Xəbər lenti
Dənizçi şair: “Gözlərinin içinə qədər yalan deyirlər” – Müsahibə
“Son vaxtlar kitaba maraq artır. Mütaliə edənlərin sayı çoxalır, amma onlar sovet dönəminin oxucusu deyillər. Televizya ekranları, seriallar, yüngül verlişlər insanlarımızı kitabdan uzaq salır. İnformasiya bolluğu da oxucu qıtlığına səbəb olur”.
Şair Faiq Balabəyli belə düşünür.
Manevr.az F. Balabəylinin Teleqraf.com-a verdiyi müsahibəsini təqdim edir:
- Yeni kitabınız da çap olundu. İndi nə işlə məşğulsunuz? Adətən, bir məqsədə çatdıqdan sonra bir boşluq yaranır…
- "Yağışdan sonra" adlı yeni ktabım “Qanun” nəşriyyatında nəşr olundu. Şahbaz Xuduoğluna təşəkkürümü bildirirəm. Hazırda Bilgəhdəyəm. Sanatoriyada istirahət edirəm və özümü yağışdan sonrakı aydınlıqda, təmizlikdə, saflıqda hiss edirəm. İşimin adı budur, yəni yaradıcılıqla məşğulam. Çoxdan yazdığım, amma hər dəfə yenidən qayıtdığım “Bakirə qayalar” romanıma yenidən baxıram.
Sanatoriyada bir neçə şeir yazmışam. Yeni adamlarla - hekayətlərimin personajları ola biləcək insanlarla tanış olmuşam.
- Ədəbi mühitə qarışıq mənzərə var. Bu, sizi narahat etmir ki? Sanki gecə yatıb səhər yerindən qalxan bura qaçır…
- Heç bir narahatlığım yoxdur. Heç kəs mənim yerimi dar etmir və edə də bilməz. Mən öz çəkimi, yerimi bilən admamam - həm yazar kimi, həm də elə bir vətəndaş olaraq… İnsanlar bura - ədəbi mühitə qaçırsa, buna sevinmək lazımdır. Pis yazıçı ola bilərlər, amma onlar həm də oxucudurlar. Pis yazar olsalar, onları oxumarıq və bundan da heç kəs əziyyət çəkməz.
Yox, əgər daha pis əməl sahibi olsalar, başqa yerə meyil salsalar, onların özü də, ailələri də, cəmiyyət də bundan zərər görə bilər.
- Bəs yazarlar və ortaya çıxan əsərlər haqda nə deyə bilərsiniz?
-Vallah, məni yazarlardan çox onların ortaya qoyduqları, ərsəyə gətirdikləri əsərlər maraqlandırır. Mən o qədər tanımadığım, yaxud tanıyıb insan kimi bəyənmədiyim, xarakterlərində ürəyimcə olmayan çalarlar gördüyüm yazarlar var ki, onların əsərlərini sevə-sevə oxumuşam və oxuyuram da.
- Sizcə, ədəbiyyatımızın əsas problemi nədir?
- Məncə, əsas problem oxucu qıtlığı, insanlarımızın alıcılıq qabiliyyətinin aşağı olmasıdır. Təsəvvür edin, bir kitaba 10 manat verən adam bəzən fikirkəşir ki, bu ailənin 20 günlük çörək puludur. Bunlar aradan qalxmalıdır. Amma düşünürəm ki, son vaxtlar kitaba maraq artır. Mütaliə edənlərin sayı çoxalır, amma onlar sovet dönəminin oxucusu deyillər. Televizya ekranları, seriallar, yüngül verlişlər insanlarımızı kitabdan uzaq salır. İnformasiya bolluğu da oxucu qıtlığına səbəb olur.
Yaxşı yazarın az olması isə ədəbiyyatın problemi deyil. Hansısa bir əsər zəifdirsə, oxuma, bunu özünə problem eləmə.
- Gənclərdən kimləri oxuyursunuz və bəyənirsiniz?
- Cəlilabadlılar demiş, rastıma çıxanı… Amma həmişə oxuduğum imzalar da az deyil. Düzdür, onların bəziləri artıq gəncliyin son pillələrində durublar, amma yenə də olsun. Məsələn Sevinc Elsevər, Nərmin Kamal, Aysel Əlizadə, Aqşin Yenisey, Aqşin Evren, Elçin Aslangil, Elməddin Mətləb, Vüsal Oğuz, Alik, Tural Turan və Tural Balabəyli, Ayxan Ayvaz və bir çox əlavə oluna biləcək imzalar var ki, onları mütləq oxuyuram.
- Digər ədəbiyyat adamları ilə müqayisədə daha pozitivsiniz. Sözüm budur ki, başqa şairlər, yazıçılar, hətta heç nə yazmayıb fikri ilə “ədəbi depressiya”ya düşənlər də bu dünyadan gedər ayaqdadırlar. Bunu nə ilə əlaqələndirirsiz?
- “Gedər ayaqdadırlar” deyirsiz, ayaq varsa, getməlidirlər də… Necə gəliblərsə, elə o cür də gedəcəklər, yaddaşda qala bilməyəcək yazıları onları unutduracaq. Dəfələrlə demişəm, yaza bilməyəndə yazmıram. Yəni, bu mənim içimdə qalıb artıq yükə çevriləndə yazıram, o yükü boşaldıram.
Ədəbiyyata dolanışıq yeri kimi baxmamışam. Heç vaxt düşünməmişəm ki, çox yazım, çox kitab dərc etdirim, 5-10 manat qazanım. Ədəbiyyat mənim hobbimdir. Baxmayaraq ki, mən ədəbi taleyimdən və oxucu sayından heç vaxt nigaran olmamışam, gileylənməmişəm. Kitablarım çox gözəl satılıb.
Məsələn, “Kəsilməyən həyəcan fiti” kitabımın satışından gələn pula özümə maşın və fərdi ev tikmək üçün torpaq sahəsi almışdım. O biri kitablarımda eləcə... “Bayırdan Bayıra” kitabıma Rusiya və Qazaxıstanın ayrı-ayrı şəhərlərindən oxucu sifarişi gəldi. Deyim ki, 500 tirajla çıxan bu kitab bəzilərinin 10000 tirajla çıxan kitablarından daha çox pul qazandırdı.
Elə bu günlərdə “Qanun” nəşriyyatında işıq üzü görmüş “Yağışdan sonra” şeirlər kitabımın noyabrın 21-də keçirilən imza günündə və ondan sonrakı günlərdə 100-dən çox kitabım satılıb. Kitabın çap olunduğu cəmi 12 gündür. Yenə də deyirəm ki, mən yazıçılığa dolanışıq yeri kimi baxmamışam, mənim çörəyim-suyum ədəbiyyatdan gəlmir.
- Ədəbi tənqidçilər haqda fikiriniz nədir – qiymətləndirmədə obyektivdirlər?
-Bilmirəm, görünür, tənqidçilərlə dost ola bilməmişəm, ona görə də onların mənim yaradıcılığıma ögey münasibəti göz önündədir. Amma bu məni qətiyyən narahar etmir. Nəyisə yazanda heç vaxt fikirləşməmişəm ki, görəsən, filankəs bu haqda nə deyəcək…
Haqqımda kifayət qədər yazanlar da var. Onların əksəriyyəti dostlarım, oturub-durduğum adamlardır. Tənqidçiliyə iddiaları olmayan istedadlı qələm adamlarıdır. Demək ki, hansısa yazının yazılmasında münasibət, tapşırıq və maraq əsas rol oynayır.
Tənqiddə obyektivlikdən söhbət gedə bilməz. Narahat olan tənqidçilər olsa, mən onların şəxsi hesablarına yaza bilərəm ki, filankəsin arvadı, filankəsin oğlu, filankəsin özünə görə hesablanan yazılar var. Bunları hər kəs görür. Allah hər birinin canını salamat eləsin..
- Bəs öz yaradıcılığınızda bəyənmədiyiniz tərəflər hansıdır?
- Bəzən hansısa mövzu məni tutub silkələyir, yazıram, vaxt qıtlığından təkrar dönüş edə bilmirəm . Bu zaman tənbəllik də əsas rol oynayır. Amma dərc etdirmişəmsə, demək, məni qane edib və bunu oxucu qarşısına çıxarmışam.
Mən o adamların səmimiyyətinə şübhə ilə yanaşıram ki, deyirlər, filan-filan kitabımdan, yazımdan imtina etdim. Yalan deyirlər, gözlərinin içinə qədər... Əgər imtina edirsənsə, niyə dərc etdirirdin və bəzən bu dərcə görə də kiminsə saqqalının altından keçirdin, xərcə düşürdün?
- Bəyəndiyiniz tərəfiniz nədir?
- Bəyənmədiyim tərəflərdən başqa nə varsa, onları bəyənirəm...
- Bir dəfə sorğuma cavabınızda dediniz ki, Azərbaycanda bir Aqşin Yeniseyi, bir də özünüzü Nobelçilər sırasında görürsünüz. Maraqlıdır hansı əsərinizə görə sizə Nobel düşür?
- Aqşini çox istəyirəm. Doğrusu, burda subyektiv amillər daha çoxdur. O mənim həmyerlimdir və bu istedadın məhz bizim rayonda doğulması, mənim onun haqda çox fikirləşməyimə səbəb olur. Mən ona bacıoğlu deyirəm, onun mənə day-day deməsi də mənə xoş gəlir. Aqşinin tələbəliyi gözümün qabağında keçib. Özgürdür, özünə güvənlidir, qəribə bir dikbaşlığı, ədəbi “əxlaqsızlığı” vardı, elə indi də elədir. Şeirlərini çox bəyənirəm, nəsr dili də gözəldir. Publisitikasının məntiqi daşdələndir.
Özümün isə “Lənətlənmiş həyat” povestim, həbsxana hekayələrim, təzəcə bitirib və yenidən üzərində işlədiyim, hələ dərc etdirmədiyim “Bakirə qayalar” romanım əgər rus, ingilis və digər dillərə tərcümə olunsa, özümü doğurdan da, bu mükafatçılar sırasında görərəm.
- Uzun illər şair kimi tanındınız, birdən-birə “Bayıldan Bayıra” ilə nəsrdə də özünüzü göstərdiniz. Kitabın taleyi necə oldu, uğurlu ola bildimi?
- Sözün düzünü desəm, mənim nəsrə meyillənməyimdə istedalı yazar, gözəl yazıçı, dostum Pərviz Cəbrayılın rolu çoxdur. Məhz o, mənim publisistikamı oxuyub dedi ki, “sənin gözəl nəsr dilin var, sənə yaxşı bir redaktor lazımdır ki, yazasan”. Axar.az-da da işlədiyimiz zaman hər gün mənə qol-qanad verirdi. O, istedadlı, obyektiv və içi saf insandır. Qaldı ki, “Bayıldan Bayıra”nın uğur qazanmasına, yuxarıda bu haqda bəhs etdim…
- Nəsr əsərlərinizin davamı olacaqmı?
- Hər gün yazıram. Beynimdə bir mövzu var, “Bakirə qayalar”ın üzünü ağ edə bilsəm, yazacağam. Yaxınlarda isə “Səfillərim” adlı kitabım işıq üzü görəcək, bunlar son 3-4 ildə yazdığım hekayələrdən ibarətdir. Redaktoru Pərviz Cəbrayıldır. Əslində o, bu hekayələrin hamsını bir yerdə işlədiyimiz müddətdə oxuyub və kitabın çap olunmasını tövsiyyə edib.
- Dənizçilik fəaliyyəti ilə bədii yaradıcılığınız arasında uğurlu paralellik yarada bilirsiniz. Hər ikisinə uzun illərinizi sərf etmisiniz. Sizin üçün hansından imtina qeyri-mümkündür?
- Heç birindən imtina edə bilmərəm. Dənizçilik mənim peşəmdir. Mən gəmi kapitanıyam, dolanışğım, yaşayışım, səhhətimin gümrah olması, dostlarımın çox olması, üzr istəyirəm ifadəmə görə, diribaşlığım və dikbaşlığım əslində dənizin mənə verdikləridir. Ən yaxşı şeirlərim dənizdə olarkən yazdıqlarımdır.
Azərbaycanda da dəniz haqda mənim qədər yazan yoxdur. Kimlərsə dənizi sahildən film kimi izləyib, vəsf edib, mən isə dənizin içindən dəniz haqda yazmışam. Hər sifətini görmüşəm və hər sifətindən yazmışam.
- Bir az gəmi səyahətlərinizdən danışardınız. Bu illər ərzində başınıza gələn ən maraqlı hadisə nədir?
- Bu haqda bir az danışmaq olmaz. Çox danışmağa isə nə müsahibə üçün sizə ayrılan yer bəhs edər, nə də mənim o qədər vaxtım var. İndi Bilgəhdəyəm, həm istirahət edirəm, həm də yaradıcılıqla məşğulam. Amma deyim ki, maraqlı səyahətlər və hadisələr çoxdur, lap çox…
- Heç gəminin qəzaya uğraması halları baş verib? O an nə düşünmüsünüz? Hər halda kapitan kimi gəmini idarə etmək məsuliyyətli iş olmalıdır.
- Əlbəttə, olub. Belə hallar mən kapitan vəzifəsinə yüksəlmədiyim zamanlarda da olub, sonralar da... Dənizdə həmişə təhlükə var. Diqqətli və peşəkar olmalısan, komandana, əsas isə özünə və vəziyyətdən çıxa bilmək üçün verə biləcəyin qərara güvənməlisən.
Fikirləşirəm ki, görəsən, nə düşünürdük? Əlbəttə, vəziyyətdən çıxmaq, heyəti və gəmini sağ saxlamaq, yükü itkisiz mənzil başına çatdırmaq və daha heç nə... Ölmək, batmaq haqda heç düşünməmişəm. Gənclik illərimdə bir şeir yazmışdım:
Dəniz elə həmənkidir, gah mülayim üzə gülər,
Gah da dönüb ölüm olar, bizi güdər…
- Səyahət etdiyiniz ən maraqlı ölkə hansıdır?
- İnsan gərək hər şeyə yaradıcı yanaşsın. Hər yerdə maraqlı nəsə tapmaq olur və bunlar sənin üçün xatirələrinin əzizi ola bilər. Bu baxımdan, gəzdiyim yerlərin hamısında günümü xoş keçirməyi bacarmışam
- Bəs hansı ölkədə daha çox gözəl qadın gördünüz?
- Gözəllərin çoxluğuna gəldikdə, Rusiyanı deyərəm...
- Deyilənə görə, Robinzon Kruzo kimi tənha bir adaya çəkilmək meyili dənizçilərdə daha güclü olur. Heç olubmu ki, gəmini həmin adalardan birinə çevirərək, orada düşüb qalmaq istəmisiniz?
- Xəyalən özümü o tənha adaların sakini kimi hiss etmişəm. Bəzən Xəzərdə bəzi xırda adalara getmişik. Amma bu adalar Robinzon Kruzonunn olduğu ada kimi cəlbedici olmayıb. Çılpaq, qumlu, balıqqulağılı, qağayı yuvası və yumurtası...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar