Xəbər lenti
Namiq Dəlidağlı yaradıcılığının bədii koordinatları və poetik xüsusiyyətləri
Məqalədə Namiq Dəlidağlı yaradıcılığının bədii koordinatları sistemli şəkildə təhlil edilərək, onun poetik xüsusiyyətləri və estetik prinsipləri müəyyənləşdirilmişdir. Tədqiqat prosesində müəllifin əsərlərində fərdi duyumla ictimai gerçəkliklərin qarşılıqlı əlaqəsi, insanın daxili aləminin psixoloji qatları, bədii ifadə vasitələrindən istifadənin əhatəliliyi və semantik çalarları elmi-nəzəri aspektdən araşdırılmışdır. Həmçinin obrazlılıq, simvolika, metaforik düşüncə, təsvir və ifadə vasitələrinin qarşılıqlı təsir xüsusiyyətləri müəyyən edilmiş və bütün bunların müəllifin fərdi üslubunun formalaşmasındakı rolu əsaslandırılmışdır.Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus poetik üslubu və fərdi bədii təfəkkürü ilə seçilən Namiq Dəlidağlı yaradıcılığı ədəbi-tənqidi baxımdan xüsusi maraq doğurur. Onun əsərlərində fərdi duyumla ictimai gerçəkliklərin vəhdəti, insanın daxili aləminin psixoloji qatları və müasir dövrün sosial-mənəvi problemləri bədii koordinatlar müstəvisində ifadəsini tapır. Bu koordinatlar şairin dünyagörüşünü, estetik prinsiplərini və bədii düşüncə istiqamətlərini müəyyənləşdirən əsas xətt kimi çıxış edir.
Namiq Dəlidağlının yaradıcılığında müşahidə olunan başlıca xüsusiyyətlərdən biri reallıqla subyektiv baxışın sintezidir. Bu xüsusiyyət onun yaradıcılığının bədii koordinatlarının formalaşmasında mühüm rol oynayır. Müəllifin şeirlərində həm xarici aləmin təsviri, həm də daxili dünyaya yönəlmiş dərin psixoloji təhlil paralel şəkildə inkişaf edir. Bu baxımdan onun əsərləri yalnız hadisələrin təsviri ilə kifayətlənmir, eyni zamanda insanın mənəvi-psixoloji vəziyyətinin çoxqatlı təqdimatına çevrilir.
Şairin dili sadə və anlaşıqlı olmaqla yanaşı, obrazlılıq və simvolika ilə də zəngindir. Bu xüsusiyyətlər onun bədii koordinatlarını daha da genişləndirərək şeirlərdə həm konkretlik, həm də ümumiləşdirmə imkanları yaradır. Nəticədə oxucu həm təqdim olunan hadisələri, həm də onların arxasında duran estetik məqamları dərk etmək imkanı qazanır.
Namiq Dəlidağlı yaradıcılığında doğma mühitin təbii, coğrafi və mənəvi xüsusiyyətlərini bədii-estetik kodlara çevirərək təqdim edir. Müəllif poetik düşüncəsini əsasən təbiət obrazarı, dağ, daş, çay və fəsil dəyişiklikləri kimi motivlər üzərində qurur. Kəlbəcər mühiti şairin poetik sistemində coğrafi məkan olmaqdan çıxır, yaddaş və mənəvi bağlılıq simvolu kimi çıxış edir. Bu məkan şairin yaradıcılığında yalnız keçmişə aid xatirələrin ifadə vasitəsi deyil, həm də insanın kimliyini, mənəvi köklərini və daxili dünyasını formalaşdıran poetik dəyər kimi təqdim olunur.
Belə bir poetik yanaşma şairin obraz yaratma prinsipini və insan amilinə yönələn bədii düşüncəsini də müəyyənləşdirir. Şairin şeirlərində müşahidə olunan xüsusiyyətlərdən biri də lirizmlə psixoloji dərinliyin vəhdətidir. Müəllif təbiət təsvirlərini insanın daxili aləmi ilə paralel şəkildə təqdim edir, bu isə emosional vəziyyətin daşıyıcısına çevrilən peyzaj yaradır. Təbiət obrazları xarici mühitin təsviri olmaqla yanaşı, lirik qəhrəmanın hiss və düşüncələrinin ifadə vasitəsi kimi çıxış edir. Beləliklə, peyzaj şeirdə psixoloji funksionallıq qazanaraq insanın mənəvi vəziyyətini əks etdirən poetik məkana çevrilir.
Bu xüsusiyyətlər şairin dil və obraz yaratma imkanlarının genişliyini də göstərir. Belə ki, Namiq Dəlidağlının şeirləri semantik qatlar, metaforik ifadə imkanları ilə də seçilir. Şairin yaradıcılığında bədii ifadə vasitələrindən istifadə şeirlərinin ideya yükünü artırır, mənanı analiz etməyə imkan yaradır. Beləliklə şairin poeziyası Kəlbəcər mühitinin bədii yaddaşını qorumaqla oxucuya estetik zövq verir, onu düşündürür, təhlil etməyə yönəldir. Bu baxımdan Namiq Dəlidağlının yaradıcılığında yaddaş, məkan və mənəvi dəyərlər yalnız mövzu elementi deyil, həm də onun poetik dünyagörüşünü formalaşdıran əsas amillər kimi çıxış edir.
Şairin bədii təfəkkürünün əsas istiqamətlərini müəyyənləşdirən mühüm göstəricilərdən biri də əsərlərinin adlandırılmasıdır. Namiq Dəlidağlı
yaradıcılığında kitab adları onun bədii düşüncə tərzinin və estetik baxışlarının mühüm göstəricisi kimi dəyər qazanır. Müəllifin yazdığı kitablara verdiyi “Otel otağından reportaj”, “Sözdə görünən adam” kimi adlar ilk baxışdan metaforik yüklə seçilərək, şairin dünyagörüşündə müşahidəçiliyin, daxili tənhalığın və insana münasibətin ön planda olduğunu göstərir. Bu adlarda reallıqla obrazlı təfəkkür bir-birinə qarışır. “Otel otağı” şairin məhrəm məkanı, təcrid olunmuş mövqeyi, “reportaj” isə hadisələrə kənardan baxışını ifadə edirsə, “sözdə görünən adam” ifadəsi insanın söz vasitəsilə var olmasını, dilin bədii gücü ilə formalaşan obrazını ön plana çıxarır.
Beləliklə, bu adlar müəllif yaradıcılığının əsas ideya-estetik istiqamətlərini simvolik şəkildə ümumiləşdirir, əsərlərin məzmununa və poetik konsepsiyasına açar rolunu oynayır. Kitab adları yalnız zahiri başlıq funksiyası daşımır, eyni zamanda şairin dünyagörüşünü, insan və söz anlayışına münasibətini ifadə edən semantik işarələr kimi çıxış edir.
“Sözdə görünən adam” ifadəsi sadəcə poetik bir ad deyil, bu fikir insanın öz varlığını, düşüncəsini və mənəvi simasını söz vasitəsilə görünən etməsi anlamına gəlir. Xüsusilə şair üçün “görünmək” fiziki mövcudluqdan daha çox, məhz sözlə tanınmaq, sözlə yaşamaq və sözlə yadda qalmaq deməkdir.
Namiq Dəlidağlı timsalında “sözdə görünmək” şairin yaradıcılığı ilə cəmiyyət arasında qurduğu mənəvi körpünün ifadəsidir. O, oxucu mövqeyi, düşüncə tərzi, vətəndaş məsuliyyəti olan bir şəxsiyyət kimi üzə çıxır. Onun kimliyi yazdığı misralarda, toxunduğu mövzularda aydın görünür. Şair sözün içində özünü gizlətmir, o, söz vasitəsilə dünyaya meydan oxumağa çalışır.
Əslində, “Sözdə görünən adam” anlayışı burada başqa bir məna da qazanır, təkcə şair sözdə görünmür, onun haqqında yazanlar da söz vasitəsilə görünürlər.
Söz insanın yaratdığı ən qədim və ən qüdrətli varlıq formalarından biri, ünsiyyət vasitəsi, düşüncənin bədəni, ruhun səsi, yaddaşın daşıyıcısıdır. Söz həm də məsuliyyətdir. Çünki deyilən hər fikir artıq mövcudluq qazanır. O, eşidiləndə təsir göstərir, yazılanda qalıcı olur. Yazılmış söz nəsilləri aşır, müəllifindən sonra da yaşayır. Deməli, söz yaddaşın ömrünü uzadır. Bu baxımdan Namiq Dəlidağlı yaradıcılığında söz anlayışı bədii ifadə vasitəsindən daha geniş məna qazanaraq insan varlığının və mənəvi davamlılığın əsas göstəricisinə çevrilir. Söz burada yalnız keçmişi qoruyan yaddaş vasitəsi deyil, həm də insanın daxili dünyasını, mənəvi mövqeyini və zaman qarşısındakı varlığını təsdiq edən poetik qüvvə kimi çıxış edir.
Bütün bunlarla yanaşı, söz daxili həqiqətin aynası, şəxsiyyətin görünən tərəfidir. İnsan susanda gizlənə bilər, lakin danışanda və yazanda öz mənəvi mahiyyətini üzə çıxarır. Elə buna görə də Namiq Dəlidağlı yaradıcılığında söz insanın daxili aləmini, mənəvi məsuliyyətini ifadə edən əsas poetik dəyər kimi təqdim olunur. Bu poetik konsepsiyada söz sükutla tamamlanır, düşüncə, məsuliyyət və əbədilikdə gizlənir. Çünki dərin söz həmişə düşüncədən doğur, düşüncə isə sükutun içində yetişir. Məhz bu baxımdan şair üçün söz yalnız ifadə vasitəsi deyil, həm də taleyi, yaddaşı və mənəvi yükü özündə daşıyan poetik varlıqdır. Bu poetik konsepsiya onun ayrı-ayrı misralarında müxtəlif metaforik obrazlarla konkretlşir.
Şair şeirlərindən birində “Torpağa bir tabut söz basdırdılar” yazır.
Torpağa bir tabut söz basdırdılar...
indi kəpənəklər sözə qonacaq,
arılar şirəsin sözdən çəkəcək.
ürəkdən çəkəcək, gözdən çəkəcək.
Bu məzar söz adlı bar gətirəcək,
çiçək bitirəcək, gül bitirəcək...
Burda "göyərəcək, hər kəlmə, hər söz".
Bu misralar ölüm semantikasını ortaya qoyur və sözün tabutla eyniləşdirilməsi onun susdurulması, yox edilməsinə yönələn cəhdi ifadə edir. Bununla yanaşı, torpaq obrazı həmin sözün yaddaşda və zamanın dərin qatlarında yaşamaq potensialını da qoruyub saxlayır. “Tabut”, “basdırmaq” leksik vahidləri ölüm məhvumunu ifadə edir. Maraqlısı budur ki, burada basdırlan fiziki cisim deyil, “söz”dür. Şairin qələmində söz maddi varlığa çevrilir. Şeirin davamında “basdırılma”nın əslində son yox, başlanğıc olduğu görünür. Çünki şeirin sonrakı inkişafında sözün mahiyyətini dəyişərək yeni formaya düşdüyünü, “ölüm-dirilmə” modelinə çevrildiyini görürük.
Bu transformasiyada söz, bir növ, torpağa basdırılan toxum funksiyası daşıyır. “Kəpənəklərin sözə qonması”, “arıların şirəsini sözdən çəkməsi”, “bar gətirməsi”, “çiçək, gül bitirməsi”, “kəlmənin, sözün göyərməsi” ifadələri isə təbiətin semantikasını yaradır. Maraqlı gedişlərlə söz toxuma, məzar torpağa, şeir isə məhsula çevrilir. Məhz bu semantik çevrilmə məzar obrazının ənənəvi məna yükünü dəyişdirərək ona yeni poetik funksiya qazandırır.
Burada diqqət cəlb edən əsas məqam məzarın “cücərməsi”, “bar gətirməsi”dir. Bu düşüncə adi məntiqə ziddir. Məzar ənənəvi təsəvvürdə sonluğun, sükutun və boşluğun rəmzi olsa da, şair bu semantikanı dəyişdirərək onu məhsuldar məkana çevirir. Beləliklə, məzar yalnız ölümü deyil, sözün yenidən doğuluşunu və mənəvi davamlılığını ifadə edən poetik obrazı ifadə edir. Bu məhsuldarlıq ideyası təbiətə məxsus digər obrazlarla da tamamlanır.
Arıların şirə çəkməsi metaforası sözün həyatverici və qidalandırıcı mahiyyətini daha da dərinləşdirir. Bu metafora vasitəsilə şair sözün emosional və idraki qida mənbəyi olduğunu, onun insanın hisslərini və şüurunu mayalandıraraq yeni düşüncə və mənalar yaratdığını göstərir. Beləliklə, söz artıq yalnız ifadə vasitəsi deyil, daim yenilənən, ətrafına həyat və məna bəxş edən canlı bir başlanğıc kimi mənalandırılır.
Bu poetik məntiqin davamı olaraq şairin modelində söz torpağa basdırılsa belə, enerjisini itirməyən, əksinə, zaman keçdikcə mənəvi məhsuldarlığa çevrilən, yaddaşı və gələcəyi simvolizə edən bir toxum kimi təqdim olunur. O, susqunluq və unudulma qatları altında belə öz yaşamaq gücünü qoruyur, münasib şərait yarandıqda yenidən cücərərək mənəvi dəyərlərin, milli yaddaşın və bədii təfəkkürün davamlılığını təmin edir. Sözün bu şəkildə həyatın, zamanın və insan taleyinin daşıyıcısına çevrilməsi şairin digər poetik nümunələrində də fərqli metaforik nümunələrlə davam etdirilir.
Namiq Dəlidağlı yaradıcılığında “Payız nağılı” şeiri bu baxımdan xüsusilə maraqlıdır.
Yavaş-yavaş çəkilir
arılar öz "evi"nə.
Payız "soğan doğrayır"
kəpənəyin kefinə.
Şeirdə gözlənilməz obrazların və canlı təbiət səhnələrinin insanvari davranışlarla verilməsi diqqətçəkicidir. Müəllif mövsüm keçidinin canlı aləmə təsirini poetik dillə yumor qarışıq şəkildə təqdim edir. Payız dəyişikliyə nəzarət edən güc kimi təqdim olunur. “Arıların öz evinə çəkilməsi”, “payızın kəpənəyin kefinə soğan doğraması” metaforaları poetik qeyri-adilik yaradır.
"Kefinə soğan doğramaq" frazeoloji birləşməsinin şeirə gətirilməsi isə müəllifin xalq danışıq dilinin ifadə imkanlarından məqsədyönlü şəkildə istifadə etdiyini göstərir. Gündəlik ünsiyyətdə istifadə olunan bu ifadə şeirdə emosional təsiri gücləndirir, obrazlılığı artırır və şeirin təbii danışıq intonasiyası qazanmasına xidmət edir. Frazeoloji birləşmə yalnız məcazi məna daşımır, həm də lirik qəhrəmanın psixoloji vəziyyətini, narahatlığını və daxili gərginliyini yığcam və təsirli şəkildə ifadə edir. Belə ifadələrin poetik nümunəyə daxil edilməsi şeiri oxucuya yaxınlaşdırır, milli dil təfəkkürünü və folklor ənənəsini onun daxilində yaşadır. Şeirdə təbiət obrazlarının təqdimatında da canlı danışıq intonasiyası və insan davranışına yaxın təsvir üsulu diqqəti cəlb edir.
Yarpaqlar veyillənir
tinində küçələrin.
Payız ömrü uzanır
bu qərib gecələrin.
misralarında “veyillənmək” feilinin seçilməsi yarpaqların sadəcə küləyin təsirindən hərəkət etməsini xarakterizə etmir, onların məqsədsiz, kədərli və düşüncəli bir varlıq təsəvvürü yaratmasını rəmzləşdirir. Diqqətli oxucuya görə, bu misralar poetik baxımdan payız ovqatının, tənhalıq və qəriblik hissinin simvolik ifadəsidir. Şeirdə payız yalnız ilin fəsli olmaqdan çıxır, insanın daxili aləminin metaforası kimi canlandırılır. Bu metafora zamanın ağır keçməsini, mənəvi yorğunluğu, ruh düşkünlüyünü və daxili tənhalığı simvollaşdırır. Payızın yaratdığı solğunluq, saralma və səssizlik ovqatı isə lirik qəhrəmanın psixoloji vəziyyəti ilə eyniləşdirilərək emosional yükü daha da dərinləşdirir. Beləliklə, payız obrazı öz əsl mahiyyətindən çıxaraq insanın zaman qarşısındakı hisslərini və daxili yorğunluğunu, tükənmişliyini simvolizə edən poetik işarəyə çevrilir.
Şeir ümumilikdə paralel struktura malikdir, şair sadə, qısa cümlələr, lakin yüklü obrazların köməyi ilə payız mənzərəsinin emosional təsirini artıraraq oxucuda dərin düşüncə və duyğu təəssüratı formalaşdırır.
Namiq Dəlidağlı yaradıcılığının təhlili göstərir ki, onun əsərlərində obrazlılıq, simvolika, metaforik düşüncə, eləcə də təsvir və ifadə vasitələri vahid estetik strukturun elementləri kimi qarşılıqlı əlaqədə çıxış edir. Bu elementlər şeirin bədii gücünü artırır, ideya-məzmun qatının dərinləşməsini təmin edir.
Beləliklə, Namiq Dəlidağlı yaradıcılığı Azərbaycan ədəbiyyatının ümumi inkişaf tendensiyaları kontekstində müasir mərhələnin əsas xüsusiyyətlərini əks etdirən ədəbi nümunələr sırasında dəyərləndirilə bilər. Onun əsərlərində müşahidə olunan fərdi üslub, psixoloji təsvir və metaforik ifadə tərzi müstəqillik dövrü Azərbaycan ədəbiyyatında güclənən subyektivlik və müəllif azadlığı tendensiyası ilə səsləşir.(Yazici.az)
Reyhan Mənəfova
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































