Xəbər lenti
Həmişə haqqın, ədalətin yanında olan xanım
(Portret cizgiləri)
Səmayə xanım Piriyeva: “Otuz il mən Ulu Öndərdən idarəçilik, təşkilatçılıq dərsi almışam və onun məktəbini keçmişəm. Otuz ildir ki, bu dərsi, idarəçiliyi, təşkilatçılığı övladıma öyrədirəm”.
Rusların ədalətsiz təcavüzü nəticəsində Ukraynada müharibə başlayan vaxtı, Xalq şairi, hamımızın sevimlisi Nəriman Həsənzadə mənə zəng vurub belə dedi: “Ağalar müəllim, Azərbaycanda belə bir maraqlı xanım var, Səmayə Piriyeva. Sabiq millət vəkili. O, Ukraynanın Azərbaycandakı səlahiyyətli səfiri Vladislav Konevskiyə zəng vurub və deyib ki, “mən 60 nəfərə yaxın Ukrayna vətəndaşını, anaları, uşaqları Hacıqabuldakı evimizdə qəbul edib, yerləşdirməyə və yeməklə təmin etməyə hazıram”. Görürsünüzmü? Bu xanım yüz kişinin görmədiyi böyük mərdanəlik eləyib. Mənə elə gəlir ki, onun belə müsbət, xeyirxah hərəkətini mətbuatda işıqlandırmaq lazımdır. Telefon nömrəsini sizə göndərirəm. Özünüz onunla söhbət eləyin. Mənə elə gəlir maraqlı mövzulu yazı ola bilər”. Səmayə xanımın bu mərd hərəkəti mənim də xoşuma gəldi və mobil telefonuna zəng vurdum. Qərara gəldik ki, onunla görüşüb, söhbətləşək. İş yerimdən çıxıb, onlara gedəndə belə bir deyim yadıma düşdü: “Hər insanın həyatı neçə-neçə kitabın mövzusu ola bilər. Sadəcə o insanla daha yaxından tanış olmaq lazımdır”.
Beləliklə, 1995-2000-ci ildə millət vəkili olan, çox mənalı və maraqlı həyat yaşayan Səmayə xanımla oxucuları daha yaxından tanış etmək istəyirəm:
Qısa arayış: Səmayə xanım Aslan qızı Piriyeva Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb. Müəllim olmasının səbəbini də o, belə izah etdi: “Həmin vaxt ekranlarda çox maraqlı bir kinofilm göstərirdilər. “Kənd müəllimi”. O kinofilmə baxandan sonra məndə belə bir arzu yarandı ki, müəllim olum və kənddə işləyim. Kənd uşaqlarına elmin sirrlərini öyrədim. Ona görə də bu ali məktəbdə təhsil alıb, təyinatla Sabirabad rayonunun Hacıqabula yaxın olan Kolanı kəndinə işləməyə getdim. Çünki mən əslən Hacıqabuldanam. Dərsdən sonra evimizə getmək üçün məhz bu kəndi seçdim”.
Səmayə xanım lap uşaq yaşlarından fəal olduğuna görə işlədiyi məktəbdə dərsdən sonra şagirdlərlə ictimai tədbirlərdə iştirak edirdi. Daha doğrusu, uşaqları ictimai işlərə həvəsləndirirdi. Bu da məktəb direktorunun xoşuna gəlirdi. Məktəb direktoru bir gün Sabirabad rayon komsomol komitəsinə gedəndə, orada komitənin birinci katibi deyib: “Bizə komsomol katibi işləməyi bacaran bir təşkilatçı qız lazımdır”. Direktor cavab verib ki,“bizim məktəbdə bir cavan müəllimə işləyir. Elə əsl komsomolçu doğulmuş bir xanımdır”. Direktor məktəbə qayıdandan sonra bu haqda Səmayə müəlliməyə deyib. Səhəri günü Sabirabad rayon partiya komitəsinin təşkilat şöbəsinin müdiri həmin məktəbə gəlib, Səmayə xanımla söhbət eləyib. Səmayə xanımın təfəkkürü, düşüncə tərzi, savadı xoşuna gəlib və onun haqqında müsbət fikirlə rayon mərkəzinə qayıdıb. Bir gündən sonra Səmayə xanımı rayon komsomol komitəsinə çağırıblar, onunla söhbət eləyiblər və cavabları hamının xoşuna gəlib. Səmayə xanım komsomolda işləmək üçün valideynlərinin razılığını almaq məqsədilə möhlət istəyib. Ümumiyyətlə, Piriyevlər Hacıqabulda fitri istedada malik böyük, köklü nəsildir. Səmayə xanımgil ailədə yeddi uşaq olublar. Ailənin ilk övladı Səmayə xanımdır. Atası və anası xəstə olduğuna görə bu ailənin bütün yükü məhz onun çiyninə düşüb. Qardaş-bacılarının tərbiyəsi, ailə qurması ilə də məhz Səmayə xanım özü məşğul olub. Beləliklə, o, valideynlərinin, ağsaqqal qohumlarının xeyir-duası ilə Sabirabad rayon komsomol komitəsinin ikinci katibi işləməyə başlayıb. Amma buradakı əmək haqqı müəllimlikdən çox az olsa da, təşkilatı işə həvəsi olduğuna görə Səmayə xanım bu işdə işləməyə razılıq verib. Elə ilk gündən Əli İbn Əbu Talibin bu kəlamını ali məqsəd edib özünə: “Ən yaxşı arxa nəfsi toxluqdur”. Burada bir qədər işləyəndən sonra onu rayon partiya komitəsinə işə dəvət ediblər. O, burada az bir vaxtda xeyli inkişaf edib. Əvvəlcə siyasi maarif evinin müdiri olub. Sonra təlimatçı və daha sonra ideoloji şöbənin müdiri vəzifəsində çalışıb. Elə həmin vaxt yüksək təşkilatçı və savadlı insan Məmməd Məmmədovu Sabirabada rayon partiya komitəsinin birinci katibi təyin ediblər. O, burada qısa müddətdə böyük, uğurlu işlər gördüyünə görə Sosialist Əməyi Qəhrəmanı adını alıb. Yaxşı işlərinə görə ulu öndər Heydər Əliyev ildə iki dəfə-pambıq əkiləndə və yığılanda Sabirabada gəlir, buradakı böyük uğurlarla tanış olurdu. Heydər Əliyev Sabirabada gələn zaman ona lazım olan xidmətə rəhbərliyi məhz Səmayə xanıma tapşırırlar. Çünki həmin vaxt Səmayə xanım rayon partiya komitəsinin katibi vəzifəsində işləyirdi. Heydər Əliyevin onun təşkilatçılığından xoşu gəlirdi. Səmayə xanıma həmişə “komsomol”,- deyə müraciət edirdi.
-Bəs necə oldu ki, ulu öndər Heydər Əliyevin sizə böyük inamı yarandı və onun ikinci hakimiyyəti dövründə siz böyük uğurlara imza atdınız?
-Yadınıza gəlirsə, Heydər Əliyev Moskvadan qayıdandan sonra o, Naxçıvana yaşamağa getdi. Respublika qəzetlərində də onun barəsində haqsız yazılar çap edirdilər . Onu sevən adamların çoxu onun haqqında ürək sözlərini deyə bilmirdilər. Çünki təqib olunurdular. Həmin vaxt dahi rəhbər Heydər Əliyevin “Adamlara inanmışam” başlığı ilə “Respublika” qəzetində bir yazısı çap olunmuşdu. Məqalədə Sabirabad rayonunun onun birinci hakimiyyəti dövründəki uğurlarından da yazmışdı. Mən həmin məqaləni oxuyandan sonra Naxçıvana, onun ünvanına10 vərəq həcmində bir məktub göndərdim. Məktubda Azərbaycan üçün etdiyi böyük işlərin hamısını sadalamışdım. Az bir vaxtda,10 oktyabr 1990-cı il tarixində Naxçıvandan , Heydər Əliyevdən mənə bir teleqram gəldi. Həmin teleqramda belə yazılmışdı: “Hörmətli Səmayə xanım. Sizin mənə göndərdiyiniz məktubu aldım. Oxudum. Çox sevindim. Azərbaycan xalqının sizin kimi qeyrətli, ədalətli qızları ilə mən həmişə sevinmişəm və sevinirəm”. Dərin minnətdarlıqla Heydər Əliyev. O məktuba görə əlbəttə, mənim başım çox ağrıdı. Hətta məni raykom katibi vəzifəsindən də çıxartdılar. Sonra Heydər Əliyev mənə salamlar göndərirdi və bizim birinci katib Məmməd Məmmədova da demişdi ki, Səmayə xanıma həmin məktuba görə mənim böyük hörmətim yaranıb. Beləliklə, Sabirabad rayon partiya komitəsinin katibi vəzifəsindən çıxarılandan sonra mən Sabirabadda Yeni Azərbaycan Partitiyasının təşkilatını yaratdım. Respublika qəzetlərində dahi rəhbərin birinci hakimiyyəti dövründə gördüyü uğurlu işlər haqqında yazdım. Böyük filosof Konfutsi deyib ki, “insan Yerlə Göy arasında bir varlıqdır”. Ona görə də hər insan öz varlığını əməlləri, səbri və dözümü ilə sübut etməlidir. O vaxt mənə çoxlu basqı oldu. Hətta adamlar qorxusundan məni öz maşınlarında Sabirabaddan Hacıqabula belə gətirmirdilər.
Az bir müddətdə bizim YAP təşkilatı çox güclü oldu. Beləliklə, ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra məni çağırdı və əvvəlki ikinci katib işimə bərpa elədi. Həmin vaxt bu vəzifə İcra Hakimiyyətinin humnaitar işlər üzrə katibi adlanırdı. Bir az bu vəzifədə işləyəndən sonra, 1995-ci ildə Hacıqabuldan millət vəkili seçildim.İcra hakimiyyətində əmək haqqım çox idi. Amma millət vəkili seçiləndə isə yenə də əmək haqqım az oldu. Əlbəttə, məni əmək haqqı yox, cavan, müstəqil respublikamızın inkişafına bir millət vəkili kimi əlimdən gələn köməyi etmək maraqlandırırdı. O vaxt cənab İlham Əliyev də Milli Məclisə üzv seçilmişdi. Millət vəkili olanda bir neçə xarici ölkədə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi heyətlə ilk dəfə səfərlərdə olmuşam. Hətta Amerika Birləşmiş Ştatlarda da səfərdə olmuşam. Orada olduğum on gündə Azərbaycan həqiqətləri haqqında danışmışam. Bu səfərlərdəki çıxışlarıma görə əbədiyaşar prezidentimiz Heydər Əliyev məni tərifləyirdi. Ümumiyyətlə, respublikada keçirilən tədbirlərdə etdiyim bütün çıxışlar maraqla qarşılanırdı. Hər dəfə alqışlar qazananda məşhur filosof Konfutsinin bu kəlamı yadıma düşürdü: “Alicənab adam ucalığa can atır, kiçik adam isə aşağıya”.
-Bəs necə oldu ki, sizi Sabirabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə göndərdilər?
-Mənə Prezident Adminstrasiyasında xəbər verdilər ki, təcili bura gəl. Heydə Əliyev səni qəbul eləyəcək. Təcili getdim. Amma yol boyu fikirləşirdim ki, axı Heydər Əliyev məni niyə qəbul eləyir? Həyəcandan da əllərim, ayaqlarım əsirdi. Məni qəbul elədi və mənimlə üz-üzə stulda əyləşdi. Dedi ki, “səni Sabirabad rayonuna İcra Hakimiyyətinin başçısı göndərirəm. Sən o rayonda əvvəllər iyirmi il işləmisən. Rayon camaatı da səni yaxşı tanıyır. Ona görə də fikirləşdim ki, bu vəzifəyə sən ən layiqli namizədsən”. Beləliklə, mən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı kimi işə başladım. İlk əvvəl orada məscid tikdirdim. Ora dövlət büdcəsindən bir manat da pul xərclənmədi. Yerli camaatın pulu hesabına tikildi. Əsasən də Bakıda yaşayan sabirabadlıların hesabına. Onların bu işə cəlb olunmasında əslən sabirabadlı olan SSRİ Xalq artisti Lütfiyar İmanov çox köməklik elədi. Səkkiz aya məscidin daş hissəsi qurtardı. Oradakı sol minarənin altına mən öz adımı yazıb qoydum. Sonra az bir vaxtda qalan işlər görüldü. Bu işimlə paralel rayonun abadlıq işlərini, kənd təsərrüfatını dirçəltmək üçün çoxlu iş görməyə başladıq. Hətta mənim rəhbərliyimlə dahi rəhbər Heydər Əliyevin şərəfinə Sabirabadın şoran torpağında 6 hektar sahədə bir il ərzində çox böyük bir bağ saldıq. Sabirabadda məskunlaşan çoxlu cavan qaçqının, məcburi köçkünün toyunu eləmişəm. Hətta ayrı-ayrı əqidəli, müxalif fikirli adamları da yaxşı mütəxəsis olduqlarına görə işə cəlb eləmişdim və onları öz məsləkindən döndərmişdim. Hər birində əbədiyaşar Heydər Əliyevə böyük inam yaratmışdım. İndi onun layiqli davamçıları cənab prezidentimiz İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən belə adamlar vəzifələrə təyin edilir, millət vəkili seçilirlər. Hətta onların yaratdığı partiyalara da lazım olan bütün şəraitlər yaradılır. Axı onlar da bu millətin övladlarıdır. İnsanların hamısı eyni əqidədə, eyni düşüncə tərzində ola bilməz. Hər adamın, hər ziyalının öz fikri olsa daha yaxşı olar. Vətən müharibəsi dövründə bütün partiyaların sədrləri, üzvləri Ali Baş Komandamızın ətrafında sıx birləşdilər, əllərindən gələni etdilər. Ona görə də millət olaraq bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşdik və qələbə çaldıq. Xalqımızın belə bir deyimi var: “El bir olsa, dağ oynadar yerindən”.
Mən 2000-ci ildə bəzi adamların çirkin əməllərinə görə ərizə yazıb, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən istefa verdim. Amma indi fikirləşirəm ki, gərək həmin vaxt hökmən Ulu Öndərlə görüşəydim və əsl həqiqəti ona deyəydim. Dahi rəhbər Heydər Əliyev mənə dövlət qulluğu pensiyasını almağıma o zaman köməklik etdi. Bu gün də həmin pensiyanı alıram.
-Eşitmişəm ki, siz həmin pensiyanın pulunu özünüzə xərcləmirsiz. Hacıqabulda çoxlu xeyriyyə işi görürsünüz. Birinci və ikinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə, qazilərə əlinizdən gələn köməklikləri eləyirsiniz.
-Bəli, mən ehtiyacı olan insanlara köməklik eləyirəm. Bundan əlavə, oğlum Şəhriyarın təklifi ilə Hacıqabulda yeddi il əvvəl uşaqlar üçün iki mini-stadion yaratmışıq. Özü də boş torpaq sahəsində. Həmin şoran yeri yararlı hala gətirib, göy otlardan qazonlar düzəltmişik. Ətrafında çoxlu ağac əkmişik. İndi həmin ağaclar boy atıb və stadiona böyük yaraşıq verirlər. Bu iki mini-stadionda 200-dən artıq beş və ondan yuxarı yaşda olan uşaq gəlib pulsuz-parasız futbolla məşğul olur və məşq eləyir. Burada idmana aid çoxlu qurğu da var. Boks və güləş üçün də yerlər tikdirmişəm. Mən insult keçirmişəm. Arada səhhətim yaxşı olanda özüm də gedib, onların məşqinə həvəslə baxıram. Mart ayının 5-də İdman günü ilə bağlı oğlum Şəhriyara da Hacıqabul rayon İdman və Gənclər idarəsi tərəfindən rayon idmanına kömək etdiyinə görə Fəxri Fərman veriblər. Onu da vurğulayım ki, Azərbaycanın “Neftçi” komandasının uzun illər futbolçusu olmuş, əfsanəvi idmançı Anatoli Banişevski də Hacıqabuldu doğulub və böyüyüb. Futbolla da ilk dəfə burada məşğul olmağa başlayıb. İnanıram ki, həmin uşaqlardan gələcəyin Banişevskiləri yetişəcək. Onların idman paltarlarının alınmasına da pensiya pulumdan köməklik edirəm.
-Siz beş il bundan qabaq Kəbə ziyarətində də olmsunuz və orada Azərbaycanla, millətimizlə bağlı dualar etmisiniz.
-Bəli, Kəbənin qara daşına qrup üzvlərindən yalnız mən əlimi vurub, dualar eləmişəm. Kəbənin qara daşına yaxınlaşmaq elə də asan deyildi. Bu yolu da mənə Böyük Tanrı açdı. Həmin məqamla bağlı hətta şəklim də var. Orada belə dedim: “Ay Allah, mənə qismət elədin gəlib bu müqəddəs yerə çıxdım. Səndən diləyim budur ki, tezliklə Qarabağ torpaqlarımızı geri qaytarmaq üçün bizə kömək elə. Bundan sonra əhd edirəm ki, hər il Qurban bayramı beş qurban kəsdirəcəm. İmkanı olmayanlara göndərəcəm”. Əhdimə sadiqəm. Belə fikirləşirəm ki, ən böyük şərəf -nəcib əməllərinlə xalqın rəğbətini qazanmaqdır.
-Səmayə xanım. Bilirsiniz ki, Rusiya hökuməti Ukraynaya hücum edib. Bu müharibədə çoxlu ukrayna vətəndaşı rus əsgərləri tərəfindən qətlə yetirilir. Bütün dünya xalqları Rusiya hökumətinin bu haqsız hərəkətini lənətləyir. Artıq 4 mliyondan çox ukraynalı didərgin düşüb və ayrı-ayrı xarici ölkələrə sığınıblar. Siz də Ukraynanın Azərbaycanda olan səlahiyyətli səfiri Vladislav Vladimiroviç Konevskiyə müraciət eləyibsiniz ki, qaçqın vətəndaşları Hacıqabuldakı evinizdə qəbul etməyə, onlara hər cür şərait yaratmağa hazırsınız. Bu təklifiniz səfir tərəfindən necə qarşılandı?
-Çox yaxşı qarşılandı. Mən səfir Vladislav Konevskiyi tanıyıram. 44 günlük Vətən müharibəsində bizə köməklik eləyən ölkələrin səfirlərini Hacıqabula dəvət eləmişdim. Konevskiy öz həyat yoldaşı ilə Hacıqabula bizim evə qonaq gəlmişdi. Həmin vaxt qonaqpərvərliyimiz çox xoşuna gəlmişdi. Mənə “ana”,- deyə müraciət eləyirdi. Atam Aslan kişi Böyük Vətən Müharibəsində iştirak edib və Ukraynanı alman faşistlərindən azad eləyən vaxt, 1943-cü ildə Lvov şəhərində yaralanıb. Atamın həyatını xilas etmək üçün bir ayağını kəsmişdilər. Hacıqabulda sayılıb-seçilən ziyalılardan biri olan babam Əliyar kişi həmin vaxt ora gedib və yaralı atamı gətirib. O, deyirdi ki, “ukraynalılar Aslanın başına tovuz quşu kimi dolanırdılar ki, o, sağ qalsın”. Oradakı həkimlərin, tibb bacılarının şəfqətli əlləri, qayğısı və diqqəti nəticəsində atam yaşadı. Sonra ailə qurdu. 7 övladı dünayaya gəldi. O, həmişə ukraynanlılar haqqında xoş sözlər danışırdı və uşaq yaşlarından bizdə onlara böyük hörmət, məhəbbət yaranmışdı. Hazırda Ukraynada anaların, uşaqların zirzəmilərdə qalmasını görürəm və ürəyim ağrayır. Axı mən də anayam. Ona görə də Ukrayna səfirinə demişəm ki, 60 nəfərə qədər ukraynalını Hacıqabulda yerləşdirməyə və onlara lazım olan bütün köməklikləri bütün nəsilliklə eləməyə hazırıq. Mən bir ana kimi müharibələrin əlehinəyəm.
-Halal olsun sizə. Siz ulu öndər Heydər Əliyevin məktəbini keçmiş bir insansıznız. O dahi şəxsiyyətin də Ukrayna xalqına hörməti çox böyük idi. Hətta ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə, məhz onun təklifi ilə Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova respublikalarının ( GUAM) bir alyansı yaranmışdı. Cənab İlham Əliyev də bu sahədə çox işlər görür. Bəli, ukraynalılar bizə həmişə dost münasibət bəsləyiblər. Deməli, biz də çətin günlərində onların yanında olmalıyıq.
-Tək Allahımdan başqa, mənim bir oğlum var. O, qardaşımın ilk övladıdır. 1982-ci ilin may ayının 18-də anadan olub. O, hələ anasının bətnində olanda demişdim ki, oğlan olacaq və adını Şəhriyar qoyacam. Onu mən böyütmüşəm. Ulu Şəhriyarın şərəfinə Şəhriyar adlandırmışam. Şəhriyar məndən də ürəyi geniş, əli açıqdır. İki ali təhsil alıb və yüksək təşkilatçıdır. Rayon camaatına yüksək yararlı bir insan kimi yetişib. Mən onunla fəxr eləyirəm. İstəyirəm ki, bütün övladlar xalqına, elinə-obasına onun kimi can yandırsınlar. Şəhriyara rayonun ictimai işlərində, idman sahəsinin ikişafında böyük dəstəyinə görə çoxlu Fəxri Fərman veriblər. Vətən müharibəsi başlayanda dedi ki, “ay ana, Hacıqabul şəhər xəstəxanasına çoxlu yaralı gətiriblər. Azərbaycanın ayrı-ayrı bölgələrindən olan valideynlər övladlarına baş çəkməyə gəliblər. Amma yaxınlıqda hətta çayxana olmadığına görə onlar çay içə bilmirlər. Qoy, stadionda mən balaca bir çayxana yaradım, onlar gəlib pulsuz çay içsinlər, yemək yesinlər”. Oğlumun bu xeyirxah təşəbbüsünə çox sevindim. Həmin stadion xəstəxananın yanındadır. Şəhriyar xəstəxanada yatan yaralı əsgərlərə hər gün su, siqaret alıb verirdi və onların valideynlərinə pulsuz çay və yemək təşkil edirdi. Bunu bütün rayon camaatı da çox yaxşı bilir.
Bir daha xüsusi vurğulayım ki, otuz il mən Ulu Öndərdən idarəçilik, təşkilatçılıq dərsi almışam, onun məktəbini keçmişəm. Otuz ildir ki, bütün öyrəndiyimi səbrlə övladıma aşılayıram. O, artıq böyük təşkilatlara rəhbərlik etməyə qadir insandır.
-Şəhriyar hansı sahəni oxuyub?
-İki ali təhsili var. O, həm hüquqşünaslıq və həm də Prezident Administrasiyası yanında Dövlət İdarəçilik Akademiyasında inzibati və bələdiyyə idarəetmə fakültəsində təhsil alıb. O, bu gün dövlət orqanında çalışsa da həvəsi idarəçiliyə daha çoxdur. İstərdim ki, o da mənim yolumu davam etdirib, idarəçilikdə çata bilmədiyim arzularımı reallaşdırsın. Çünki tikintiyə, qurub-yaratmağa həvəsi daha çoxdur. İstərdim ki, o, bu sahədə inkişaf etsin və mən də ona əlimdən gələn köməklikləri eləyim. Müstəqil respublikamızda Şəhriyar kimi savadlı, təşkilatçı gənclərə indi ehtiyac daha çoxdur.
-Sonda ən ümdə diləyinizi bilmək istərdik...
-Bəllidir ki, ulu öndər Heydər Əliyev Allahın millətimizə bəxş etdiyi ən böyük dühalardan biri olub. O dahi insan Azərbaycan xalqının nicatı, vətəndaş qırğınının qarşısını alan rəhbəri idi. Onun davamçısı cənab İlham Əliyev də Qarabağ torpağımızı yağı düşmənlərdən azad etməklə həm atasının və həm də millətimizin müqəddəs arzusunu reallaşdırdı. İlham Əliyev fatehdir. Qarabağ deyəndə İlham Əliyev, İlham Əliyev deyəndə Qarabağ yada düşməlidir. Böyük filosof Esxil deyib ki, “insanda qüdrət və ədalət birləşərsə, bu ittifaqdan güclü heç nə ola bilməz”. Bax, bu qüvvət və ədalət sevimli prezidentimiz, cənab İlham Əliyevdə birləşib. O, ən güclü və ədalətli rəhbərdir. Xalqımızın gələcək nicat yolu da məhz onunla bağlıdır. Uca Tanrıdan müzəffər liderimiz İlham Əliyevə və xanımı, Birinci Vitse-Prezident Mehriban Əliyevaya, eləcə də bütün ailə üzvlərinə möhkəm can sağlığı, ən xoş, firavan günlər, məqsədyönlü fəaliyyətlərində böyük uğurlar diləyirəm!
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar