Xəbər lenti
Elçin MƏHƏRRƏM:“Süd şüşələri şərab şüşələrinə qarşı"
Elçin MəhərrəmElçin, son aylar sən çox qayğılı, fikirli görünürsən. Bunun səbəbi nədir?
Son vaxtlar yazmağın daşını atdıqdan yeddi il sonra 1993-cü ildə Madriddə qatar stansiyasında intihar etmiş şair, rəssam Pedro Kasareqa Kordobonun həyatıyla maraqlanıram. Xüsusilə bu ispan şairinin çəkdiyi "Süd şüşələri şərab şüşələrinə qarşı" adlı rəsm əsəri məni bir çox şeylər haqqında yenidən düşünməyə vadar etdi. Məsumluq, günah, xudbinlik, mərhəmət, yalan, dəyərlər, qəddarlıq, sevgi, ikiüzlülük, dualizm və s... Görəsən, mənim içimdə hansı daha çoxdur: süd şüşələri, ya şərab?
Ekzistensial sayıqlamalardan əlavə, maddi baryerlərlə də mübarizəyə tutuşmuşam. Şəxsi həyatım, yaradıcılığım, planlarım-bunları A nöqtəsindən B nöqtəsinə daşımaq üçün gərək mühərrikimin yanacağı olsun.Yanacaqsız çətindir. Balzak qağam "Qobsek" əsərində nə deyib? "Əcəba, həyat hərəkəti pulla idarə olunan bir maşın deyilmi?"
30 yaşın olur. Deyirlər bu yaşda "otuz yaş böhranı"na yoluxur hər kəs. Sən də yoluxmusan?
Mən otuz yaşın böhranına ilk dəfə iyirmi beş yaşımda marketdən "Yessentuki" adlı mineral suyu alanda yoluxmuşam. Bu proses hələ də davam edir. Zarafatı kənara qoysaq, içimdə qorxu yaranıb. Qocalmaq, əldən düşmək, əzalarını hərəkət etdirə bilməmək, saçlarının tökülməsi, soyuq havalarda altdan-üstdən geyinmək düşüncəsi məni illərdir sevdiyi qadına qovuşmaq həsrətiylə yanan aşiq kimi öz ağuşuna alır. Allah axırımızı xeyirə calasın...
Böhranlar dəyərləri parçalayır, dəyərləri tikə-parça olanda insan simasını itirir, simasızlıq da onun idealını, kumirini əlindən alır. Sən bu etapların hansındasan?
Dəyərlərə sadiqlik təklif olunmuş vəziyyətlər qarşısında laxlaya, parçalana, məhv ola bilər. Amma nadir hallarda bunun əksi də baş verir. Əksəriyyətimiz K.Q.Yunqun təbirincə desək, həm də "Persona"dan ibarətik.
Ədaləti, doğruluğu özünə hərəkət nişanı seçən bir şəxsdən müəssisəyə (tutalım, "Milçəklərə qarşı mübarizə" idarəsi) yeni rəhbərin təyinatı ilə əlaqədar başdan-ayağa dəyişən şərtlər qarşısında yalan danışmaq tələb olunur. Bu şəxs yalan danışır, dürüstlüyünü itirir. Nəticədə çörək qazanır. Onun danışdığı yalan isə başqa birini məhvə sürükləyir.
Tarixdə Cordano Bruno nümunəsi də var. Görkəmli italyan filosofu inkvizisiya məhkəməsinin göstərişi ilə 8 il həbs yatır. Onu fikirlərindən döndərmək istəyirlər. Söyürlər, döyürlər, işgəncələr verirlər. Bütün bu təzyiqlərə baxmayaraq, Bruno qəti şəkildə onların tələblərini rədd edir. Nəticədə 1600-cü ildə kilsə tərəfindən diri-diri yandırılır.
Mənə gəlincə, qoy deyim. Şəki Xan Sarayının səhv etmirəmsə, ikinci mərtəbəsində divarların birində belə bir təsvir var: əlində qılınc tutmuş, şir gövdəli, insan başlı hökmdar bir balığın üstündə durub. Bu yəqin ki hakimiyyətin, həyatın sürüşkənliyinə bir işarədir. Bax, bu gün mənim də dəyərlərim o balığın üstündə durub.
Həyatının müşahidə etdiyim böyük hissəsi keşməkeşli keçdi. Bu çətinliklərindən danışa bilərsən? Xüsusilə məhkəmə çəkişmələri olan dövrünü.
Hə, o dövrlər...
Həmin vaxtlar bir çox çətinliklərlə üzləşdim. Amma hamısını sadalamaq niyyətim yoxdur. Prosesin necə başlaması və necə bitməsi də ictimaiyyətə artıq məlumdur. Onu bilirəm ki, sözügedən hadisələrdən çox şey öyrəndim. İnsanların nəyinsə xatirinə (vəzifə, təşəkkür və s.) bir anda bir-birlərinə necə qənim kəsildiklərinin ən kəskin formasını müşahidə etdim.
Gördüm ki, "dostlarımın" bəziləri sivişiblər. Gördüm ki, "sevdiklərim" künc-bucaqda pıçıltı ilə qarama danışırlar.
Sonra QƏLƏBƏ gəldi, ardınca bir dənəsi də gəldi. Nəhayət, "Triumf" başladı. İkona qarşısında təmizlənmək istəyənlər növbəyə durdular. Çox şey danışmaq olar, amma mən incəsənət naminə unutmağa çalışıram. Bax belə.
Bir də o günləri yada salanda dostum Nicat Hunalpın mənə həsr etdiyi şeir yadıma düşür:
Mən səhrada tənha ağac,
Bəxtim qumlar arasında.
Bir qarnı tox, bir qarnı ac,
Yaşa damlar arasında.
Bu yolun sonu varmı, hey?
Bu yer ruhuna darmı, hey?
Pərvanələr yanırmı, hey?
Eşqdən şamlar arasında.
Sən bilən deyil bu divan,
Məmməddən yaxşıymış İvan,
Tanrı nə etsin bu cavan,
Pis adamlar arasında...
Ədəbi yaradıcılıq prosesi necə gedir? İndi hansı əsəri qələmə alırsan?
Hələ də "Kaktuslar Məcəlləsi" adlı yarımçıq romanımın (deyəsən, roman olacaq) üzərində çalışıram.Bundan əlavə, iki pyesin ideyası ağlımda var. Umberto Eko demiş, "ədəbi hamiləlik dövrü"ndə həmin o pyeslər üçün materiallar toplamağa girişmişəm. Bəlkə də bir müddət sonra "Bartlbi sindromu"na yoluxacam? Görək axırı necə olur...
Teatral studiya yaratmısan. Xeyirli olsun! İşlədiyin teatr sənə azlıq edir məgər?
Təşəkkür edirəm, Şamil. Yaradılış bəzən zərurətdən doğur. Bu, bizim üçün həm qaçış, həm də axtarışdır.
Treplyov "Qağayı"da nə deyir? "Yeni formalar lazımdır." Necə ki, görkəmli yapon yazıçısı və dramaturqu Kobo Abe ənənəvi realist teatr formasından, yanaşma tərzindən və mücərrədliyin səhnədə yetərincə göstərilə bilməməsindən narazı qaldığı üçün öz studiyasını yaratmışdı. Həmçinin yazıçı Albert Kamyu da ikinci dəfə "Komanda Teatrı"nı yaradanda istəyirdi ki, teatr ideoloji qəliblərdən azad olsun, saf həqiqəti çatdırsın.
Biz də eyni məktəbi və eyni ağrıları bölüşdüyüm teatrın istedadlı gənc aktyoru Cavidan Abdullayevlə birgə "Manifest" eksperimental teatr studiyasını yaratdıq. Yaxşı olması üçün çalışırıq. Bəlkə də heç olmayacaq. Amma fəlsəfədə deyildiyi kimi:
"Hətta dünyada ağ qarğa olmasa belə, yenə də onu axtarmağa davam elə."
Axtarışdayıq...
"Günəşin dostları" yoxsa "Göyərçin dili"?
Hər iki pyesi 2023-cü ildə yazmışam. İkisi də Azərbaycanın dəyərli sənətkarları tərəfindən səhnələşdirilib. "Göyərçin dili" ustadım Vüsal Mehrəliyev tərəfindən, "Günəşin dostları" isə Qax Dövlət Kukla Teatrının rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Yusif Abdurrahmanovun quruluşunda mükəmməl şəkildə səhnəyə qoyulub. Hal-hazırda da Mingəçevir Dövlət Dram Teatrının rejissoru Aynur Eldənizin quruluşunda səhnə həyatına hazırlaşır.
Hər iki pyesin mövzusu, ötürmək istədiyi mesajlar və auditoriyası bir-birindən fərqlənir. Onları tərəziyə qoya bilmərəm. Bunu mən yox, oxucu, tamaşaçı etməlidir. Amma seçim etməli olsam, Tuk-tukun nəğməsini eşidən kimi ağ göyərçinin qanadlarında "Abadıstan" diyarına tərəf uçan Bacarıq İstedadoğlunu seçərdim...
Söhbətləşdi: Şamil Həsən
yazıçı, esseist
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































