Xəbər lenti
Kitaba, mütaliəyə maraq uğurlu gələcək deməkdir
“Bir ölkədə oxumağa, mütaliəyə qarşı istək artmazsa, qəflət və ondan yaranacaq fəlakətlər azalmaz”.
Benjamin Franklin
Keşmiş Sovet İttifaqında 15 müttəfiq respublika arasında ən çox mütaliə edən respublikalardan biri də Azərbaycan idi. Həmin vaxt insanlarımızın kitaba marağının çox olmasının ən böyük səbəbi təhsilimizin çox yüksək səviyyədə olması idi. Məhz həmin dövrdə yetişən insanlar bu gün Azərbaycanda ən aparıcı mütəxəssislər sayılırlar. O zaman vətəndaşlarımz başa düşürdülər ki, Nikolay Rubakinin təbirincə desək: “əsl təhsil yalnız mütaliə ilə əldə olunur”. Və Deni Didronun qeyd etdiyi kimi: “adamlar mütaliədən əl çəkəndə, fikirləşməkdən də qalırlar...”
Çox təəssüf ki, Azərbaycan müstəqillik qazanandan sonra qarşıya çıxan, elmimizdə, təhsilimizdə yaranan problemlərdən biri və ən başlıcası kitab oxumağa marağın azalmasıdır. Bir ölkədə təhsilin zəifləməsi və yeni nəslin kitaba marağının sönməsi, sözsüz ki, gələcəkdə xalqımızın dünyanın aparıcı millətləri arasında lazımi söz çəkisinin olmayacağından xəbər verir. Almaniyanın inkişafında əvəzsiz xidmətləri olan məşhur filosof , böyük rəhbər Otto Fon Bismark bu haqda bir vaxtlar belə deyib: “Təhsilə pul ayırmamaqla “qənaət” edən dövlət, sonra həmin pula həbsxanalar tikmək məcburiyyətində qalacaq”.
Uşaqlarımızın, yeniyetmələrimizin, gənclərimizin təhsilə, mütaliəyə marağının azalması səbəbindən söz yox ki, məmləkətimizdə kriminal hadisələr çoxalır, həbsxanalara düşənlərin sayı artır. Bəli, bu gün təcili həyacan təbili çalınmalıdır. Əlbəttə, məqsədyönlü istiqamətdə layihələrn icrasında ziyalılarımız hökmən çox böyük rol oynamalıdırlar.
Sumqayıtda bununla bağlı ilk addımı Dostlar Klubu idarə heyətinin üzvləri atıb. Belə ki, aprelin25- də Səməd Vurğun adına Mərkəzi Kitabxanada Sumqayıt Dostlar Klubu idarə heyətinin üzvləri ilə şəhər kitabxana müdirlərinin görüşü keçirilib.
Sumqayıt Dostlar Klubunun sədri, tanınmış həkim, yazıçı-publisist Hümbət Həsənoğlu, idarə heyyətinin üzvləri- tibb elmləri namizədi, Əməkdar həkim Mayılxan Tağıyev, yazıçı-rejissor, jurnalist-publisist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, “Məktəbli - kitab evi” mağazalar şəbəkəsinin təsisçisi, sahibkar Hacı Akif Şahbazov, Əməkdar jurnalist Rəhman Orxan, şair-mühəndis Əliyar Fərzəliyev, yazıçı-publisist, Əməkdar jurnalist Eyruz Məmmədov, yazıçı-tərcüməçi Arif Ərşad, Əməkdar həkim Kamil İbadov, şair- iqtisadçı Rafiq Mehdiyev, Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə xanım Əhmədova və Səməd Vurğun adına Mərkəzi kitabxananın əməkdaşları, kitabxana filiallarının müdirlərinin iştirakı ilə keçirilən səmimi görüşdə səslənən fikirlər böyük maraq kəsb etmişdir .
Görüşü idarə edən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Y. Əhmədova çıxış üçün ilk sözü H. Həsənoğluna vermişdir. Hümbət müəllim Sumqayıt Dostlar Klubunun idarə heyətinin üzvlərini təqdim etmiş, birgə əməkdaşlıq həyata keçirmək təklifini irəli sürmüş və cari ilin iyunun 9-da keçiriləcək “Dostlar günü”tədbirində kitabxananın fəal oxucularını və işində fərqlənən kitabxanaçıları mükafatlarla təltif edəcəyini, bütün bunların hər kəsdə mütaliəyə marağın artmasına səbəb olacağını bildirmişdir. O, həmçinin vurğulamşdır ki, “mütaliə - insanın təkmilləşməsinin ən böyük və dəqiq açarıdır”. Eyni zamanda, məşhur filosof R. Bredberin söylədiyi: “Bir milləti və onun mədəniyyətini yox etmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər!” fikirlərini görüş iştirakçılarının diqqətinə çatdırmışdır .
Mərkəzi kitabxananın direktor müavini Natəvan xanım Axundzadə son vaxtlar gördükləri işlərdən danışmış, əhalidə mütaliəyə marağı artırmaq üçün kitabxana əməkdaşlarının Sumqayıt Dostlar Klubu üzvləri ilə birgə fəaliyyət göstərmək təşəbbüsünü ürəkdən bəyəndiyini bildirmişdir. Vurğulamışdır ki, yeniyetmə və gənclərə tez-tez Şarl Lui Monteskyonun bu kəlamını xatırlayırıq: “Oxumağı, mütaliəni sevmək həyatdakı cansıxıcı saatları ən gözəl saatlarla dəyişməkdir”.
Sonra Sumqayıt Dostlar Klubu idarə heyətinin üzvləri digər maraqlı təkliflər irəli sürmüşlər. Qeyd etmişlər ki, təkcə kitabxanalarda deyil, Sumqayıtın bütün təhsil ocaqlarında əhalinin vaxtaşırı olaraq mütaliəyə həvəs və marağının artırılması istqamətində görüşlər, tədbirlər həyata keçirəcək, uşaq fondunun zənginləşməsi üçün bütün köməkliklərini əsirgəməyəcək, həm öz kitablarını və həm də dünyanın maraqlı yazıçılarının əsərlərini oxuculara hədiyyə edəcəklər.
Sonda Sumqayıt Dostlar Klubu üzvləri adından Hümbət Həsənoğlu Sumqayıtın simvolu sayılan “Göyərçin” simvolik forması xatirə hədiyyəsi olaraq Yeganə xanım Əhmədovaya təqdim etmişdir.
İlhamə MƏHƏMMƏDQIZI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar