəmanlığı nəticəsində yenidən vətənləşmiş digər torpaqlarımız kimi, Şuşa da bizim milli mədəniyyətimizin – mənəviyyatımızın əsas məkanı olaraq ürəyimizə həkk olunub. İndiki günlərdə vətənpərvərlik işində QHT-lərin, eyni zamanda, bizim təşkilatla saytımızın apardığı ideoloji-informasiya savaşında Qarabağ və Şuşa qələbələri ilə bağlı analizlərin, məlumatların çox önəmli rolu var. Biz dünyaya hələ də tarixi həqiqətlərimizi, işğalçı qonşularımızın başımıza gətirdiyi dəhşətli müsibətləri lazımınca çatdıra bilməmişik.
Əslində bu səfərimiz zamanı o istiqamətdə apardığımız fəaliyyət üçün əyani sübutları gözümüzlə görmək zəfərlərlə dolu möhtəşəm tarixi qələbəmizin ictimai şahidləri olaraq da bizi ruhlandırdı.
Azərbaycanın yeni tarixində itirilmiş tarixi torpaqlarımız, bəlkə də bir sıra ölkələrin ərazilərinə bərabər yurd yerlərimiz çox olub. 1813-1828-ci illərdə baş vermiş müharibələr nəticəsində Çar Rusiyası indiki İranın sərhədlərini də əhatə edən Səfəvilər imperiyasının sələfi – Qacar dövlətinin Araz çayından şimal sahilindəki ərazilərini – 130 min kv.km ərazini işğal edib. İşğal nəticəsində təxminən 1,8 mln. kv.km olan ərazimiz üç hissəyə – Şimali, Cənubi və Qərbi Azərbaycana bölünüb. İşğaldan sonra Qacar dövlətinin Araz çayından cənubdakı ərazisi təxminən– 1,65 mln. kv.km; Qacar dövlətinin Çar Rusiyası tərəfindən işğal olunmuş Araz çayından şimaldakı ərazisi təxminən – 130 min kv.km; 1918-ci ildə təzyiq nəticəsində ermənilərə verilən İrəvan xanlığının ərazisi təxminən – 9 min kv.km; 1918-ci il hadisələri zamanı Rusiyada qalmış Dərbənd xanlığının ərazisi təxminən – 7 min kv.km; 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi– 114 min kv.km; 1920-ci ildə AXC-ni süquta uğradaraq ərazisini işğal etmiş Sovet Rusiyası tərəfindən bölüşdürülmüş Azərbaycan əraziləri (keçmiş Ermənistan SSR-ə verilənlər – Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican, Ağbulaq, Vedi və başqa yurd yerlərimiz, keçmiş Gürcüstan SSR-ə verilən Borçalı torpaqlarımız) təxminən– 27,4 min kv.km; eyni zamanda 1920-1991-ci illərdə Sovet Rusiyasının işğalı altında olan Azərbaycan SSR-in ərazisi – 86,6 min kv.km təşkil edir.
Siyahıya İraqdakı Kərkük-türkman torpaqlarını, Suriya, Əfqanıstan və başqa ölkələrdəki tarixi bölgələrimizi də daxil edə bilərik.
1990-cı ildən etibarən Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağdakı separatçı erməni silahlıları tərəfindən işğal edilmiş ərazilərimizə diqqət versək görərik ki, nə nəhənglikdə itkilərimiz olub. Naxçıvan ərazisi, 2 kənd (19 yanvar 1990-cı il, Kərki; 17 fevral 1990-cı il, Günnüt), sahəsi – 19 kv.km; Xankəndi ərazisi (26 dekabr 1991-ci il), sahəsi – 1048 kv.km; Xocalı ərazisi (26 fevral 1992-ci il), sahəsi – 940 kv.km; Şuşa ərazisi (8 may 1992-ci il), sahəsi – 289 kv.km; Xocavənd ərazisi (2 oktyabr 1992-ci il), sahəsi – 1458 kv.km; Ağdərə ərazisi (7 iyul 1993-cü il), sahəsi – 1705 kv.km; Kəlbəcər ərazisi (2 aprel 1992-ci il), sahəsi – 3050 kv.km; Laçın ərazisi (18 may 1992-ci il), sahəsi – 1883 kv.km; Ağdam ərazisi (23 iyul 1993-cü il), sahəsi – 1150 kv.km; Cəbrayıl ərazisi (23 avqust 1993-cü il), sahəsi – 1050 kv.km; Füzuli ərazisi (23 avqust 1993-cü il), sahəsi – 1390 kv.km; Qubadlı ərazisi (31 avqust 1993-cü il), sahəsi – 802 kv.km; Zəngilan ərazisi (29 oktyabr 1993-cü il), sahəsi – 707 kv.km; Qazax ərazisi (25 oktyabr 1992-ci il), 6 kənd, sahəsi – 669 kv.km; Ağstafa ərazisi (28 oktyabr 1992-ci il), 2 kənd, sahəsi – 60 kv.km. Eləcə də indiki Ermənistan Respublikasının ərazisindəki anklavlarımızı da bu siyahıya daxil edə bilərik...
Sadaladığım bu tarixi yurd yerlərimizin arasında Şuşanın yeri və sevgisi, sözsüz, qəlbimizdə xüsusidir. Səfər zamanı elə maraqlı nüanslarla rastlaşdım ki, bir yazıya onları sığışdırmaq qeyri-mümkündür...
Şuşa şəhərindəki inzibati idarəetmə mərkəzində, bir vaxtlar dünyaca məşhur “Şuşa” sanatoriyasının ərazisində yerləşən qərargahda ictimai liderləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı, vətənsevər intellektual Vüsal Quliyev qarşıladı. Səfər proqramı ilə tanışlıqdan sonra Şuşanın məşhur Cıdır düzünə yola düşmək üçün avtobuslara daxil olduq. Yolüstü mərkəzdə yerləşən parkın yanından keçərkən Şuşanın əsrarəngiz gözəlliklərinin heyranı olaraq uşaqlıq xatirələrim yadıma düşdü...
Haqqında vaxtilə Yusif Vəzir Çəmənzəminlinin əsərlərindən oxuduğum Cıdır düzündə gəzinti, ondan üzüaşağı Qarqar çayına, bir zamanlar Qarabağ hökmdarı İbrahim xanın gizli qəsri olmuş, Qarqarın digər sahilində, hündür, sıldırım qayanın ətəyindəki kiçik, ancaq qeyri-adi tikilini seyr etməyin bir ayrı zövqü vardı. Görkəmli şair Molla Pənah Vaqifin yenicə təmir edilmiş gözəl məqbərəsini ziyarət etmək isə bir şair olaraq mənə tamam başqa duyğular yaşatdı. Şairin düşmənlərimiz tərəfindən dağıdılmış məzarlığının, məqbərəsinin bir neçə ay ərzində bu qədər incəliklə, möhtəşəm görkəmlə bərpasını həyəcansız ziyarət etmək qeyri-mümkün idi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü, təşkilatçılığı və rəhbərliyi ilə məqbərənin qısa zaman kəsiyində bərpasının reallaşması dövlətimizin, eləcə də Ulu Öndərin müqəddəs adını daşıyan fondun xalqımızın milli dəyərlərinə, milli mədəniyyətimizə və zəngin ədəbiyyatımıza verdiyi dəyərin bariz nümunəsidir. Şuşanın qala divarları, Xan sarayı, Xurşudbanu Natəvanın qəsri, Xan bulağı, Xan qızı Xurşudbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün güllələnmiş heykəlləri, bir vaxtlar Şuşa Dövlət Musiqili Dram Teatrının yerləşdiyi, sonradan ermənilərin murdarladığı və dağıdılmış möhtəşəm bina, onunla üzbəüz, indi yenidən qurulmaqda olan park, Gövhər ağa məscidi, dini ibadətgahları və başqa yerlərlə yaxından tanışlıq bir yaradıcı intellektual, ictimai təşkilat rəhbəri olaraq yaddaşımda dərin izlər buraxdı. 1992-ci ildə Daşaltı faciəsinin qurbanları, eləcə də ötən il İkinci Qarabağ – Vətən müharibəsi zamanı yalın əllə düşmənin üstünə şığıyan igid hərbçilərimizin canı-qanıyla qəhrəmanlıq tarixi yazılmış cığırları, sərt qayaları, keçilməz yerləri görəndə kədər qəlbimi parçaladı...
Daşaltı Cıdır düzündən aşağıya enən sıldırımın yamacında, Şuşa qalasının cənub ətəyindəki dərədə, şəhərə gedən yolun üzərində yerləşir. Bura 1992-ci il yanvarın 25-i başlayıb bir gün sonra bitən və Azərbaycanın hərb tarixinə uğursuz döyüş kimi düşən “Daşaltı əməliyyatı”nın keçirildiyi yer kimi də tanınır.
Vaxtilə Daşaltının tutulması Şuşanın işğalına gətirib çıxarsa da, 29 ildən sonra qəhrəman əsgərlərimiz oranı geri qaytarmaqla Şuşaya yol açdılar. Azərbaycan hərb tarixinin ən parlaq qələbələrindən biri olan bu hadisə ilə müzəffər ordumuz 29 il əvvəlki məğlubiyyətin əvəzini layiqincə çıxaraq, şəhidlərimizin qanını yerdə qoymadı...
Şuşada bir daha əmin oldum ki, milli sivilizasiya mərkəzlərimizdən biri olan Qarabağda ermənilərin Azərbaycanın mədəni dəyərlərinə vurduğu ziyan çox böyükdür. Xatırladım ki, 200 il ərzində, xüsusən son 30 ildə mənfur ermənilər Qarabağdakı Azərbaycan mədəni irsini məhv edərək tarixi, mədəni, dini şah əsərləri və abidələri qarət ediblər. Bir neçə tarixi muzeyi, 500-dən çox tarixi və memarlıq abidəsini, 100 arxeoloji tapıntı mərkəzini, 40.000 eksponatı olan 22 muzeyi, 9 sarayı, 44 məbədi, onlarla məscidi, 4 sənət qalereyasını, yüzlərlə qədim türbə və qalanı talan ediblər. Dini abidələrin çoxunu bilərəkdən məhv ediblər, qəsdən məscidləri və digər dini məbədləri donuz tövləsinə çeviriblər. Onların bir çoxu məhz Şuşaya aid idi.
Fəqət Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük şanlı tarixi savaş zamanı müzəffər Milli Ordumuz və igid hərbçilərimiz düşmənin başına zəfər yumruğu çırpmaqla əsrlərin, illərin intiqamını ala bildilər.
İnanmaq istərdim ki, müəyyən obyektiv problemlər aradan qaldırılandan sonra ana yurdum Kəlbəcərə də tezliklə beləcə ictimai ziyarət təşkil olunacaq, doğma torpaqlarımı, rayonumu görəcəyəm, əzizlərimizin (anamın) məzarını ziyarət edəcəyəm.
Yaxın gələcəkdə isə məcburi köçkünlərimizin Qarabağa və doğma yurdlarına geniş köçü başlanacağı arzusuyla qədim və sevimli Şuşadan ayrıldım...
Prezident və qalib ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevə xüsusi minnətdarlıq və sevgimi ünvanlayıram ki, belə ilahi duyğuları yaşamağa bizə şərait yaratdı...
Cəmilə ÇİÇƏK (İsbəndiyarova),
araşdırmaçı jurnalist,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar