Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qanlı cib dəftərçəsi - Ötərxan Eltac yazır

Tarix: 29-12-2021 17:35     Baxış: 2734 A- / A+
2001-ci ildə Xızı rayonunun Giləzi kəndində göz açdı dünyaya Alik Şakir oğlu İsayev. Ayaq tutub yeridikcə diribaşlığı, təpəri, cəsarəti ilə tay-tuşlarından fərqləndi. Doğulduğu kənddə şəhid Rafiq İsmayılov adına orta məktəbi oxuduğu illərdə idmanın müxtəlif növləri ilə məşğul oldu.
Böyüdükcə ya idmançı, ya da hərbçi olacağını qətiləşdirdi. Xüsusi Təyinatlıların tərkibində xidmət keçmək onun ən böyük arzusuna çevrildi.
Qorxubilməz, sədaqətli, güvənli və etibarlı bir oğul idi. Nümunəvi davranışı, ədəb-ərkanı ilə müəllim və şagird kollektivinin böyük hörmətini qazanmışdı. Tarix fənnini daha çox oxuyur, müəllimlərini və valideynlərini tez-tez sorğu-sual edir, 20 Yanvar qırğını, Xocalı soyqırımı, Qaradağlı, Ballı qaya, Meşəli hadisələrini təfərrüatı ilə öyrənməyə çalışırıdı. Öyrəndikcə düşmənə qarşı nifrəti artırdı Alikin. Hərdən alnına qara lent bağlayıb “Qarabağ!” – deyə hayqırır, hərdən də vətən sevdalı mahnıları kiçicik səsi ilə havalandırmağa çalışırdı. Deyilənə görə, şirin və həzin avazı vardı Alikin.
Nəhayət, orta məktəbi başa vuran kimi çağırış vərəqi qapını döydü. O gün Alikin sevinci, fərəhi yerə-göyə sığmırdı. Atası demişkən, sanki toya-şənliyə gedirdi Alik. Alik hələ dördüncü, beşinci sinifdə oxuyarkən tez-tez işlətdiyi bir ifadə də varmış: “Siz həmişə mənimlə fəxr edəcəksiniz!” Deməli, Alik ömrünün çiçək çağında baş verəcək hadisələri qəlbinin gözü ilə görürmüş. Və o amansız gün üçün özünü hazırlayırmış...
Cəsarəti ilə qəhrəmanlıq tarixi yazan Alikin döyüş yolunu vərəqləmək üçün valideynləri ilə görüşməyi qərara aldım. Şakir bəy və Mehparə xanımla olan söhbətimizi nöqtə-vergülünə toxunmadan sizə çatdırmağı qərara aldım, istəkli oxucular!




-Şakir bəy və Mehparə xanım, sizi xoş gördük.
-Xoş gördük!
-Şakir bəy, müharibənin nə demək olduğunu gözəl bilirik. Qan, qada, dəhşət... Müharibə sözünün ruhunda həm də bir xof, bir vahimə var. Müharibə insanları yurd-yuvasından perik, didərgin salır, insanları aclığa, səfalətə düçar eləyir müharibə. Hətta dövlətləri iqtisadi, siyasi, həm də hərbi cəhətdən tamamilə çökdürür və yaxud əksinə. Amma biz bu müharibəyə getməli idik. Çünki bu müharibə bizim üçün müqəddəs müharibə idi. Bilirsiz ki, torpaqlarımızın bir qismi illərdən bəri namərd düşmən tərəfindən işğala məruz qalmışdı. O düşmən ki, cənnətməkan diyarımızda onlara yer verdik, süfrə açdıq, bir müddətdən sonra özününküləşdirməyə çalışdılar. Hətta bizi isti ocağımızdan didərgin saldılar. Bəlli bir zaman ərzində bunu bacardılar, təbii ki, himayədarlarının köməyi ilə. Amma bu torpaqdan boy atan oğullar öz torpağına sahib olmalı idi. Bunu düşmən də gözəl bilirdi. Bilirdilər ki, haçansa bu yurdun oğulları ayağa qalxacaq, işğal olunmuş torpaqları düşməndən təmizləyəcək. Və nə yaxşı ki, bu xoşbəxtliyi övladlarımız bizə bəxş etdilər.
Şakir bəy, bir zaman atanız Alik də Qarabağ savaşında silaha sarılıb torpaqlarımızın qorunmasında, düşməndən təmizlənməsində yaxından iştirak etdi, neçə-neçə döyüşlərdən keçdi. İllər sonra dünyaya göz açan övladınızın da adını Alik qoydunuz. Alik atasından, babasından, müəllimlərindən ibrət götürərək böyüdü. Vətənin, vətənpərvərliyin nə olduğunu anlaya-anlaya həddi-büluğa çatdı. Və bir zaman Xüsusi Təyinatlıların tərkibində Azərbaycan torpaqlarını namərd düşməndən təmizləmək üçün qarşısına məqsəd qoydu. Az sonra Alik həqiqi hərbi xidmətə çağrıldı. Bir ata üçün nə qədər çətin və ağır olsa da, gəlin o günləri xatırlayaq?

-O gün məclis qurulmuşdu həyətdə, kök bir dana kəsmişdik, az qala kəndin hamısı yığışmışdı süfrə başına. Bir çal-oynasın vardı ki, kənardan baxan toy olduğunu zənn edərdi. Alikin sevinci yerə-göyə sığmırdı. Hətta Xüsusi Təyinatlıların hərbi libasını geymişdi, elə yaraşırdı ki... Elə bil neçə ilin zabiti idi, çox qürurlu və əzəmətli görünürdü. Onun ifrat sevinci məni də heyrətə salmışdı, insan hərbi xidmət üçün nə qədər sevinərmiş, İlahi! Elə bil Alikin ən şah arzusu idi ki, böyüyüb xidmətə yollansın. Bax beləcə, deyə-gülə yola düşdü Alik.
Alik Gəncədə “N”saylı hərbi hissədə bir müddət xidmət keçdi. Qısa zamanda diribaşlığı, cəsarəti ilə komandanlığın rəğbətini qazandı. İdmana olan marağı və qorxubilməzliyi nəzərə alınaraq, Xüsusi Təyinatlılar Qrupuna seçildi. Necə demişlər: “Qismətin hara mənzilin ora”.
-O, hərbi xidmətə yola düşəndə 2018-ci il idi. Ata səbirsizliklə gözləyirdi ki, oğlu xidmətini kişi kimi başa vurub evə dönəcək. Gözlərimiz önündə baş verən Aprel zəfəri, Günnüt uğuru və nəhayət, Tovuz hadisələri Zəfər yolumuzu yaxınlaşdırmqda idi. Alikin də daxil olduğu kəşfiyyat dəstəsi Tovuz istiqamətində əməliyyatlara qoşulmuşdu. Baş verənləri dilə gətirmək çətin olsa da, yaddaşınızı vərəqləyək bir az.
-Tovuz döyüşlərindən on gün qabaq idi ki, Alikə zəng çatmırdı. Dəfələrlə əlaqə saxlamağa çalışsaq da, bir nəticə vermirdi. Silahdaşlarına, hətta komandirinə də zəng etdim, yenə də cavab alammadım. Sonradan məlum oldu ki, döyüş ərəfəsində ən qanlı və təhlükəli nöqtədə - vəzifə başında imişlər. Düz on altı gündən sonra özü zəng elədi.
-Yəni döyüş başa çatandan sonra?
-Bəli, zəng elədi ki, ata, narahat olmayın, İsmayıllı tərəfdə poliqonda idik. Telefonun batareyası qurtardığı üçün əlaqə saxlaya bilmədim. Halbuki döyüşdə olduğunu yaxşı bilirdim, narahatlıq olmasın deyə gizli saxlayırdı.
-Mehparə ana, doğrudan da şəhidlik uca bir məqamdır və hər oğul da o zirvəyə yüksələ bilmir. Nə qədər ağrılı-acılı olsa da, analar bu hissləri hər kəsdən yaxşı duyur, yaxşı dərk eləyir. Az öncə onun mərdliyindən, cəsarətindən, sözübütövlüyündən, ailəcanlılığından, anaya, ataya, qardaş-bacıya sevgisindən qürurla danışdınız və elə baxışınızdakı o qürur, o əzəmət də həqiqətən də bir daha təsdiqləyir ki, Alik cəsarəti ilə bir ibrət dərsi, örnək məktəbi keçib. O ibrəti və örnəyi də sizdən alıb...
-Oğlum haqqında o qədər danışılası sözüm var ki, dastanlara sığmaz. Onun qoçaqlığından, igidliyindən o qədər danışaram ki... Əslində, mən oğluma baxanda “paxıllığım tutur”, deyirəm həqiqətənmi bizim böyütdüyümüz oğuldu?! “Görünən köyə nə bələdçi?” deyirlər, mənim oğlum kiçik yaşlarından öz qanı ilə tarix yazdı, əsrlər, qərinələr yetməz onun kimi igid oğullardan danışmağa. Fəxr edirəm ki, belə bir oğul anasıyam (göz yaşlarını saxlaya bilmir). Döyüşlər zamanı mən çox soyuqqanlı olmuşam əslində. Qonum-qonşu mənə irad tuturdu ki, sən necə soyuqqanlısan?! Deyirdim ki, şəhidsiz Vətən olmaz. Sabah Alik gəlsə o biri qardaşını göndərəcəyəm. Arada xəbər yayıldı ki, atəşkəs olacaq. O qədər narahat oldum ki... Niyə müharibə dayanmalı, niyə atəşkəs olmaldır?! Birdəfəlik son qoymaq lazımdır müharibəyə, deyə etirazımı bildirirdim. “Sən necə anasan?” deyə məni qınayanlar da az olmurdu. Hər gün neçə-neçə şəhid gəlir, evlərdən ah-nalə yüksəlir göyə, sən hələ də soyuqqanlısan. Yenə də “Şəhidsiz Vətən olmaz” deyib əsgərlərimizə dualar oxuyurdum. Elə oğlum da sübut elədi ki, həqiqətən də “Şəhidsiz Vətən olmur”.
-Şakir bəy, az öncə qeyd etdik ki, Alik Xüsusi Təyinatlıların tərkibində döyüşürdü. Ona görə də harada olduğundan heç kəsin xəbəri olmurdu. 2020-ci il 27 sentyabr günündən üç gün sonra Alik hərbi xidmətdən tərxis olunmalı idi. Amma sizə zəng elədi ki, “ata, narahat olmayın, bir az gecikməli olacağıq!” Daha nələri dedi?
-Dedi ki, narahat olmayın, hər şey yaxşı olacaq. Ola bilər ki, zəng çatmasın, yenə də narahat olmayın, imkan tapan kimi sizi yığacağam.
-Müharibənin başlayacağı günü dedimi?
-Yox!
-İstəmədi ki, valideynləri narahat olsun.
-Bəli, sentyabrın 24-də zəng eləmişdi. Dağa gedəcəklərini dedi. Onu da dedi ki, 15-20 gün zəng etməyəcək. Müharibə başlayan gün harada olduğundan belə xəbərsiz idik. Noyabrın 16-da görüntülü zəng elədi. Hiss etdim ki, xeyli zəifləyib. Hər tərəf meşəlik idi, atışma səsləri gəlirdi. Harada olduğunu soruşdum, poliqonda olduğunu söylədi. Bəs niyə o tərəf, bu tərəfə boylanırsan tez-tez? Əsgərlərə nəzarət eləyirəm, narahat olma, hər şey yaxşıdır, dedi.
-Amma özünüz yaxşı bilirsiniz ki, neçə gündür cəbhə xəttində vəziyyət gərgindir.
-Bəli, hərtərəfli qızğın döyüşlər gedirdi. Səhv eləmirəmsə, həmin vaxtı Cəbrayılda idilər. Qısa danışdıqdan sonra sağollaşdıq.
-Kəlbəcər istiqamətində ağır döyüşlər gedirdi. Xüsusi Təyinatlıların bir qrupu da Murovun azad olunması üçün o istiqamətə göndərilmişdi. Murov strateji bir nöqtə olduğu üçün ermənilər xeyli silah-sursat və canlı qüvvə cəmləmişdi ora. Həmin yüksəkliyə nəzarət edən tərəf qarşı tərəfin hərəkətinə də nəzarət etmiş olurdu. Ona görə də ordumuz öncə Murov istiqamətində irəliləməyə çalışdı. Alikin daxil olduğu dəstə də o döyüşlərin mərkəzində idi. Hətta onların mühasirəyə düşdüyü anları xatırlayanlar da var.
-O gün Natiq Verdiyevin daxil olduğu kəşfiyat dəstəsi sağ cinah, Alikin dəstəsi isə sol cinah üzrə hərəkət edir. Artilleriya hücumundan sonra sarsılan düşmən Murov istiqamətində geri çəkilməyə məvbur olur. Bütün bunlara baxmayaraq, yüksəklik tamamilə düşməndən təmizlənir və ay-ulduzlu bayrağımız asimanı öz rənginə bələyir. 28 ildən sonra Murovda azan səsi eşidilir, Natiq Verdiyevin məlahətli səsi sanki dağları-daşları lərzəyə gətirir. Torpaq sevdalı oğullar ilahi kəlmələrdən ruhlanaraq daha da irəli atılırlar. Az sonra qorxmazlığı və düşmənə nifrəti ilə seçilən Natiq Verdiyev namərd gülləsinə tuş gəlir.
Digər istiqamətdə irəliləyən dəstə isə düşmən mühasirəsinə düşür. Ağır texnika və saysız-hesabsız canlı qüvvəyə sahib olan düşmən mühasirəni daraltmaqla, hər kəsin sonuna çıxmağa çalışır. İki gün göstərilən dirəniş nəticə vermədiyi üçün Alik bir neçə nəfərlə gizli-yollarla zülmətin bağrını yarıb düşmənin arxasına keçə bilir. Alik təyin olunan nöqtəyə çatandan sonra əsl həngamə başlayır. Qorxuya düşən düşmən mühasirəyə düşdüklərini zənn edib qaçmağa çalışır. Komandir daxildən, Alik isə arxadan düşmənə elə bir zərbə vururlar ki, leş-leşə söykənir. Xüsusi Təyinatlılarımızın diribaşlığı və taktiki gedişi nəticəsində heç bir itki vermədən üç günlük mühasirədən qurtula bilirlər.
-Kəlbəcər istiqamətindəki ildırımsürətli döyüş Murovu, Ömər aşırımını, Suqovuşanı bizə qaytardıqdan sonra Alikin də daxil olduğu dəstə Füzuli və
Cəbrayıl istiqamətində baş verən döyüşlərə qatıldı. Orada nələrin baş verdiyini xatırlayaq?

-Kəşfiyyat dəstəsi düşmənin içərisinə sızmaq üçün qarış-qarış, addım-addım irəliləməyə çalışır, gecə-gündüz demədən ac-susuz sürünürdü. Artıq dörd gün idi ki, kimsənin dilinə su dəymirdi. Yarpaq üzərindəki şehi dodaqlarına sürtsələr də susuzluğu yatırmırdı. Amma fərqinə varmadan irəliləyirdilər. Amma deyəsən duyuq düşmüşdü mənfur düşmən. Yoxsa pərakəndə halda hər tərəfi gülləbaran etməzdilər. Heç bir qarşılıq vermədən irəliləyən canavar oğular hiyləgər tülkülərin yuvasının ağzına çatdıqdan sonra vurçatlasın qopdu.
O gecə düşmənin xeyli canlı qüvvəsi məhv edildi, o gecə xeyli ağır texnika sıradan çıxarıldı. O gecə düşmən tutduğu mövqedən birdəfəlik geri çəkildi. Köməkçi dəstə gələndən sonra Alik istirahət etmək üçün silahdaşları ilə yüksəklikdən aşağı endi. Qarşıda xeyli insan toplaşmışdı. Yəqin növbəti əməliyyat üçün hazırlıq gedir, - düşündü Alik. Amma yox, əsgərlərimiz 60-70 nəfərlik bir dəstəni əsir götürmüşdülər.
-Hara aparırsınız bu alçaqları? - Alik dilləndi.
-Qərargaha!
-Siz nə danışırsınız, bir gün öncə neçə-neçə şəhid vermişik, neçə-neçə canavar oğul yaralanıb, neçə ananın gözü yaşlı qalıb, neçə qızın barmaqları xınalı qalıb, siz bunları hara aparırsınız?! Qətiyyən olmaz, bunları yerindəcə gəbərtmək lazımdır. Xocalını göz önünə gətirin, hələ başqa qırğınları demirəm. Bircə nəfərə aman verdilərmi?! Yox! Bircə nəfəri işğəncə vermədən öldürdülərmi?! Yox! Elə isə bunların gəbərtmək lazımdır deyib az qala özündən ağır silahını sinəsinə dayadı. Silahdaşları da onun kimi... Bir qədər sonra leş-leşə söykənmişdi.
Alikin cib dəftərçəsi vardı. Döyüşü əvvəldən axıra qədər təfərrüatı ilə qeyd edər, şəxsən məhv etdiyi ağır texnika və canlı qüvvəni bircə-bircə dəftərçəyə köçürərdi. 141 nəfər erməni silahlısının gəbərdilməsi, 2 yük maşını, QAZ-66, ZTR, tank və müxtəlif çaplı silahların məhv edilməsi də Alikin adı ilə bağlıdır. Təəssüf ki, Alikin döyüş yoluna şahidlik edən qanlı cib dəftərçəsini əldə edə bilmədik.
-Cəbrayılın azadlığından sonra növbəti əməliyyat Füzuli istiqamətində olacaqdı. Baxmayaraq ki, keçilməz sədlər, tunellər, betonlaşdırılmş istehkamlar, labirint səngərlər və qarışıq minalı sahələr ərazini daha da keçilməz etmişdi. Amma Azərbaycan oğulları həmin sədləri sinələri ilə keçməyi bacardı.
-Əlbəttə ki, belə idi. Qorxubilməz oğullarımız düşməni qova-qova uğura yaxınlaşdı. Komanirinin dediyinə görə Alik erməniləri ələ salır, məzələnirdi. Bir
istiqamətdə hədəfi vurduqdan sonra, sanki qeybə çəkilir, heç kimin gözləmədiyi məqamda düşmənin qarşısında peyda olurdu. Diribaşlığı, təpəri, təcrübəsi ilə elə bir xof yaradırdı ki, düşmən vahimədən qurtula bilmirdi.
Komandir üzünü Şakir ataya tutaraq:
-Necə böyütmüsən bu uşağı, bu qorxmazlığı, bu cəsarəti necə təlqin eləmisən ki, bu insan qorxu, hürkü nə olduğunu anlamır. Neçə ildir ki, xidmətdəyəm, bu illər ərzində diziqatlanmaz, qolubükülməz, sözdəndönməz çox oğullar gördüm, amma Alik tam fərqlidir. Sən onu harada böyütmüsən, nə yedirib-içirmisən ona?!
Şakir qürurlansa da qəhər boğdu, komandirin verəcəyi cavab tıxanıb qaldı boğazında ....
Ta demədi ki, keçən əsrin əvvəlində qolçomaqlara, pristavlara, erməni-bolşevik dəstələrinə qan udduran Qaçaq İsanın, Cahan savaşında Berlinə qədər döyüş yolu keçən, almanlar üzərində inamlı qələbə qazandıqdan sonra sinəsini orden-medallar bəzəyən İsmayıl babanın, Birinci Vətən müharibəsində (Qarabağ savaşı) torpaqlarımıza təcavüz edən murdar ermənilərə qarşı mübarizəyə könüllü qoşulan Alik İsayevin soy daşıyıcısı təbii ki, babalarından ibrət götürməlidir. (Qeyd: Alik Şakir oğlu İsayev Qaçaq İsanın kötücəsidir).
İstəkli oxucular, əvvəldə qeyd etdik ki, Alik Şakir oğlu babasının adını daşıyır, O baba ki, Birinci Vətən Müharibəsi başlayanda silaha sarılıb döyüşlərə qoşulmuşdu.
-“Ot kökü üstə bitər” məsəli əbəs yerə deyilməyib. Ulu babadan miras qalan qəhrəmanlıq kötücə Alikin timsalında hərb tariximizin şərəfli səhifəsi ola bildi.
-Mehparə ana, sizi eşidək, Alikli günləri bir daha vərəqləyək!
-Alikin uşaqlığına qayıtmaq istəyirəm. 4-cü sinifdə oxuyurdu. Xocalının işğal tarixi ərəfəsi idi. Bugünkü dərsimiz “Şəhidlik və şahidlikdir” deyə Gülnarə müəllim qanlı tarixi vərəqləməyə çalışır. Alik dərhal ayağa qalxıb: “müəllim, şəhid nədir, şahid nədir?”- sual edir.
-Torpağını azad edərkən ölümə qucaq açanlar şəhid, onu gözləri ilə görüb bu günümüzə daşıyanlar isə şahiddir, - müəllim cavab verir.
-Onda mən şəhid olacağam, torpaqlarımızı düşməndən təmizləyəcəyəm, müəllim, Alik qürurla dillənir.
-Otur aşağa, o nə sözdür, ölmək yox, öldürməyi öyrənməliyik. Neçə ki, torpaqlarımız işğal altındadır, bizə ölmək yaraşmaz. Müəllim səsini qaldırsa da,
Alikin necə də qürurlu, vətənpərvər oluğunu anladı. Və inandı ki, yurdun birliyi, bütövlüyü üçün Alik kimi cəsarətli oğullara hər zaman ehtiyacımız var. Dilinə gətirməsə də, ürəyində fəxr etdi Aliklə.
Ötərxan müəllim, Alik anadan şəhid doğulub. Həqiqətən də sözü ilə yox, əməli və qanı ilə sübut elədi Alik.
-Mehparə ana, analar daha çox həssas və hissiyyatlı olur. Hətta övladının başına gələcək qəzavü-qədər anaya əyan olur. Alikin bu amansız savaşdan geri dönüb-dönməyəcəyini duymuşdunuzmu?
-Alikin canına and olsun ki, şəhid olacağını bilirdim. Amma kiməsə deyə bilmirdim, dilə gətirməkdən qorxurdum. Mən hər gün şəhid yolu gözləyirdim, nəsə içimdə belə bir hiss hökm sürürdü. Hərdən düşünürdüm ki, bu qədər döyüş gedir, Alik niyə şəhid olmur?! Qorxulu, vahiməli hissdir, elə deyilmi?! Mən hazır idim, uca Rəbbimiz hazırlamışdı məni şəhid qarşılamağa, bəlkə də ona görə bu qədər səbirli, təmkinliyəm. Bəlkə də döyüş zamanı soyuqqanlı olmağımın da səbəbi bu idi. Hətta yuxuda da görmüşdüm Alikin şəhidliyini...
-Necə gördünüz?
-Gördüm ki, xeyli insan gəlir, əllərində Alikin böyüdülmüş şəkli. Öz-özümə düşündüm ki, Alik sağdır axı, niyə onun şəklini çərçivəyə salıblar. Əlimi atıb şəkli cırdım. O gündən sonra içimdə bir qorxu hissi də baş qaldırdı. Amma qürurumu sındıra bilmədi o hiss. Heç kimə heç nə demədən Allahımdan səbir dilədim.
-Şakir bəy, döyüşlərin miqyası böyüdükcə Cəbrayıl da azad olundu, Füzuli də, hətta əsrlərin o üzündən nişanə qalan ulu körpü - Xudafərin də. Alikin növbəti döyüşü Xocavənd və Zəngilan istiqaməti olacaqdı. Bu istiqamətdə qənimət götürülən saysız-hesabsız ağır texnika vardı ki, onların ələ keçirilməsində Alikin xidmətləri əvəzsizdir.
-Alikin silahdaşlarının dediyinə görə Hadrutu (Ağoğlanı) ələ keçirmək üçün əvvəlcə fərqli cinahlardan qəsəbəni mühasirəyə alırlar. Ətrafdakı düşmən postlarını darmadağın elədikdən sonra Alik bir neçə nəfərlə enir qəsəbənin mərkəzinə, təbii ki, milli ordunun əsgərləri postda möhkəmləndikdən sonra. Qəsəbəyə güllə atılmadığı üçün döyüş əlamətləri yox idi. Sanki yaşıllıqlar arasında bir adaya bənzəyirdi Hadrut (Ağoğlan). Amma bir ins-cins gözə dəymirdi. Güllə səsindən xoflanan mənfur düşmən aradan çıxan kimi qeybə çəkilmişdi. Alik silahdaşları ilə avtosalonun qarşısında dayandı. Bir-birindən bahalı, rəngbərəng avtomobillər gəl-gəl deyirdi. Alik içəri daxil oldu. Ətrafa göz gəzdirdikdən sonra zirzəmiyə enən pilləkənin başında dayandı. Nə fikirləşdisə sürətlə aşağa endi. Audi markalı ağ rəngli maşını diqqəti çəkdi. Sükanın arxasına
keçib mühərriki işə salmaq istəyirdi ki, qarışıq, bir az da anlaşılmaz səs eşitdi. Dərhal aşağa enib küncdəki qaranlıq otağa tərəf irəlilədi. Yarıaçıq qapının arxasında üç erməni yaraqlısı gizlənmişdi. Siz elə qaranlığa məhkumsunuz, deyib Alik əlini silaha atdı.
Bir qədər sonra Alik silahdaşları ilə birgə posta döndü.
-Hadrut (Ağoğlan) qəsəbəsi ermənilərdən təmizləndikdən sonra Alik İsayev Şuşa istiqamətində növbəti əməliyyata qoşuldu. Keçilməz yollar, qarlı-şaxtalı uçurumlar, sərt yoxuşlar, sıx meşəlik və dərin dərələr irəliləməyə imkan verməsə də sinələri ilə bütün sədləri yarmağı bacardılar.
-Şuşadan öncə Tuğ istiqamətində qanlı toqquşma baş verdi. Ən ağır döyüşlərdən biri idi. Orada şəhid və yaralılarımız az olmasa da, düşməni ağır məğlubiyyətə uğratdıq. Leşləri barmaqla saymaq mümkün deyildi, hətta addım atmaq çətinləşirdi. Bu mükəmməl əməliyyatdan sonra hədəf yalnız Şuşa idi. Alikin də daxil olduğu dəstə sıx meşələrlə irəliləməyə çalışdı. Hiyləgər ermənilər yenə də yollarda pusqu quraraq tora salmağa çalışdılar, hətta mina basdırdılar ki, tələfatlarla əzmimizi qırsınlar, amma heç bir fənd qarşımıza səd çəkə bilmədi.
Bir gün rabitə əlaqəsinə girən komandanlıq qarşıda yenicə aşkarlanmış düşmən postunun dərhal təmizlənməsini əmr etdi. Alik cavab verdi ki, biz elə həmin istiqamətdəyik, başqa qüvvəyə ehtiyac yoxdur. Hərəkətdə olan dəstə dərhal vəziyyəti müzakirə edib fərqli istiqamətdən təhlükəli nöqtəyə yaxınlaşdılar. Hətta dumanlı, çiskinli hava da irəliləməyə mane ola bilmədi. Komandir bir neçə nəfərlə sağ cinahla, Alik isə dörd nəfəlik dəstə ilə əks tərəflə irəliləyərkən qarşıda ermənilərin QAZ-53 markalı tibbi yardım maşını peyda oldu. Hərb qanunlarını əsas gətirən dəstə maşına atəş açmamağı nəzərə alsa da, maşındakılar əsgərlərimizi atəşə tutdu. Alik dərhal hədəfi nişan alıb tətiyi çəkdi. Maşın partlayaraq qayaya çırpıldıqdan sonra yolun altına düşdü. Təəssüf ki, qorxmazlığı ilə silahdaşlarına örnək olan, düşmənə göz açmağa imkan verməyən, hətta ölümə meydan oxuyan Alik bu dəfə ölümdən xilas ola bilmədi. İki silahdaşı ilə birlikdə paramparça olmuş maşının qırıntıları altında qaldı. Həmin iki nəfər yaralı halda qurtulsa da, Aliki xilas etmək mümkün olmadı. Şuşanın bir addımlığında, Şuşadan əsən yellər telini daradığı məqamda şəhadət şərbətini içməli oldu Alik.
-Mehparə ana, hələ orta məktəbdə oxuyanda “mən şəhid olacam”, yaxud da “siz mənimlə fəxr edəcəksiniz” demişdi Alik. Alik arzusuna çatdı, deyə bilərik.
-Bəli, Alik öz arzusuna çatdı. Bizi vaxtsız qocaltsa da fəxr edir, qürur duyuruq. Canavar ürəkli oğulların cəsarəti, cənab prezidentin uğurlu siyasəti və
xalqımızın birliyi 30 illik ləkəni alnımızdan silib başımızı dik qaldırdısa, nə xoş bizim halımıza. Ogul dərdi ağır olsa da, məqamı ucadır. Biz tək özümüz üçün deyil, onların adını yaşatmaq üçün yaşamalıyıq. Fəxr edirik ki, qalib bir ölkənin vətəndaşıyıq. Bir Aliki itirməklə minlərlə övlad qazandım, mən tək Alikin anası deyiləm, 3000 nəfər şəhidin anasıyam. Qürur duyuram, fəxr edirəm! Var olsun xalqım, var olsun Azərbaycan! Şəhidləri unutmayaq, şəhidlər öləndə deyil, unudulanda ölür. Bizə dövlətimizin maddi deyil, mənəvi dəstəyi lazımdır, yaşatsınlar şəhidlərin adını, nəsildən nəsilə keçsin şəhidlərin adı. Bax onda biz yaşayırıq, biz onda nəfəs alırıq. Onda duyuruq ki, canını qurban verən balalarımız ölməyib.
-Bu gün sərhəddə qoç oğullarımız dayanır. Qorxmazlıq simvolu olan o oğulların canı və qanı bahasına üçrəngli bayrağımız dalğalanır sərhəddə. O oğullara şəhid anasının sözü nədən ibarət ola bilər?
-Onu demək istəyirəm ki, vətənimin igid, şir-pələng ürəkli oğulları, sükanı belə saxlayın! Şəhidlərin adını daim uca tutun! Sizdən qabaq gələn qardaşlarınızın yazdığı tarixə hörmətlə yanaşın! Onu da deyim ki, Alikin kiçik qardaşı da hərbi xidmətdədir. O həm qardaşının, həm də 3000-lik şəhid ordusunun adını qoruyur. Müzəffər ordumuzun şərəfini uca tutmağa çalışır. Sözümün sonunda onu da əlavə edim ki, Alik yaşca kiçik olsa da, göstərdiyi igidliyə görə bu yaşda ali məqama – ali dərəcəyə çatdı. 19 yaşında “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Sücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Azərbaycan Bayrağı” və “Kəlbəcərin azad olunmasına görə” neçə-neçə medalların sahibi oldu. Alik və Alik kimi minlərlə şəhidlər qeyrətin, namusun salnaməsini yazdılar, kişilik məktəbinin müdavimi
oldular. Fəxr edirəm ki, Alik İsayevin anasıyam!



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar