Gəncə üsyanının iştirakçısı, Milli Birlik Məclisinin üzvü Valiyyə Kazımbəyli haqqında maraqlı faktları təqdim edir.
Valiyyə Kazımbəyli 1900-cü ildə Gəncə şəhərində anadan olub. Fətəli xan Xoyskinin qardaşı general Hüseynqulu xan Xoyskinin qızıdır.
Valiyə xanım 1919-cu ildə Azərbaycan Milli Ordusunun zabiti Cahangir bəy Kazımbəyli ilə ailə həyatı qurur. Onların Abbas, Mustafa, Əli adında üç övladı dünyaya gəlir.
O, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dövründə müxtəlif vəzifələrdə çalışıb. 1920-ci ildə AXC-nin işğalı, Fətəli xan Xoyskinin qətlindən sonra Valiyyə xanımın həyat yoldaşı Gəncə üsyanında iştirak edir. Üsyan yatırıldıqdan sonra ailə üzvləri bir-birindən ayrı düşürlər.
Cahangir bəy əvvəl Gürcüstana, sonra isə Türkiyəyə gedir. Ailə üzvləri bir il sonra İstanbulda görüşüb bir-birlərini tapırlar. 1925-ci ildə Atatürkün göstərişi ilə Hüseynqulu xan və oğlu İsgəndər hərbi məktəblərdə tərcüməçi kimi işləməyə başlayırlar.
Ancaq bir müddət keçir, Valiyyə xanım ailəsi ilə birgə Polşaya köçür. Cahangir bəy Polşa ordusunda xidmət edir. Sonra Azərbaycan Legionunun lideri Əbdürrəhman Fətəlibəyli Düdənginskinin yanında yer alır. II Dünya müharibəsi zamanı əsir düşsə də, əsirlikdən qaçaraq bir müddət Almaniyada, daha sonra İtaliyada yaşayır.
Valiyyə xanım həyatı boyu bütün mübarizələrdə həyat yoldaşının yanında olur. Mühacirətdə olduğu müddətdə hər il mayın 28-də yürüşə çıxaraq üçrəngli bayrağımızı daşıyır.
II Dünya müharibəsi illərində Valiyyə xanım almanlara əsir düşmüş, Varşava hərbi xəstəxanasında yatan xəstə, yaralı Azərbaycan əsgərlərinə kömək edir. Qardaşı Zahid xan öz xatirələrində bacısı haqqında bunları qeyd edir:
“Bacım Valiyyə xanım Varşavadakı evimizdə Yardım Komitəsi qurdu, xəstəxanalarda olan azərbaycanlılara əlimizdən gələn yardımı etdik. Mən şəxsən həftədə iki-üç dəfə gedərək bizim vətəndaşlarla danışır, onların mənəvi vəziyyətlərinə dəstək verirdim. Komitəmiz İsveçrə Qırmızı xaç təşkilatından gələn hər növ yardımları onlara paylayır, bacım bəzi çox xəstə olan əsgərlərə evdə yemək bişirib özü aparırdı”.
1943-cü ildə Berlində keçirilən ümum-Azərbaycan qurultayında yaradılmış Milli Birlik Məclisinin üzvü olur.
Müharibədən sonra ingilislər legionda döyüşmüş sovet əsgərlərini Stalinə təhvil verirlər. Stalin isə Moskvada onları edam etdirir. Romada isə 100-dən çox azərbaycanlı əsir vardı. İngilislər onları da SSRİ-yə verməyə hazırlaşırlar. Bu xəbəri alan Milli Birlik Məclisi Ankaraya və Misir kralına müraciət edir. Azərbaycanlı əsirlərə öz vətənlərində sığınacaq vermələrini təklif edir. Misir kralı 100 azərbaycanlını gizlin yolla Neapola yollayır.
Valiyyə xanım 1947-ci ildə Milli Birlik Məclisinin xüsusi tapşırığını yerinə yetirmək üçün Romadan Türkiyəyə göndərilir. O, burada II Dünya müharibəsindən sonra Türkiyədə sığınacaq tapıb gizlənən yüksək rütbəli azərbaycanlı zabitləri SSRİ əks-kəşfiyyatının əlindən qurtarmaq üçün onları Romaya aparmalı idi. Türkiyədə olarkən atası Hüseynqulu xanın və qardaşı İsgəndər xanın köməyi ilə hərbçi azərbaycanlılara saxta sənədlər düzəldərək 1947-ci ilin aprelin 26-da təyyarə ilə İstanbuldan Romaya yola salır. Valiyyə xanımla birlikdə 12 nəfər yüksək rütbəli zabitin olduğu təyyarə Afina üzərində müəmmalı şəkildə qəzaya uğrayır. Valiyyə xanım Kazımbəyli İstanbulun Feriköy məzarlığında dəfn edilir. Onu Türkiyədə “Millət qurbanı və millət yolunda şəhid” adlandırırlar.
Valiyyə xanımın bacısı oğlu Kerim Mehmetzadə müsahibəsində deyir:
“1946-cı ildə Valiyyə xalam İtaliyada illər öncə almanlara, sonra ruslara əsir düşən gənc azərbaycanlı soydaşlarımızın əsarətdən qurtulması üçün böyük yardımlar edirdi. Xalam dayım Zahid xanı Misir kralı Farukun yanına göndərir, o da kral Faruk və vəliəhd şahzadə İbrahim ilə günlərlə görüşür və nəhayət bir il sonra vəliəhd şahzadə Romaya gəlir. Avropa ölkələri ilə görüş və müqavilə imzaladıqdan sonra bir qisim azərbaycanlı Misir, ABŞ və Türkiyəyə hicrət edir. Bir qismini ruslar buraxmaq istəmirlər və 1947-ci ildə Valiyə xalam Türkiyə rəsmi dairələri ilə görüşmək üçün yanında bir neçə azərbaycanlı ilə İstanbula gəlir. Çox təəssüf ki, bütün görüşmələr nəticəsiz qalır, türk hökuməti ruslar ilə münasibətlərin pozulmaması üçün bu görüşlərə qatılmayacağını bildirir və xalam böyük üzüntü ilə İstanbuldan ayrılır. Minmiş olduğu Skandinav Hava Yollarına aid SAS təyyarəsi Afinada dağa dəyir və xalam bu qəzada həyatını itirir. Xəbər İstanbula çatanda bütün azərbaycanlı icması evimizə gəlir. Nənəm Şirinbəyim xanım pəncərədən özünü atmaq üzrəykən Mirzə bəy Göygöl nənəmi qurtarır. Bu hadisədən sonra anamın və atamın belləri qırıldı, illərlə unutmadılar. Bu arada, bəzi media quruluşları faciənin sovetlər tərəfindən planladığını irəli sürdülərsə də, həqiqət əsla meydana çıxmadı”.
Həyat yoldaşı Cahangir bəy isə 1955-ci ilin dekabrında sovet kəşfiyyatının əli ilə Berlində öldürülür. Elə Berlində də dəfn edilir.
Valiyyə xanım və Cahangir bəyin övladı Mustafa bəyin oğlu Daniel Kazımbəyli 1962-ci ildə Roma şəhərində dünyaya gəlib. Romadakı La Sapienza Universitetində iqtisadiyyat üzrə təhsil alıb. Daha sonra Milandakı Bokkoni Universitetində biznesin idarə olunması üzrə magistr təhsili alıb. Son 22 ildir ki, Daniel Kazım Bəy İtaliyada tekstil (idman geyimləri) biznesi ilə məşğul olur. Daniel orada soyadına uyğun olaraq “K-BEK” adlı şirkət qurub.
Müsahibələrinin birində o deyir:
“Mən yalnız Kazımbəy ailəsinin üzvü olan atam və əmilərimlə əlaqə saxlaya bildim. Babamı isə heç vaxt tanımadım. Mən dünyaya gəlməmişdən öncə o vəfat etmişdi. Atamın qardaşı Əli Kazım Bəy İstanbulda yaşayırdı. İtaliyada iqtisadiyyat üzrə təhsil aldı və daha sonra bank direktoru olaraq İstanbula geri qayıtdı. Onun qızı Lalə Kazım Bəy hazırda İstanbulda yaşayır və insan resursları üzrə professordur. Üç gün öncə onunla Yunanıstanda qarşılaşdıq. Əli bəy yeddi il öncə vəfat etdi. Atamın Abbas adlı böyük qardaşı isə Almaniyada (Kassel) yaşayırdı. O, riyaziyyat üzrə professor idi. 30 il öncə dünyasını dəyişib. Mənim atam Mustafa isə İstanbulda dünyaya göz açıb. 17 yaşına qədər ailəsi ilə birlikdə Varşavada yaşayıb. Berlində Mexanika Mühəndisliyi Universitetində təhsil alıb. Berlində müharibə olan zaman o, ailəsi ilə birlikdə Avstriyaya (Kitzbühel) qaçıblar. 1946-cı ildə isə Romaya gəlib. 1959-cu ildə anam Culiya ilə tanış olub və ailə həyatı qurublar. Atam Romada ticarət və patent üzrə bir ofisdə çalışırdı. O, 2004-cü ildə Romada vəfat etdi. Babamın zəhərlənərək öldürülməsindən əmin deyilik. Amma atam mənə demişdi ki, o, ehtimala görə, mədə infeksiyasından dünyasını dəyişib. Amma o da əmin deyildi. Heç kim babamın nə üçün və kim tərəfindən öldürüldüyünü bilmir. Mənim atamın ailəsi müsəlman idi. Amma atam mənim xristian dininə ibadət etməyim barədə qərar verib. Mənim qanımın, kökümün Azərbaycan ərazilərindən gəlməsi xoşbəxtlikdir”./Kulis.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar