Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın ali təhsilli ilk peşəkar aktrisası

Tarix: 01-11-2018 07:04     Baxış: 3387 A- / A+
Azərbaycanın ali təhsilli ilk peşəkar aktrisası

Fatma Qədridən bəhs edən maraqlı monoqrafiya haqqında qeydlər

Manevr.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu günlərdə fəlsəfə doktoru İmran Axundovun görkəmli səhnə ustası, xalq artisti, Azərbaycanda ilk peşəkar ali təhsilli aktrisa kimi tanınan Fatma Qədrinin həyat və yaradıcılığından bəhs edən "Fatma Qədri" adlı elmi monoqrafiyası ilə tanış oldum. ADPU-nun mətbəəsində 100 tirajla çap olunan bu monoqrafiya həm yazılış, həm də tərtibat baxımından diqqətimi cəlb etdi. Məlumat üçün deyim ki, elmi monoqrafiyanın redaktoru Əməkdar mədəniyyət işçisi H. M. Nəbilidir.

Monoqrafiyada bu il 111 yaşı tamam olan, teatr sənətimizin inkişafında özünəməxsus xidmətləri ilə tanınan Fatma Qədrinin ömür yolu oxucuya təqdim edilir. 61 illik ömrünün 40 ilini teatr sənətinə həsr edən bir xalq artistinin şərəfli ömür yolu monoqrafiyada müəllif tərəfindən dörd fəsildə canlandırılır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Fatma Qədri maraqlı səhnə ömrü yaşayan nadir sənətkarlarımızdandır. Onun klassik və müasir əsərlərdə yaradığı xarakterik obrazlar qalereyası aktrisanın daxili zənginliyinin bariz nümunəsi kimi bu gün də səciyyəvidir. Bildiyimiz kimi, Azərbaycan teatrı 145 illik çətin, lakin şərəfli bir yol keçməklə bugünkü inkişaf mərhələsinə çata bilib. Onun çağdaş uğurlarında, nailiyyətlərində isə bu görkəmli sənətkarın xidmətləri misilsizdir.

Monoqrafiyanın birinci fəsli aktrisanın həyatı və səhnə fəaliyyətinin başlanğıc dövrünü yəni 1907-1925-ci illəri əhatə edir. Bu illər ərzində Fatma Qədrinin geniş tərcümeyi-halı ilə tanış olmaqla səhnə ustasının müəllimləri olan Moskvadan gəlmiş, Roma Akademiyasının fəxri üzvü, akademik Vyaçeslav İvanov və Aleksandr Aleksandroviç Tuqanov, professor Vladimir Vladimiroviç Sladkopevtsev haqqında olan xatirələri müfəssəl şəkildə təsvir edilir.

Müəllif aktrisanın sənət müəllimi Aleksandr Tuqanovun diplom tamaşasında ona Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasında Sona obrazını tapşırması haqqında xatirələrindən bəhs edir: "Tuqanov bu pyes üzərində çox həvəslə işlədi. O, bütün işləri bizim öhdəmizə buraxdı. Ancaq hiss olunmadan, məharətlə hər işə özü rəhbərlik edirdi. Kostyumları tikib, rekvizit, tərtibat və bir çox başqa işləri özümüz yerinə yetirirdik. O, həmişə deyirdi ki, aktyor hər işi bacarmalıdır. İlk tamaşa günü yaxınlaşdı. Mən Sona rolunu oynayırdım. Böyük rol deyildi, ancaq həddindən artıq həyəcanlanırdım. Nəhayət, tamaşa günü gəlib çatdı. Tamaşanın başlanmasına iki saat qaldıqda teatra gəldim və qrimlənməyə başladım. Birinci zəng çalındı... Tuqanov stoldan stola keçib, bizim qrim və kostyumlarımızı yoxladı, ürək-dirək verdi. Ancaq özü də bir az narahat idi. O, bizim Azərbaycan teatrı tarixinə bir sıra qızıl səhifələr yazmışdı... Səhnə arxasında və tamaşa zalında böyük şənlik vardı. Tamaşa qurtarandan sonra çoxlu gül-çiçəklər gətirdilər. Hamı bir-birini təbrik edir, qucaqlayıb öpürdü."

İmran Axundov monoqrafiyada aktrisanın ilk obrazının uğurlu alınmasını qeyd etməklə yanaşı, onun ifa etdiyi Sona obrazının görkəmli teatr pedaqoqu və rejissoru olan A. Tuqanovun çox xoşuna gəldiyini xüsusi vurğulayır.

Adilə İsmayılova aktrisanın yaradıcılığının ilk illərinə nəzər salarkən deyirdi: "Fatma Qədrinin yaradıcılığı təbiiliyi, həyatiliyi, emosionallığı və koloritliyi ilə fərqlənirdi. Onu hətta dünya teatrının Adelaida Ristori, Eleonora Duze və Mariya Yermolova kimi sənətkarları ilə müqayisə etmək olar".

Ömrünün dördə-üç hissəsini səhnəyə həsr edən Fatma Qədri geniş diapazonlu bir aktrisa idi. Onun Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının, eləcə də müasir müəlliflərin əsərlərində yaratdığı bir çox obrazlar sənətsevərlər tərəfindən hər zaman maraqla qarşılanıb.

Monoqrafiyanın ikinci fəsli aktrisanın ömrünün 1926-1933-cü illərini özündə əks etdirir. Belə ki, bu fəsildə aktrisanın Bakı Türk İşçi Teatrına necə gəlməsi və teatrın o zamanlar direktoru olan Məmmədsadıq Əfəndiyevin aktrisanın həyatındakı müstəsna rolundan söhbət açılır.

Müəllif aktrisanın xatirələrindən çıxış edərək yazır: "Əfəndiyev öz teatrına gənc aktyorları çox dəqiq və böyük həvəslə seçirdi. O, bizimlə təklikdə danışdı. Mənimlə çox ciddi söhbət etdi. Teatrın perspektiv planlarından danışdı və bildirdi ki, əvvəlcə, bizə çətin olacaq, çünki işlər çoxdur. Biz kütləvi səhnələrdə baş rollarda birgə çıxış etməli idik. O dedi ki, əgər sizi bu çətinliklər qorxutmursa, qalıb bizdə işləyin. Mən sizin kimi gənclərin inkişafı üçün hər cür imkan yaradacağam..."

Qeyd etmək lazımdır ki, Fatma Qədri Bakı Türk İşçi Teatrında təxminən 6-7 il fəaliyyət göstərib. O, burada irili-xırdalı müxtəlif xarakterli rollar ifa edib. V. Marqaretin "Fahişə"də qulluqçu Roza, N. Şaravalenkonun "1881-ci il" tarixi dramında Knyaginya Yurevskaya, Bill-Beloserkovskinin "Tufan"da Şəhərli qadın, Yurinin "Şöhrət silahları, yaxud zorakı igidlik"də Kayna, C.Məmmədquluzadənin "Anamın kitabı"da Gülbahar, M. F. Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah"da Şərəfnisə, V. Hüqonun "Paris Notrdam kilsəsi"də Esmeralda, V. Kirşonun "Qızıl trenlər"ində Lyudmila Mixaylovna, B. Lavrenyovun "Hücum"unda Kseniya, A. Tolstoy və P. Şeqolyovun "Romanovların son günləri"ndə Dunya, F. Pavlovun "Çin tanrısı"nda Oa Şen, J. B. Molyerin "Cancur Səməd"ində qulluqçu Nübar, V. Kirşonun "Küləklər şəhəri"ndə Nina, Ə. Hamidin "Hind qızı"da Sürucuini, S. Polivanov və L. Prozorovskinin müştərək yazdıqları "İşarə"də Qulka, A.Qlebovun əsəri əsasında təbdil edilən "İncə"də Yasəmən, C.Cabbarlını "Sevil"ində Gülüş və Sevil, S. Rüstəm və H. Nəzərlinin "Yanğın"ında Ceyran və başqa obrazları Fatma Qədrinin maraqla baxılan səhnə traktofkası ilə bir-birindən seçilən obrazları silsiləsinə daxildir.

1926-cı ildə on dörd dəfə tamaşaçılara göstərilən V. Marqaretin "Fahişə" əsəri hələ inqilabdan əvvəl ayrı-ayrı teatrlarda dəfələrlə tamaşaya qoyularaq, müvəffəqiyyət qazanıb. İmran Axundov qeyd edir ki, hətta bu tamaşanın məşqlərinə başlanmazdan əvvəl aktyorlara "dəri-zöhrəvi xəstəlikləri" barədə mühazirələr oxunar, sonra tamaşanın məşqlərinə başlanardı. "Fahişə" əsərinin mövzusu müasir idi. Belə ki, tamaşada fransız burjua cəmiyyətində baş verən əxlaqsızlıq, pulun insanın şəxsiyyətinin formalaşmasındakı qabarıq rolu kəskin tənqid atəşinə tutulurdu.

Aktrisa öz xatirələrində bu tamaşa haqqında yazır: "Paralel olaraq məni artıq göstərilən tamaşalarda da oyuna daxil etdilər. Məsələn, onda baş rolu Məxfurə xanım oynayan "Fahişə" tamaşası gedirdi. Mən bu əsərdə qulluqçu Roza rolunda çıxış edirdim. Rol kiçik, ancaq dramatik rol idi".

Monoqrafiyada həmçinin Fatma Qədrinin həyatında tərəfmüqabili olmuş Kazım Ziya, İsmayıl Talıblı, Ağasadıq Gəraybəyli və başqa aktyorların rolundan söhbət açılır.

İmran Axundov aktrisanın yaradıcılığı ilə tanışlıq fonunda bu illərin ən yaddaqalan yaradıcılıq aspektlərindən və mövzuya tarixi mərhələlər fonunda yanaşdığından monoqrafiya daha maraqla oxunur. Müəllif illərin ardıcıllıq prizmasından daha dəqiq detalları qabartmaqla dövrün sənət yaradıcılığını daha geniş bir formada təhlil edir. Müəllif yazır: "1927-ci ilin ilk premyerası Cəlil Məmmədquluzadənin "Anamın kitabı" komediyası ilə baş tutdu. Əsəri A.İvanov tamaşaya qoyaraq, Gülbahar obrazını Fatma Qədriyə həvalə etdi. Bu, Fatma xanımın Bakı Türk İşçi Teatrının səhnəsində, Azərbaycan yazıçılarının əsərlərində ifa etdiyi ilk obrazı idi. Osmanlı ləhcəsinin və rus dilinin Azərbaycan türkcəsini sıxışdırdığı bir dövrdə "Anamın kitabı" kimi kəskin konfliktli dramın realist təfsirdə oyunu ciddi sənət uğuru kimi dəyərləndirildi. Teatr dramaturq Mirzə Cəlilin ruhunu düzgün tutaraq qroteskli tragediya oynamağa çalışırdı. Milli kökə, adət-ənənəyə xor baxmağın tənqidi tamaşanın mərkəzində dururdu".

Elmi monoqrafiyanın bu fəslində hadisələr Bakı Türk İşçi Teatrının 10 illik yubiley fonunda işıqlandırıldığından daha da güclü təsir gücünə malikdir.

Monoqrafiyanın üçüncü fəsli aktrisanın 1933-1934-cü illərdə Azərbaycan Dövlət Rus Dram Teatrındakı fəaliyyətini özündə əks etdirir. Müəllif qeyd edir ki, bu illər aktrisanın həyatında yeni yaradıcılıq dövrü kimi iz buraxır. Bu teatr onun gələcək fəaliyyətinin düzgün istiqamət alması və formalaşması, realizm üslubunu mənimsəməsi işində həlledici rol oynayır. Burada o, rus səhnəsinin ən yaxşı ustaları ilə birlikdə işləyib, təcrübə mübadiləsi edir. Teatrın direktoru Lukiçevin və bədii rəhbər S. A. Mayorovun Fatma Qədrinin bir sənətkar kimi formalaşmasında xüsusi xidmətləri var. Müəllif yazır: "Onu bu teatrda çox mehribanlıqla qarşıladılar və soruşurdular ki, ilk çıxışın üçün hansı obrazı seçirsən? Aktrisa isə repertuarda olan Lev İsayeviç Slavinin "İntervensiya" əsərində Janna Barbeni obrazını ifa etmək istədiyini bildirir. Teatrın direktoru və bədii rəhbərinin baxışlarındakı istehza ona bərk toxundu, fikirləşdi ki, bu obraza layiq olduğumu onlara göstərməliyəm. Onların istehzalı baxışları təbii idi. Onlar Fatma xanımı səhnədə görməmişdilər. Çox qısa zaman keçdikdən sonra onu bəzi sınaqlardan keçirirlər. Bundan sonra F.Qədriyə bir aktrisa kimi hörmətlə yanaşdılar. Hətta bir neçə gün keçmişdi ki, zəng vurub, teatra gəlməsini xahiş etdilər. Mayorovun kabinetinə girəndə teatrın direktoru Lukiçevi və rejissor Ridalı da orada idi. Bu dəfə onu çox səmimi qarşıladılar. Görünür, Ridal onun barəsində onlara artıq danışmışdı. Axı, Fatma Qədiri onunla işləmişdi. Janna rolunun mətnini təqdim edib, onu Ridala tapşırdılar. Vaxt təyin olunmadı. Teatrın tamaşalarına baxmağı xahiş etdilər".

Elmi monoqrafiyanın dördüncü fəsli isə 1935-1968-ci illəri əhatə edir. Bu illərdə Fatma Qədri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində fəaliyyət göstərirdi. Bu illərdə onun haqqında professor Əziz Şərif yazırdı: "Səhnəmizin ən görkəmli qadın simalarından biri də Fatma Qədridir. Fatma xanım, yaratdığı surətlərin tipik cəhətlərini tapıb, onların əsasında romantik surətlər yaradır. Bu surətlər dərin və inandırıcı olur, tamaşaçını həyəcanlandırır". Və ya Xalq artisti Nəsibə Zeynalova aktrisa haqqında deyirdi: "Fatma, sənin ömrün aktrisalıqdan daha çox nağıl qəhrəmanlarının ömrünə bənzəyir. Sənə yaradanımız fitri istedad verib. Sən hər bir tamaşaçını canından artıq sevirdin. Nə qədər xalqımız var, sən unudulmayacaqsan".

Müəllif qeyd edir ki, 30-cu illərin ortalarında Azərbaycan səhnəsində qadın aktrisalar çatışmırdı. Ona görə də teatrın peşəkar qadın aktrisalara böyük ehtiyacı var idi. Düzdür, o dövr ki, Azərbaycan Dövlət Dram Teatrının (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) səhnəsində Mərziyə Davudova, Panfiliya Tanailidi, Əzizə Məmmədova, Yeva Olenskaya, Sona Hacıyeva, Tamara Paşazadə, Qəmər Topuriya, Cəvahir Hüseynova, Nataliya Lizina və başqa aktrisaların çalışmasına baxmayaraq, hələ də bu sahədə boşluq mövcud idi.

Müəllif qeyd edir ki, Fatma Qədri bu dövrdə ona tapşırılan bütün obrazları böyük və ya kiçikliyindən asılı olmayaraq zövqlə ifa edirdi. "Fatma Qədri Azərbaycan Dövlət Akademik Dram Teatrına gəlir və burada kamil bir sənətkar kimi məşhurlaşır. Bu vaxta qədər müəyyən yaradıcılıq təcrübəsi əldə edən aktrisa Azərbaycan səhnəsinin adlı-sanlı ustaları ilə birlikdə işləyərək, bir sıra rəngarəng, bədii cəhətdən dolğun obrazlar yarada bilir."

Hətta İlyas Əfəndiyev "Səhnəmizin fəxri" adlı məqaləsində Fatma Qədrinin Xuraman rolundakı çıxışını xatırlayaraq yazır: "Mən onu ilk dəfə Xuraman rolunda görmüşəm. Onun müxtəlif psixoloji anlarda, tez-tez baş verən ruhi dönüş məqamlarında göstərdiyi ustalıq, məharət və incəlik mənə o qədər təsir etdi ki, teatrdan çıxandan sonra da uzun müddət Xuraman gözümün qabağından çəkilmirdi. Mənə elə gəlirdi ki, peşmançılıq əzabları içində boğulan Xuramanın hıçqırıqlarını hələ də eşidirəm. Fatma Qədri bütün bunları nə qədər təbii, nə qədər gözəl ifa edir..."

Monoqrafiyaya nəzər salarkən bir daha aydın olur ki, Fatma Qədri sənətini böyük məhəbbətlə sevən və sevdirməyi bacaran bir aktrisa olaraq yaddaşlarda yaşayır. Onun sənət yolu realizm yolu idi. İfa etdiyi hər hansı obrazı yarımçıq yox, bütöv bir şəkildə tamaşaçılara təqdim edirdi. Fatma xanım obrazı canlı göstərməyi bacarırdı. Aktrisanın ifasındakı təbiilik, canlılıq ifa etdiyi obrazı bütün varlığı ilə təcəssüm etdirirdi.

Ümumiyyətlə, Fatma Qədri kimi səhnə xadimlərimizə həsr olunan elmi monoqrafiyalarının yazılması bir tərəfdən 145 illik tarixi bir yol keçən Azərbaycan teatrının tarixinə töhfə olmaqla yanaşı, gənc aktyor və rejissorlara əsər, obraz üzərində necə işləməyin yollarının öyrədilməsi baxımından qiymətlidir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar