Xəbər lenti
İranlı alimin Füzuli qısqanclığı
Bu günlərdə bir İranlı “alim” “Iran tv”-də Füzulinin guya böyük şair olmadığını, Saib Təbrizinin farsca yazdığı şeirləri türkcəyə çevirib öz adına çıxdığını iddia edib. Görünür, elə buna görə də “çərənçi”, “boşboğaz” anlamına gələn “Füzuli” təxəllüsü ilə tanındığını bildirib.
Görünür, bu qərəzkar fars “alim” adı çəkilən şairlərin hansı yüzilliklərdə yaşad-ıqlarından, doğrudan, xəbərsizdir. O, “Təbrizi” nisbəsiylə yazıb-yaradan “Saib” təxəllüslü Azərbaycan şairinin Füzulidən təxminən 100 il sonra məşhurlaşdığını bilmir. Füzulinin bir çox qəzəlinə Saib Təbrizinin sevə-sevə nəzirə yazdığını da yəqin eşitməyib. Özü də Füzulinin Azərbaycan türkcəsində yazdığı qəzəllərə Saibin eyni dildə yazdığı nəzirə qəzəlləri nəzərdə tuturuq.
Doğrudur, ərəb İraqı ədəbi mühitində yaşayıb-yaradan Füzulidən fərqli olaraq, Təbriz, Ərdəbil, Qəzvin və Xorasanda, eləcə də 6 il Hindistanda yaşayan Saib daha çox fars dilində yazmağa üstünlük verib. Füzuli üslubunda isə hər iki dildə misilsiz qəzəllər qələmə alıb. Ömründə İraqdan kənara çıxmayan Füzulidən fərqli, Saib Yaxın və Orta Doğunun bir çox ölkəsini gəzib, hətta Hindistanda türk-moğolların sarayında yaşayıb, “hind üslubu” deyilən ədəbi üslubun banisi olub. Daha sonra Səfəvi hökmdarı II Şah Abbasın sarayında məliküş-şüəra rütbəsinə yüksəlib. Təkrar edirik: Hindistanda türk-moğol sarayında, İranda isə Azərbaycan-türk səfəvi hökmdarı II Şah Abbasın sarayında çox sevilən şair olub, türk və fars dillərində nəzm və nəsr əsərləri yazıb.
XVII yüzildə, daha dəqiq desək, 1640-cı ildə güney Azərbaycana gəlib çıxan tanınmış Osmanlı-türk səyyahı Ö. Çələbi Təbrizdə Saiblə görüşməsindən böyük sevgi ilə söz açmışdır. Cənablar, “XVII əsrin Hafizi” (Bertels) adlandırılan Saib Məkkə, Mədinə, Bağdad və Anadolunun şəhərlərində gəzib-dolaşanda, Herat və Kabildə farsdilli şairlərə sənət dərsi verəndə böyük Füzuli artıq 100 il idi həyatda yox idi.
Bu boyda anaxronizm olarmı? XXI yüzil İranında yaşayan fars-şovinist alimciyəzə daha nələri deməliyik ki, keçmişə real gözlə baxsın, tarixi hadisə və şəxsiyyətləri qarışdırmasın, birbaşa televiziya verilişində iki Azərbaycan şairinə birdən böhtan atmasın.
Görəsən, verilişdə dil-ədəbiyyat mütəxəssisi kimi çıxış edən bu “alimi-biəməl” dahi Azərbaycan-türk şairi Məhəmməd Füzulinin XVI əsrdə İraqda, məhz İraqda – ərəb dilinin şəriksiz hökmran olduğu bir ədəbi mühitdə, Saibdən 100 il öncə doğma ana dilində ölməz qəzəl və məsnəvilər yazdığını da bilmirmi? Məncə, o, hər şeyi yaxşı bilir. Bilir ki, M.Füzuli türkcə şeir yazmağı qarşısına ali məqsəd kimi qoymuş, ana dilində ölməz əsərlər yaratmağı şərəf və namus məsələsi saymışdır. Yaradıcılığı boyu türk dilinin klassik şeir dili kimi cilalanmasına, əruzla barışdırılmasına çalışmış və buna uğurla nail olmuşdur. XVI əsrdə “tikandan gül yarpağı” bitirəcəyini bildirən, türkcə şeir yazmağı “əsli səliqəsinə uyğun” hesab edən Füzulinin XXI əsrdə millətçi-şovinist ruhlu alimnümanı bu qədər qıcıqlandırması yalnız acı istehza və dərin təəssüf hissi doğurur.
O, bilməli idi ki, Nəvaidən sonra məhz Füzuli türk dilinin poeziya dili kimi çiçəklənməsində böyük əmək sərf etmiş, şeir-sənət aləmində ana dilimizi ərəb-fars dillərinin kölgəsindən çıxarmış, türkdilli poeziyaya yeni bir rövnəq və stimul vermişdir. Məhz Füzuli fenomenindən sonra türk kökənli şairlərin yalnız farsca yazmaq ənənəsinə, demək olar ki, son qoyulmuşdur. XXI yüzildə mağara təfəkkürü ilə yaşayan bu “ariyançı alimciyi” qıcıqlandırıb özündən çıxaran da, fikrimizcə, elə budur.
Bundan başqa, bu kimi alimləri narahat edən həm də Füzulinin, bir çox farsdilli şairlərdən fərqli olaraq, üç dildə divan yaratması, məşhur şərqşünas Bertelsin sözləri ilə desək, “hər üç xalqın ədəbiyyat tarixinə girməsidir”. Təkcə doğma dildə yazdığı “Leyli və Məcnun” məsnəvisi ilə ərəb və farsca yazılmış bütün “Leyli və Məcnun”-ları kölgədə qoyduğunu xatırlatmaq yetərlidir. 500 il öncə bir məktəbdə “fars nəsilli, pəri üzlu, sərv qamətli” bir gözəlin xahişiylə “farsca ciyər yandıran aşiqanə qəzəllər” yazıb-divan tərtib etməyi planlaşdıran incə ruhlu şair babamız Füzulinin XXI əsrdə bu sayaq molla-çekist təbiətli alimciklərin başına ağır bir daş kimi düşməsinə istehza etməmək olmur.
Füzulinin təxəllüsü barəsində də yalan, böhtan xarakterli fərziyyələr irəli sürən bu nadan elə həmin fars divanını oxumamış deyil. Dahi sənətkarımız belə boşboğaz-ların olacağını bilib deyə, cavabını da o divanın müqəddiməsində qabaqcadan özü verib. Şeir-sənət aləmində özünü “ruzigarın yeganəsi görmək istəyən” alim-şair M.Füzuli öz təxəllüsünün də hamıdan seçilməsini, fərqliliyini göz önünə almış, belə qəribə bir təxəllüs götürmüş və bunun izahını da vermişdi: “Düşündüm ki, əgər şeirdə başqaları ilə müştərək bir təxəllüs götürərsəm, müvəffəq olmadığım təqdirdə mənə zülm olar, müvəffəq olarsam, ortağıma zülm etmiş olaram”. Hətta gələcəkdə yaşayacaq “Füzuli” təxəllüslü zəif şairlərin halına acıyır, möhtəşəm sənəti ilə onlara kölgə salmamağı, zülm etməməyi məqsədəuyğun hesab edirdi. Eyni zamanda, şairimiz “füzul” sözünün çoxmənalı söz kimi “fəzl”-in cəmi olduğunu, yəni bütün elm, bilik və fəzilətləri özündə birləşdirən mütəfəkkir insan olduğunu deməyi də unutmayıb.
Buyursun o fars, baxsın; orta əsrlərdə “Bağdad göylərində günəş kimi parlayan” (Gibb) Füzuli dühasının həm əzəməti, həm incəliyi ilə yanaşı, təbiətən “centlmenliyi” və “demokratikliyi” qarşısında utansın, xəcalət çəksin.
Qəribəsi odur ki, bu cür hədyanlar “İran” televiziyasında, özü də “Fars ədəbiyyatının tədrisi” proqramında söylənmişdir. Qos-qoca fars ədəbiyyatını tədris etmək üçün Firdovsi, Rudəki, Sənai, Sədi, Xəyyam, Hafiz və b. farsdilli sənətkarları qoyub, türk oğlu türk şairləri müzakirə meydanına çəkməklə bu ağayi ağalar nə demək istəyir, bilirsinizmi? Dövrün ədəbi gələnəyinə uyğun olaraq farsca yazan bir çox sənəkarlarımızı İran-fars şairi kimi təqdim edirlər. Gözləri götürməyəndə isə iftira atırlar.
1139-cu il Gəncə zəlzələsini ürək ağrısıyla təsvir edən, ömründə Gəncədən uzağa səfər etmədiyini bildirən, əsərlərinin ümumi ruhu və canıyla türklüyünü bəyan edən, hətta bəzi ədalətli fars alimlərinin “türk qoxusu gəldiyini” bildirdikləri dahi Nizamini də farslaşdırıb mənimsəmək üçün yüz hoqqa çıxardırlar. Bütün dünyanın “gəncəli şair” kimi tanıdığı dahini aparıb Quma çıxardırlar. Əsərlərindəki neçə türk sözlərini dəyişiblər, yaradıcılığına bir çox yersiz və qaba müdaxilələr ediblər, türk ruhu və sevgisini azaltmaq, yox etmək istəyiblər.
Gülməlisi bu ki, “Ərməniyyə”-ni “Ermənistan” kimi tanıtmağa çalışır, Şirini erməni qızı kimi göstərirlər. Belə fırıldaqlarından çoxlu misal gətirmək olar.
Nizamidən fərqli olaraq, Füzulidən yapışmaq üçün əl yeri yoxdur. Füzuli əsərlərinin çoxunu ana dilində – Azərbaycan türkcəsində yazıb. O, müsəlman Şərqində ilk dəfə Hafizin təsirini və tilsimini sındırıb, incə, dərin fəlsəfi məzmunlu şeirləri ilə “Şərqin məhəbbət və kədər şairi” adını qazanıb. “Fars şairi” deməyə cürət etmirlər, çünki o özü türk oğlu türk olduğunu dilə gətirib, türklüyü ilə fəxr edib, türklüyü, fars şovinist alimlərinin görmək istədikləri kimi, əskiklik saymayıb, ucalıq bilib. Ona görə nifrət püskürürlər, heç bir tənqidə sığmayan ağ yalana əl atırlar.
Onlar bilir ki, dünya şöhrətli fars poeziyasında türk təfəkkürü və türk ruhunun hər addımda böy göstərdiyi müşahidə olunur. Biz neyləyək ki, minillik farsdilli şeriyyətdə türk kökənli şairlərin müstəsna yeri, ayrıca payı vardır. Elə bu da bədxahları qısqandırır, yuxularını ərşə çəkir.
Təkcə XX yüzildə ədəbiyyatınızı bəzəyən Şəhriyarın bənzərsiz poeziyasını yada salın. Qəribədir ki, o da uzun müddət farsca yazmaqla bu panfarsçılara əməllicə əl yeri vermişdi. Nə yaxşı ki, “XX əsrin Hafizi” adlandırdıqları Şəhriyar gec də olsa ana dilində ölməz əsərlər yaratdı. Əksər dünya dillərinə tərcümə edilən “Heydərbabaya salam” poemasını yazdı, özünün türk Divanını ortaya qoydu, beləliklə fars şairi kimi tanınmasına fürsət vermədi. Bu ağalara-ağayilərə demək gərəkdir ki, ayılsınlar, başa düşsünlər, ətrafa, keçmişə layiq gözlə baxsınlar!
Yüzillərlə İslamı gözdən saldılar, təriqətləri özlərinə sərf eləyən formada şəkilləndirməyə çalışdılar, əhli-beyti az qala farslaşdırdılar, şiəlik-şüubiyyəni dövlət ideologiyasına çevirdilər, bütün milli, insani və dünyəvi dəyərləri ayaq altına atdılar, bəs deyilmi? Bu kimi söz və hərəkətlər daha üstün mədəniyyətə məğlub olma görsənişləri vermirmi? Suda boğulanın saman çöpündən yapışmasına bənzəmirmi?
Onlara demək gərəkdir ki, bu cür sərsəm çıxışlarla dünyanı özlərinə güldürməsinlər! Çamur atıb qara yaxmaq istədikləri, bəyənmədikləri Məhəmməd Füzuli belə yersiz yabanı iddialılar barədə yazırdı:
Hər kimin var isə zatında şərarət küfrü,
İstilahati-ülum ilə müsəlman olmaz.
Gər qara daşı qızıl qan ilə rəngin edəsən,
Təbə təğyir verib ləli-bədəxşan olmaz.
Eyləsən tutiyə təlim ədayi-kəlimat,
Nitqi insan olur, amma özü insan olmaz.
Hər uzun boylu şücaət edə bilməz dəva,
Hər ağac kim, boy ata, sərvi-xuraman olmaz.
Zəkulla Bayramlı
filologiya üzrə fəlsəfə doktoru, dosent
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar