Xəbər lenti
Bir aşıq Duman gəldi-getdi bu dünyadan...
Bineyi-qədimdən belədi: kiminsə qədir-qiymətini öləndən sonra daha çox bilirik, onu dəyərləndirməyə çalışırıq. Barəsində eninə-boyuna xoş sözlər söyləyirik. Nə xoş ölənin o dünyadakı halına ki, yaddaşlarda yaxşı işi, əməli ilə qalır, haqqında ağızdolusu danışanda kimsə üzünü turşutmur. Bu da ölü xoşbəxtliyidi. Nə isə, çox uzağa getməyim, qayıtmaq məsələsi də var...
Aşıq Duman sağlığında Abbas Tufarqanlının çox sevdiyim
"Duman, gəl-get bu dağlardan,
dağlar təzə bar eyləsin..."
misraları ilə başlayan "Eyləsin" gəraylısını saz havası üstündə oxuyub-oxumayıb bilmirəm. Ancaq nədənsə aşıq Duman dünyasını dəyişəndən sonra bu şeiri hər dəfə zümzümə eləyəndə onu xatırlayıram. Bu dünyadan bir aşıq Duman gəldi-getdi...
Aşıq Dumanın sağlığında iki-üç ifasına qulaq asmışdım. Düzü, yanıqlı oxuması, fərqli ifa tərzi yaddaşıma hopmuşdu. Gündəlik beynimi dolduran yerli-yersiz informasiya bolluğundan imkan tapıb başqa ifalarına qulaq asa, videolarına baxa bilməmişdim. Aşığın qəfil ölümü hamı kimi məni də ağrıtdı. Ən çox da mənə təsir edən həsrətindən hər ifasında göynək xallar vurduğu Kəlbəcərimizin alındığı ərəfədə dünyasını dəyişməsi oldu. Aşıq Duman Kəlbəcər göynərtisini sinəsində apardı. İnternetdə axtarış verib aşıq Dumanın xeyli videoçəkilişini, ifalarını tapdım. Ancaq dadlı-duzlu ifası olan bu sənatkarın barəsində yaddaşlara köçürülənlərin əksəriyyəti qeyri-peşəkar çəkilişlərdi. Yeyib-içmək də, istirahət də, əylənməkdə lazımdı. Ancaq belə sənətkarı dar çərçivədə tanıtmaq, əksər zaman cəmi 3-5 nəfərin əhatəsində olması, yanıqlı ifası kimi, həm də ağrılı bir məqamdı. Bu gün efirləri, ekranları məşğul edən, sazı yuxarıdan aşağı, sinədən ayağa endirənlərin bütöv "yaradıcılığı" aşıq Dumanın bir ifasına dəyməz. Burada, qədim ozan sənətimizdə də haram-halalı, doğru yalanı üstələyib. Saxta-"taxta" aşıqlar haqq aşıqlarımızı, haqqı olanları kölgədə qoyub. Onlar bir çox hallarda isə, qədim ozan sənətimizin vicdanlı, istedadlı simalarına qarşı çıxırlar, yolunu kəsirlər. Məhz məmur "aşıqların" günahı, efir dəllallarının şərəfsizliyi üzündən ədalət nizamı tamah qarşısında diz çökən dünyamızda Duman kimi aşıqlar layiqincə görünə bilmədilər. Dərdinin, ağrılarının, sarvanına çevrilən Duman kimi aşıqlarımız sazı atıb- tutan, eləcə də ətrafı vəzifə daşıyan məddah, bamblı "aşıqlara" "uduzdular".
Ölən günü ağı deyən dost-tanış da deyəsən unutdu Aşıq Dumanı. Ancaq çox istərdim ki, aşıq Dumanı unutmayaq. Həmişə xatırlayaq ki, bu dünyadan, bu sənətdən bir aşıq Duman gəlib-getdi.
Namiq Dəlidağlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar