Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İyirmi səkkiz illik ədalətsizliyin sonu - Başlıbel faciəsindən 28 İL ÖTÜR

Tarix: 18-04-2021 14:16     Baxış: 2313 A- / A+
İyirmi səkkiz illik ədalətsizliyin sonu - Başlıbel faciəsindən 28 İL ÖTÜR

Dahilərin “Ədalət sonda zəfər calacaq!” deyimi heç də elə-belə deyilməyib. Bu gün yaşadıqlarımız bunu bir daha sübut etdi. Otuz ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın qırx dörd günlük Vətən Müharibəsində işğaldan azad edilməsi ədalətin sonda zəfər qazanmasına bariz nümunədir. Bu zəfərə aparan yol isə çox uzun bir yol oldu:
Yarıtmaz AXC-Müsavat cütlüyünün məğlubiyyət yolu, hakimiyyət hərisliyindən başı gicəlləndiyi üçün rayonlarımızı bir-birinin ardınca düşmənə peşkəş edənlərin yolu, Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, qalib ordumuzun Ali Baş Komandanı İlham Əliyevin yolu. Prezidentimizin tutduğu yolu elə “Zəfər Yolu“ da adlandırmaq olar.Bu yol öz başlanğıcını Heydər Əliyevin 1994-cü ilin mayında imzaladığı atəşkəs sazişindən götürür. Elə həmin ilin 20 sentyabrında imzalanan “Əsrin Müqaviləsi” iyirmi yeddi il sonrakı Vətən Müharibəsində qələbəmizin bünövrəsini təşkil edir. Qələbə ölkəmizin vətəndaşlarına böyük sevinc və fəxarət gətirməklə bərabər, eyni zamanda necə bir məkrli və qəddar düşmənlə üz-üzə olduğumuzu göstərməyə imkan verdi. Dağıdılmış, yerlə yeksan edilmiş evlər, qəbiristanlıqlar, mədəniyyət abidələri, məscidlər, goreşən kimi eşilmiş məzarlar ermənilərin kimliyini əyani şəkildə sübut edən faktlardır. Ermənilərin vəhşiliyini sübut edən faktlar təkcə bu sadaladıqlarımız deyil, törətdikləri soyqırım aktları da sübut edir:1918-ci ildə törədilmiş mart soyqırımı, 1991-ci il Qaradağlı soyqırımı, 1992-ci il Xocalı soyqırımı, 1992-ci il Ağdaban faciəsi, 1993-cü il Başlıbel faciəsi...
İyirmi səkkiz illik ədalətsizliyin sonu - Başlıbel faciəsindən 28 İL ÖTÜR

Bu faciələrin hər biri haqqında xalqımıza dövri mətbuatda, kütləvi informasiya vasitələrində yetərincə məlumatlar çatdırılmışdır. Lakin sonuncu faciə-Başlıbel faciəsi istisnadır. Başlıbel faciəsi haqqında faciə şahidlərinin dediklərinə əsasən ilk məqaləni 1993-cü ilin yayında “113 gün işğal olunmuş ərazidə” adlı geniş məqalə ilə Bakıda dərc olunan “Azərbaycan Ordusu”qəzetində, Gəncədə çıxan “Kəlbəcər Harayı” qəzetində, Bərdədə çıxan “Qədim Bərdə” qəzetində, Yevlaxda çıxan “Kür” və “Nicat” qəzetinlərində, İsmayıllıda çıxan “Laçın” və “Cavanşir Yurdu” qəzetlərində çap etdirsəm də o zamankı ölkə rəhbərliyində olanların başı xalqın əmlakını talamağa bərk qarışdığından bu böyük faciənin fərqinə varan olmadı. Həmin il noyabrın 2-də qardaşım Yusif Salahovun faciənin şahidləri, 40 yaşlı Sönməz Ələkbər Tağıyevə və 59 yaşlı Qədim Qədimova verdiyi suallara aldığı cavabların bir saatlıq lent yazısının Azərbaycan radiosunda “Ön cəbhədən üzü bəri” (diktoru Kəmalə Abdinova idi.), noyabrın 9-da “Ön cəbhəyə doğru” adlı verilişlərdə səsləndirilməsi də o zamankı dövlət və hökumət nümayəndələrini hadisənin iştirakçılarının taleyi ilə maraqlanmasına təsir etmədi. Müxtəlif vaxtlarda Başlıbeldən olan yazarların – mərhum professor Əli Başlıbellinin, Musa Əzizin, Ələkbər Sönməzin, Zülfüqar Hüseynzadənin, Elxan Salahovun, Xalid Kazımovun, qələm dostum Məhəmməd Nərimanoğlunun və başqalarının ayrı-ayrı illərdə Başlıbel faciəsi barədə dəfələrlə respublika mətbuatında məqalələri çap edilmişdir. Xalid Kazımovun “Başlıbel faciəsi”, Musa Əzizin “Başlıbel şəhidləri” və Elxan Salahovun “Qanlı Kaha” kitablarında da Başlıbel faciəsinin detalları şahidlərin dili ilə oxucuların nəzərinə çatdırılır.
Musa Əzizin 1997-ci ildə “Azərnəşr”də nəşr etdirdiyi “Başlıbel şəhidləri” adlı kitabının üzərində ayrıca dayanmaq istərdim. Kitabda bütün Başlıbel kənd şəhidlərinin həyat yolları və döyüşlərdə göstərdikləri qəhrəmanlıqları barədə geniş məlumat verilir. Başlıbelin ilk şəhidi, 1992-ci il iyunun 23-də şəhid olan əsgər Əbdüləliyev Namiq Qasım oğlunun döyüş yolundan başlayaraq 36 şəhidin həyatı haqqında ətraflı məlumat verilir. Hər bir şəhidə həsr olunmuş bölmənin ayrı yarımbaşlıqları var, hər bir şəhidə dair bölmə Musa Əzizin özünün yazdığı bir bəndlik şeirlə yekunlaşır:
Vətənçün şəhidlik-müqəddəs işdir,
Vətənçün can vermək-əbədi ömür.
Vətənçün döyüşmək şərəfli işdir,
Şəhidin ad-sanı heç vədə sönmür.


Musa Əziz Başlıbel kənd orta məktəbinin müəllimi işləsə də gənc yaşlarından həmişə doğma qəzetimiz olan “Yenilik” rayon qəzetində onun maraqlı məqalələri çıxardı. Bu səbəbdən də onu qəzetə ştatdankənar müxbir seçmişdilər. Kəlbəcərin işğalından sonra da Musa müəllim yüksək dövlət vəzifələrində çalışsa da qaçqın qəzetimizin səhifələrindən onun imzası ilə gedən məqalələr azalmadı. Eyni zamanda Musa Əziz bir neçə kitabın da müllifidir. 1995-ci ildə çap etdirdiyi “Qeyrət taclı şəhidim” əsərində Başlıbel faciəsinin iştirakçısı, Portda kahalarına hücum edən erməni döyüşçülərinə əsir düşməməkdən ötrü əvvəlcə bacısı Aygün Əmralıyevanı, daha sonra sonuncu gülləsi ilə özünü öldürən Çingiz Əmralıyevin qeyrətindən, 2002-ci ildə çap etdirdiyi “Can evim –Başlıbelim” kitablarında isə Başlıbelin məşhur ziyalılarından və ağsaqqallarından söhbət açır. Bütün bu yazılan əsərlər və mətbuatda çap olunan məqalələr haqqında, daha dəqiq desək, Başlıbel faciəsi haqqında elə biz deyirdik, biz də eşidirdik. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yuxarıda adlarıni çəkdiyim əsərlər çap olundu.
İyirmi səkkiz illik ədalətsizliyin sonu - Başlıbel faciəsindən 28 İL ÖTÜR

Vətən Müharibəsinin ordumuzun qələbəsi ilə başa çatmasından sonra Başlıbel faciəsi dövlətimizin başçısı, cənab İlham Əliyevin, onun köməkşisi, cənab Hikmət Hacıyevin göstərişi ilə Respublika televiziyasında geniş işıqlandırılmışdır. Faciənin 28-ci ildönümü münasibəti ilə 17aprel 2021-ci il tarixdə AZ TY-nin və Real TV-nin çəkiliş qrupları, beş nəfər Başlıbel kənd sakinləri, o cümlədən, ”Qanlı Kaha” kitabının müəllifi Elxan Salahov və bir qrup hərbçilər Başlıbeldə 1993-cü il aprelin 18-də ermənilərin əliyalın dinc sakinlərinə hücumu zamanı qətlə yetirilən 18 nəfərin qəbirlərini ziyarət etmişlər. Ümumilikdə Başlıbel kəndində 36 nəfər işğal zamanı qətıə yetirilmişdir. Onlardan 9 nəfəri yol gələrkən gecikərək yolda pusquya düşənlər, 9 nəfəri kahaya çıxmayanlar və ya çıxa bilməyənlər, 18 nəfəri isə kahada qətlə yetirilənlərdir.
İyirmi səkkiz illik bu qətliamın düzgün qiymətini bu gün Ali Baş Komandanımız verdi. İyirmi səkkiz ildə ilk dəfədir ki, Başlıbel sakinləri, şəhid ailələrinin nümayəndələri bu günü göz yaşları olmadan, başlarını dik tutaraq qarşılayırlar. Müzəffər Ordumuzun şərəflə həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatı nəticəsində bu baharı digər işğaldan azad edilmiş rayonlarımız kimi Kəlbəcər rayonu da azad nəfəs alaraq qarşılayır. Bu azadlığı bizə bəxş edən şəhidlərimizə, qazilərimizə, ordumuza və onun Ali Baş Komandanına eşq olsun! Bu gün ruhu sevinən bütün şəhidlərimizə Allah rəhmət eləsin!

Oqtay SALAHLI
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar