Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vətən müharibəsi - poeziyada şəhidliyin qəhrəmanlıq səviyyəsində əksi

Tarix: 06-03-2021 12:17     Baxış: 31 237 A- / A+
Vətən müharibəsi - poeziyada şəhidliyin qəhrəmanlıq səviyyəsində əksi
Mərziyyə Nəcəfova, Filologiya elmləri doktoru 

Yüksəlişə can atmaq insanın təbiətindədir.O, doğulduğu andan tez boy atmaq, böyümək, ağla-kamala dolmaq istəyir, öz bacarıq və qabiliyətini, bilik və hünərini göstərməyə səy edir. Bu yüksəlişin ən uca zirvəsi isə şəhidlikdir.Vətən yolunda canını fəda edən oğullarımız əslində ölmür, ölümüylə ölümsüzlük qazanır. 1990-cı ildə də, Azərbaycanın aza
dlığı yolunda igidlərimiz şəhid oldular. Və onların canı, qanı bahasına qazandığımız azadlığımız bu xalqın müstəqillik qələbəsinə çevrildi. Azərbaycan ədəbiyyatı, xüsusilə poeziyamız elə o gecə qəhrəmanlığımızın salnaməsini yazdı. Qabilin “Mərsiyyə”, Məmməd Aslanın “Ağla, qərəfil, ağla”, Mirvarid Dilbazinin “Şəhidlər qəbristanında”, Zəlimxan Yaqubun “Şəhid qanı”, “20 yanvar günü”, “Güllə”, Mədinə Gülgünün “Bu şəhid balaların ölən çağı deyildi”, Fikrət Qocanın “O gecə”, Rafiq Yusifoğlunun “Qərənfilə dəyən güllə”, Musa Ələkbərli “Şəhidlər xiyabanı”, Ramiz Məmmədzadə “O gecə”, Ələkbər Salahzadə “İz”, “Qərənfil nağılı” və yüzlərcə şəhidlik mövzusunda poeziya nümunəsi yarandı. Başda Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması olmaqla bu mövzuda şeirlər 90-cı illər Azərbaycan poeziyasında şəhidlik mövzusunun formalaşmasına rəvac verdi.

Şəhidlik mövzusuna iki aspektdən yanaşılırdı. Birinci ağı, matəm motivi, ikincisi isə şəhidliyin qəhrəmanlıq səviyyəsində təqdimi motiviydi. Şairlərimizdən çoxu şəhidliyin qəhrəmalıq səviyyəsində təqdiminə geniş yer verirdilər.

İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyir, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlığ tumunu səpdi şəhidlər.


(B.Vahabzadə, “Şəhidlər”)

Şəhidlik ömrün tacı, şəhiddi baş tacımız,
Şəhiddi neçə - neçə qardaşımız ,bacımız...
Allah üz döndərəndə şəhidlik - əlacımız.
Bir candı, qaytarırıq - elə də minnət deyil.
Qoy tarix yenə görsün, bu adi millət deyil.


(Sabir Rüstəmxanlı, “Şəhidlik”)

1990-cı illərdə şəhidlik mövzusunda yüzlərcə poeziya nümunəsi yarandı. Və bu gün Vətən müharibəsində yenə şəhidlik mövzusu Azərbaycan poeziyasının baş mövzusu kimi diqqət çəkir. Zəfərimizin qazanılmasında bu ədəbiyyat incilərinin çox böyük əhəmiyyəti oldu. Bu gün qələbə qazansaq da, yenə də qələmimiz şəhidlik mövzusundan yazır, şeirimizin misraları bəzən şəhidliyin qəhrəmanlıq səviyyəsini, bəzənsə ağı, kədər motivində şəhidliyimizi əks etdirir. Təbii ki, müharibə varsa ağı, kədər motivi də olacaq, ağrılarımızı yazmaya bilmərik, amma bugünkü nümunələr göstərir ki, şairlərimiz şəhidlərimizin hünərlərini qəhrəmanlıq səviyyəsində daha çox poetikləşdirirlər. Xüsusiilə şəhid Polad Həşimova yazılan şeirlər daha da çoxluq təşkil edir. Tovuz hadisələri (14 İyul, 2020-ci il), Polad Həşimovun şəhid olması ilə şəhidlik haqqında az da olsa yazılmaqda səngiyən nümunələrə daha çox yer verilməyə başladı.

Zahid Xəlil, Vahid Əziz, İlham Qəhrəman, Yusif Nəğməkar, Aybəniz Əliyar, Adilə Nəzər, Xanım İsmayılqızı, Əhməd Qəşəmoğlu, Namiq Dəlidağlı, Rafiq Yusifoğlu, Süleyman Abdulla, Vaqif Aslan, Esmira Məhiqızı, Şəhriyar del Gerani, Qi Or El, Nargis, Fərid Hüseyn, Sona İsmayılova, Təranə Arifqızı, Mirsəyyaf Zamanlı, Şövkət Horovlu, Təranə Turan Rəhimli, Elnur Uğur Abdiyev, Üvi Bahadır, Qəşəm İsabəyli, Narıngül Nadir, Qılman İman, Məhəbbət Şıxıyeva və başqaları şəhidlərimiz haqqında yadda qalan poeziya nümunələri yaradıblar.

Belə demək mümkünsə poeziyamızda şəhidlik mövzusu yalnız poetik ifadəsini tapmayıb, eyni zamanda şəhidliyin bədii düsturu açıqlanıb. Şəhriyar del Gerani şəhidliyin tərifini, açıqlamasını özünəməxsus şəkildə ifadə edib.

Torpaq insanı udanda qəbir olur,
İnsan torpağı udanda - Şəhid
İnsan bütün yerlərini qəbirə uduzur,
Vətən bütün yerlərini Şəhidə.


Bir də,

Bu dünyada hamı öz əcəliylə ölür,
Şəhid hamının əcəliylə...


(Şəhriyar del Gerani, “Torpaq insanı udanda qəbir olur, insan torpağı udanda – Şəhid”)

Zahid Xəlil poeziyasında şəhidliyimizin müqəddəslik simvolu xarakteri daşıması diqqət çəkir. Şəhidlik mövzusu şairin yaradıcılığında ana xətt olaraq keçir.

Şəhidlər dəfn olunmur
Adi bir ölən kimi
Biz onu basdırırıq
Toxum kimi, dən kimi.
O daşların altından
Göyərin təzə adlar
Böyüyür, pərvazlanır
Mübarizlər, Poladlar.


(Zahid Xəlil, “Şəhidlər xiyabanı”)

“Poladın arxasınca” şeirində isə Milli Qəhrəmanımızın şəhid olması ilə kədərlənən şair, bir tərəfdən də qürur hissi keçirir. Müəllif dastanlarımızı xatırlayır, Koroğlu hünərli oğullarımızın hər zaman varlığı ona ruh verir.

Poladın arxasınca
Hələ yüz Polad gəlir.
Koroğlu torpağında
Atlara qanad gəlir.


“Atlara qanad gəlir”ifadəsi səbirli Azərbaycan xalqının sonunda zəfər çalmasına bir işarədir.

Ey igid nəvələrim
Düzlənin papaq- papaq
Söz başa düşməyəni
Köz ilə başa salaq


( “Poladın arxasınca”)

Sözlə illərdi mübarizə apardığımız düşməni yerində oturtmaq üçün “Köz”ün lazım olması əslində dəyərli və yerində işlədilən ifadədir. İllərcə humanistlik göstərib susmağımıza bir işarədir. Şair şeirdə lazım olan yerdə “Köz”dən də istifadə etmək gərəkdir mesajını verir.

Esmira Məhiqızı qəhrəmanın şəhid olmasını ümuminin şəhidliyi kimi qəbul edir. Şəhidlə birlikdə dirilən, sağ qalan əslində yalnız Vətən olur. Dünyadan köç edib gedən qəhraman olsa da, bu ağrı böyük bir nəslin ürəyində yara açır.

Yağışlar yağmadan da islanır şəhid qəbirləri..
Və qızlar şəhid şəkillərini sevir..


Bu misralarda az sözlə dərin məna və şəhidlərimizə olan sevgi desək, bu ifadə çox sönük qalar. Şeirdə reallıq bədiiliklə, obrazlılıqla, poetik fikirlə birləşir.

Qızlar artıq oğlanlardan çiçək ummurlar, onlar özləri oğlanlara çiçək aparırlar, ad günlərində, ilk görüş günlərində, ya da adi günlərdə.

Ləçəklərində göz yaşlarından şehlər
Şəhid qəbirlərinin üstünü örtür çiçəklər.


Şəhidlərdən sonrakı yaşam daha ağırdı. Əgər buna yaşam demək mümkünsə. Şəhidlərin bir arzusu - Vətən arzusu hər kəsin arzusu olsa da, min bir arzu ürəklərdə dəfn edilir.

Yaşam hələ də mühasirəyə düşən bir əsgərdi..
Baxdığı filimlərdəki kimi
Axırıncı gülləsini alnına sıxan
yaşam..iki qolunu itirmiş bir döyüşçüdü,
son qumbaranı ağzıyla dartan


Real boyalar və poetik ifadə şeirin təsir gücünü daha da artırır.

Yaşam ..şəhid xanımıdı
Hər səsə qapıya qaçan,
Qapını küləklərə açan


Canlı bir tablonu görürük, şəhid xanımı və hər gecə külək səsinə qapı açan, hələ də şəhid həyat yoldaşının yoxluğuna inanmayan və heç zaman qəbul edə bilməyən bir Azərbaycan qadını.

Bu misralar birinci Qarabağ müharibəsində Qulu Ağsəsin “Müharibə əlili” başlıqlı şeirini xatırladır. “Müharibə əlili” şeirində psixoloji yükü çəkən əlil kişi, fiziki yükü çəkən Azərbaycan qadını idi. Hər iki müharibədə bu mövzu - yol gözləyən qadın və müharibə əlilinə qulluq edən qadın obrazı real və təsirlidir. Belə demək doğrudursa bu şeir müharibə nədir sualının ən doğru cavabıdır.

Yaşam..şəhid atasıdı..
Oğlunun üçrəng tabutuna çiyin verən,
Öz daxmasında şəhid balalar böyüdən.
Yaşam bir yaralı komandirdi..
Bütün əsgərləri ölən
Və özünün sağ qaldığına hönkür-hönkür ağlayan
Yaşam yataq xəstəsi qazidi,
soyuducu boş,
tavanı aman,
dərmana pul tapmayan.
yaşam hələ də qələbədi..
dul gəlinlərin qara yaylığına məğlub olan


(Esmira Məhiqızı)

Bu ideya Yusif Nəğməkarın “Şəhid zövcəsi” şeirində də əks edilib. Reallıq və obrazlılıq, şəhidin qoyub getdiyi həyat yoldaşının canlı yaşamı. Həyəcansız, ağrısız oxumaq mümkünsüzdür. Şeirin bütün bəndləri oxucunu sarsıdır. Bu əzablı həyatın portretini görməmək mümkün deyil. Müəllif gənc yaşında dul qalan bu xanımı tanış edərkən onu “həm sinə dağımsan, həm də baş tacım” deyə təqdim edir. Bu misrada şairin xalqın dilindən şəhid xanımını “sinə dağım” adlandırması ilə bərabər onu xalqın baş tacı kimi qiymətləndirməsi xalqımızın əslində şəhidinə və şəhid xanımına verdiyi dəyərdir.

Dözgünsən həyatın zərbələrinə...
Ümid müjdələrin - Tanrıdan əta.
Ata soraqlayan körpələrinə
Bir üzün anadır, bir üzün ata.

Dərd köhlən, yol yəhər, inam üzəngi,
Bir dilək min cilov çeynəyib udur...
Hərdən basılanda qapının zəngi
Elə bilirsən ki, gələnin odur...


Gedənin dönməz olduğunu ifadə etmək üçün şair “Dərd köhlən, yol yəhər, inam üzəngi” ifadəsindən istifadə edir ki, bu da qiymətli və işlənməmiş poetik ifadədir.

Sanma köhnələcək hər ötən “boyat”,
Təzəcə nisgillə boy at - şəhiddir.
Onun taleyində şəhidlik - həyat,
Sənin gözlərində həyat şəhiddir.


(Yusif Nəğməkar, “Şəhid zövcəsi”)

Şair şəhidin ölümüylə ölümsüzlük qazanması ilə bərabər gənc qadının sönən həyatını da real boyalarla ifadə edir. Gənc yaşında dul qalmaq və şəhid qadını olmağın bundan ağır ifadəsini vermək mümkünsüzdür.

Yusif Nəğməkarın “Oğullar şəhid oldu ki...” şeirində də şəhid olan oğulların qəhrəmanlığı, torpaqlarımız uğrunda mübarizələri əks edilir. Yusif Nəğməkar hansı mövzuda yazırsa yazsın hər zaman xalqın “Qələmin səsindən, xalqın sözünə” (İsa Həbibbəyli) ucalır, xalqının səsini qələmiylə bəyan edir. Yusif Nəğməkarın Vətən, şəhidlik mövzulu şeirləri İsa Həbibbəylinin onun yaradıcılığı haqqında fikirlərini yada salır:

“Yusif Nəğməkarın Vətən şeirlərində tərənnüm aparıcı görünsə də, fikir əsas qayəni müəyyən edir. Ümumu ruh etibarilə tərənnüm poeziyası nümunəsi olan “Azərbaycan olmaz” şeirinin hər bəndində orijinal, düşündürücü və ibrətamiz

fikirlər obrazlı şəkildə ifadə olunmuşdur. “( İsa Həbibbəyli”, “Qələmin səsi” ndən xalqın sözünə”, Ədəbiyyat qəzeti, 16.07.2020)

Müəllifin şəhidlər haqqında yazdığı şeirlərdə də bu cəhətləri müşahidə etmək olur.

Ərzin ərz dili laldı ki!...
Çulğamasın şər dünyanı.
Oğullar şəhid oldu ki,
Tanısın bəşər dünyanı...

Qanla torpağı yoğurdun-
Vətən bilmə onsuzluğu...
Oğlu şəhid olan Yurdun
Olmur kişi sonsuzluğu!...


Oğullar niyə şəhid oldu sualına şair onlarca cavab verir. Bu misralar poetik deyimdə daha dərin anlam daşıyır. “Oğullar şəhid oldu ki, şəhidlik də oğullansın, oğullar şəhid oldu ki, qəm kirisin fəryadında, oğullar şəhid oldu ki, bir öləndə yüz dirilsin.” Bu misralarda bu ibrətamiz deyimlər şeirin təsir gücünü daha da atırır.

Adilə Nəzər isə “Şəhid də ölərmi heç - bu bir yer çəkimidir,bayrağa bükülənin məkanı cənnət olar” ifadəsi ilə şəhidin Azərbaycan bayrağına bükülməsi məqamına diqqət çəkir.

Yolu işıq olanın ömrü bir şam kimidir,
Xain, nankor, satqına hər yerdə lənət olar.
Şəhid də ölərmi heç - bu bir yer çəkimidir,
Bayrağa bükülənin məkanı cənnət olar.


Azərbaycan poeziyasında şəhidin ölməzliyi tez-tez vurğulanan ifadədir. Şəhidin məkanı ona görə cənnətdir ki, o dəfn ediləndə Azərbaycan bayrağına bükülüb. Bu deyim Adilə Nəzər poeziyasında özünəməxsus yer tutur. Şeirin son bəndində bir amal altında birləşən, azadlıq, torpaq üçün canlarından keçən igidlərimizin hər birinin simasında Polad Həşimov xatırlanır. Azərbaycan xalqı Poladlar yetişdirib, bundan sonra da Poladlar yetişəcək deyən şair səsini dünyaya çatdırır.

Eşq olsun o kəslərə-bir amal birləşdirən,
Torpaq üçün, vətənçün fəda olan hər cana!
Eşq olsun Polad kimi oğullar yetişdirən,
Hələ yetişdirəcək doğma Azərbaycana!


(Adilə Nəzər, “Şəhid general Polad Həşimovun xatirəsinə”)

Adilə Nəzərin Şəhidlik mövzusunda “Mən Şəhidəm”, “Şəhidimin”, “Şəhidin son düşüncələri”, “rahat uyu, şəhidim” şeirləri diqqət çəkir.

Bu şeirlərin hər birində şəhidlərimizin qorxmazlığı, cəsarəti əks edilib.

Olmadı ölüm qorxusu,
Burnunda cənnət qoxusu,
Gülləndi qandan yaxası,
Asta - asta şəhidimin...


(Adilə Nəzər, “Şəhidimin”)

Aybəniz Əliyarın “Xudayarın timsalında bütün şəhid oğullarımıza həsr edirəm” başlıqlı şeirində şəhidliyin bədii tablosunu görmək olur.

Bilirəm ki, qorxum yoxdur ölümdən,
Yerim yenə ən birinci sırada.
Mərmi kəsən ayağım var əlimdə,
Avtomatla səhv salıram arada.


İgid şəhidliyin dəyərinin ölçülməz olduğunu vurğulayır, ona görə ki, sönən bir qəlb olsa da, onun işığında min ocaq alovlanır - deyə şəhid olduğuna sevinir. Sevinir ki, son nəfəsi qar altında göyərsə də, yazağzında bu son nəfəsdən xarıbülbül yaranacaq. Bir şəhidin bundan gözəl bir özünü ifadəsi ola bilməzdi.

Ölçülməzdi şəhidliyin dəyəri,
Bir qəlb sönər, alovlanar min ocaq.
Qar altında son nəfəsim göyərir,
Yazağzında Xarıbülbül olacaq.


(Aybəniz Əliyar, “ Xudayarın timsalında bütün şəhid oğullarımıza”)

“Şəhidlərimizin xatirəsinə” şeirində də şəhidliyin ölməzliyi, vüqarı əksini tapır. Vətən sözünün anlamı onun azadlığı yolunda qurban gedən şəhidlərin adı ilə bağlıdır. Şeirin əsas ideyası Vətənin adını daşıyan şəhidlərin var olmasıdır. Vətən o zaman Vətən olur ki, onu qoruyan, yolunda can verən igidləri var.

Vətən uğruna ölən oğullar,
Ölümün özünü ucaldacaqdır.


(Aybəniz Əliyar, “Şəhidlərimizin xatirəsinə”)

Müəllifin “Vətən uğrunda” şeiri şəhidlərimizin dilindən ifadə olunub.Vətən uğrunda , haqq savaşında şəhid olan döyüşçü xoşbəxtdir, ona görə ki, haqq yolunda əyilməyib, mübarizə aparıb, qalib olub, çünki əqidəsi qalibdir. Digər bənddə bayrağımıza səcdə edən bir şəhid canlanır. Haqq səsimizi dünyaya yayan şəhid haqq yolunda qanının axmasından qürur duyur.

Vətən uğrunda axır damla qanım,
Bayrağım haqq səsinin bayrağıdır.
Göylərə sancılıdır Ay nişanım,
Rəngləri hər halımın növrağıdır.


(Aybəniz Əliyar, “Vətən uğrunda”)

Poeziyamızda şəhidlərimiz haqqında silsilə yazılar çoxluq təşkil edir. İlham Qəhrəmanın illər əvvəl yazdığı “Şəhidlər xiyabanında”, “Mərmiyəcən yaşamaq” şeirləri bu gün üçün də keçərlidir. Şair Şəhidlik mövzusunun içərisinə girə bilir, şəhidin düşüncələrinin poetik anlamını bütün tamlığıyla ifadə edir. İlham Qəhrəmanın “Borc” başlığı altında çox sayda şəhidin dilindən yazdığı şeirlərində, şəhidin sevdiyi qızla söhbətində bir gəncin vətənə olan sevgisinin heç bir varlıqla müqayisə edilə bilmədiyi aydın olur. “Ürəyimdə çırtlamayan sevgi başda idi, amma, Vətən ondan irəli çıxdı” misraları kamına yetişməyən, arzuları çiçəkləməyən bir gəncin bütün yaşantılarını misralara tökür. Eyni zamanda burada nə qədər həsrət, kədər, ayrılıq hissləri hökm sürürsə, Vətənə olan sevgi hissi ondan qat-qat güclüdür. Vətənə olan məhəbbət anaya, ataya, sevgiliyə olan məhəbbətin üzərinə çıxır.

Səni sıxmalı sinəmə avtomatı sıxdım,
Görüşünə çıxmalı yerdə
Quş qatarınnan gələn güllə
Qabağına çıxdım.
Bu döyüşdü - kim öldü, kim yaralı çıxdı,
Ürəyimdə çırtlamayan sevgi
Başda idi,
amma, Vətən ondan irəli çıxdı.


Şəhidin dilindən danışan şair bəzən hisslərini cilovlaya bilmir. Hər zaman şeirlərini bayatı üzərində kökləyən İlham Qəhrəman bir beytlik bayatıda şəhidin ucalığını, müqəddəsliyini cəmiyyətdə ona münasibəti ifadə etməklə yanaşı, şəhid vermənin ağır bir dərd olduğunu da vurğulayır.

Dərdini döşəsən yer çatmaz,
Yük vursan Devi – çəkməz
Şəhidin ehsanından
Acın da təbi çəkməz.


(İlham Qəhrəman, “Şəhidin dilindən”)

İlham Qəhrəmanın şəhid bayatıları silsilə şeirləri çoxluq təşkil edir. Müəllif özünəməxsus şəkildə şəhidliyin real təsvirini yarada bilir. “Şəhidlik büsatıdı -Toy havasında yasdı” ifadəsi ilə şair kədərimizi də müqəddəsləşdirir.

Ah çəkən ahdan ağlar,
Durub sabahdan ağlar.
Şəhidi yad edənlər
Gah gülər gahdan ağlar.


(İlham Qəhrəman, “Şəhid Bayatıları”)

Şair Elşad Baratın şəhidlər haqqında silsilə şeirləri saysızdır. Birinci Qarabağ savaşında publisistlərimiz hər şəhid haqqında bir məqalə yazmaqla şəhidlərin qəhrəmanlıqlarından bəhs edirdilərsə, bu gün bir sıra şairlərimiz şəhidlər haqqında silsilə şeirlər yazırlar. Bu şeirlərdə bəhsi keçən şəhidin bütün özəllikləri əksini tapır. Elşad Barat bu cür silsilə şeirləri ilə diqqət çəkir. Müəllif şəhidlərlə dərdləşir, onları dinləyir. “Dayımın nişanlı oğlu şəhid Əlizadə Tahirə”, “Şəhid Ələkbərov Vüqara”, “Şəhid Mürsəliyev Sübhiyə”, “Şəhid Yusifzadə Xudayara”, “Şəhid Aslanov Turala” və s. yazdığı şeirlərində torpaqlarımız uğrunda canlarını qurban edən igidlərimizin xarakterlərini, düşüncə tərzlərini, vətən sevgilərini canlı şəkildə görmək olur. Bu gün yaşadığımız bu müharibənin həyatımızda qoyduğu iz poetik ifadədə oxucuya ötürülür. Bu şeirlərdə kədər, qüssə olduğu kimi qürur, fəxarət hissi də güclüdür. Şairin dayısı oğluna yazdığı şeirdə bir mesaj da görmək olur. “Sən nə vaxt böyüdün ki, belə qəhrəman oldun” deyən şairin gənc dayısı oğlu üçün kədərləndiyini görsək də, onun qəhrəmanlığını, sinəsini dost yolunda gülləyə sipər etməsini oxucusuna çatdırır.

Dosta dəyməsin deyə,
Özünü atmaq necə?
Sinəsiylə gülləni
Havada tutmaq necə?


Sadəcə bir bənddən şəhidimizi görür, onun cəsarətini, qeyrətini böyük qürurla alqışlayırıq. Dayısı oğlunu kiçik bir oğlan kimi xatırlayan qəhrəman təəccüblənir “sən kiçik bir oğlan idin, nə vaxt qəhrəman oldun” sualını versə də, cavabını da özü verir.

Qəhrəman olmaq olmur,
Qəhrəman doğulurmuş.
Demə ki, qəhrəmanlar ,
Sənin kimi olurmuş!


(Elşad Barat, “Dayımın nişanlı oğlu, Şəhid Əlizadə Tahirə”)

Bir başqa şeirində müəllif incə, duyğusal məqamlara işıq tutur. “İgidliyin özü” olan şəhidin “Bir qızın barmağında, bir üzüyün izisən” deyə gözlərimiz qarşısında şəhidin həyatını, şəxsi duyğularını xatırladır. Şəhidin nişanlı olduğu məlum olur. Amma bu kövrək duyğular şeirin sonuna qədər davam etmir. Vətəninə qurban getmək şairin də birinci arzusu olduğunu görürük.

İndi bizim borcumuz
Səni yaşatmaq olsun,
Hamımız fəda olaq,
Təki Vətən sağ olsun!


Müəllif şəhidlik silsiləsində yazdığı şeirlərdə şəhidlərimizin qəhrəmanlıq tablosunu yarada bilib.

Sənə şeir yazıram,
Şeirin Allahı şəhid,
Allahın qulu şəhid,
Vətənin şahi şəhid.


(Elşad Barat, “Şəhidlərin dilindən”)

Şair “şeirin allahı şəhid” ifadəsi ilə sanki bu günün poeziyasında əsas mövzunun şəhidlik olduğuna işarə edir. Vətənin şahi olmaq şəhidlərimizə qismət oldu. Daha doğrusu onlar buna canları, qanları bahasına nail oldular.

Təranə Arifqızı (Əliyeva) “Ölümsüzlük” adlı şeirində şəhid olmaq nə deməkdir sualına tutarlı cavablar verir.

Şəhid olmaq - bir arzuya çatmaq üçün,
Min arzunun yollarını açmaq üçün,
Varlığıyla Vətən olmaq, Vətən demək, Vətən sevmək!
Kim sevəcək bu Vətəni, biz sevməsək?

Kim deyəcək düşmənlərə sözümüzü, biz deməsək?
Şəhid olmaq xəyanətə dözümsüzlük,
Şəhid olmaq - mən demədən Vətən deyib,
Sinəsini bu torpağa sipər edən bölümsüzlük!


(Təranə Arifqızı, “Ölümsüzlük”)

Təranə xanım özünəməxsus deyimi ilə şəhidliyin bədii tərənnümünü verə bilir. “Şəhidlərimiz torpaqlarımıza olan xəyanətə dözə bilməyənlərdi” ifadəsi ilə otuz illik düşmən tapdağında qalan torpaqlarımıza olan xəcalətli günlərimizi də yada salır.


İllərdi vətən dərdini misralarda dilləndirən şairlərimizdən biri də Namiq Dəlidağlıdır. Onun “Dağlar oğullarına teleqram” adlı şeiri bu günümüzün zəfərinə, qələbəsinə bir çağırış idi. Şair yazırdı:

Özümüzə “dağlar oğlu” deyirdik,
Qürurumuzu sökürlər.
Vay dədəm vay,
Biz hələ yaşayırıq.


(“Dağlar oğluna teleqram”)

Əslində özü demiş bu teleqram çağrısı idi. Vətənsiz şairlərimizin şeirləri kədər notlarından yoğrulurdu. Ata - ana yanında qalan oğullar onları torpaqlarına apara bilmədikləri üçün vicdanlarına sığışa bilmirdilər. Son zamanlar daha “sağlıq olsun torpağımıza dönərik” ifadəsini deməyə utanır, xəcalət çəkirdilər. Bu mövzulu şeirlər son illərin ən geniş işlənmiş mövzusu idi. Namiq Dəlidağlı yaradıcılığında bu mövzulu şeirlər təsirediciliyi və səmimiyyəti ilə diqqətdə qalırdı.

Ta demirəm sağlıq olsun, ay ana,
Boşalanlar bir də dolsun, ay ana,
Namiq adlı oğlun ölsün, ay ana,
Səni Kəlbəcərə aparammıram...


(“Səni Kəlbəcərə aparammıram”)

“Şəhidlərimizə” şeirində isə ilk bəndlərdəki kədər motivi şeirin sonuna doğru bir xalqın qəhrəmanlıq salnaməsinə, ölməz şəhidlərimizin qəhrəmanlığı fəxr, qürür simvoluna çevrilir.

Baxıram, qəbirlər sıralanıbdır,
Bu cərgə möhkəmdi, bu cərgə mətin.
Düşməni heç zaman öyünə bilməz,
Belə Şəhidləri olan Millətin,
Belə igidləri olan Millətin!


(“Şəhidlərimizə”)

Namiq Dəlidağlının
“Şəhid səsi” şeirində fəlsəfi fikirlə reallıq birləşir. 90-cı illərdəki yaşantılarımızı xatırladan şair “....Dizə qədər sükuta batmışdı səssizlik” deyir.

....Dizə qədər sükuta batmışdı səssizlik
sonra bütün səslər açıldı
Sən bütün səslərin
Ucalığındasan - sükut səsinlə,
Şəhidim
Bütün səslər batacaq- sənin
Səsindən başqa.


(Namiq Dəlidağlı, “Şəhid səsi”)



Vətən müharibəsi mövzusunu poeziyasında həm qəhrəmanlıq, həm də Azərbaycan xalqının qürur, fəxarəti kimi dəyərləndirən Elnur Uğur Abdiyevin yazdığı şeirlərdə qazilərin itirdiyi orqanlarının şəhidliyini də poeziyaya gətirir. Bu da son dərəcə ağrılı və digər tərəfdən də qürurvericidir. Bu baxımdan “müharibə” adlı şeir məzmunu baxımından fərqli xarakterə malikdir. Burada şəhid olan qəhrəmanın Şuşada qurban verdiyi ayağıdır.

Müharibə çoxdan bitmişdi,
Ürəyi Şuşada döyünürdü,
Ayağı orda şəhid olan
Qazimizin.

Itirdiyi ayağına söykənirdi
Hər gün
Səhər yatağından qalxanda.
Vətən yeriyirdi onun kəsilmiş
Ayağında.


(“Müharibə”)

Elnur Uğurun “Şəhidlər”, “Şəhadətdir”, “Şəhidin gəlir”, “Polad Həşimova”, “Şəhid ruhları” başlıqlı şeirlərində bütöv bir Vətən obrazını və Şəhidliyin qəhrəmanlıq səviyyəsində təqdimini görmək olur. Şair general Polad Həşimov haqqında şeirində isə şəhidlərimizi Vətən adlandırır. Əslində son zamanlarda Vətən müharibəsi qəhrəmanlarından bəhs edilən həm publisistik yazılarda, həm poeziya nümunələrində şəhidi Vətən adlandırmaq hallarına çox rast gəlinir. Vətəni

azad edərək qurban gedən igidlərimizin Vətən adlandırılması dəyərli poetik seçimdir.

Məzarın and yerimizdir,
Rahat uyu Vətən paşam.


Və yaxud digər bənddə generalı mübarizəyə səsləyən bir sərkərdə kimi təqdim edir. Bu təsadüfi bir deyim deyil, iyul hadisələrində general Polad Həşimovun köksünü vətən uğrunda qurban verməsi ilə əsl generalın əsgərinin önündə gedərək nümunə olmasına işarədir. Müəllif Polad Həşimovun qəhrəmanlığını vətənpərvərlikdən daha yüksəkdə durduğunu əks etdirir. Generalın ölümü Vətəni müdafiəyə qalxmağa bir çağırış oldu.

Sən hərblərə üsyan səsi,
İnsanlığın vicdan səsi,
Yenilməz qəhrəman səsi,
Ruhun Göylərə tən, Paşam!


(“Polad Həşimova”)

Elnur Uğurun “Şəhid ruhları” şeiri də məzmun və formaca zəngindir. Torpaqlarımızın işğaldan azad edilməsi göylərdə məskən salan şəhidlərimizin ruhunun dinclik tapmasına səbəbdir. Şair qalib olan əsgərə üz tutur. “Ucadan qışqırki, çaldıq zəfəri, bir az sərinləsin şəhid ruhları” deyərək qazandığımız qələbənin xəbərindən şəhidlərimizin ruhlarının dinclik, sərinlik tapacağına inanır. Eyni zamanda üçrəngli bayrağımızın daha çox dalğalanması ilə şəhidlərimizin ruhlarının dinclik tapması ideyası şeirin əsasını təşkil edir.
“Şəhidin gəlir” şeirində isə müəllif torpaqların azadlığı yolunda qurban gedənləri torpağın əsl sahibləri adlandırır.

Torpağım, qucağını aç,
Qoynuna şəhidin gəlir!
Son haqq məhkəməsinəcən,
Tək Tanrı şahidin gəlir.

Vətən, bizim deyilsən tək,
Biz səninik sənə gələk.
Aç qoynunu Şəhid görcək,
Bax əsl sahibin gəlir.


(Elnur Uğur, “Şəhidin gəlir”)

Narıngül Nadir isə çox incə bir müşahidədən yola çıxaraq şəhidlik mövzusuna münasibət bildirir. Azərbaycan ədəbiyyatında şəhidlik məqamına yol alan qəhrəmanın çəkməsi çox kövrək, kədərli anlarla yadda qalır. Şəhid çəkməsi poeziyanın nadir obrazıdır desək, bəlkə də yanılmarıq. Məhz Narıngül Nadirin “Sən elə vətənsən, vətən, şəhidim” başlıqlı şeiri də bu mənada yadda qalan obrazdır.

Yoluna su səpim, göz yaşı sıxım?
Çəkməndə torpaq var, torpaq, bir sıxım...
Ver, əsgər çəkməni köksümə sıxım,
Çəkməsində çiçək bitən şəhidim


Şeirin bu bəndində şəhidin çəkməsində torpaqla sevgi birləşərək, bir oyanış, cücərti əmələ gətirir. Bəlkə də burada bir əsgər arxasınca atılan su, bir şəhid üçün əbədi qurumayan göz yaşı da şəhid çəkməsindəki torpaqla qovuşur. Bu misraların poetik çəkisi ölçüyə gəlmir. Narıngül də bir çox həmkarları kimi şəhidlərə vətən deyə müraciət edir. Şeirin son bəndində şair şəhidliyi ən yüksək məqamda alqışlayır.Torpağa qanı səpilən şəhidin torpağı oyatması və şəhid qanının çiçəkləməsi yeni tapıntı kimi qiymətlidir.

Torpağa qan səpdin, torpaq oyandı,
Qanın çiçəklədi, bu necə qandı?
Yazdın ki, Qarabağ Azərbaycandı!
Sən elə vətənsən, vətən şəhidim!


(Narıngül Nadir, “Sən elə vətənsən, vətən, şəhidim!”)

Qılman İmanın poeziyasında şəhidlik vətənin dilbər guşələrinin adıyla qoşa çəkilərək daha da uca məqamda dayandığı vurğulanır. “Torpaq olan yerdə, bədən nədi ki?” deyən şair şəhidlərimizi Laçına, Şuşaya tən tutur. Bu da elə vətənləşib bütövləşən, vətənə çevrilən şəhidlərimizin vətən olmalarına işarədir.

Nə gözəl yaraşır: qurda qurd adı,
Gözüm “İşıqlı” dan axan nurdadı.
Göyçə dağlarında, Zəngəzurdadı,
Bu, Laçın oğullar, Şuşa oğullar.


(Qılman İman, “Şəhid oğullar”)

Sona İsmayılovanın “Yol verin, şəhid gəlir” şeirində Şəhidliyin qəhrəmanlıq səviyyəsində təqdimi Mübarizlərin, Poladların simasında şəhidlərimizin misilsiz şücaəti əksini tapır. “şəhidlərin ruhları o vaxt gülür ki, ədalət yolunda mübarizə aparan igidlərimiz torpaq yolunda canlarından keçə bilir.” O zaman şəhidlərimizin ruhları dinclik tapır, şəkillərdəki şəhid baxışları sevincə qərq olur. Məhz general Poladın da gözləri o zaman sevinclə gülür”.

Dağlar - daşlar xəbərdar, bu döyüşə şahiddir,
Generalım - zabitim, haqq yolunda şəhiddir.
Şəkildəki general, Polad sevinclə gülür,
Haray çəkin ay ellər, yol verin şəhid gəlir.


(Sona Abbasəliqızı İsmayılova, “Yol verin, şəhid gəlir”)

Şəhidliyin bayraq ucalığına yüksəlməsi Süleyman Abdullanın “Ən gözəli ağac olmaqdır Şuşanın qoynunda” şeirində səcdə etmək məqamı ilə birləşir. Şair bu məqamı heç bir gözəlliklə qarşılaşdıra bilmir. “Bundan gözəl səcdəgah ola bilməz” deyən şair bu ucalıqda insanın göz yaşlarının durulduğunu da vurğulayır.

Elə ucalıqlar var ki,
Baxdıqca durulur adamın göz yaşları
Sənə səcdə etməmək mümkünmü?
Bayraq ucalığı hər kəsə qismət olmur, şəhidim!


(Süleyman Abdulla, “Ən gözəli ağac olmaqdı Şuşanın qoynunda”)


Şəhidlik mövzusu bu gün ən aktual mövzu kimi hər an işıqlandırılır, poeziyamızın baş mövzusu kimi ədəbiyyat tariximizə yazılır. Birinci Qarabağ

müharibəsində yazılan şeirlərdən fərqli olaraq, Vətən müharibəsi şəhidlərinə həsr olunan şeirlər fərqli xarakterdədir. Bu şeirlərin əsası şəhidin qəhrəmanlıq səviyyəsində təqdimi istiqamətlərində yaranıb. Bugünkü şəhidlik qəhrəmanın mənəvi dünyasını, onun bütöv vətən olan simasının ucalığını, müqəddəsliyini əks etdirir və məqalədə əsasən bu səpkidə yaranan şeirlər təhlilə cəlb edilir. Qazanılan qələbə şəhidlik mövzusunun bütövləşən obrazını ədəbiyyata gətirməyə imkan verir. Əslində bu müharibədə şəhidliyin ucalığı və müqəddəsliyi poeziyanın qəhrəmanlıq salnaməsinin yazılmasına təkan verir. Elçin İskəndərzadə poeziyasında poetikləşən kimi - “İsa bulağından atılan bir ovuc su” şəhidliyimizin dirilişi, qisası və ruhlarının yaşantısı oldu.

Şəhid məzarlarına
İsa bulağından bir ovuc su at.
Dirilib ayağa qalxmasalar da,
Rahat uyuyacaqlar,
Qan qardaşlarım, rahat.


Şəhidlərimiz vətəndə yaşayır, Vətən isə onun yolunda canından, qanından keçən oğulları olduqca bütövdür və əbədi yaşardır. Şəhidlərimiz kimi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar