Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Filiallar şəhəri"nə çevrilmiş Mingəçevir

Tarix: 09-02-2022 13:46     Baxış: 22 031 A- / A+
İcra başçısı İlham İsmayılovun mərkəzi hakimiyyət qarşısında nüfuzunun aşağı olması üzündən şəhər bu hala düşüb
Mingəçevir Azərbaycanın qiymətli qaşıdır desək, yanılmarıq. Şəhərə gözəllik verən isə heç şübhəsiz Kür çayının şəhərin tən ortasından keçməsidir.
Lakin belə bir deyim var, Allah birini verəndə, birini alır. Şəhər hər nə qədər gözəl, zəngin təbii resurslara və əlverişli coğrafi məkana, intellektual potensiala malik olsa da, sahibsizdir. Bu fikirlərlə yolu cəmi bir dəfə də olsun Mingəçevirə düşmüş, bu şəhərdə qısa müddətə belə müsafir olmuş hər kəs razılaşar. Bu, keçmiş ittifaq dönəmində də belə olub, bu gün də belədir.
Çox təəssüf ki, şəhərin icra başçısı sarıdan bəxti gətirməyib. Son 3 il yarımda isə bu özünü daha açıq-aydın büruzə verib.
Qeyd edək ki, Mingəçevir şəhər İcra Hakimiyyətinə İlham İsmayılov başçılıq edir. Onun ölkə başçısının 17 dekabr 2018-ci il tarixli sərəncamı ilə bu posta təyin olunması həmin vaxt yerli əhali arasında çaşqınlıqla qarşılanmışdı. Vaxtilə komsomolun 1-ci katibi, eləcə də icra hakimiyyətində İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri, 2008-ildən ta başçı təyin olunanacan Mingəçevir şəhər İH başçısının 1-ci müavini vəzifələrində çalışmasına baxmayaraq İ.İsmayılovun idarəetmə təcrübəsinə şübhə edənlər kifayət qədər idi. Və zaman bu cür düşünənlərin haqlı olduğunu sübut etdi. Ətrafdakılarda Yeni Azərbaycan Partiyasının şəhərdə aparıcı ideolqu imici yaratmış (İ.İsmayılov uzun illərdir YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavinidir – A.) İ.İsmayılov təyinatının ilk günündən ta məlum pandemiyayadək yalnız iclasbazlığıyla yadda qalıb. Təsadüfi deyil ki, az qala həftənin 5 iş gününü də iclaslara həsr edən İ.İsmayılov sakinlərə quru vədlər verən, insanları iş-gücdən ayırıb mühazirələr oxuyan “iclasbaz başçı” kimi ad çıxarıb. Sakinlərin bir problemini belə həll etməyən başçı bir balaca çətinə düşən kimi “bu, icra hakimiyyətinin səlahiyyətlərinə aid deyil” deməklə onları yola verib.
Maraqlıdır ki, vətəndaşların işlə bağlı müraciətlərinə icra başçısı bir qayda olaraq ya məşğulluq mərkəzinə müraciət edib qeydiyyata durmağı tövsiyə edir, ya da ən yaxşı halda ölkə başçısı İlham Əliyevin problemin köklü şəkildə həll edilməsi ilə bağlı müvafiq göstəriş verdiyini, Prezidentin göstərişinə əsasən, yaxın vaxtlarda (nə sirdirsə bu “yaxın vaxtlar” 4 ilə yaxındır ki, gəlib çıxmaq bilmir) şəhərdə 4 yeni fabrikin tikilib istifadəyə veriləcəyini, bundan sonra işsizlik problemin tamamilə aradan qalxacağını deyir. Təbii ki, övladı “ASAN Xidmət” Mərkəzində yaxşı vəzifədə işləyən bir şəxs üçün bunları söyləmək çox asandır.
Bir sözlə, ötən dövr ərzində mingəçevirlilər iş, çörək ümidindəykən icra başçısı boş vədlərlə, ona ünvanlan iradları, haqqında mediada yazılanları təkzib etməklə məşğul olub.


İş məsələsini nahaq xatırlatmadıq. Dövlət Statistika Komitəsinin 2021-ci ilin sonlarında ölkə üzrə açıqladığı işsizlik göstəricisi 7.2 faiz olub. İşsizliyi ayrı-ayrı rayon və şəhərlər üzrə gözdən keçirərkən aydın olur ki, ölkədə işsizlik səviyyəsinin ən yüksək olduğu region ölkənin 4-cü böyük şəhəri Mingəçevirdədir. Bu şəhərdə işsizlik göstəricisi ölkə ortalamasından, az qala, iki dəfə çox – 13.6 faiz olub.
Mingəçevirdə son 3 il yarımda yaşananlar, İlham İsmayılovun icra başçısı kimi fəaliyyət(sizliy)i haqqında hazırladığımız geniş reportajla oxucuları yaxın günlərdə tanış edəcəyik. Hələlik isə keçək yazının başlığına çıxardığımız və heç də az əhəmiyyət kəsb etməyən məsələyə.
Ölkə başçısı 30 dekabr 2019-cu il tarixdə “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Fərmanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin yaradılmasıyla bağlı bənd də yer alıırdı. Həmin Fərmandan qısa müddət sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə 78 şəhər və rayon üzrə Məşğulluq Mərkəzləri ləğv olunaraq 22 ərazi üzrə yeni qurum yaradıldı. Yeni yaradılmış 22 yeni qurumdan biri də 20
saylı Ərazi Məşğulluq Mərkəzi idi. Goranboyda yerləşən həmin Məşğulluq Mərkəzinin əhatə dairəsi Mingəçevir şəhəri, Yevlax və Xocalı rayonları müəyyən edildi. Başqa sözlə, cənab S.Babayev və rəhbərlik etdiyi Nazirlik heç bir əsaslandırma olmadan bu Mərkəzin ölkənin 4-cü böyük şəhəri hesab olunan Mingəçevirdə deyil, Goranboy rayonunda yerləşməsinə üstünlük verdi.
Maraqlıdır ki, bu, son bir neçə ildə Mingəçevirlə bağlı ilk belə hal deyildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq Mərkəzi Goranboyda, Regional Mədəniyyət İdarəsi Bərdədə, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi, 6 saylı Regional Maliyyə Müfəttişliyi, DSMF-nın 17 saylı Regional Ərazi Filialı, Regional Təhsil İdarəsi, “Aztelekom” MMC-nin “ARAN Regional Filialı”, Mərkəzi Bankın Ehtiyat Mərkəzi Yevlaxda, Regional Mərkəzi isə Gəncədə fəaliyyət göstərir. Bu gün Mingəçevirdə fəaliyyət göstərən tək regional mərkəz – 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsidir. Hansı ki, coğrafi baxımdan bu idarənin Mingəçevirdə yerləşməsinin elə bir önəmi yoxdur.
Bir maraqlı faktı da xatırladaq ki, 2018-ci ildə Mingəçevirdə "ASAN Xidmət" Mərkəzi istifadəyə verilənədək şəhər sakinləri ümumvətəndaş pasportu almaq üçün Şəki şəhərinə üz tutmalı olurdular. Əgər “ASAN Xidmət”də də regionallaşma siyasəti olsaydı böyük ehtimalla regional Xidmət Mingəçevirdə olmazdı.
Bütün bu sadalananların kökündə isə heç şübhəsiz şəhərə rəhbərlik edən İlham İsmayılovun və 2000-ci ildən bu günədək Milli Məclisdə “lövbər salmış” Aydın Mirzəzadənin mərkəzi hakimiyyət qarşısında nüfuzlarının aşağı olması durur.
Bir daha qeyd edək ki, SSRİ dağılanda ölkədə ən böyük zərbəni alan şəhərlərdən biri(ncisi) “fəhlə şəhəri” hesab edilən Mingəçevir olub. Bu şəhərin camaatının dolanışığı istehsaldan çıxıb. İndiki məqamda işsizliyin tüğyan elədiyi, heç bir tikintinin aparılmadığı, zavod və fabriklərin sıradan çıx(arıl)dığı bu şəhərdə insanların əsas qazanc mənbəyi ticarətdir. Ticarətlə isə heç də hər kəs məşğul ola bilmir. Belə bir vəziyyətdə mərkəzi hakimiyyətin yerli şöbələrinin gəliri məhdud olan şəhərə yox, digər inzibati ərazi vahidlərinə köçürülməsi, yerli icra hakimiyyətinin isə buna seyrçi qalması anlaşılmazdır.

Azər Tağızadə

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar