Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cəsarət Məmişoğlu:"Bu illər ərzində Füzuliyə qovuşmaq ümidi yaşamaq stimulum olub"- MÜSAHİBƏ

Tarix: 12-02-2021 19:51     Baxış: 3863 A- / A+
Cəsarət Məmişoğlu:"Bu illər ərzində Füzuliyə qovuşmaq ümidi yaşamaq stimulum olub"- MÜSAHİBƏ

Hər gələn nəsil ötən illərin daha yaxşı, o vaxtlar münasibətlərin daha səmimi və isti olduğunu vurğulamaqdan çəkinmir. Əslində bu bir həqiqətdir. İndi məişət qayğılarının hər şeyi üstələdiyi, problemlərin hədsiz çox olduğu bir zamanda dünənlə bu günü müqayisə etmək sadəcə yersiz və absurddur. Zaman atını dördnala çapır və biz bu tələsiklikdə kimin, nəyin harda, necə olmasından xəbərsiz oluruq çox vaxt. Dövrün inkişaf mərhələsində hadisələrin cərəyan ardıcıllığının xronologiyasından uzaqda qalmamaq üçün gedişatı izləmək, həyatın içində olmaq ehtiyacımızı boğa bilməmək vərdişimiz isti münasibətləri virtual soyuqluqla əvəzlədi. Virtuala qədər doğma, səmimi hisslərin bir araya gətirdiyi insanların bir-birinə bağlılığı, qırılmaz tellərin dostluq adında möhkəmlənməsi artıq bu gün bir hadisə kimi qiymətləndirilə bilər. Sevincini, kədərini, xoş gününü, ağrısını bölüşən, həyatın hər imtahanına bərabər sinə gərməyi bacaran dünənki dostlar isə nə olmasından asılı olmayaraq, bu gün də o hislərlə yaşayır. Tez-tez görüşmək imkanları məhdudlaşsa belə, hər çağırışda bir-birinin yanında olmaq xüsusiyyəti, istəyi dəyişilməz olaraq qalır. Bunlar müşahidələrimin gözü ilə gördüklərimdi. Müsahibimlə qiyabi tanışlığım baş redaktorumuz, şair Namiq Dəlidağlının kitabında oxuduğum bir şeirdən başladı. “Xatirə və nifrət” adlı şeiri “Yurd ağrısı dadmış dostum Cəsarət Məmişoğluna üz tutaraq...” başlığı ilə təqdim etmişdi şair. Sonralar hər dostluqdan söhbət düşəndə mütləq onun adını çəkir və vəfasından, etibarından danışırdı. Bu gün də mövqe, münasibət dəyişməyib, eyni məhəbbət, eyni rəğbətin olduğu hər kəlmədən bəlli olur. Buna digər əməkdaşlarımız və dostlar da şahiddi. Namiq müəllimin bu günlərdə doğum gününü qeyd edən Cəsarət bəyə ünvanladığı təbrikdə də dost ürəyinin hərarəti, sevinci təzahürünü tapmışdı. Və bilirəm ki, səbəbkar da eyni hərarət, eyni sevinclə dostuna qarşılıq verib.
Bəlkə də dərdimizin eyniliyi, üstəlik sözə, şeirə sevgisi onunla söhbətləşmək qərarımı qətiləşdirdi. Haqqında eşitdiklərim, yaxşı insan, etibarlı dost obrazı canlandırmışdı gözümdə. Məhz bu obrazın işığına tutunub söhbətə başladım. Cəsarət Qasımov əslən Qarabağlıdı, məlum işğal hadisələrinə qədər Fizulidə yaşayıb. Uşaqlığı, yeniyetməliyi, gəncliyi oğurlanan, məhv edilən nəslin nümayəndəsidi. İllərlə yağı tapdağında inləyən yurdunun həsrətini çəkib, məcburi köçkün adı altında əzilib. Bütün bunlara baxmayaraq, əziyyətlərə, mərhumiyyətlərə dözüb, ali təhsil alıb və bu gün hüquqşunas olaraq xalqa xidmət etməkdədir. Haqqında daha ətraflı ünvanladığım sualların cavabında öyrənmiş olarıq yəqin ki...


Manevr.az əməkdaşımızın dəyərli ziyalımız Cəsarət Məmişoğlu ilə müsahibəsini təqdim edir:

Tanıtma: Cəsarət Məmiş oğlu Qasımov 1979-cu il təvəllüdlüdür. Orta təhsilini Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndində alıb. 1993-cü ildə rayonun İşğalı ilə əlaqədar ailəsilə bərabər Sumqayıt şəhərində məskunlaşmağa məcbur olub. Yarımçıq qalmış orta təhsilini burda başa vurub, 1996-1998 ci illər ərzində Sumqayıt Politexnik Texnikumunun “Mühasibat uçotu və audit sahələri üzrə” şöbəsində oxuyub. 1999-2003 -cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin bakalavr, 2003-2005- ci illərdə magistr pilləsini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Qubadlı rayon Vergilər Şöbəsində vergi müfəttişi kimi başlayıb. 2010-2014- cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qubadlı rayonu dövlət notariat ofisinin dövlət notariusu, 2014-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar Agentliyinin Sumqayıt Regional ASAN xidmət mərkəzində xüsusi notarius işləyib. 2020-ci ilin fevral ayından Beyləqan rayonu 1 saylı notariat ofisinin xüsusi notariusudur. Ailəlidir. İki oğul övladı var.

-Cəsarət müəllim, bildiyimiz kimi 27 sentyabrda ordumuz əks-hücuma keçərək torpaqlarımızın azad olunması uğrunda müharibəyə başladı. Müharibə sizin üçün gözlənilən idi?

-Bəli, gözlənilən idi. Çünki son vaxtlar Ermənistanın törətdiyi təxribatlar, mütəmadi atəşkəsi pozmaları, torpaqlarımıza olan hücumlar və s. müharibənin olacağı ehtimalını şərtləndirirdi ki, Azərbaycan heç də sakit qala bilməzdi. Hökmən bunlara cavab verilməli idi. Bu baxımdan təbii ki, müharibənin başlamasını gözləmirdim desəm yalnış olardı. Bundan əlavə bildirim ki, müharibə gec-tez başlamalı idi, həm də ona görə ki, 30 ilə yaxın bir müddətdə işğalda, yağı düşmənin əsarəti altında qalan torpağın, onun üzərində bitən hər kol-kosun acı iniltisi, harayı bu milləti lərzəyə gətiməli idi və gətirdi də.

-44 gün davam edən Vətən müharibəsində Müzəffər ordumuz düşmənə sarsıdıcı zərbə vurdu. Və sonda ermənistanı təslimçilik bəyanatını imzalamağa məcbur etdik. Qələbəyə inanırdınız?

- Qeyd edim ki,bu, xalqın, millətin, ordunun, ümumiyyətlə, bütöv Azərbaycan birliyinin səyi, gücü idi və mən xüsusi ilə inanırdım ki, müharibə olsa qələbə bizim olacaq. Qələbəyə tam əmin idim. Bildiyimiz kimi, dünya ölkələrinin tarixində bir çox müharibələr, işğallar və qələbələr baş vermişdir. Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə yazıldı. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf etməklə yanaşı uzun illərdən bəri işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı. Burada bir haşiyə çıxım. Sualda qeyd olunur ki, ermənistanı təslimçilik bəyanatını imzalamağı məcbur etdik. Başqa necə ola bilərdi? Mən əslində subyektiv mövqeyimi bildirim. Bu müharibə əlavə olaraq ən azı 1 həftə də davam etsəydi, Azərbaycanın şanlı ordusu artıq Ermənistanın özünü də əldə edə bilərdi. Hərdən təəssüflənirəm. Amma nə edək. Cənab Ali Baş komandanın mövqeyi mübarizədə siyasi gedişə keçid etmənin vaxtı gəldiyini bildirdi. Onların başqa imkanları yox idi, bu bəyanatı imzalamağa məcbur idilər. Və imzaladılar. Bu da Azərbaycanın Şanlı qələbəsini şərtləndirdi. Həmişə qəbul elədiyim bir həqiqət də var, bunlar səbəblər deyil, nəticədir.

-İşğala qədər Füzuli rayonunda yaşamısız. Sonra yüzlərlə didərgin soydaşımız kimi böyük bir ailə ilə Sumqayıta pənah gətirmisiniz. Bu yəqin ki həyatınızda ən çətin günlərin başlanğıcı oldu?

-Məlum olduğu kimi, 23 avqust 1993-cü ildə Füzuli rayonunun işğal olunması taleyimə köçkünlüyü yazdı. O vaxtı mənim 14 yaşım vardı. Və təbii ki, bir çox şeyi sonralar başa düşsəm də, kəndimdən, doğma yurdumdan ayrıldığım vaxtı çox yaxşı xatırlayıram.
Mən köçkünlükdə keçən illərimi 2 qrupa ayırıram - uşaqlıq və gənclik illərim. Uşaqlıq illərimdən qalan xatirə - məcbiri köçkün damğası, gənclik illərimdən qalan tələbə qaçqın damğası. Təsəvvür edirsiniz.
Biz o vaxt, hələ ilk dəfə Beyləqana gəldik, 2 gün orda qaldıq. Sonra qardaşımın dostunun Şamaxı rayonunun Kirovka kəndində evi var idi, ora köç etdik, 6 ay orda qaldıq. Sentyabrdan yanvara qədər kənd məktəbində, yanvardan maya qədər Bakıda Yeni Günəşlidə yerləşən köçkünlərə verilən qalacaqda oxuyub sinfi bitirdim. Daha sonra ailəmlə (8 nəfər) Sumqayıt şəhərinə pənah gətirdik. Çox çətin günlərdi. Bu mənim yaddaşımdan heç vaxt silinməz. Təhsilimi davam etdirmək istədim, şəhər məktəblərinə qəbul etmədilər. Nəhayət, Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayonu 2 saylı şəhər orta məktəbinə daxil ola və orta təhsilimi başa vura bildim.
Cəsarət Məmişoğlu:"Bu illər ərzində Füzuliyə qovuşmaq ümidi yaşamaq stimulum olub"- MÜSAHİBƏ

Sonra Sumqayıt şəhərində fəaliyyət göstərən Politexnk Texnikumuna daxil oldum. Həmin illərdə texnikumda bizim hörmətli bir müəllimimiz vardı, İlyas müəllim. Qazaxlıydı. Onun təklifi mənə bir ümid verdi. Və mən Sumqayıt şəhəri İcra Hakimiyyətində yerləşən “Hər şey Sizin üçün” qəzetinin kollektivi ilə tanış oldum. Bu mənm gələcək həyatımda böyük bir dönüş oldu. Həmin kollektivdə “Hər şey Sizin üçün” qəzeti ilə yanaşı, onun tərkibində Krossvord qəzeti də dərc edirdik. Heç yadımdan çıxmaz. Krossvordun ilk nəşrində dostumuz Natiqin qol saatının şəklini çəkdik və hədiyyə kimi sualları tez tapan vətəndaşa verəcəyimizi vəd etdik. Qəzet çapdan çıxan kimi 15 dəqiqə keçməmiş sualları cavablandıraraq saatı almağa gəlmişdilər.
Sonra da “Dəniz” Ədəbi Birliyi. Həmin vaxt gənclərin, o cümlədən bir dostumun (sonradan universitetidə bir yerdə bakalavr, magistr təhsil aldıq) şerlərini redaktə edirdim. Bir parça qeyd edim:

Anamın gözünün axar yaşıyam,
Məhəbbət elmində hələ naşıyam,
Mən məğlub ölkənin vətəndaşıyam,
Sevgi şerləri yaza bilmirəm.


Bu şeri o vaxtı çap etdirə bilmədik və bilməzdik. Ona görə bir az poeziyadan uzaqlaşdım.
Mən texnikumu bitiridikdən sonra Bakı Dövlət Universitetinə daxil oldum. Universitetə tələbələrlə tanış olanda hardansan sualına cavab verəndə qaçqınsan deyirdilər. Utanırdım, qızarırdım, bəzən heç kimlə salam kəsmək istəmirdim belə. Lakin zamanla hər şeyə alışdım. Zaman hər şeyin həllidir, çətinliyin də, asanlığın da. 4 il bakalavr, 2 il magistr, çətinlik, əziyyət və sonunda nailiyyətlər, uğurlar.

-Çətinliklərə güc gəlib, ayaqda qaldınız, işlədiniz, ailəni dolandırmağa çalışdınız, təhsil aldınız. Bu gün öz sahənizdə xalqa xidmət göstərirsiz. Bu illər ərzində Füzuliyə qovuşmaq ümidi yaşamaq stimulunuz olub demək olarmı?

-Bütün çətinliklərə baxmayaraq oxudum, təhsil aldım, işlədim, vətəndaşlarımıza xidmət göstərdim və göstərməyə davam edirəm. Lakin doğma torpağa qayıtmaq ümidimi heç vaxt itirmədim. İtirə də bilməzdim. Ölkəmizin hər tərəfi, hər qarışı gözəldir. Lakin doğulduğu yurd, oba, el insana daha mehriban, əziz görsənir.
Sualın ikinci hissəsinə gəldikdə təbii ki, bütün işğal olunmuş torpaqlarımızın azad olunması, onlara qovuşmaq, o cümlədən Füzuliyə qovuşmaq ümidi yaşamaq stimulum olub.

-Azadlıqdan sonra Füzulidən lentə alınmış videgörüntülərdə düşmənin şəhəri xarabaya çevirdiyinin, daşı-daş üstündə qoymadığının şahidi oluruq. Bir hüquqşünas kimi nə deyə bilərsiniz? Bu vandalizmin hüquqi cəzası nədi?

-Ermənistan Azərbaycana qarşı işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə sistematik vandalizm siyasəti yürüdüb. İşğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində xalqımıza məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız bizə qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir. Ermənistanın bu kimi əməlləri beynəlxalq cinayətdir. Beynəlxalq cinayət – ayrı-ayrı dövlətlərin hüquqlarını və qanuni mənafelərini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kobud və ya kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əmələ deyilir. Beynəlxalq cinayətlərin tərkib ünsürlərinə aşağıdakılar daxildir:

a) təcavüz,

b) genosid,

c) insanlıq əleyhinə olan cinayətlər,

ç) müharibə cinayətləri, və s.

Hüquqi məsuliyyətə gəldikdə, bu barədə artıq beynəlxalq cinayət hüququnun mənbələri mövcuddur. Bunlara daxildir,

a) bilavəsitə beynəlxalq cinayət hüququna həsr olunmuş, beynəlxalq cinayətlərin konkret tərkiblərini müəyyən edən müqavilələr (məsələn, Genasid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyası və s),

b)tərkibində beynəlxalq cinayət hüququna aid olan müddəalar olan müqavilələr (məsələn, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyası və s),
c) beynəlxalq tribunalların və beynəlxalq təşkilatların nizamnamələri ((Beynəlxalq cinayət məhkəməsinin Nizamnaməsi; Beynəlxalq cinayət polisi təşkilatının (İnterpolun) Nizamnaməsi və s),

ç) cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq və ya hüquqi yardım haqqında ikitərəfli müqavilələr.

Eyni zamanda, silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistan Respublikası dövlət olaraq işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti daşıyır.
Cəsarət Məmişoğlu:"Bu illər ərzində Füzuliyə qovuşmaq ümidi yaşamaq stimulum olub"- MÜSAHİBƏ

-Boya-başa çatdığınız Füzulinin azad olunması xəbərini eşidəndə hansı hisləri keçirdiniz?

-Əslində Füzulimizin bir hissəsi bizim ordumuzun nəzarətində idi. Və biz gec-tez bilirdik ki, yurda qayıdacayıq. Füzulinin azad olunması xəbərini eşidəndə sevincimin həddi-hüdudu olmadı. Hər bir el övladı, yurd həsrəti çəkən vətən övladı kimi çox sevindim. Çünki artıq heç kim mənə qaçqın və ya köçkün deyə bilməz. Yəni başımı dik tuta bilərəm. Artıq bu həyatla, yəni köçkünlük həyatı ilə vidalaşıram. Bəlkə də çətin olacaq. Amma unudulmaz da olacaq. Çünki 27 il az müddət deyil, ən azından bu günkü ömür, yaşam statistikasına baxsaq ömrün yarısıdır. Bu müddətdə görün nələr olmadı, o illər mənim uşaqlığımı, gəncliyimi xərclədi, apardı.

-Bilirik ki, şeirə, poeziyaya sevginiz var, şair təbiətlisiniz. Mətbuatda ara-sıra şeirlərinizə də rast gəlirdik. Hazırda yaradıcılıqla məşğul olursuzmu?

-Poeziya, şer mənim üçün həyat etalonudur. Poeziya mənim həyat eşqimdir. Son dövrlərədək dövri mətbuatda dərc olunmuşam, elə indi də ara-sıra çıxış edirəm. Mənim poeziyaya münasibətim çox gözəldir. Şerlərin sazın ahəngilə səslənməsi xüsusi zövq verir. Söz müqəddəsdir, könüllərə layla çalmaq, duyğuları dilləndirmək, ruhu təzələmək üçün bir ilahi lütfüdür söz. İbrahim İlyaslı şeiriyyəti ruhumu sığallayır, ümumiyyətlə, əsl poeziyaya sevgiylə yanaşıram.

Qəlbimin parası üzülüb gəlir,
Söz-söz, misra- misra düzülüb gəlir,
Sənin həsrətindən süzülüb gəlir,
Səni həsrət ilə yazdığım şeir.


Diqqətiə görə saytın baş redaktoru, dostum Namiq Dəlidağlıya, kollektivə təşəkkürümü bildirirəm. Çox sağ olun, dəyərli dostlar! Həmişə sizinləyəm, sizinlə bir yerdəyəm. Müəllifi olduğum bu şeir də sizlərə ərməğanım olsun:

***
Kəndin nəyi pisdir uzaq qalmısız,
Dönüb kəndə gəlin kənd uşaqları.
Qürbət el-obada məskən samısız,
Dinib kəndə gəlin, kənd uşaqları.

Nə olsun qürbətdə ocağınız var,
Laləli, nərgizli xoş çağınız var,
Qonaqlı, qaralı yığnağınız var,
Çönüb kəndə gəlin, kənd uşaqları.

Nənəniz, babanız gözləyir Sizi,
Yurdunuz, yuvanız səsləyir Sizi,
Hələ də qoynunda bəsləyir Sizi,
Qanıb kəndə gəlin, kənd uşaqları.

Dolanır bu yerdə ruhu babanın,
Güvən yeri olun elin, obanın,
İstər min, istə rdə milyon qazanın,
Sönüb kəndə gəlin, kənd uşaqları.

Suyu ləl-gövhərdir, torpağı məlhəm,
Düzləri yaşıllıq, hər dağı məlhəm,
Vücudum, varlığım bağlıdır möhkəm,
Yanıb kəndə gəlin, kənd uşaqları.

Cəsarət nələri dilə gətirdi,
Qəlbində həsrətdən yara bitirdi.
Heç nə qazanmadı, ancaq itirdi,
durun kəndə gəlin, kənd uşaqları...


Söhbətləşdi: Sevinc Qərib
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar