Xəbər lenti
“Kəlbəcər girovlarına Milli Qəhrəman adı verilməlidir”
İsgəndər Həmidov: “Azərbaycan müharibəyə hazırlaşır, amma ermənilər də sakit oturmayıblar”
Azərbaycan Milliyyətçi Demokrat (Boz Qurd) Partiyasının lideri, Azərbaycan Milli Strateji Düşüncə Mərkəzini üzvü, sabiq daxili işlər naziri İsgəndər Həmidov günün aktual mövzuları ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb. Manevr.az həmin müsahibəni təqdim edir:
- İsgəndər bəy, xeyli vaxtdır sizi mediada az görürük, həmişəki siyasi aktivliyiniz də müşahidə edilmir. Bu, nə ilə bağlıdır?
- Mediada son zamanlar az görünməyim məndən asılı deyil. Mən həmişə mediaya açıq olmuşam, nə vaxt jurnalistlər müraciət edir fikirlərimi bildirirəm. Media orqanları müraciət etmirsə bunun səbəbini onlar daha dəqiq bilirlər. Məncə, səbəb odur ki, saytlar və qəzetlər mənim hakimiyyətlə bağlı sərt mövqe ortaya qoyacağımı düşünürlər və hesab edirlər ki, İsgəndər Həmidovun hansısa açıqlamasını dərc etmələri onları hakimiyyətin qəzəbinə gətirə bilər. Hətta iştirak etdiyim tədbirlərdə bəzi jurnalistlər sonradan yaxınlaşıb deyirlər ki, üzrlü sayın sərt çıxışları verə bilməyəcəyik. Adını isə nə qədər qəribə görünsə də, həm də məni qorumaq istəkləri ilə əlaqələndirirlər. Mən də medianın məlum vəziyyətini müəyyən mənada başa düşürəm, az-az müraciət etmələrinin anlayıram. Mən əslində kənara çəkilməmişəm, siyasi fəaliyyətimiz həmişəki kimi aktiv şəkildə davam edir. Həftədə bir dəfə Milli Strateji Düşüncə Mərkəzinin toplantısı olur. Sadəcə olaraq dediyim kimi, media çəkinir bizim bu kimi fəaliyyətlərimizi geniş işıqlandırmağa. Ona görə də sizdə belə təəssürat yaranıb ki, İsgəndər Həmidov sakit köşəyə çəkilib. Mən siyasi fəaliyyətdən bir addım da geri çəkilmək fikrində deyiləm.
- 26 sentyabrda keçirilən referendumdan öncə müxalifət düşərgəsində müşahidə olunan aktivləşmə referendumdan sonra sıfıra düşüb. Müxalifət artıq yorulub, yoxsa proses yoxdur?
- Referendum ümumxalq səsverməsi deməkdir. Əvvəla, Azərbaycanda ümumxalq səsverməsi keçirilməyib. Referenduma oxşar oyun keçirilib. Buna ümumxalq səsverməsi demək olmaz. Biz əvvəldən bəyan etmişik ki, referendum keçirilməsini istəmirik, nəticələri də tanımayacağıq. Bu gün də eyni mövqedəyik, referendum adı qoyulan o prosesin nəticəsini tanımırıq. Azərbaycan xalqı o prosesdə iştirak etməyib, hakimiyyət düşərgəsində qüvvələrin səfərbərliyi prosesi olub. Son zamanlar müxalifətin aktiv olmaması, meydanlarda görünməməsinə gəlincə, regionda gərgin beynəlxalq situasiya hökm sürür, Azərbaycan hakimiyyətinin manevr imkanları daralır. Belə vəziyyətdə biz istəmirik ki, hakimiyyəti sıxışdıraq və o da tamamilə Rusiyanın yanına keçsin.
- Azərbaycan hakimiyyətinin, sizcə, Rusiya ilə kifayət qədər yaxınlığı yoxdur? İndikindən də yaxın ola bilərlər?
- Kifayət qədər yaxınlıqları var. Amma bəzi addımlar atılmayıb və biz o addımların atılmasını istəmirik.
- Hansı addımlardan söhbət gedir?
- Məsələn, Azərbaycan hakimiyyəti hələ Putinin Avrasiya İttifaqına, Gömrük İttifaqına, KTMT-yə daxil olmayıb. Bunlara daxil olmaq Azərbaycanın müstəqilliyinin itirilməsi demək olar. Biz yolunda minlərlə şəhid verdiyimiz müstəqilliyimizin itirilməsinə səbəb olacaq addımların atılmasını istəmirik. Qarabağla bağlı danışıqlar gedir. Biz də istəmirik ki, belə bir həssas durumda hakimiyyəti sıxışdıraq və hakimiyyət özünü qoruma instinkti ilə qeyd olunan məsələlər istiqamətində addımlar atsın.
- Hesab edirsiniz ki, xalqı meydanlara toplasanız, hakimiyyətə qarşı ciddi hərəkətlənmə başlansa hakimiyyət Rusiyadan dəstək almaq üçün Avrasiya İttifaqına qoşular?
- Bəli. Hesab edirik ki, bu baş verə bilər. Bu gün hələ ki meydan çağırışı yoxdur. Amma hakimiyyət düşərgəsi də düşünməsin ki, biz xalqı meydana çağırmaq fikrindən daşınmışıq. Bu da olacaq. Bu gün isə biz Milli Strateji Düşüncə Mərkəzində hakimiyyətə islahatlarla bağlı “Yol xəritəsi” hazırlayıb göndərdik. Hakimiyyət isə qəbul etmək əvəzinə, Rusiyaya daha çox yaxınlaşır və Qərbdən uzaqlaşma xətti inkişaf etdirilir. Son bir neçə həftədir bütün hakimiyyət telekanallarında, mediasında bütün günü ABŞ-ın əleyhinə kampaniya gedir. Bütün körpülərin yanmasına gətirib çıxara bilən sərt kampaniya aparılır. Biz isə istəmirik ki, Azərbaycanla Qərb arasında bütün körpülər yansın. Qərb Azərbaycana qarşı sanksiyalar qəbul etsə, bu sanksiyaların ağır nəticələri ola bilər və həmin sanksiyaları on illərlə aradan qaldırmaq mümkün olmaz. Ortada 907-ci düzəliş nümunəsi var. Odur ki, hələ xalqı meydana səsləmək yoxdur, amma hazırlıq var.
“Vəziyyət belə davam etməyəcək...”
- Siz müxalifət adına danışdıqca Milli Strateji Düşüncə Mərkəzinin adını çəkirsiniz. Həmin qurumun üzvü olduğunuz üçünmü yalnız bu qurumun adını müxalifət kimi çəkirsiniz? Azərbaycanda real müxalifət olaraq hansı qüvvələri nəzərdə tutursunuz?
- Milli Strateji Düşüncə Mərkəzinin sədri bilirsiniz ki, İsa Qəmbərdir. Bu qurumun üzvlərinin çoxu Müsavat Partiyasındandır. Real müxalifət Milli Strateji Düşüncə Mərkəzini, Müsavat Partiyası, AXCP, KXCP, AMDP-dir. Mən real müxalifət kimi o adamları qəbul edirəm ki, Azərbaycanı məhv edən korrupsiyadan, qohumbazlıqdan, qanunsuzluqdan qurtuluş üçün çalışırlar.
- Bu ilin aprelində Qarabağ cəbhəsində 4 günlük savaşdan sonra Azərbaycanın bir addım önə çıxdığı müşahidə edilirdi. Son zamanlar isə Qarabağ məsələsində bir durğunluq hökm sürür. İndiki mərhələdə, sizcə, Azərbaycanın maraqlarına uyğun, yoxsa maraqlarımız lehinə olmayan vəziyyət yaranıb?
- Hakimiyyət düşünürdü ki, Azərbaycan xalqı işğal olunmuş torpaqlarını unudub, müharibədən qorxur. Aprel savaşının ən böyük nəticəsi o oldu ki, Azərbaycan xalqının Qarabağı yaddan çıxarmadığı, hər an torpaqlarının azad olunması üçün savaşa hazır olduğu tam sübuta yetdi. Xalqın həmin günlər nümayiş etdirdiyi mövqe, iradə hakimiyyətə də, beynəlxalq güclərə də bir mesaj, xəbərdarlıq oldu. Azərbaycan xalqı hərəkətə gəlməyə hazır olduğunu nümayiş etdirdi. Ona görə də Rusiya tez işə qarışdı. Eyni zamanda, Kreml canfəşanlıq göstərərək dünyaya mesaj verdi ki, Qarabağın açarı Rusiyadadır. Qarabağın açarının Rusiyanın əlində olması isə çox təhlükəlidir. Hər bir variantda Rusiya Dağlıq Qarabağı Azərbaycanın tərkibində görmür.
Ermənilər də bunu bildikləri üçün geriyə addım atmaq istəmirlər, arxayındırlar. Son zamanlar yaranmış vəziyyət bununla bağlıdır. Lakin vəziyyət belə davam etməyəcək. Müharibəyə çox ciddi hazırlıq gedir. Düzdür, bu gün müharibənin dəqiq vaxtını demək olmaz, ancaq hazırlıqlar gedir. Ən azı 3-4 rayonda real qələbəmiz olmalıdır ki, işğalçı masa arxasında oturmağa yalvarsın və danışıqlar masası arxasında ermənilərin özlərindən razılıq hissi aradan qalxmış olsun. Nə qədər ki, danışıqlar masası arxasında oturan erməni “bütün torpaqlar bizdədir” düşüncəsi ilə özündən razılıq hissi yaşayacaq, geriyə addım atmayacaq. Diktə edən tərəf olmağın yolu hərbi əməliyyatlarla 3-4 ciddi qələbəyə nail olmaqdır. Təəssüf ki, indi bu müşahidə olunmur. Amma bu mütləq olmalıdır.
- Cəbhə xəttində olan rayonlara gediş-gəlişiniz varmı? Döyüş bölgələri müharibəyə hazırdırmı?
- Mən iki gün öncə cəbhənin daim ən qaynar nöqtələrindən olan Tərtərdən, Goranboydan gəlmişəm. Cəbhə xəttində yaşayan əhali hər an müharibəyə hazırdır. Əhali, keçmiş döyüşçülər deyirlər ki, bu cür qeyri-müəyyən vəziyyət uzun müddət davam etməməlidir, bu işə birdəfəlik son qoymaq lazımdır. Əhali cəbhə xəttində olan hərbçilərlə də təbii ki, təmasda olur. Yerli əhalinin dediyinə görə, hərbçilərimiz də eyni mövqedədirlər. Cəbhə xəttində kifayət texnika və hazırlıq müşahidə olunur. Sadəcə olaraq burada siyasi iradə lazımdır. Xalqın dəstəyini qazanıb hərbi əməliyyatlara başlamaq gərəkdir.
- Ermənistan isə aprel savaşından sonrakı aylardan silah, texnika sarıdan güclənməsi üçün istifadə etdiyini bəyan eləyib. “İsgəndər” raketlərini belə, nümayiş etdiriblər...
- “İsgəndər” raketlərini Azərbaycanda xof yaratmaq üçün ortaya çıxardılar. Halbuki “İsgəndər” raketləri uzaq məsafəni vuran, atom silahı daşıyan raketdir. Onu Qarabağ savaşında istifadə etmək mümkün deyil. Ermənilərin “İsgəndər” raketi ilə bizə hədə-qorxu gəlməsi boş söhbətdir. Amma ermənilər Tərtər istiqamətində cəbhə xəttində çox böyük miqyaslı hərbi təlim keçirlər, apreldən əvvəlki dövrlə müqayisədə hərbi texnika, canlı qüvvənin də sayını xeyli artırıblar. Bax, bu, təhlükədir. Mən bayaq dedim ki, Azərbaycan müharibəyə hazırlaşır, ermənilər də sakit oturmayıblar, onlar da hazırlaşırlar. Ən intensiv hazırlıq isə Tərtər istiqamətində müşahidə olunur.
“Mən bu yaşımda ”Məşədi İbad" demişkən, yüz cavana dəyərəm"
- Hərbi əməliyyatlar başlansa, cəbhədə ancaq hazırda hərbi xidmətdə olanlar döyüşməlidir, yoxsa birinci Qarabağ müharibəsində olduğu kimi könüllülərdən də istifadə edilməlidir?
- Şübhəsiz ki, döyüşə hazırda hərbidə olanlarla yanaşı, birinci Qarabağ müharibəsinin iştirakçısı olan təcrübəli döyüşçülər qatılmalıdır. Hərbi səfərbərliklə ilk növbədə təcrübəli döyüşçülərin cəbhəyə getməsini təmin etmək vacibdir. İçi biz qarışıq hər bir keçmiş döyüşçü, bölgəni yaxından tanıyan təcrübəli insanlar vətən müharibəsinə cəlb olunmalıdır. Şəxsən mən bu yaşımda “Məşədi İbad” demişkən, yüz cavana dəyərəm, müharibədə öndə getməyə hazıram. Kəlbəcərin azad edilməsi üçün sevinə-sevinə ölümə də gedərəm. Azərbaycan müxalifəti artıq neçə dəfə rəsmən bəyan edib ki, əgər hərbi əməliyyatlar başlayarsa, siyasi fəaliyyətimizi dayandırmağa hazırıq.
- Əsirlikdən azad olunmalı təkcə torpaqlarımız deyil, həm də Kəlbəcərdə ata yurdlarını ziyarətə gedərkən ermənilər tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevdir. İki ildən artıqdır onları azad etmək mümkün olmur. Son günlər isə Dilqəm Əsgərovun sağlıq durumunun təhlükəli olduğu barədə xəbərlər gəlməkdədir. Azərbaycan hökuməti bu iki qəhrəman soydaşımızı azad etmək üçün təcili hansı işləri həyata keçirməlidir?
“İstəmirik ki, belə bir həssas durumda hakimiyyəti sıxışdıraq”
- Dilqəmgilin əsir götürüldüyü barədə xəbər yayılan günün səhəri mən sizin qəzetə açıqlamamda bildirmişdim ki, onların azad olunmasının yeganə yolu əməliyyat keçirib Qarabağdakı bir neçə erməni zabitini, hərbçisini əsir götürmək və dəyişmək üçün Ermənistana konkret vaxt qoymaqdır. Başqa cür Dilqəmgili almaq mümkün olmayacaq. Hətta demişdim ki, dövlət yaşıl işıq yaratsın şəxsən mən bir neçə nəfərlik dəstə ilə əməliyyat keçirib Dilqəmgillə dəyişmək üçün erməni hərbçilərini tutub gətirim. Mən bu fikrimdə hələ də qalıram. Təəssüf ki, Azərbaycan hökumətinin bu qəhrəman insanları azad etmək üçün yetərli addımları atmadığı göz önündədir.
İki ildən artıqdır düşmən əlində əsirlikdə olan Dilqəm və Şahbaz Azərbaycan əleyhinə bir kəlmə də olsun fikir bildirmədilər. Dilqəm “məhkəmədə” bəyan etdi ki, Dağlıq Qarabağ adında respublika yoxdur. Bu, hər adamın göstərə biləcəyi iradə, qəhrəmanlıq deyil. Dilqəmə, Şahbaza, rəhmətlik Həsənə Azərbaycanın Milli Qəhrəmanı adı verilməlidir. Heç olmasa onların qarşısında borcumuzun cüzi hissəsini bununla qaytarmış olarıq. Vaxt gələcək onların adları Azərbaycanın məktəblərində dərsliklərdə qəhrəmanlıq nümunəsi kimi qeyd olunacaq. Onların ailələrinə də dövlət, cəmiyyət ciddi qayğı göstərməlidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar