Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Xuraman MURADOVA: "Həyatda ən böyük uğur dürüstlük və insana fayda vermək bacarığıdır"

Tarix: 02-02-2026 21:21     Baxış: 3287 A- / A+
Xuraman MURADOVA

Həmsöhbətimiz Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai Fənlər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Türk dünyası “Onur” və “Altın yıldız” medallı, "Humay" Milli Mükafatı laureatı,  Qırğızıstan Respublikası “Çingiz Aytmatov" adına medal sahibi, Qırğızıstan Təhsil Nazirliyinin "Altın qələm" mükafatı laureatı, "Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, İşinsanı , VİPMilan Hospitalın direktoru, Türk dünyası sevdalısı Xuraman Muradovadır
.

– Xuraman xanım, həyatınız və fəaliyyətiniz bir çox insanlar üçün örnəkdir. Söhbətə başlamazdan əvvəl sizdən ilham mənbəyiniz, sizi ruhlandıran və daim xeyirxah işlər görməyə sövq edən amillər haqqında soruşmaq istərdik.

— Mənim ilham mənbəyim böyük və mürəkkəb anlayışlar deyil. Bəzən bir insanın gözündə gördüyüm minnətdarlıq, bəzən səssiz bir dua, bəzən də ömrün içindən keçən ağrılı bir xatirə məni ruhlandırır. Həyat mənə öyrədib ki, insanı yaşadan təkcə uğurlar yox, vicdanla görülən işlərdir. Ailəmdən aldığım tərbiyə, itkilərim, Tanrının mənə verdiyi söz duyumu və insanlara fayda vermək ehtiyacı — bunlar mənim əsas hərəkətverici qüvvəmdir.





– İşgüzar, sahibkar və cəmiyyətdə öz layiqli yerini tutmuş bir qadın olaraq, cəmiyyətdə və kollektivdə qadınları ruhlandırmaq və dəstəkləmək üçün hansı yanaşmaları tətbiq edirsiniz?

— Mən qadınları şüarla yox, nümunə ilə ruhlandırmağa inanıram. Qadın öz ayaqları üzərində duranda, həm zərifliyini, həm də gücünü qoruyanda artıq cəmiyyətə mesaj verir. Kollektivdə qadınlara etimad göstərmək, onların sözünü dinləmək, qərarvermə prosesinə cəlb etmək və ən əsası, onları olduğu kimi qəbul etmək mənim əsas prinsipimdir. Qadın dəstək görəndə çiçək kimi açılır.

– Sizi həm işgüzarlıqda, həm də yaradıcılıqda uğura aparan əsas prinsiplər hansılardır?

— Dürüstlük, səbr və sevgi. Mən heç vaxt nəticəyə aparan yolu vicdan hesabına qısaltmamışam. İstər işdə, istər yaradıcılıqda hər zaman inandığım bir həqiqət var: yolun təmizdirsə, gec-tez mənzil səni tapacaq.

– Gənclərə və istedadlı yaradıcı insanlara həyatınızdan hansı ibrətamiz dərsləri bölüşmək istərdiniz?

— Özünüzdən vaz keçməyin. Başqalarının istəkləri ilə yaşamaq insanı içindən boşaldır. Səhvlərdən qorxmayın, amma prinsiplərinizdən qorxun — onları itirməyin. Uğur mütləq gəlir, amma vicdan geri qayıtmır.

– Yaradıcılıq vasitəsilə insanlara hansı mənəvi və ruhani mesajları çatdırmağı məqsəd qoymusunuz?

— İnsan öz ruhunu unutmasın. Sözlərimlə demək istəyirəm ki, mərhəmət hələ də yaşayır, dürüstlük hələ də dəyərdir, sevgi hələ də insanı xilas edə bilər. Yaradıcılığım insanın özünə qayıdış yoludur.




– Sizcə, sahibkarlıqla ədəbiyyat arasında hansı ortaq cəhətlər mövcuddur?

— Hər ikisində məsuliyyət var. Sahibkarlıqda insanın sağlamlığına, həyatına toxunursan; ədəbiyyatda isə ruhuna. Hər ikisində yanlış qərar fəsad doğura bilər, doğru yanaşma isə şəfa verər.
– Sizin üçün “yaradıcılıq” anlayışı nə deməkdir? Bu anlayış yalnız sənət və ədəbiyyata aiddirmi, yoxsa həyatın bütün sahələrində özünü göstərirmi?

— Yaradıcılıq təkcə şeir yazmaq deyil. Dürüst iş görmək, insanın dərdinə çarə olmaq, bir problemi fərqli düşüncə ilə həll etmək də yaradıcılıqdır. Bu, həyatın bütün sahələrində özünü göstərən bir ruh halıdır.

– Vətən Müharibəsi dövründə həyata keçirdiyiniz xeyriyyə və yardım fəaliyyətləri sizi bir şəxsiyyət kimi necə formalaşdırdı?

— O dövrdə insan özünü yoxlayır. Sözlə yox, əməl ilə. Şəhid analarının gözünə baxmaq, qazilərin ağrısını hiss etmək mənə öyrətdi ki, Vətən sevgisi tribunada yox, səssiz xidmətlərdə ölçülür.

– Sizcə, insan ruhunu daha dərindən formalaşdıran amillər hansılardır — çətinliklər, uğurlar, yoxsa başqa həyat təcrübələri?

— Çətinliklər. Uğur insanı sevindirir, amma çətinliklər onu dərinləşdirir. İnsan ağrıdan keçmədən kamilləşmir.

– “Vətən, xalq və insanlıq” anlayışları sizin həyat fəlsəfənizdə hansı yeri tutur?

— Bunlar mənim həyatımın üç sütunudur. Vətən kökümüzdür, xalq ruhumuzdur, insanlıq isə yolumuzu işıqlandıran ən ali dəyərdir.





– Siz bir çox beynəlxalq mükafat və fəxri adlara layiq görülmüsünüz. Tanınma və mükafatların sizin üçün həm şəxsi, həm də ictimai baxımdan əhəmiyyəti nədən ibarətdir?

— Mükafatlar məsuliyyətdir. Onlar mənə “daha çox çalışmalısan” deyir. Əgər əməyin görünürsə, demək ki, daha çox fayda verməlisən.

– Deyirlər ki, əgər bir insanın qəlbinə yol tapa bilməsək, ona fayda verə bilmərik. Siz bu fikrə necə yanaşırsınız?

— Tam razıyam. Qəlbə toxunmadan heç bir yardım tam olmur. İnsan əvvəl anlaşılmaq istəyir, sonra sağalmaq.

– “Milan Hospital” vasitəsilə bir çox insanın dərdinə çarə olub xalqa xidmət edirsiniz. Xeyirxahlıq etmək, insanların könlünü sevindirmək sizə hansı gücü və motivasiyanı verir?

— Güc verir. Mən insanlara kömək etdikcə özüm də möhkəmlənirəm. Xeyirxahlıq insanı tükətmir, əksinə, doldurur.

– İnsanlara yardım etmək və cəmiyyətə fayda vermək istəyinizin əsas ilham mənbəyi nədir — təbiət, ailə, yoxsa şəxsi həyat təcrübəniz?

— Ailəmdən aldığım tərbiyə və həyatın mənə yaşatdığı sınaqlar. Ağrını tanıyan insan biganə qala bilmir.– Çətinlik və uğursuzluqlarla üzləşdiyiniz zaman ruhən bərpa olunmaq üçün hansı üsullara müraciət edirsiniz?

— Sükutla. Dua ilə. Şeirlə. Bəzən susmaq ən böyük şəfadır.

– Tibb və yaradıcılıq arasında fərqləri və oxşarlıqları necə izah edərdiniz?

— Hər ikisi şəfa verir. Biri bədənə, biri ruha. Və hər ikisi vicdan tələb edir.

– Gələcəkdə yaradıcılıq fəaliyyətinizi hansı yeni istiqamətlərdə inkişaf etdirməyi planlaşdırırsınız?


— Türk dünyasının ortaq ruhunu əks etdirən yeni ədəbi layihələr, qadın yazarların səsini daha geniş məkanda eşitdirmək və söz vasitəsilə mədəni körpülər qurmaq niyyətindəyəm. Mənim üçün yaradıcılıq yol bitənə qədər davam edən bir səfərdir.



Söhbətləşdi: Cahangir NAMAZOV, 
Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar