Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ruhumuzu yaraladı nisgil, iztirab dolu Kəlbəcərsiz illər"- Aşıq Hikmət

Tarix: 09-12-2020 17:44     Baxış: 3526 A- / A+
"Ruhumuzu yaraladı nisgil, iztirab dolu Kəlbəcərsiz illər"- Aşıq Hikmət

Düşünürəm ki, istənilən sənəti dayanıqlı edən, bu günə qədər gətirib çıxaran və gələcəyinə yaşıl işıq yandıran onun hansısa ənənəyə, kökə sadiq qalmasıdır. Yüz illəri geridə qoyub, bu gün də eyni ahəng və sevgi ilə davam etdirilən aşıq sənətini yaşadan da məhz köklü ənənələrdən qaynaqlanmasıdı. Bir də bu sənətin vurğunları, ruhu saz üstə köklənən, sazı özünə vətən bilən aşıqlardı folklorumuzu zəngin edən. Böyük Türk dünyası folklorunda bəlli bir mərtəbəni tutan aşıq yaradıcılığı, biz oğuz türklərinin də ululardan qalma sənətidir. İstənilən bölgəmizdə aşıq yaradıcılığı ilə məşğul olan insanlar var. Ancaq xüsusi bölgələr var ki, orda bu sənətin özünəməxsus mühiti və məktəbi yaranıb. Elə bu səbəbdən də həmin bölgələrdə aşıqlar çoxluq təşkil edir. Kəlbəcər aşıq məktəbi də qədim ənənələrə söykənən, lakin üslubda, ifada yenilik yaratmağı bacaran bir sənət ocağıdır. Közünü Miskin Abdaldan götürən, çağdaş ozan sənətinin görkəmli nümayəndəsi, azman aşıq Dədə Şəmşirlə alovlanan saz-söz ocağının yüzlərlə davamçıları, məhşur sənətkarları var. Onlardan biri də aşıq Hikmət Həsənovdur. Hikmət Ziyad oğlu Həsənov 29 fevral 1980-ci ildə Kəlbəcər rayonunun Şurtan kəndində anadan olub. Tanrı ondan istedadı əsirgəməyib. Uşaq yaşlarından aşıq yaradıcılığı ilə məşğul olub. 1993-cü ildə Kəlbəcər işğal olunduqdan sonra minlərlə soydaşımız kimi o da məcburi köçkün həyatı yaşayıb. 28 ilə yaxındı Ağdaş rayonunda məskunlaşıb. İllərin ağrısı, yurd həsrəti onun ifasına da yansıyıb, səsinə bir ayrı yanğı çöküb.

Manevr.az əməkdaşımızın Kəlbəcərli aşıq Hikmət Həsənovla söhbətini təqdim edir:

-Aşıq Hikmət, artıq "ayrılıq nəğmələri"ni oxumağın sonu çatdı. İllərdir qəmə sarılan ruhunuz, sazınız indi - Kəlbəcərə qovuşmaq məqamında hansı havaya köklənib?
-Doğru deyirsiz, illərdir yurd həsrəti könlümüzü ancaq qəmə kökləmişdi. Könlün gülmürsə, sazın da gülmür, sözün də. Çox şükür indi Kəlbəcərimiz işğaldan azad olunub, qovuşmağımıza az qaldı. Ruhu dilləndirən gözəl aşıq havalarımız çoxdu. Ancaq ürəyimdən ilk olaraq, yurd yeri havası üstündə Ənvər Rzanın “Nə yaxşı görüşdük, nə yaxşı yenə” rədifli qoşmasını oxumaq keçir. Və bundan sonra sənət evimi qələbə ruhlu, şən şeirlər, nəğmələr bəzəyəcək.

-Kəlbəcərin işğalı sözsüz ki, hər bir rayon sakininin yaddaşında acı izlər buraxdı, hər kəsin həyatından qara xətt kimi keçdi. Ancaq yurd itkisi yaradıcı adamlara ikiqat ağır oldu: hər gün oranı xatırladılar, yazdılar-yaratdılar, oxudular, nəğmələr qoşdular. Siz yaranızı nə ilə sarıdınız, ağrınızı necə sakitləşdirdiniz bu illər ərzində?
-Bəli, çox acı və ağrılı bir tarix yaşadıq. 28 ildən artıq doğma yurda həsrət qalmaq heç nəyin ovuda bilməyəcəyi ağır dərddi. Ruhumuzu yaraladı nisgil, iztirab dolu bu illər. Pərən-pərən düşdü elimiz-obamız. Özümüzdən, sözümüzdən olduq. Hamı kimi məni də göynətdi bu ağrı. Çox çətin keçdi ayrılıq illəri. Biz yaradıcı adamlar digərlərinə nisbətən daha həssas olduğumuzdan yaralarımız da daha dərin oldu. Ovunmaq üçün saza-sözə sarılırdım. Ancaq sazım inlədi, sözüm nalə çəkdi. Ruhumu göynətdi yazdıqlarım, oxuduqlarım. Bircə təsəllim içimdəki inam hissi idi, bir gün Kəlbəcərə dönəcəyik deyirdi daxildən bir səs. Və bu gün o möcüzə baş verdi, Kəlbəcəri yuxularda yox, gerçəkdə görə bilmək diəyimizə çatdıq.

-Kəlbəcərin fərqli ədəbi mühiti, eləcə də dərin köklərə bağlı aşıq məktəbi var. Yəqin ki, öz ənənəsi olan aşıq məktəbini gələcəkdə inkişaf etdirmək, yaşatmaq fikrindəsiniz?

-Ümumiyyətlə, Kəlbəcər öz gözəlliyi, əsrarəngizliyi ilə necə fərqlənirsə digər bölgələrimizdən, burdakı ədəbi mühit, saz-söz sənəti də digərlərini təkrarlamır. Aşıq Qurban ənənəsinə söykənən, Dədə Şəmşir sənətindən bəhrələnən aşıq məktəbi bu gün də yaşamaqda və fəaliyyət göstərməkdədir. Neçə-neçə adlı-sanlı imzalar məhz bu məktəbin yetirməsidi. Mən də bu sənətin davamçısı olaraq məktəbimizi inkişaf etdirmək, yaşatmaq üçün əlimdən gələni edirəm. Və gələcəkdə bu ənənəni Kəlbəcərdə davam etdirməyi düşünürəm.

-Saz-söz sənətinin sirlərinə necə yiyələnmisiniz, ustadınız kimdi? Neçə ildi aşıq kimi fəaliyyət göstərirsiniz?

-Biz kəlbəcərlilər saza, sözə beşikdəykən alışmışıq. Uşaqlıqdan aşıqlarımızı dinləmişəm, aşıq havalarına, şeiriyyətə vurğunluğum məni bu sənətə bağlayıb. Təbii ki, istedad, bacarıq olmasa bu sənətdə addımlamaq mümkün deyil. Sənətə vurğunluq, sevgi nailiyyət qazanmaq üçün təkan amilləridi. Çox aşıqlarımızla məclilislərdə olmuşam. Məktəb keçdiyim, dərs aldığım fərdi müəllimim olmayıb. Ancaq ustad aşıqlardan bəhrələnmişəm

-Başdan-başa müqəddəs ocaq olan Kəlbəcərə dönəndə ilk olaraq haranı ziyarət etməyi nəzərdə tutmusuz?

-Vallah, Kəlbəcərə qayıtmaq möcüzə kimi gəlir mənə. Hislərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Mənfur düşmənin yurd yerlərimizdə törətdikləri vandallıqlar adamı dəhşətə gətirir. Amma nədə olsa dağlarla görüşə tələsirəm. Qayıdan kimi əvvəlcə ulularımızın məzarlarını, uçmuş, dağlmış evimizi ziyarət etmək istəyirəm. Sonra "Ceyran bulağı"na gedib bumbuz suyundan başıma çəkəcəm, illərdir nisgildən yanan ürəyimin atəşini söndürə bəlkə...

-Yaradıcılığın əsas şərtlərindən biri də öz yolunun, dəsti-xəttinin olmasıdı. "Şirin barmaqlarınız", xoş avazınız var. Başqalarından fərqlənmək üçün bunlar bəs edirmi, ya istedadınızın biz bilmədiyimiz tərəfləri də var?

-Bəli, düz buyurursuz, yaradıcılıqda fərqlənmək, öz yolunun olması uğurun açarıdır. Sənətə gəldiyim gündən bu mənim amalım olub - təkrarçı olmamaq, öz yolunu yaratmaq. Dinləyicilərdən özünəməxsus ifa tərzimin, könülləri dindirən xoş avazımın olmasını eşitmək çox xoşdur. Hardasa amalıma çatdığımı deməyə əsas verir. Dəyəriniz üçün sizə də təşəkkür edirəm.

Söhbətləşdi: Sevinc Qərib
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar