Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mən Tanrımı, təkcə mənə bəxş etdiyi sevinclə deyil, həm də mənə yaşatdığı acılarla sevirəm

Tarix: 02-05-2022 13:44     Baxış: 2867 A- / A+

-Salam, Zəka bəy!.. Necəsiniz?

-Salam, Vahid bəy! Çox sağ olun! Həmişə yaxşı olmağa çalışıram!

-Bəlkə elə söhbətimizin əvvəlindəcə oxuculara özünüz haqqında məlumat verəsiniz?

-Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Gədəbəy rayonunun Arabaçı kəndində dünyaya göz açmışam. Orta məktəbi bitirdikdən sonra Ə. Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunmuşam.

-Müəllim ailəsində böyümüsünüz. Orta və tam orta təhsiliniz sovet dövrünə təsadüf edib. Müqayisə etsəydiniz, o dövrün  və indiki dövrün müəllimlərini necə qiymətləndirərdiniz?

-Sovet dövründə, zənnimcə təhsilimizin səviyyəsi daha yüksək idi. Yadımdadır ki, təhsil aldığım orta məktəbdə bütün müəllimlər ali təhsilli və bəzi istisnalarla, əsl müəllimlərin sayı kifayət qədər idi. Bu gün də vicdanlı, öz peşəsini sevən müəllimlərimiz yox deyil. Buna baxmayaraq, tədris Sovetlər dönəmindəki səviyyədə deyil.

-Ali təhsiliniz incəsənət sahəsi ilə bağlıdır. Bəs necə oldu ki, həm də ədəbiyyata bu qədər bağlandınız?

-Atam ədəbiyyatçıdır. Uzun illər Arabaçı kənd orta məktəbində Azərbaycan dili və Ədəbiyyatı fənnini tədris edib. Anam uzun illər həmin məktəbin kitabxanasının müdiri olub. Yəni gözümü açandan evimizdə çoxlu kitab görmüşəm. Bir sözlə, ruhum ədəbiyyatla, poeziyayala, kitablarla yoğrulub. İncəsənətə gəldikdə isə, bu da bizi xəlq edən uca Tanrının bir lütfüdür. Ana babam, dayım Novruz müəllim, - ixtisasca müəllim olsalar da, - zamanında gözəl musiqiçilər olublar. Təbii mən də o çeşmədən su içmişəm. Qısası, hər şey İlahidən gəlir...

-Ədəbiyyatdan söhbət düşmüşkən, bir yazıçı kimi konkret hədəfləriniz varmı?

-Hədəfim bu ki, istəmişəm, çox yaxşı, mükəmməl bir yazıçı olum. Kitablarım oxunsun, əl-əl gəzsin! İnsanların mənəvi ehtiyacını qarşılaya bilsin. Cəmiyyətimizdə baş verən neqativ halların aradan qaldırılmasına yardımçı olum.

-Bu günün yazıçısı necə və nədən yazmalıdır ki, dəyərli oxucu son qəpiyini onun kitabına verməyə ürək eləsin?.. Ümumiyyətlə, yazıçı hansı tələbi əsas götürməlidir-zamanınmı, oxucu kütləsininmi, yoxsa ədəbi dəyərlərinmi tələbini?

-Söhbət zövqlü oxucudan gedirsə, əlbəttə yazıçı elə bir əsər yazmalıdır ki, o əsər zamanın fövqündə dayana bilsin. Əsl yazıçı həmişə ədəbi dəyərləri əsas götürməli və eyni zamanda zamanın nəbzini tutmağı, hətta zamanı qabaqlaya bilməlidir.Kütləyə hesablanaraq yazılan əsərlər isə, adətən əsl ədəbiyyat nümunələri ola bilmir və bilməz də. Necə ki, bu, musiqidə də belədir...

-“Şah ölüm” romanınızı hələlik şah əsər hesab etmək olarmı?..

-Bu haqda konkret nəsə söyləmək çətindir. Yazdıqlarım arasında ən irihəcmli əsərdir və həm də demək olar, bu əsəri ürəyimin qanıyla yazmışam. Bəlkə də bu üzdəndir ki, arzuladığım və bayaq söylədiyim kimi, bu kitab hələ də əl-əl gəzir. Hətta eşidirdim ki, bir kitabı onlarla adam oxuyub və artıq, kitab əllərdə gəzməkdən tam “haldan düşüb”, varaqları tökülüb. Bu marağı nəzərə alaraq “Şah ölüm”ü yenidən nəşr etdirdik. Deyim ki, bu əsərdən öncə mənimçün şah olan, “Şah ölüm”ün ədəbi qəhrəmanı Məcid ağa obrazıdır. Əsərin şah əsərim olub-olmadığını isə oxucu müəyyənləşdirə bilər.

-“Milena”da fərqli situasiyalar, psixoloji məqamlar, obrazların hərəkətliliyi, xarakterlərin qarşıdurması vəs... diqqəti cəlb edir. Bu səbəbdən də mənə elə gəlir, daramaturgiya sahəsində də öz sözünüzü deyə və teatrlarla işləyə bilərsiniz...

-Tələbəlik illərində iki-üç dram əsəri yazmışdım(əgər dram əsəri demək olardısa). Bu sahəyə çox həvəsliydim. Durmadan yazırdım. Sonradan fikrimdən daşındım. Nədənsə o həvəs, o maraq qəfil məni tərk etdi...

-Sizcə, çağdaş Azərbaycan ədəbiyyatı müasir dünya ədəbiyyatı prizmasından baxanda necə görünür?

-Çabalar, cəhdlər var. Yeni nəsil istedadlı yazarlarımız yetişməkdə, formalaşmadadır. Təbii, təqlidçilik də yox deyil. Son anda yenə də hər şey ədəbi mühitdən asılıdır. Sağlam və ciddi ədəbi mühit... Bizdə isə bu bir qədər şübhəlidir. Hər şey, sanki şəxsi maraqlara söykənib. Ədəbi qruplaşmalar-filan... Sən istedadlısan, bizim qrupdan deyilsənsə, yox kimisən, yazdıqların dəyərsizdir kimi yanaşmalar qəlbi, ruhu incidir.

-Yazıçının halal qiymətini alması üçün ədəbi tənqid vacibdirmi?.. Ümumiyyətlə bu gün ədəbi tənqid öz missiyasını yerinə yetirə bilirmi?

-Tənqid hər sahədə, hər işdə lazımdır.Amma haqlı tənqid. Bəzən o qədər arxayınlaşırsan, gözün ayağının altını seçmir, özünəvurğunluq baş alıb gedir. Bu mənada haqlı, vicdanlı tənqid səni ayıldır, özünə, sözünə daha diqqətlə baxmana, yanaşmana sövq edir. Tənqimizdə də şəxsi maraqlar öndədir, çox təəssüf ki!

-Son zamanlar maraqlı şeirlərlə çıxış edirsiniz. Açığı, şeirləriniz həzin, qaynar bir bulaq kimi mənim də ruhumu oxşayır, ürəyimə yağ kimi yayılır...

-Orta məktəbdə oxuduğum illərdən şeir yazırdım. Amma o şeirlərdən heç biri qalmayıb. Sonradan nəsrə maraq göstərdim. Ara-sıra qəlbimdə, ruhumda şeirlərində ulduz kimi sayrışmalarını hiss edir, hərdən yazırdım. Son zamanlar isə, heç özüm də bilmədim, bu istək, bu eşq, həvəs hardan, nədən yarandı. Elə bil, ürəyimdə bir bulağın gözü açıldı, qəfil. Hər şey bu cür başladı. Sözlə ifadə edilməyəcək bir aləmə düşdüm, sanki. Könlümdə söz bulağı, şeir bulağı çağlayırdı. Bəzən günlərlə bu bulağın zümzüməsini dinləməli olurdum... Gerisini deyə bilmərəm. Zövqlü oxucu yaxşı bilər, bu bulağın suyu içməli, zümzüməsi dinlənməlidir, ya yox! 

-Bir qədər də musiqiyə keçid edək... Hansı janrda ifa etmənizdən asılı olmayaraq, hər zamna səsinizdə qəribə bir duyğusallıq və kövrəklik duyulur. Bəlkə bu, həm də şairliyinizdən irəli gəlir?..

-Şairlik də, yazıçılıq da hamısı musiqidən sonra gəlib. Öncə səsim, sonra musiqi... Şairliyim də, yazıçılığım da ürəyimin musiqi bulağından su içib, boy atıb. Musiqi mənə həyatı sevdirib, insanları, dünyanı sevdirib. Səsdəki yanğı, duyğusallıq, mülayimlik isə, əlbəttə yenə Tanrıdan gəlir. Tanrının ürəyimdə qaladığı oddan-ocaqdan gəlir. O ocaq nə vaxt sönsə, o yanğı da azalacaq... Diqqət yetirmisinizsə, şeirlərimin əksəriyyəti nəğmə ruhlu, musiqi ruhludur...

-Çoxşaxəli fəaliyyətinizin bir qolunu da bəstəkarlığınız təşkil edir....

Bəstəkarlıq!.. Uşaqlıqdan sevirəm, mahnı bəstələməyi. Uşaq yaşlarımdan gitarada çalıram və bu, mahnı bəstələməkdə mənə çox kömək edir, işimi asanlaşdırır. Bəstəkar hansısa bir musiqi alətində ifa etməyi mütləq bacarmalıdır.Orta məktəb illərindən bu günə kimi çox mahnılar bəstələmişəm. Bu gün də bu iş həvəslə, uğurla davam edir, çoxsaylı şairlərin şeirlərinə musiqi yazıram. Amma bəstəkar kimi heç bir iddiam yoxdur. Siz məni bəstəkar kimi təqdim etməyə də bilərsiniz. Adi bir melodist, mahnı bəstələyən, mahnı qoşan da deyə bilərsiniz. Nədən ki, çünki bizlərdə bəstəkar deyəndə bir çoxları qıcıqlanır. O mənada ki, bəstəkar, yalnız ciddi əsərlər, simfoniyalar yazanları nəzərdə tuturlar. Belə çıxır ki, hekayə yazana da yazıçı demək olmaz. Yazıçı ancaq roman yazmalıdır-filan... Əgər bəstələnən bir mahnı orijinalsa, ürəyəyatımlı, yaddaqalansa, əlbəttə mahnı da, onu yaradan da təqdir olunmalı, haqlı qiymətini almalıdır. Ancaq mahnı yazan neçə-neçə istedadlı bəstəkarlarımız olub ki, mahnıları bu gün də sevilir, oxunur, dinlənilir... Təbii ki, zamanın da onlar da çox haqsızlıqlarla üzləşiblər... Bir sözlə, bu işi özünə sənət seçən birisinə bəstəkar deməklə kiminsə üzüyünün qaşı düşəcəksə, qoy deməsin...
Çalışıram, bəstələdiyim musiqilər heç bir musiqiyə bənzəməsin. Mətnlərin səviyyəli olmasına üstünlük verirəm.

-Sizin təsis etdiyiniz və əsasən gənc yazarların sığınacaq yeri olan “Persona.az” saytı da bir çox uğurlu layihələri ilə yadda qaldı...

-Bu sayt anidən yaranmadı. Bununçün çox götür-qoy etmişdim. İllər öncə qəzet və ya jurnal təsis etmək kimi bir arzum, istəyim olub. Bu həvəslə çox alışıb-yanmışam. Amma virtual aləm sonradan məni fikrimdən daşındırdı və məni özünə cəlb etdi. Gördüm ki, insanlar, artı virtual dünyaya axışırlar. Hər şey burdan başladı... Yeni və fərqli bir sayt yaratmaqla yazarlarımıza, insanlarımıza xidmət göstərmək fikrinə düşdüm. Pis başlamadıq. Yeniliklər etməyi çox sevdiyimdən axtarışlarımıza davam etdik. “Qarabağ Müharibəsi Mövzusunda Ən Yaxşı Hekayə” müsabiqəsi keçirdik. Çox uğurlu oldu. I, II, III nominasiyalar üzrə pul və diplom mükafatları ayırdıq. Təbii ki, burada da köməyimə musiqi gəldi. Müğənnilik fəaliyyətim öz sözünü dedi, yardımını etdi... Saytımızın 1 yaşında, il ərzində saytımızda yer alan ədəbi nümunələr, tərcümələr toplusu olaraq kitab nəşr etdirdik.

-Bir qələm adamı olaraq təhsil müəssisələrimizdə görüşlərdə və tədbirlərdə tez-tezmi olursunuz?.. Ümumiyyətlə, bu gün təhsilin keyfiyyətini yüksəltmək üçün məktəb və yazıçı münasibətləri yetərincə təmin olunurmu?

-Bir neçə dəfə bu cür tədbirlərdə iştirak etmiş, məktəblilərlə, müəllimlərlə təmasda olmuşam, bir qələm adamı kimi. Bu gün bu cür tədbirlərin, ədəbi görüşlərin keçirilməsinə çox böyük ehtiyac var. Bu gün dünya, sanki kimsəsizləşib. Hamı, hər kəs səsini içinə atıb, virtual aləmin bir küncünə qısılaraq, tənhalaşıb. Ünsiyyət azalıb. Bu mənada bu cür görüşlərin tez-tez keçirilməsi vacibdir.

-Ulu Tanrı hər insana bir tale qisməti, bir ömür payı bəxş edir. Yəqin sizin də ömür adlı həyat yolunuzun daşlı-kəsəkli keçidləri olub. Ümumən taleyinizdən razısınızmı?

-Həyat, həm də acılarla şirindir. Acısız, ağrısız həyat, hissis, duyğususz adam kimidir. 
Hamı kimi mənim də taleyimdən bir xətt kimi keçib ağrı-acılar. Daşlı-kəsəkli yollarım da az olmayıb. Bununla belə özümüm Tanrının sevimli bəndəsi hesab edirəm. Mən TanrımıŞ təkcə mənə bəxş etdiyi sevinclə deyil, həm də yaşatdığı acılarla sevirəm. Taleyimdən narazı deyiləm! Tanrımıza çox-çox şükürlər olsun!

-Son olaraq, Müəllim sözü” qəzetinin oxucularına nə demək istərdiniz?

-Sizə və əməkdaşlarınıza çox təşəkkür edirəm! Müəllim adı, olduqca uca, şərəfli bir addır və inanıram ki, qəzetinizə bu adı təsadüfən seçməmisiniz! Bu adın işığı sizin və qəzetinizin yolunu daim işıqlandırsın! Yolunuz uğurlu olsun!
 




























Söhbətləşdi: Vahid ASLAN
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar