Xəbər lenti
Uşaq pulunun bərpası gözlənilirmi? - Deputatla MÜSAHİBƏ
Deputat Sona Əliyeva big.az-ın suallarını cavablandırıb.
Manevr.az həmin müsahibəni təqdim edir:
-Sona xanım, mütəmadi olaraq hər ay seçicilərinizlə görüşürsünüz. Daha çox seçiciləriniz hansı problemlərlə bağlı sizə müraciət edir?
- Seçicilərin müraciəti regiona və dairəyə görə dəyişir. Mən Şəmkir kənd seçki dairəsini təmsil edirəm. Müraciətlər kənddə torpaq, su, müayinə, müalicə, işlə təminat və sosial müavinətlərlə bağlı olur. Təmsil etdiyim dairədə daha çox suvarma və içməli su ilə bağlı müraciətlər üstünlük təşkil edir.
- Elə hal olubmu ki, seçicinizin şikayəti ilə bağlı hansısa dövlət qurumuna müraciət etmisiniz və bu müraciət cavabsız qalıb?
- Təbii ki, bu müraciətin əsaslı və əsasız olmasına baxır. Bu günə kimi əsaslı olan bütün müraciətlərə müsbət cavab veriblər.
- Təəssüf ki, bu gün televiziyalarda yayımlanan bəzi verilişlərə görə ailə dəyərləri demək olar ki, yox edilməyə çalışılır. Ailəsində kiçik bir problemi olan televiziyalara üz tutur. Bu barədə fikirlərinizi öyrənmək istərdik.
- Mən bu cür hallara yaxşı baxmıram. İlk öncə bu, bizim milli-mənəvi dəyərlərimizə sığmayan bir hərəkətdir. Dünyanın hər yerində, eləcə də Azərbaycanda insanlar məşiət problemləri ilə zaman-zaman üzləşirlər. Təbii ki, cəmiyyət bundan sığortalanmayıb. Amma bunu ictimailəşdirərək nümayiş etdirmək ən azından Azərbaycan cəmiyyəti üçün yolverilməzdir və bizim tarixən formalaşan axlaqi dəyərlərimizə ziddir. Belə xəbərlər insanlarımızın şüur altına da siraət edir. Bu da insanlarımızın aqresivləşməsinə səbəb olur. Düşünürəm ki, bu cür mövzuların gündəmə gətirilməsi hər bir halda heç kimə baş ucalığı gətirmir.
- Bu cür hadisələrin televiziya verilişlərində müzakirə mövzusuna çevrilməsində günahkar kimlərdir?
- Televiziyaların böyük əksəriyyəti özəldir. Özəl televiziyalarda verilişlər əsasən reytinq dərəcəsinə görə hazırlanır. Təbii ki, bu cür şou xarakterli xəbərlərlə gündəmə gəlmək daha asandır. Ona görə də özəl televiziyalar bu hadisələri gündəmə gətirir. Yüksək əxlaqa və vicdana sahib olan hər bir şəxs kiminsə şəxsi həyatına bu cür müdaxilə etməməlidir.
- Sona xanım, birlirsiniz ki, bir neçə gün bundan öncə imtahan verən müəllimlərin biabırçı nəticələri açıqlanmışdı. Bundan əlavə dəfələrlə Milli Məclisdə də müzakirə olunsa da dərsliklərdəki problem aradan qaldırılmır. Ümumiyyətlə, siz təhsilin bugünki durumunu necə qiymətləndirirsiniz?
- Qeyd etdiyiniz müsabiqə ilə bağlı Təhsil Nazirliyi ətraflı şərh verib. Mən də bu şərhlə razıyam, çünki söhbət müəllimlərin diaqnostik qiymətləndirilməsi müsabiqəsi deyildi. Olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirən müəllimlər həmişə kifayət qədər az olub. İstedadlı şagirdləri hazırlayan müəllimlər özləri də xüsusi hazırlığa malik olmalıdırlar. O ki qaldı bunun ərtrafında şou yaratmağa, bunun özü quruma hörmətsiz yanaşmadır. Əgər şəffaf şəkildə keçirilən bir müsabiqənin nəticələri düzgün şəkildə cəmiyyətə təqdim olunursa bunu ancaq təqdir etmək və nəticə çıxartmaq lazımdır. Cəmiyyət və dövlət, təhsil prosesinin içtirakçıları olaraq, əldə olunan nəticə isə hamımız üçün bir mesaj, bir xəbərdarlıqdır.
Ümumilikdə isə bütün dünyada təhsil sisteminin yaxşılaşdırılması və effektivliyinin daha da artırılması üşün davamlı islahatlar aparılır. Düşünürəm ki, qloballaşan dünyada hazırda texnologiya ilə təhsil sistemi ayaqlaşa bilmir. Texnologiyalar çox sürətlə həyatımıza daxil olur və hətta bu gün bizim doğru bildiyimiz informasiyalar bir müddətdən sonra bəlli olur ki, heç də həqiqət deyilmiş. Ümumtəhsil məktəblərinə bu inkişafla ayaqlaşmaq daha çətindir. Həmçinin, dərsliklər kifayət qədər lazım olmayan və köhnəlmiş informasiyalarla yüklüdür. Biz elə dövrdə yaşayırıq ki, internetə çıxışı olan hər bir yerdə müxtəlif texnologiyalar vasitəsi ilə istədiyimiz informasiyanı əldə edə bilirik. Bu qədər lazımsız informasiyaların kitablara yerləşdirilməsi və uşaqların bu qədər yüklənməsinə mən də qarşıyam. Əlbəttə ana fənnlər uşaqlara öyrədilməlidir. Dil, ədəbiyyat, riyaziyyat, təbiət fənnləri ilə bağlı mütləq uşaqların əsaslı anlayışı olmalıdır. Hər halda sonda məktəblərin əsas işi kompetensiyalı, yəni həyati bacarığa malik olan insanlar, cəmiyyətə faydalı və layiqli vətəndaşlar yetişdirməkdir. Sizi əmin etmək istəyirəm ki, Təhsil Nazirliyi dərsliklərə nəzarət edir və bu sahədə işlər görülür.
- Təəssüf ki, bu gün uşaqlar özlərinə lazım olan informasiyanı məktəbdə deyil, əlavə müəllim yanına getməklə əldə edirlər. Nə üçün bu gün müəllimlər bütün bildiklərini məktəbdə deyil, yalnız hazırlıqlar zamanı uşaqlara öyrədirlər?
- Aşağı siniflərdə uşaqlar repetitor yanına gedirsə, deməli, müəllimləri kifayət qədər tədris etdiyi fənnin biliklərinə malik deyil. O ki qaldı yuxarı sinif uşaqlarının universitetə daxil olmaq üçün repetitor yanına getməsinə təəssüf ki, bu gün adət halını alaraq kütləviləşib. Təbii ki, yaxşı bir hal deyil. Düşünürəm ki, bu, Dövlət İmtahan Mərkəzinin imtahanları ilə fənn proqramlarının üst-üstə düşməməsindən də qaynaqlanır. Ümumiyyətlə, ali təhsil müəssisələrinə qəbul həmişə zəruri hazırlıq tələb edir. Orta məktəb müəllimləri isə repetitorlar qədər hazırlıqlı deyillər. Olmaqlarına da ehtiyac yoxdur. Əgər müəllim qənaətbəxş keyfiyyətdə dərsini keçə bilirsə, məncə, bu kifayətdir. Amma yüksək biliyə, bacarığa sahib olan müəllimlər isə hər zaman cəmiyyət və dövlət tərəfindən qiymətləndiriliblər.
- Təəssüf ki, qanunlar sərtləşdirilsə də, bu gün qızlarımızın təhsildən yayındırılaraq erkən nikahlara cəlb edilməsi halları yenə də qalmaqdadır. Sizcə, niyə Azərbaycanda qızların erkən nikaha cəlb edilməsi tam aradan qaldırıla bilmir?
- Mən dünyadakı qanuni nikah yaşlarını açıqlasam təəccüblənəcəksiniz. Əslində Azərbaycanda qanunla müəyyənləşmiş nikah yaş həddi Avropa standarlarına uyğundur. Rusiyada minimum nikah yaşı 16-dır. Hətta Rusiyanın bəzi regionlarında 14 yaşa kimi düşə bilir. Bundan əlavə Amerikada minimal nikah yaşı 15, Hindistanda 18, Tunisdə 17, Ekvadorda 12, Venesuelada 12, Misirdə 16, İngiltərədə 16, Fransada 15, Yəmən, Qətər və Nigeriyada isə 9 yaşdır. Ümumiyyətlə, dünyada qanunla tənzimlənən minimal nikah yaşı 9-18 yaş arası dəyişir. Ona görə də Azərbaycanda Rusiyadan da öndə olaraq minimum nikah yaşı 17-dir. Normal nikaha daxil olma yaşı isə 18-dir. Erkən nikahın bir çox səbəbləri var. Bu səbəblər barəsində KİV-lərdə zaman-zaman danışılıb. Mental, sosial, regional və s. çox müxtəlif səbəblər olur. Sosial çətinliklər, qızlara qarşı ənənəvi davranış formaları səbəbindən bu kimi hadisələrə rast gəlirik. Səbəbi nə olursa olsun, erkən nikahlara qarşıyam və normal düşüncəsi olan insanlar erkən nikahlara qarşı olmalıdır. 18 yaşlı qız psixi, fiziki cəhətdən nikaha hazır deyil. Ona görə də qızların erkən nikaha girməsi yolverilməzdir. Erkən nikahlar ana və uşaq ölümlərinin əsas səbəblərindən biridir. Nə qədər ki, qızların təhsilinə oğlanların təhsilindən daha çox fikir veriləcək, o zamanda bu problem aradan qalxacaq.
- 2019-cu ildə yaşamağımıza baxmayaraq övladlar arasında yenə də seçicilik var. Qız uşaqları yenə də abort olunur. Uşaqların cinsiyyətinin öncədən valideynlərə deyilməsi qanunla qadağa edilə bilərmi?
- Sizin qeyd etdiyiniz məsələ qanunla tənzimlənir. Əslində, öncə düşüncəmiz dəyişməlidir. Qız və oğlan ayrı seçkiliyi doğru yanaşma deyil. Bu gün dünyada gender bərabərliyi hökm sürür və biz də bununla bağlı qanun qəbul etmişik. Ölkəmizdə qadın hüquqlarını müdafiə edən bir çox təşkilatlar da var. Əgər biz bu gün övladımızın qız və ya oğlan olması barəsində qərar veririksə, düşünürəm ki, bu gələcəkdə cəmiyyətimiz üçün çox ciddi süni şəkildə demoqrafik göstəricilərin dəyişməsi ilə bağlı təhlükədir. Azərbaycan 100 il bundan öncə dünyada ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququnu veribsə və cəmiyyətin bərabər hüquqlu üzvü sayıbsa belə bir yanaşma təəssüf doğurur.
- Sona xanım, Milli Məclisin Bakıda keçirilən iclasları bitən kimi, Şəmkirə qayıdırsız, yaxud, əksinə, iclaslar başlayan kimi, Bakıya gəlib, yenidən sıx iş qrafiki ilə çalışmalı olursuz. Ailəniz, övladlarınız sizin yaşam tərzinizlə ayaqlaşa bilirlərmi? Övladlarınız işinizin çoxluğundan şikayətlənirlərmi?
- Böyük qızım arada məndən küsür. Mənə deyir ki, ana, sən seçicilərini bizdən daha çox istəyirsən. Biz bir yol, missiya seçmişik, vətən, xalq üçün çalışmalıyıq. Xalqın hər bir nümayəndəsi bizim övladlarımızdır. Bu vətən, dövlət bizimdir. Biz bu vətənimizin və millətimizin qayğısını çəkməli, xidmətində durmalıyıq. Əgər bu missiyanı daşımaq nəsib olubsa, dövlətimiz və seçicilərimiz bu etimadı bizə göstərirsə öncəliyimiz onlara xidmət etmək olmalıdır.
- Övladlarınız məktəbdə oxuyurlar. Övladlarınız, sinif yoldaşları və yaxud da onların valideynləri hansısa problemin həllində sizdən kömək istəyiblərmi?
- Yox, müraciət edən olmayıb. Amma öz sinif yoldaşlarından müraciət edənlər olub.
- Milli Məclisdə təmsil olunan deputat həmkarlarınızla münasibətlər necədir? Milli Məclisdə hansı deputatla parta yoldaşınız?
- Həmkarlarımla çox yaxşı münasibətlərimiz var. Parta yoldaşım Ülviyyə Ağayevadır.
-Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüsünüz. Qadınların cəmiyyətdə zorakılığa təcavüzə məruz qalması hallarının durmadan artmasının əsas səbəbini nədə görürsünüz?
- Bu, təkcə Azərbaycana xas xüsusiyyət deyil. Media bəzi məsələləri şişirdir. Mətbuatda Azərbaycanda erkən nikahlar kütləviləşir, qadına qarşı şiddət artır kimi informasiyalar verilir. Heç bir ölkədə cəmiyyətlər qadın qarşı zorakılıqdan sığortalanmayıb. Qadınlarla bağlı problemlər Amerikada, Rusiyada da çoxdur. Ailə zorakılığına əsas səbəb maddi və psixoloji asılılıq, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi və ailə mədəniyyətinin aşağı olmasıdır. Həmçinin qarşı cinsin bizi zəif görməsi, özlərinə tabe etmək istəkləri, qadınları ailədə ancaq mətbəxtdə və uşaqlarının tərbiyəçisi kimi görməkləridir. Düşünürəm ki, bütün patriarx cəmiyyət qadınlara münasibət belədir.
- Bəzən bunun səhvi bizdə də olurmu?
- Əlbəttə, münasibətlər iki və çoxtərəfli olduğundan mütləq tərəflərdən biri səbəbkardır.
- 2019-cu ilin büdcə müzakirələrində iştirak edən aktiv deputatlardan biri də siz oldunuz. Qəbul edilən büdcədə deputatların səsləndirdiyi problemlər öz həllini tapa bildimi?
- Deputatların fikirləri hər zaman nəzərə alınır. Cəmiyyətdə millət vəkilləri ilə bağlı elə mənfi fikirlər formalaşıb ki, düşünürlər ki, heç bir iş görmürlər. Əsla belə deyil. Millət vəkilləri parlamentdə , beynəlxalq və yerli təşkilatlarda, dairələrdə öz işini lazımincə yerinə yetirirlər. Cənab prezident də parlamentin 100 illiyi ilə bağlı tədbirdə parlament haqqında çox yüksək fikirlər səsləndirdi. Bu, parlamentin işinə verilən dəyərdir. Millət vəkilləri öz seçiciləri ilə aktiv şəkildə görüşüb, problemlərini qaldırırlar. Nəzərə alınmır ifadəsini qəbul etmirəm. Daha çox növbəli şəkildə nəzərə alınır. Necə ki, ailədə də ən vacib problem ilk öncə həll edilir.
- Uşaq pulunun bərpası gözlənilirmi?
- Mən uşaq pulunun yaxın dövrdə bərpa olunacağını düşünmürəm. Amma hər halda uşaq pulunun artırılmasına ehtiyac var. Ən azından uşaq pulu olmasa da, uşağın müəyyən ayına qədər yemək paketlərinin verilməsi yaxşı olardı.
- Maaşınız sizi qane edirmi? Deputat Qüdrət Həsənquliyev deputatların maaşının 8 min manata qaldırılmasını təklif etmişdi. Ümumiyyətlə, deputatların maaşı ilə bağlı siz hansı hansı təklifi irəli sürərdiniz?
- Ümumilikdə Azərbaycanda olan orta əmək haqqı ilə müqayisədə təbii ki, bizim maaşların artırılmasına ehtiyac yoxdur. Narazılığa səbəb isə uzaq rayonlarda çalışan deputatlarımızın yol və digər xərclərinin həddindən çox olmasıdır. Seçildikləri dairələrdə keçirilən aksiyaları, tədbirləri deputatlar şəxsi vəsaiti hesabına edir və digər bir çox xərclər də olur. Ona görə də müəyyən narazılıqlar yaranır.
- Həmkarınız Tahir Kərimli ayların adları ilə paralel olaraq işlənilməsi üçün adlar təklif etdi və çoxsaylı tənqidlərə məruz qaldı. Buna münasibətiniz?
- Mən düşünürəm ki, ayların adı olduğu kimi qalsa yaxşıdır.
- Bilirik ki, siz deputat olmazdan öncə Şəmkirdə bir neçə sahədə çalışmısınız. Deputat olmağı əvvəlcədən qərarlaşdırmışdınız, yoxsa birdən-birə yarandı? Sizin deputat olmaq istəyinizə mane törətməyə çalışanlar olumu?
- İnsan həyatda heç vaxt ciddi qərarları anidən almır. İlk karyerama orta məktəbdən başlamışam. O zaman ağlıma heç vaxt gətirməzdim ki, parlamentə qədər yol qət edərəm. Mən siravi müəllim kimi Şəmkir rayonunda işləməyə başlamışam. Daha çox təhsil sahəsində, icra hakimiyyətində və müxtəlif QHT-də işləmişəm. Seçkidən bir neçə ay öncə qərara aldım ki, namizədliyimi verim. Ailəm mənə həmişə dəstək olub, bunun üçün mən həyat yoldaşıma və ailəmin böyüklərinə sonsuz minnətdaram. Amma ki, parlament üzvü olmaq ərəfəsində əlbəttə ki, mediada sifarişli yazılar verənlər oldu, təəssüf ki, onların bir çoxu mənim yaxından tanıdığım insanlar, hətta zamanında dəstək verdiyim, kömək etdiyim insanlar idi. Başqa formada heç bir ciddi maneə ilə qarşılaşmamışam.
- Siz həm də universitetdə dərs deyirsiniz. Bu gün universitetlərin və tələbələrin əsas problemləri nələrdir?
- Mən özəl universitetdə çalışıram. Düşündüyümdən və gözlədiyimdən fərqli mühit gördüm. Bu gün tələbələr öz bilikləri ilə, şəffaf şəkildə qiymət alırlarsa, düşünürəm ki, bu böyük bir uğurdur. Biz çox çətin şəkildə qiymət ala bilirdik. Çox yaxşı oxumağımıza baxmayaraq aşağı qiymətlər yazılırdı. Bu gün imtahanda tələbə və müəllim görüşmürlər. İmtahanlarını fərdi şəkildə kompüter vasitəsilə verirlər. Eyni şəkildə imtahan balı da elektron şəkildə hesablanır. Sevindiricidir ki, imtahanlar da elektronlaşdırılıb. Bu da təbii ki, əlavə söz-söhbətlərin, problemlərin yaranmasına səbəb olmur. Tələbələr üçün isə əsas problem həmişə olduğu kimi yataqxanaların çatışmamasıdır. Deməzdim ki, universitetlərdə ciddi problemlər var. Universitetlərdə pedoqoji mühit, tələbə və müəllim münasibətləri çox yaxşıdır.
- Pensiyanın azlığı ilə bağlı şikayətlər çox olur. Bununla bağlı nə deyə bilərsiniz?
- Hazırda yeni təqaüd sisteminə keçid baş verir. Hər halda ədalətli bir şəkildə hər kəs təqaüd alacaq.
- Hər il pensiya yaşının qaldırılmasına münasibətiniz necədir?
- Bu həm də uzun ömürlülüklə bağlı məsələdir. Əgər uzunömürlülük varsa, deməli, əhalinin əmək qabiliyyəti bir o qədər yüksəkdir. Ona görə də pensiya yaşı qaldırılır. Mövcud şərait və zərurətlərdən dolayı bu rəqəmlər aşağı və ya yuxarı dəyişə bilər.
- Boş vaxtınızı necə dəyərləndirirsiniz?
- Boş zamanlarımı evdə keçirməyi sevirəm. Kitab oxumağı, film seyr etməyi, mətbəxdə olmağı xoşlayıram.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar