Xəbər lenti
Saf qəlbin təcəssümü
Ürəyi təmiz duyğularla döyünənin yaratdığı nə varsa, şirin töhfə olar. Respublikanın Əməkdar artisti, İrəvan Dövlət Dram Teatrının və Dərbənd Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev kimi!
SƏDAQƏTLİ DOSTUMUZ
Sərvər Əliyev sədaqətli dost, qeyrətli vətəndaşdır. O, zamanında əsgər kimi əlinə silah alıb vətən uğrunda döyüşüb. Teatrlarda çalışdığı işlərdə bütün ictimai-siyasi tədbirlərdə fəal iştirak edib və etməkdə davam edir. Sərvər müəllim çox namuslu şagirddir. Onun sədaqət duyğusu özünə ustad saydığı Azərbaycanın görkəmli rejissoru Hüseynağa Atakişiyevi heç vaxt unutmağa qoymur. Doğum günündə, ildönümündə, teatr bayramlarında tək olsa belə məzarını ziyarət edir.
Sərvər müəllim təmənnasız yaradıcı şəxsiyyətdir. O, bir dəfə də olsun xatırlatmayıb ki, əsərlərinə quruluş vermişəm, tamaşa və ya mənim haqqımda yaz. Bu alicənablığının müqabilində, əksinə, həmişə hörmətlə danışır, yeni əsərlərimi istəyir, haqqımda çox gözəl fikirlər söyləyir. Bəziləri kimi pərdəarxasında pərdələnənlərdən deyil, birüzlüdür, sözübütövdür. Çox məclislərdə bir yerdə olmuş, teatrımızın bir çox yaradıcılıq işlərində birgə fikir mübadiləsi aparmışıq. Onun ədalət duyğusunun, insanpərvərliyinin, vətənpərvərliyinin şahidi olmuşam. Şadam ki, sənətimizdə belə qeyrətli sənət adamı var! Şadam ki, belə namuslu və istedadlı sənət dostum var!
Mən bu materialı işləyib bitirəndən sonra teatrımızla bağlı bir məlumata baxanda qənaətlərimin zamanla uzlaşdığını gördüm, bir də şad oldum. Görün Sərvər müəllim hansı mükafatlara layiq görülüb:Volqoqrad Azərbaycan Milli-Mədəni Muxtariyyət tərəfindən xalqlar arasında sülhün, dostluğun möhkəmləndirilməsində xüsusi xidmətlərinə, millətləri və millətlərin mədəniyyətlərini bir araya gətirmək və zənginləşdirmək üçün səmərəli fəaliyyətinə görə. Bu, Rusiyada yaşayan xalqların mədəni və tarixi irsini təbliği ilə məşğul olan şəxslərə verilir. Əziz sənət dostumuz Sərvər müəllim belə bir yüksək mənəvi dəyəri olan “Xalqlar dostluğu” medalı ilə təltif olunub. (5.06.2021).
“İkinci Qarabağ savaşında qazandığınız zaferin, şehitlerin, kahramanların tanıtımında gösterdiyiniz çaba ve yazar Etibar Hasanzadenin “Karabağ Azerbaycandır” projesine katkılarınızdan dolayı sizleri kutlar, sonsuz başarılar dileriz. TÜRKSEM genel başkanı Kelami Akdemir. 30.06.2021.” Şəmkir Regional Mədəniyyət İdarəsi tərəfindən də “Qarabağ Azərbaycandır” layihəsində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub. (25.05.2021)
Sərvər Əliyevin əsl vətəndaş və vətənpərvər olduğunu görmüşdüm. İndi isə sizinlə onun daha yüksək səviyyəsini gördük.
2012-ci ildə Mədəniyyət Nazirliyi dörd pyesimi müxtəlif dövlət teatrlarına göndərdi. Bir də xəbər tutdum ki, bu pyeslərdən ikisinin quruluşçu rejissoru Sərvər Əliyevdir, özü də eyni zamanda bir-birindən çox uzaq məsafələrdə yerləşən Mingəçevir və Lənkəran teatrlarında. Buna çox sevindim. Çünki Sərvər müəllim bizə qədər çox ciddi dramaturqların çox ciddi dram əsərlərinə uğurla quruluş vermişdi: Üzeyir Hacıbəylinin “Ər və arvad”, Əziz Nesinin “Bir az gəlirmisiniz”,
Şıxəli Qurbanovun “Sənsiz”, Mar Bayciyevin “Ömür qatarı”, E. Hüseynbəylinin “İmperator”, A. Həsənoğlunun “Tənha payız yarpağı”, Mitroviçin “Gecə soyğunçuları”, Stefan Sveyqin “Yad qadının məktubları” və s...
Görkəmli teatr xadimi, rejissor Hüseynağa Atakişiyevin davamçısı kimi tanınmaq, hər sənət adamına nəsib olan xoşbəxtlik deyil. Bunun üçün rejissuranın incəliklərinə - səhnənin elmi-praktik, həmçinin empirikanın sirlərinə dərindən bələd olmaq lazımdır. Rejissor istedadının açıqlanması ciddi dramaturji materialdan asılı vəziyyətdədir. Lakin hər ciddi dramaturji materialı hər rejissor da çözümləyə bilmir. Necə oldu Sərvər Əliyev teatrlarda tamaşalarıma rejissor təyin edildi, bilmirəm, amma tamaşalarımın xoş sorağını eşidib çox şad oldum. Çünki hər iki pyesimin rejissor yozumu məni narahat edirdi. “Gizli məhəbbət” eksperimental quruluşlu pyesdir. Onu mənim yazdığım kimi təcəssüm vermək üçün istedad və ciddi rejissor yozumu lazım idi. “Ağ kəlağayı” lirik-rsixoloji dramı mənəvi dəyərlərimizin saflığına köklənmişdir. Sərvər müəllim, istedadlı bir rejissor kimi, məni duydu, öz istedadından da pay qataraq, bunun öhdəsindən məharətlə gəldi, dramaturq məramını ağılla təcəssüm etdi, o cümlədən, teatrlara əsl sənət töhfəsi verdi.
Sərvər müəllim kreativ göstəriciləri yüksək olan aktyordur. Belə aktyorların rejissurası həmişə uğurlu olur. Söz yox ki, ciddi rejissuraya ekspozisiyadan tutmuş finala qədər olan mürəkkəb dramatik yolda irəliləmək üçün fitri qabiliyyətin rolu böyükdür. Bunun nəticəsidir ki, son illər bir-birinin ardınca çox uğurlu tamaşalara imza atır.
Sərvər Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Dağıstan Mədəniyyət Nazirliyinin birgə razılaşması əsasında Sərvər Əliyev Dərbənd Teatrına baş rejissor təyin edilmişdir. Son dörd il ərzində Sərvər müəllim bu teatrda yeddi tamaşaya quruluş vermişdir: C. Cabbarlının “Vəfalı Səriyyə”, Ə.B. Haqverdiyevin “Dağılan tifaq”, S. Rüstəmin “Çimnaz xanım yuxudadır”, Tuncer Cücenoğlunun “Rəngsaz”, İftixarın “Tikanlı məftillər arasında məhəbbət”, “Nizami”, Xəqani Əliyevin “Müharibədə keçən ömür”. Hər bir təcəssümün özünəməxsus psixofizioloji gerçəkliyi, daxili və zahiri çözümləmə vacibliyi, personajların aktyorın daxili dünyasına, onlardan isə tamaşaçıya ötürülmə prosesinin vacibliyi istedadlı rejissor tərəfindən nəzərə alınmış və bunlar yüksək kreativ göstəricilərlə sənət həllini tapmışdır.
PRAKTİK VƏ KONSEPTUAL YANAŞMA
“Gizli məhəbbət” və “Ağ kəlağayı”
lirik-psixoloji dramları haqqında düşüncələr
Sərvər Əliyevin təcəssüm prosesində ən çox xoşuma gələn cəhətlərindən biri dramaturgiyamda problemlərin qloballaşdırılması, dövlət və dini qanunlarımızın müdafiəsi, bəşəri duyğuların tərənnümü, bir sözlə, insanlığın, bəşəriyyətin mənəvi saflığı uğrunda olan mübarizə üçün ideya və bu ideyanın açıqlanması üçün çox
dərin qatları ilə fərqlənən dramaturji materialı dərindən duyması və ona həssaslıqla yanaşmasıdır.
Quruluşçu rejissor “Gizli məhəbbət” psixoloji dramı üçün orijinal bir forma barədə düşünməli idi. Bunun üçün o, intim səhnələrin etüdlə həllini tapıb, məkanıisə mərtəbəli şəkildə verib. Zirzəmidə rəssam məkanı, Tahirin evinin yuxarıda olması, etüdlər üçün isə kölgə oyunundan istifadə ilə dramaturji materialın zahiri görüntüsünü tapıb. Artıq mizan-fəaliyyət prosesində belə məkan bütün gizli həqiqətlərin üstündən pərdəni götürür. Əslində rəssamın emalatxanasına daxil olan hər kəs, onun özü kimi uçuruma yuvarlanır. Menecer Tahirin evi isə saf hisslər məkanıdır. Bu cür məkan seçimi mizan-quruluş üçün geniş imkanlar yaratdı, eyni zamanda, dramaturq, rejissor məqsədini açmaq üçün bir növ meydan rolunu oynadı.
“Gizli məhəbbət” tamaşasının dörd nəfər iştirakçısı olsa da, əsas hadisələr iki əks-cins arasında baş verir: rəssam Lətif Səda ilə jurnalist Çiçək Elqızı arasında. Zahirən bir-birinə çox yaraşan bu iki nəfər əslində xaraktercə kəskin şəkildə bir-birindən fərqlənir. Quruluşçu rejissor bunu aktyor ifasına köçürməyi, aktyorların emosionallıqla ifası tamaşanın uğurunu həll etdi.
Silsilə mükafatları olan rəssamla istedadlı jurnalist arasında baş verən ciddi dramatik hadisələr bəşəriyyətin ən ciddi problemlərindən bəhs edir: insani münasibətlərdən, peşə ləyaqətindən. Həyatının mənasını şəhvətdə, rəsmini çəkdiyi çılpaq qadın bədənlərində görən rəssam ona məftun olan qadınlardan həzz aldıqdan sonra, onları tərk eləyib sonrakı taleyi ilə maraqlanmır. İntim əlaqədə olduğu qızların sayı kimi adını da unudan rəssam Çiçək Elqızının simasında çox kəskin maneə ilə rastlaşır.Bu jurnalist xanım təkcə qadınların intiqamını almaq fikrində deyil, o, dünyanı rəzil və şəhvət düşgünlərindən xilas etmək istəyir. Bu, özü fikrin təsir gücünü artırır və dramaturq ideyasını qloballaşdırır.
Rəssam bu vaxta qədər oynadığı qəddar rolunu təkrar edir, o, nəinki qızı, həm də Azərbaycanın jurnalist xanımlarını təhqir edir. Buna görə də öz istedadı və cəsarəti ilə xüsusi fərqlənən Çiçək Elqızı həm qadın, həm peşə ləyaqətini qorumaq, aldadılmış qızların intiqamını almaq üçün məşhur rəssamın meneceri ilə razılaşma əsasında ailə qurur.
Sərvər müəllimin bir rejissor kimi borcu tamaşada qoyulan ciddi problemlərin hamısının həlli idi: peşə ləyaqəti, böyük istedadın vaxtında oyanışı, saf duyğuların təhqirdən qorunması.
Pyesin janr göstəricisində dramaturq kimi yazmışam ki, eksperimental quruluşlu tamaşa. Dünyanın daimi hərəkətdə olmasını, insan ömrünün axıb getdiyini nəzərə alaraq, səhnə karkaslarının daimi hərəkətini təsvir edirdim. Belə bir imkanı olmayan səhnə üçün başqa bir vasitə yalnız səhnə məkanının ikiqatlılığı, etüdlərin yardımı ola bilərdi. Bu cür səhnə məkanı ilə teatrlar sözlərini deyə bildilər. Quruluşçu rejissor tamaşanın düzgün həllini tapdı ki, bunu onun istedadı kimi dəyərləndirməliyik.
Tamaşa böyük sual altında bitir. Çiçək Elqızının zəhərlədiyi rəssam xilas ola biləcəkmi? Təhqirdən əl çəkməyən zəhərlənmiş rəssam yeganə övladının olduğunu bilir, xilas üçün aldadıb atdığı Çiçəyə yalvarır. Jurnalist xanım təhqir olunmuş
peşəsini, ləyaqətini unudub yeganə qız övladının atası olan rəssamı qəbul edəcəkmi? Ümumiyyətlə, artıq qanına işləmiş zəhər rəssamı öldürəcəkmi? Öldürməzsə, jurnalist xanım onu qəbul edərmi?
Cavab tamaşaçı təxəyyülündən asılıdır. Təkcə premyeradan sonra deyil, tamaşa bir neçə dəfə oynandıqdan sonra Sərvər müəllimlə fikir mübadiləmiz oldu. O dedi: “Mən tamaşa prosesini izləyərkən bir daha anladım ki, dramaturq qənaəti dəqiqdir və biz bu dəqiq yozumu düzgün verə bildik. Bu suallara hər bir tamaşaçı öz əxlaq, həyata münasibəti baxımından cavab tapacaq. Bu, elə belə də yaxşıdır.Tamaşa tamaşaçılarda ciddi maraq oyatdı və mingəçevirlilərin sevimli tamaşasına çevrildi.”
Əlbəttə, düzgün yozum, uğurlu təcəssüm, aktyor yanaşması hər bir dramaturji material üçün mühüm rol oynayır. sadaladıqlarımın bir açarı var: İSTEDAD!
Sərvər Əliyevin quruluş verdiyi ikinci tamaşam Lənkəran Dövlət Dram Teatrının səhnəsində təcəssüm tapan “Ağ kəlağayı” lirik-psixoloji dramıdır. Nədir ağ kəlağayı? Əsəri belə adlandırmağımın səbəbi nədir? Milli xüsusiyyətlərimizi özündə əks etdirən ağ kəlağayı namus rəmzidir. Hər bir vətəndaşın borcudur ki, onu qorusun. Qanunlarımıza hörmətlə yanaşanlar, islam dininə tapınan insanlar heç vaxt əyri yollara düşməzlər.
Bu tamaşada obrazları bir neçə çətin sınaq qarşısında qoyuram: zəlzələ, tərəzidə aldatma, nakomaniya... Bu problemlərin hər biri bəşəri problemlərdir. Tamaşanın baş qəhrəmanı Xədicə ana ağır sınaqlar qarşısında Allaha tapınır. Onun qardaşı Həsən də insanları düz yola çağıran mömin bir insandır. Tomaları şəhvət düşgünlərinin əlindən qurtarmağa çalışan bu insanlar əsl vətəndaş mövqeyində dayanırlar. Lakin dramaturji materialda idarəedici Ruhdur. O, müqəddəs bir varlıq kimi səhnəyə gəlir, ən çətin məqamlarda insanlara yol göstərir, düzlüyə, dostluğa səsləyir.
Sərvər müəllim bir rejissor kimi bu fikirlərin səhnə həllində pərdə oyunundan, işıq effektlərindən istifadə etmişdi. Ruh obrazının insanlıqdan üstündə dayandığını göstərmək üçün ucalıq təsviri verən dəsgahlar üstündə oyun qurmuşdu. Sözsüz ki, bu da öz uğurlu nəticəsini göstərdi.
Hər iki tamaşam teatrlarda uğur qazandı, mingəçevirlilərin, lənkəranlıların marağına səbəb oldu, teatrlar üçün kassa rolunu oynadı. Quruluşçu rejissora təqdim olunan arayışda hər iki tamaşa haqqında müsbət rəy yazılmışdı, hər iki tamaşa ilin ən çox oynanılan tamaşası olmuşdu. O zaman Lənkəran DDT-ının direktoru İslam Həsənov dədələrlə sənət dostlarımıza demişdi ki, bu tamaşa teatrımız üçün “kassa” rolunu oynadı. Eyni zamanda, quruluşçu rejissor Sərvər Əliyevin teatrdan aldığı arayışa əsasən o dövrdə ən çox oynanılan “Ağ kəlağayı” tamaşası olub.Bu, teatrlarla yanaşı, quruluşçu rejissorun da, mənim də böyük uğurum sayılır. Aktyorların bu tamaşaları həvəslə, emosionallıqla oynadıqlarını görəndə fərəf duymuşam. Onları səhnə müvəffəqiyyətinə aparan həm də tamaşalardan zövq alan hörmətli tamaşaçılar idi.
Sərvər Əliyev Azərbaycan rejissurasına özünün daxili potensiyasını, aktyor təcrübəsindən, qazandığı empirik vasitələrdən yararlanaraq, təcəssüm üçün ən vacib olan ağıl və məntiqini, hər şeydən öncə istedadını qatıb səhnə təcəssümünə varan bir rejissordur. Onun yerini bu günün ustad məqamında, sabahın teatr
tarixində aydın şəkildə görürəm. Ona görə ki, həmişə saf qəlbinin təcəssümünü təqdim edir.
Dramaturgiyama qarğısına görə Mədəniyyət Nazirliyinə, pyeslərimə təcəssüm verən teatrların rəhbərlərinə, aktyor, bədii-yaradıcı heyətinə, istedadlı təcəssümçü Sərvər Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Rafiq RƏHİMLİ,
yazıçı-dramaturq,
Azərbaycan respublikasının Əməkdar mədəniyyət işçisi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar