Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Zəmanəmizdə əksər insanların, xüsusən yeniyetmə və gənclərin psixoloji-mənəvi xidmətlərə ehtyacı var!” - MÜSAHİBƏ

Tarix: 06-02-2022 22:38     Baxış: 3750 A- / A+

                                                    Cəmilə Çiçək

“Zəmanəmizdə əksər insanların, xüsusən yeniyetmə və gəncləri psixoloji-mənəvi xidmətlərə böyük ehtyacı var!” – QHT sədri, alim, jurnalst, şair, ictimai aktivist, ailə və məktəb psixoloqu Cəmilə Çiçək İsbəndiyarovadan həyəcanlı xəbərdarlıq.

Covit-19 pandemiyası, karantin qadağaları, onun yaratmış olduğu iqtisadi çətinliklər, eləcə də Qarabağdakı II Vətən müharibəsinin yaratmış olduğu durum, eyni zamanda dünyamızda və cəmiyyətdə yaşanan psixoloji-sosial gərginlik sadalanan hadisələrlə yanaşı, İnternet və sosial şəbəkələrin mənfi təsirlərinə məruz qalanlar, yaşından, cinsindən, milli, etnik və mədəni mənsubiyyətindən asılı olmayaraq, mürəkkəb həyat ritmi nəticəsində depressiyaya düşən şəxslərlə bağlı psixoloji xidmətlər genişlənməkdədir. Həyatının müxtəlif yaşlarında olanlar – məktəblilər və tələbələr, yeniyetmə və gənclər arasında artan depressiv hallar, intihara meyilliliyn artması, gərgin psixoz həyat tərzi kimi amillər ölkəmizdə də ailə, pedoqoji, uşaq psixoloq, psixoanalitik, psixoterapevt, nevroloq kimi sahələrin peşəkarlarına böyük ehtiyac duyulur.
Son zamanların bu həyəcanlı cəhətləri nəzərə alaraq ailə və məktəb psixologiyası ilə həm nəzəri, həm də praktik məşğul olan, ictimai-mədəni fəaliyyəti ilə tanınan, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, peşəkar jurnalist, tanınmış filoloq-alim, ictimai fəal, “Milli Zəka” beynəlxalq, elmi -ədəbi jurnalı ilə zekaishiginda.az saytının təsisçisi və baş redaktoru Cəmilə Çiçək İsbəndiyarova ilə con vaxtlar ictimaiyyətimizi qayğılandıran, bir sıra ciddi sosial-psixoloji, pedoqji-mənəvi problemlər ətrafında müsahibəni oxucularımıza təqdim edirik.
– Cəmilə xanım, sizin imzanız, çoxşaxəli fəaliyyətiniz Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Sizin çoxillik məhsuldar fəaliyyətiniz, zəngin ədəbi-mədəni, elmi-ictimai yaradıcılığınız, sağlam, dövlətçiliyə söykənən ziyalı mövqeyiniz, ictimai fəal kimi
nüfuzunuz çoxlarında qibtə hissləri oyadır, bəzən də qısqanclıqla qarşılanır. Maraqlıdır, bu qədər işlərə necə vaxt tapırsız?

– Uzun illərdir düşmən işğalı altında qalan, 44 günlük möhtəşəm qələbələr nəticəsində, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında, rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində azad edilmiş Qarabağda – Kəlbəcər şəhərində döğulmuşam. O zamanlar bizə lap erkən vaxtlardan – uşaqlıqdan zəhmətsevərlik, elə-obaya, cəmiyyətə fayda verən işlərlə məşğul olmağı öyrətdiyindən, hər zaman çalışmışam ki, doğmalarıma, xalqıma, insanlara yönəli müsbət əməllərimlə tanınım. Böyüklərimizin də söylədiyi kimi, zəhmət insanı bütün ziyanlardan qoruyar. Təəssüflər olsun ki, son illər adamlar çalışmaqdan, cəmiyyətə xeyir verməkdən, ailə və doğmalarının yükünü çəkməkdən yan qaçırlar. QHT rəhbəri, ictimai fəal, alim, yaradıcı şəxs, psixoloq kimi baş verən prosesləri analiz edib ümumiləşdirəndə, belə qənaətə gəlirəm ki, son illərin depressiv hallarının əsas səbəblərindən biri də bekarçılıq, tənbəllik, fəaliyyətsizlik və qarşısına xırdalı-böyüklu məqsədlər qoyub ona nail olmağa can atmamaqdan irəli gəlir.
– Mətbuatdan, İnternet saytlarından da məlumdur ki, siz həm praktik, həm də nəzəri psixologiya ilə davamlıi məşğul olursuz. Eyni zamanda ailə və məktəb psixoloqu, ictimai aktivist, QHT sədri, yazar və alim kimi tanınan şəxs olaraq cəmiyyətimizdə baş verən bu cür aqressiv hallara, mənfi tendensiyalara qarşı mübarizə aparanlardansız. İstərdik ki, bu səmərəli fəaliyyətləriniz haqqında geniş məlumatları izləyicilərimizlə bölüşəsiniz.
– 2016-cı ildən dövlət qeydiyyatına alınmış “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin təsisçisi və sədri kimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında dövlətin siyasətini, uyğun proqramlarını hər zaman dəstəkləmişik. Bu proqram və layihələrin həyata keçirilməsində fəal iştirak edirəm. Birliyin fəaliyyətinin daha geniş auditoriyada təbliği həm də şərəfli missiyası ilə gənclərimizin milli-mənəvi dəyərlərə öz töhfələrini verməkdə yardımçı rolunu genişləndirmək deməkdir. 2016-ci ildən etibarən isə www.zekaishiginda.az ədəbi-elmi, informasiya saytı mənim rəhbərliyim altında fəaliyyət göstərir. Sayt yaradıcı gəncləri də öz ətrafında birləşdirməklə onların potensialının üzə çıxarılmasında daim dəstək göstərir.
Cəmiyyətimizdəki bir ara mənəviyyat, ideologiya, psixologiya sahəsindəki boşluqları gördüyümüzdən, qurumumuz mənim rəhbərliyim ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (red. – o zaman Şura adlanırdı) maliyyə yardımı ilə 2018-ci ildə “Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği məqsədilə tədbirlərin təşkili” mövzusunda layihə həyata keçirdi. Bu mövzuda müəllifliyimlə “Ailə dəyərlərini simvollaşdıran kultlar” adlı sayca yeddinci elmi-kütləvi kitab nəşr olundu. Elə o vaxt milli ailə münasibətləri mövzusunda ictimai dinləmə – dəyirmi masa da təşkil etdik. “Modern Azərbaycan ailə modeli” kitabım, eyni zamanda www.zekaishiginda.az saytının bu mövzuda xüsusi bölümündəki geniş materiallar Prezidentin yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, qurumumuz tərəfindən 2019-cu ildə hazırlayaraq təqdim etdiyi “Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” mövzusunda layihə çərçivəsində nəşr olunub, geniş ictimaiyyətin diqqətinə çatdırılıb.
2020-ci ildə qurumumuzun QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə müştərək təşkil etdiyi qrant müsabiqəsində qalib gələrək, “İtkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkün ailələrinin üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili” layihəsini də uğurla həyata keçirə bildik. Layihə çərçivəsində hazırladığım “Həssas qrup ailələrinə psixoloji-mənəvi dəstək” adlı elmi-kütləvi toplu da işıq üzü gördü. QHT Agentliyinin Müşahidə Şurasının 14 dekabr 2021-ci il tarixli iclasının qərarına əsasən, “Milli dəyərlərin innovativ, kreativ təbliği: Azərbaycanlıları birləşdirən mental sərvətlərimiz” adlı layihəmiz qaliblər sırasındadır.

– Həm də ədəbi-mədəni ictimaiyyətdə maraqla qarşılanan müstəqil jurnalın da baş redaktorusuz. Bütün bunlar sizin dövlətin tərəfdaşlığı ilə həyata keçirtdiyiniz layihələrdir. Bu illər ərzində siz bir alim, yaradıcı şəxs və ictimai fəal olaraq yüzlərlə tədbir, konfrans, məclislərdə iştirak etmiş, 10-yaxın kitab, yüzlərlə elmi-publistik məqalə, araşdırma nəşr etmiş, ailə və məktəb psixologiyasına dair praktik fəaliyyətlərlə məşğul olmuş, məktəbdə pedoqoji psixologiya sahəsində çalışmısınız.
– Düz buyurursuz, mənim baş redaktorluğum ilə nəşr olunan “Milli zәka” dәrgisinin əsas amalı və mәqsәdi xalqımızın zәngin mәnәviyyatının güzgüsü olan elmimizin ümumi
mәnzәrәsinin tәhlilini vermәk, yeni elmi-ədəbi mәqalәlәrin, araşdırmalarınişıq üzü görmәsinә, müzakirә olunub layiqli qiymәtini almasına şәrait yaratmaq, cəmiyyətdə baş verən psixoloji prosesləri təhılil etməklə təcrübi qənaətləri bölüşmək, o cümlədən, ölkəmizdə və regionda baş verən ictimai-siyasi, ədəbi-mədəni, sosial-iqtisadi proseslərə ayna tutmaqdır. Hazırda maliyyə imkansızlığından nəşrinə fasilə verdiyimiz dərginin materialları elektron formada saytımızda yayımlanır.
Eyni zamanda ictimai fəal və bir ziyalı xaım olaraq indi ehtiyacı duyulan başqa bir sahənin də inkişafına öz töhfələrimizi verməyə çalışırıq. Ailə və məktəb psixologiyasına dair praktik fəaliyyətlərlə məşğul olur, məktəbdə pedoqoji psixologiya sahəsində araşdırmalar aparır, praktik psixoloq olaraq orta təhsil sistemində çalışaraq yeni nəslin formalaşmasına, sağlam böyüməsinə yardım edirik.
– Praktik ailə və məktəb psixoloqu kimi cəmiyyətimizdə, lap elə dünyada da son illər müşahidə olunan əhval-ruhiyə dəyişkənliyi, ruh düşkünlüyü, əsəbilik, aqressivlik, gərginlik, həddindən artıq emossionallıq, insanlardan uzaq durmaq, özünə qapanma, ölüm və intihar barədə düşündüyünü bəyan edən şagirdlərdə, yeniyetmələrdə, gənclərdə müşahidə olunan depressiyanın əsas əlamətləri barədə nə deyə bilərsiniz?!
– İnsanın, əksəriyyətimzin elə yaş dövrü olur ki, belə hallarla tez qarşılaşırlar. Psixoloqların fərdin yeniyetməlik, ərgənlik çağı saydıqları bu dövrdə məktəblilərə xas xüsusiyyətlərlə yanaşı, zərərli vərdişlərə və depressiyaya meyllilik yüksək olur. Uşaqlıqdan yeniyetməlik dövrünə adlamağın əsas xüsusiyyətləri şəxsin özünü hər kəsdən üstün tutması, ağıllı hesab etməsi, heç kəsi saymamaları, xüsusən də valideynlərlə dil tapmamasıdır. Ailədən, bəzi hallarda isə hətta məktəbdən kənardan verilən öyüd-nəsihət və məsləhətlər yeni nəslin nümayəndələrində əlavə qıcıq təsiri bağışlayır. Uşaqlıq çağından yeniyetməlik dövrünə keçiddə şagirdlərdə valideynlərlə qarşılıqlı inam, hörmət, etibar və s. kimi münasibətlərə keçməyə tələbat yaranır. Elə bu zaman da – yeniyetməlik dönəmində valideynlərin uşaq saydığı, söz keçirə bildiyi övladı ilə ünsiyyət qurmaq, dil tapmaq problemə çevrilir, onlar arasında psixoloji, bəzi hallarda mənəvi-ruhi münaqişələr baş qaldırır. Atdığı addımları, hərəkəti, davranışı tənqid olunan, etdiyi yanlışlıqlara görə cəzalandırılan yeniyetmə ona olan bu münasibətdən ruh düşkünlüyünə, çox hallarda isə izahı çətin olan depressiyaya düşür. Sosioloqlar, ailəşünaslar, cəmiyyətşünaslar, psixoloq
mütəxəssislərin qənaətinə görə, son dövrlər yeniyetmələr arasında depressiyadan əziyyət çəkənlərin sayı xeyli artıb. Üstəlik sosial şəbəkələr, İnternet, ünsiyyət və paylaşım alətləri, yeni texnologiyalar, oyunlar, seriallar, filmlərdəngələn aqressiya, yad təsirlər, liberal fərdi azadlıq ideyaları, karantin qadağaları, qlobal “Covit-19” bəlası, iqtisadi-sosial sıxıntılar kimi fərqli amillər yeni nəslin psixologiyasına dəhşətli təsirlər göstərir, övladlarımızı bizdən qoparıb hansısa qaranlıq tərəflərə yuvarladır. Belə bir şəraitdə valideynlər, məktəb kollektivi, psixoloqlar, ictimaiyyət çox ehtiyatlı davranmalı, belə hallarla qarşılaşdıqları zaman müştərək addımlar atmalıdırlar.

– Zəmanəmizdə yeni nəsil nümayəndələri arasında artan intihar hallarının aktual problem kimi cəmiyyətimizi narahat etməsi yəqin ki, sizin də diqqətinizdən yayınmayıb?!
– Elədir, bütün zamanlarda əsas ictimai-psixoloji problemlərdən biri də fərdlər arasında özünüqəsd kimi xoşagəlməz hallarının artması sayılıb. Son dövrlər mediadan aldığımız məlumatlardan da göründüyü kimi, 2020-ci ildə yalnız yetkinlik yaşına çatmayan şəxslər arasında özünü öldürmə və intihara cəhd hadisələrinin sayı 65 olub. Onların 37-si özünə qəsd edib, 28 yeniyetmə isə özünü öldürməyə cəhd edib. 2019-cu ildə yetkinlik yaşına çatmayan şəxslər arasında özünü öldürmə və özünü öldürməyə cəhd faktlarının sayı 71, 2018-ci ildə 81 olub. Bunlar dəhşətli faktlardır, biz hələ gənclər və cavanlar arasında baş verən belə halların statistikasını qoyuruq qırağa. Özünə inamı aşağı olan, çətin vəziyyətlərdə özünü idarəetmə gücünün olmadığını fikirləşən yeniyetmələrdə, stress yaradan hadisə və vəziyyətlərlə qarşı-qarşıya qaldıqda depressiyaya düşmək riski yüksəkdir. Yeniyetmələrdə depressiya diaqnozu qoymaq çətindir, çünki bu dövrdə əhval-ruhiyyədə dəyişikliklərinə çox rast gəlinir. Yeniyetməlik dövründə həm fizioloji, həm psixoloji, həm sosial baxımdan dəyişikliklər baş verir: bəziləri o çağlarını böyük problemlər yaşamadan keçirir, bəzilərinə isə həyatında dərin izlər buraxan, dostluq, sevgi, daşa dəyən ilk məhəbbət, təhsildə uğursuzluq kimi faciə kimi qəbul etdikləri müxtəlif hadisələr baş verir.
– İlk baxışdan ölkəmiz üçün yeni bir sahə sayılan ailə və məktəb psixologiyası, əslində, bütün bunların vəhdətini nəzərə almalıdır.
– Baxın, psixoloqların ümumi qənaətinə görə, məktəb illərində depressiyaya düşən yeniyetmələrdə əsasən, iştahda və yuxuda pozuntular, dərslərində nəzərəçarpacaq dərəcədə geri qalma, dostlarından və hər hansı fəaliyyətdən uzaqlaşmaq, İnternet, sosial şəbəkələrə meyillilik, enerji ve motivasiyanın aşağı olması müşahidə edilir. Məktəb psixoloqu olaraq mən də çox zaman müşahidə etmişəm ki, belə şagirdlər nələrdənsə zövq ala bilmir, əksər vaxtlarda əsəbi olur, deyilən sözlərə aşırı sərt reaksiya verir, ideallarına, arzularına çata bilməyəcəyini düşünür, bunları dilə gətirir, sosial şəbəkədəki statuslarında, materiallarında nümayiş etdirir. Son illər məktəblilər arasında özünəinamın aşağı olması, günahkarlıq hissi, qərarsızlıq, unutqanıq, konsentrasiya ola bilməmək, daimi narahatlıq, intihar fikirləri, buna meyllilik kimi əlamətlər daha çox müşahidə olunur. İctimai yerlərdən uzaq olmaq, ünsiyyətdən qaçmaq, günün əksər hissəsində əhval-ruhiyyənin yaxşı olmaması və ya ovqatın ani şəkildə dəyişməsi depressiyanın əsas əlamətləri kimi belə yeniyetmələrdə müşahidə etmək ürəyimizi dağlayır.
– Yəqin demək istəyirsiniz ki, mövcud ağır durum o qədər də ürəkaçan deyil…
– Bəri başdan deyim ki, dünyanın başqa ölkələrinə, fərqli cəmiyyətlərə nəzər salanda, Azərbaycanda ümumi vəziyyət elə də mürəkkəb olmasa da, yeni texnologiyaların, İnternetin dünyanı ovcumuzun içinə sığışdırdığını unutmamalıyıq. Son illər məktəblilər arasında özgüvən problemi, əks-cinslə yaşanan gərginliklər, məktəb və ailədaxili münaqişələr onlarda depressiyaya səbəb olur. Yeniyetmələrdə depressiya riskini artıran amillər valideynlərindən hansısa birinin ölümü və ya boşanma, ailədaxili münaqişələr, yaşayış yerinin tez-tez dəyişdirilməsi. Valideynlər çox zaman öz övladlarını hansısa istiqamətə yönəltməyə, dəyişməyə çalışır, onların fikirlərinə sayğıyla yanaşmır, doğru bildikləri tərəflərə yönəltmək üçün uşağa fiziki və psixoloji təzyiqlər edirlər. Gənclik dövrünə yaxınlaşan yeniyetmələrin azadlığa can atması, ailələrin isə bu arzuları məhdudlaşdırmaq istəməsi əksər hallarda ciddi problemlərə səbəb olur. Bu zaman da uşaqlar evdən, ailədən, valideynlərdən uzaqlaşır, özünə qapanır və depressiyaya düşürlər. Son illər isə anormal valideynlərin sayının çoxalması, ata və ananın işləməsi, İnternetə meylli olması, boşanmalar, davalar, uşaqlarına avaxt ayırmamaları, onlarla dil tapmamaları da depressiyaya səbəb olan faktorlara çevrilib. Xoşbəxt kimi görünməyə çalışan, ətrafa nümayiş etdirən saxta ailə səadəti sərgiləyən valideynlər də yamçan çoxalıb. Şagirdlər valideynlərinin saxta münasibətini, xoşbəxt olmadıqları halda özlərini elə göstərməklərini müşahidə edəndə, onlara güvənmir, qarşılaşdığı hər hansı bir
hadisəni, problemlərini, yaşadıqlarını ata-anasıyla bölüşmür, əksinə, özünə qapanır, axırı xeyirlə bitməyən depressiyaya düşür. Cəmiyyətimiz psixoloji-mənəvi yaralar almış gərgin şəxslərlə dolur ki, bu da öz növbəsində, gələcəkdə cinayətkarlığın, əlilliyin, problemli fərdlərin artmasına səbəb olur.
– Çətin durumlarda da çıxış yollarını tapmaq olar?!
– Dəyərlərin aşındığı vaxtlarda yaşayırıq. Fikirləşirəm ki, belə durumlarda valideynlər, məktəb kollektivi və cəmiyyət qarşılıqlı fəaliyyət göstərməklə uşağlarımızı qoruya bilərik. Problemin həllini ancaq məktəb pedaqoqlarının, psixoloqların boynuna qoymaq yanlışlıqdır. Bu məsələlərdə hamımız birləşməliyik. Dövlət orqanları, vətəndaş cəmiyyəti təssisatları, QHT-lər, valideynlər, psixoloqlar, pedoqoji kollektivlərin səyini birləşdirə bilsək, çətinlikləri adlamaq asan olar.
– Son günlər məktəblərdə baş verən xoşagəlməz hallar haqqında danışaq. Videoya alınaraq sosial şəbəkələrdə paylaşılan olaylar nələrdən xəbər verir?..
-Orta və ali məktəblərdəki minlərlə şagird, tələbəyə bir psixoloq xidmət göstərir. Hələ psixoloji xidmətlərə ehtiyacı olan valideynləri, müəllimləri, texniki personalı, xidmətçiləri demirik. Bəzi ailələr övladlarının yeniyetməlik dövrünə hazır olmurlar. Yeniyetməlik dövründə uşaqlar valideynlərinə qarşı üsyan etməyə meyilli olur, ətraf aləmə aqressiya nümayiş etdirir, özünün fərdiliyini sübut etmək üçün müxtəlif hadisələrdə iştirak etməyə meyilli olurlar. Belə hallarla qarşılaşan valideynlər, müəllimlər, doğmalar anlayış göstərməli, yeniyetmələri başa düşməyə çalışmalıdırlar. “Səni görmək istəmirəm!” desə də, yeniyetmənin ən böyük dəstəkçisi valideynləri və onların qayğısı, sevgisidir. Untmamalıyıq ki, bu çağında uşaqların daha çox valideyn sevgisinə ehtiyacı var. Ata və ana bu dönəmdə övladına dəstək, qol-qanad olsa, anlayış, nəvaziş göstərsə, yeniyetmə bu çətin keçən keçid dövrünü daha asan keçirə bilər. Keçid dövrü çox həssas bir dönəm sayıldığı üçün valideyn tərəfindən yol verilən hər hansı bir yanlışlıq gələcəkdə çox böyük fəsadlarla nəticələnə bilər.
– İnformasiya bolluğunda, İKT imkanlarının yaratmış olduğu virtual imkanlardan sanki yeniyetmələr boğulmaqdadır. Amma təəssüf ki, bu informasiyanı döğru istifadə etməyi bacarmırlar. İntihar, psixoloji gərginlik, depressiya ilə əlaqədar bu qədər hadisələr baş versə də, sanki çoxları bundan xəbərsizdir. Çox vaxt unuduruq ki, qonşuda baş verən yanğın söndürülməsə, əvvəl-axır bizim də evimizi bürüyə bilər…
– Doğrudan da depressiyaya düşən yeniyetmələrin müalicə olunması son dərəcə vacib məsələdi, onlara dəstək göstərilməsi mütləqdir. Valideynin öhdəsindən gəlmədiyi mənəvi-psixoloji problemlər yarandıqda, mütləq ailə və məktəb psixoloqlarına müraciət etməlidir. Depressiya ciddi bəladır, əgər müalicə olunmazsa, pasiyent daha ciddi problemlərlə qarşılaşa bilər. Yetkinliyə xas davranışlar nümayiş etdirəndə, dərslərdə geriləmələr, qəbul imtahanında zəif nəticə göstərəndə, bir sözlə qoyulan tələbləri yerinə yetirə bilmədiyi üçün ailəsi ona qarşı təzyiq göstərir. Nəticədə psixoloji durumu normal vəziyyətdə olmayan yeniyetmə intihar yolunu seçir. Bəzən xırda məsələlər üstündə evdə ciddi söz-söhbət olur. Belə hallarda uşaqlar valideynlərinin acığına, onları cəzalandırmaq üçün intihara əl atırlar.
Məktəblilər yeniyetməlik dövründə müəyyən sıxıntılar keçirir, valideynlərin diqqətinə, qayğısına, sevgisinə, anlayışlı davranışa daha artıq ehtiyac duyurlar. Ata, yaxud ananın spirtli, hətta energetik içkilərdən, uyuşdurucu, sintetik, narkotik maddələrdən istifadəsi, uşaqlara etinasızlıq göstərilməsi, təhsildən yayınma, psixoloji duruma təsir edən digər halların baş verməsi ruhən gərgin vəziyyətdə olan yeniyetmənin mənəviyyatının, psixologiyasının pozulmasına, intiharına aparıb çıxara bilər..
– Vaxtında valideynlər belə hallarla qarşılaşanda bəs hansı addımları atmalıdırlar?!
– Vurğulamaq yerinə düşər ki, valideynlər azyaşlı övladları ilə dil tapmağa, anlaşmağa, dost olmağa çalışmalı, qəti şəkildə onları qıcıqlandıran, gərginləşdirən mövzulara, məsələlərə toxunmamalıdır. Xüsusən də yeniyetməlik dövrünü yaşayan məktəblilərlə olduqca ehtiyatlı davranmalıdırlar. Onların ilk baxışdan qəribə görsənən seçimlərinə, fərqli zövqlərinə müdaxilə etmək qəti olmaz. Uşaqlarını nəzarətdə saxlamağa çalışmalı, fəqət bunu onun özünə hiss etdirməməlidirlər. Valideynlər çox diqqətli və ehtiyatlı olmalı, özlərinin düzgün saydıqları tərbiyə üsullarından yararlanmağa çalışmamalı, təmkinli, ən önəmlisi isə övladlarıyla münasibətdə çox diqqətli olmalı. Məktəbin yuxarı siniflərində təhsil alan yeniyetmələr sərbəstliyə, azadlığa meylli olur, evdəkilərə rəğmən, həmyaşıdlarına, dostlarına, rəfiqələrinə meyilli olur, kumirlərinə tapınmağa çalışırlar. Belə vaxtda ata və ana övladına hiss etdirmədən, kənardan nəzarət etməklə ona çərçivələr
daxilində müəyyən azadlıqlar verməlidirlər. Əks-təqdirdə uşaq güvənə biləcək, ona inanan, arxa dayaq ola biləcək şəxs axtarmağa başlayacaq. Belə olduğu təqdirdə onun psixoloji durumu, ailədəki mühit daha da ağırlaşacaq. Valideynlərlə övladları arasında keçid yaş dövründə hansı bir münaqişənin baş verməməsi, tərəflər arasında yaşanan gərginlik gələcəkdə onların münasibətlərinin soyumasına səbəb ola bilər.
– Maraqlı müsahibəyə, açıq söhbətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Söhbətləşdi: Təyyübə Nur,
araşdırmaçı-jurnalist




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar