Xəbər lenti
Görünən dağa bələdçi gərək deyil - Dəyanət Osmanlı-55
Borçalıda hər mətləb bir atalar sözüylə yanaşı işlədilir. Göz açıb belə görmüşük, göz açıb belə görürlər. Bu səbəbdən də Günəbaxan Günə meyilli olduğu kimi, ayağı yer, dili söz tutanlar sözə meyilli olur. “Adəmdən Hatəmə” belə olub, indi də belədi. Ona görə də Borçalıda sözün üstündə nataraz yellər əsə bilməyib...
Və o, ulu türk yurdu Borçalıdan boy atıb, Günə baxan şeirləri, qürurlu xatirələri, təbəssümü, kədəri və sevgisi ilə dünyaya boylanan və Türk dünyasının özbəöz Söz yetirməsi, Söz İsmarışıdır. Onunçün dünyanın və özünün varlığı nədirsə, elə Borçalı da, Azərbaycan da, Türk dünyası da odur.
Mən qeybin içinə gəldim
Borçalının lap dərin yerindən.
Pırlayıb quş tək uçdum
yad ayağı altından
fələyin dilindən yayınıb
təzə söz kimi düşdüm
Tanrının qafasına.
Borçalıda söz ifadəsinin bir yozumu da şeirdi. Yəni ağır ellərdə şeir həm də söz urvatın-da, söz müqəddəsliyində yaşadılır. Bu səbəbdən Borçalıda sözü ömürə göyqurşağı bilirlər... Elə Dəyanət Oosmanlı şeiri də Borçalıya bir göyqurşağıdır.
Hara vardımsa,
hara köç saldımsa,
sonunda yenə gəlib
əziz Borçalıda qərar tutdum.
Mən o torpağın əmənətiyəm,
bu sözüm də sizə
bir son əmanət olsun.
Torpağın əmanəti
insanda qalmaz...
Osman oğlu Dəyanət Dəyanət Osmanlı olunca, belə yaşayıb, indi də belə yaşayır. Qar dizləyə-dizləyə məktəbə gedəndə də, əllərini hovxura-hovxura odun yaranda da, Gün yaxa-yaxda örüşdən qayıtmayan mal-qaranı gətirəsi yola çıxanda da, könülü sözdən iraq olmayıb. Üzünə açıq olub. Ruhunu gəraylılar, qoşmalar, təcnislər yelpikləyib.
O, bu gün müasir sərbəst şeirin azmanlarından olsa belə, xalq yaradıcılığını, qoşmaları, bayatıları, gəraylıları, təcnisləri böyük sayğı və sevgi ilə özlüyündə “Qocaman şeirlər” adlandırır. Və yeri gələndə həmin “Qocaman şeirlər” adıyla, o stildə, amma yenə də yeni bir nəfəslə ən gözəl şeir nümunələrini yaradır.
Səfər saatımın uğuru yatmış,
gerisi viranə, önü gümandı.
Deyirəm: dur gedək, a başı batmış,
ta burda həyatın nəbzi dayandı.
Düz söz atəşinə qovrulur adım,
bəxtiylə öcəşib durur inadım,
əcəlin ağzında haqq amanatım,
halım duymaz dostlar, gendən dolandı.
Qəlbim bir qaladı kolay alınmaz,
qan qana qarışsa daha durulmaz,
tərs yazı yazandan soru sorulmaz,
Osmanlı der: söz satılmaz, imandı.
Ona görə, bu böyük istedadlı şairin yaradıcılığı bunca durudu; sözün rəngini görəli, könlü söz üzünə açıq olub... Söz onun şeirlərində bir obrazdır. Bəzən o söz obrazın özü bir əsərdir. Bəzən o bir unudulmaz anı, bəzən də yaşayan duyğudur.
Qələmdə bir dəstə söz
eşikdə bir yığın qar
ağardım, ağardım.
Gecə
salamat qal
səni unutmaram
yuxusuz sözlərin xatirinə.
Əlvida
əlvida istəklilər
ürəyimdə olsanız da...
Xatirələrin şəkli
bu boyda
bu boyda - cırılmış.
TANITMA: Dəyanət Osman oğlu Bayramov (Dəyanət Osmanlı) 16.06.1965 -ci ildə Gürcüstanın Borçalı mahalının Bolnisi rayonunun SARAÇLI kəndində anadan olub. 1982-ci ildə SARAÇLI orta məktəbini bitirib. Həmin ildə Sumqayıt Xovlu iplik fabrikində fəhlə işləyib. Ordu sıralarında xidmət edib (1983-1985). M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində (1986-1991) ali təhsil alıb.
Jurnalist kimi əmək fəaliyyətinə 1991-ci ildə "Mübarizə" qəzetində şöbə müdiri olaraq başlayıb. 1991-1992-ci ildə "Fəryad" qəzetində şöbə redaktoru, 1992-ci ildə ilk müstəqil mətbuatı olan "Azərbaycan" qəzetində müxbir işləyib.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə rəsmi dövlət mətbuatı “Azərbaycan” qəzetinin 1992-ci ildə bərpasında iştirak edən 30 jurnalistdən biridir. 1992-2005-ci illərdə Milli Məclisin orqanı "Azərbaycan" qəzetində ölkə prezidentinin qəbul və görüşlərinin yazarı, parlament müxbiri (1992-2005) olaraq fəaliyyət göstərib.
2006-cı ildən Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru vəzifəsində çalışır.
D. Osmanlı görkəmli şair, publisist, esseistdir. Ədəbiyyata gəldiyi ötən əsrin 90-cı illərindən modern üslublu yenilikçi şair kimi tanınıb. Müstəqillik dövrü modern Azərbaycan poeziyasının cığırdaşlarından biridir. Onun yaradıcılığında Türkçülük, Turançılıq məfkurəsi əsas motivlərdəndir.
1989-cu ildə tələbə ikən Gənc yazıçıların ümumrespublika seminar-müşavirəsinin iştirakçısı olub. Azərbaycanda ilk postmodern şeiri də o yazıb (1990, “Azərbaycan” qəzeti, “İyul qızmarı”). Yaradıcılığının ilk poetik nümunələri "Ədəbiyyat və incəsənət" qəzetində (1989), "Ulduz" jurnalında (1990) dərc olunub. Bundan sonra vaxtaşırı "Ulduz", "Azərbaycan", "Xəzər" jurnallarında və "Yol", “Oğuz eli” qəzetlərində "Min beş yüz ilin Oğuz şeri" antalogiyasında və almanaxlarda, digər müasir mətbuat orqanlarında, şeirləri, esseləri, ədəbi tənqidi, publisistik məqalələri, tərcümələri ilə çıxış edib.
1998-ci ildə Azərbaycan Prezidentinin istedadlı gənç yazarlarla görüşünün iştirakçısı və çıxışçılardan biri olub. İstedadlı gənc yazarlara təqaüd verilməsi və ədəbi orqaların gəncləşdirilməsi təkliflərini irəli sürüb.
1992-1998-ci illərədə gənc yazıçıların "Avanqard" Ədəbi Birliyini yaradaraq ona rəhbərlik edib. 1996-cı ildə Azərbaycan Yazıçılar Birliyinin, 1997-2014-cü illərdə AYB İdarə Heyətinin , son illərdə isə Birliyin Qəbul komissiyasının üzvü olub . "Ağ kitab" (1997), "İlk... Və... Son..." (2009). "Nəfəsimin qatili" (2015), "The Sound of Blood" 2015, (ingilis dilində) adlı şeir kitabları və 15-dən çox publisistik kitabı nəşr edilib. İndiyədək kitablaşmayan şeirlər, yüzlərlə ictimai-siyasi, ədəbi-mədəni məzmunlu məqalə, tənqid, portret-oçerklər, müsahibələr müəllifdir. Yüzdən artıq kitabın redaktoru və tərtibçisidir.
D.Osmanlı fəal ictimaiyyətçi kimi də tanınır. 2010-cu ildə yaradılan "Türk Dünyası İnfo" İctimai Birliyinin təsisçilərindən biri və rəhbəridir. “Borçalı” İctimai Birliyinin sədr müavini, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin fəxri üzvüdür.
D.Osmanlı Türkiyədə, Gürcüstanda, Qazaxıstanda bir sıra ədəbiyyat və ictimai yönümlü tədbirlərin təşkilatçısı və iştirakçısı olub. 2018-ci ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) xətti ilə M.P.Vaqifin Qazaxıstanda keçirilən 300 illik yubileyinə əsas məruzəçi olaraq qatılıb. Onun müəllifliyi və təşbbüsü ilə ardıcıl şəkildə Azərbaycanda, Gürcüstanda, Türkiyədə, ölkəmizin regionlarında ədəbi-mədəni irsin, milli-mənəvi dəyərlərimizin, müasir ədəbiyyatımızın təbliği ilə bağlı layihələr həyata keçirilmiş, bir neçə dildə poeziya antalogiyaları nəşr olunmuşdur.
2008-ci ildə Azərbaycan Prezidentinin təqaüdünə layiq görülüb. Türk Dünyası ilə bağlı çalışmalrına görə 2014-cü ildən etibarən beş dəfə TÜRKSOY-un bəlgələri, Mətbuat Şursı, eləcə də başqa ictimai qurumlar tərəfindən diplomlarla təltif edilib.
2019 -cu ildə Bakıda keçirilən IV Beynəlxalq LİFFT Ədəbiyyat Festivallar Fetivalının qaliblərindən olub. Əsərlərindən seçmələr bir neçə xarici dilə tərcümə olunaraq Gürcüstanda Türkiyədə, Amerikada, Rusiyada, İranda dərgi və almanaxlarda çap olunub. Haqqında bir çox məqalələr yazılıb.
Bakıda yaşayır. Üç övladı var.
***
Dəyanət Osmanlının şeirlərini obrazlar qalareyası adlandırmaq bəlkə də daha doğru olar. Hər şeirdə bir neçə obraz və baxdıqca, yenə də hər obrazın içində bir neçə obraz görünür. Bu obrazlar zaman anlamında dünən yaşanılmış duyğuların, türkçülüyə (türkə!), Türk kimliyinə, tariximizə və gələnəklərimizə nəhayətsiz sevginin, Borçalıdan Böyük Dünyaya düşən işığın dilmancıdı.
Çarəsizliyin başı üstə
qosqoca türk bayrağı,
surətini görüncə
adamın sözü dilində,
dili ağzında titrər al-qumaş kimi.
Düşmənin qəsbkar xislətində
əsir-yesir qalan vətən torpağı
sərdarını bular-bulmaz
üstünə yeriyər
basılmaz ölümün
ardıyca o bayrağın...
Qosqoca türk bayrağı,
qızıl-qırmızı sinə dağı,
fələyin ünü yetməz yeniltməyə
qosqoca ucalıqlar sərdarını...
Saraçlının Qaraqayasından əsən yellər ağacların xırdaca budaqlarını, xırdaca budaqlarında ufacıq yarpaqlarını titrətdiyini görə bilib deyə, görünməyəndə duya bilib deyə, o titrəyişin ifadə etdiyi sözü eşidə bilib deyə, eşitdiklərini şeir biçimində eşidib deyə ruhu Dədə Qorqud ruhunun zərrəsidi. Şeirlərinin şeiriyyəti, poetik tutumu deyir ki, Dəyanət o səsi ifadə edən sözü şeir kimi eşidirmiş.
Hələ payız gəlməmiş
erkən düşdü soyuqlar,
öfkələndi küləklər,
töküldü yarpaqlar.
Dəfn oldu izlərimiz
yağmurların təmkinlə
axdığı üzlərdə.
Qafiyəni sonluğun deyil, həmişə məzmunun doğmalığının, tarazlığının, eyniliyinin şəkli bilmişəm. Bu baxımdan Dəyanət Osmanlınının şeirıərinə sərbəst şeir ülgüsündə, qəlibində heca hecaqanlı şeir demişəm, belə də deyəcəm. Nə qədər modern olsa da onun şeirinin təməli budur. Və elə təməlinə görə də onun belə tam yeni üslubu, öz poetik sistemi var. O hər şeirdə türkcəmizin qayğısını çəkir, dili əzizləyə-əziləyə həyatın kölgəsində qalıb unudulan sözlərə yeni bir can, nəfəs verir. Bu mənada da Dəyanəti günümüzün görkəmli novator şairi bilmişəm.
Duaları oxunub qurtarıb,
qapanıb kitabı günlərin,
əzilib-büzülüb vərəqlər,
sözlər küncünə atılıb keçmişin.
İndi özümə də gərəkməyən
yaşam səhifələrində
ömrün üzgün üzünə həkk olub
talenin qəzəbli barmaq izləri.
Akademik Nizami Cəfərovun dediyi bu sözlər, düşünürəm ki, D.Osmanlının şair obrazının cox dəqiqliklə ifadə edir: “Onun bütün şeirləri bir obrazdır və bir obraz daxilində təbiətən gələn bir dil var. Bu dil məhz böyük təfəkkürün, böyük yaradıcı düşüncənin, böyük yaradıcı idrakın dilidir və sanki elə şeir ücün yaranıb. Bu mənada, onun bu dildən istifadə məharəti, həqiqətən, böyükdür.”
Külək qışı qovur, əzizim,
lə bil cərşənbədə, fevralda
qar icinə qovulmuşam könüllərdən...
..Mənim üzüm soyuq, sənin ürəyin,
hər gün bir az da qar yağır
dünən diri olan umudun üstünə...
Dəyanət Osmanlının yaradıcılığı dum-duru və bənzərsiz yaradıcılıqdı. Dəyanətin şeirlərində yad nəfəsi yoxdu, kiminsə fikrindən sızma da yoxdu; Dəyanətin şeirlərinin üstündə Tanrı kölgəsindən savayı kölgə görükmür. Bu şeirlərdə Tanrının obrazı da, kölgəsi də orijinaldır.
Zor anlarımda
Tanrıya nə ünüm,
nə əlim yetməyəndə, məcbur qalıb imdada çağırmaq istərkən
səsim boğazımda ilişib qalar.
Yuxularda Tanrının surətini bir doğma insan tək görürkən
ruhum tənimdə təntiyir, gözüm üzümdə səyriyir...
Dəyanətin özü poeziyanın, şeirləri duyumların, duyğuların cəfakeş ustasıdır.
Dəyanətin bir şeirinin fikir kölgəsi nə qədər iri və tünd olsa da, başqa şeirinə düşmür; Dəyanət özünü təkrarlamır və şeirlər özlüyündə bir-birinə doğma olasa da, hec cür tərarlanmır.
Obrazlı şəkildə desək, Dəyanətin şeirlərinin boyu, işığı (ziyası) şeir tünlüyündə kifayət qədər Yuxarıda və Aydın görünür...
Dəyanətin şeirləri itirdiklərimizin elegiyasıdı, Doğu-Batı arası türkün qılıncının kəsəriylə yaranan sərhədlərin qürurudu, döyüşən ruhun, döyüşkən ruhun çılğınlığıdı, “mehrabı uca göylər olan eşqə” görə gözləri dolan dünyanın qəhəridi, bir də dönməz bir inamın odasıdı. Türklüyün dünyaya görk olacağı inamıdı bu inam...
Hərdən özümü oxuyub
ötənləri xatırlaram.
Saralmış vərəqlər arasında
quruyub qalmış,
itib-batmış
bir anın tozlu surətiyəm,
mənim kitabim budur...
Borçalıda uşaqlar, yeniyetmər yaz yağışına inanc kimi qoşa ovuc aça-aça durulaşar, durulaşa-durulaşa sözü sözdən ayırd etməyi bacarardı. Uşaqlığında Dəyanətin də yaz yağışına qoşa ovuc açdığına zərrəcə şübhəm yoxdu. Yoxsa şeirlərini oxuyanda dünənlərində dipdiri qalan obrazların, duyğuların xatirə yağışında islanmağı, yuyulub aydınlanmağı insan ömrünə zamandan bulunan qazancdır. Bu, Dəyanətin şeirin qüdrətidi...
Fevral yağmurunda
azadlığı əkmək tək islanmış,
rüzgarı taqətsiz görüncə
lap çoxdan unutduğum
bir dost adını xatırladır
yağışın dəcəl səsi.
Fikirlərimin təsdiqi olsun deyə, Dəyanətin şeirlərini ayrı- ayrı yönlərdən araşdırıb bol-bol sitatlar gətirə bilərdim, bu və ya digər şeirini, bu və ya digər şeirindən bu və ya digər misrani, misraları təhlilə cəlb edə bilərdim. Və yadıma düşdü ki, görünən qəlbi dağa bələdçi gərək deyil... Və Dəyanət Osmanlı doğrudan da, hər yerdən görünən belə bir şairdir.
Bilənlər ki, bilir, bilməyənlər də bilsin ki, Saraclıdan Böyük Dünyaya aparan yolu o vaxtlar Tanrı uğurlayıb. Dəyanət Osmanlı isə o doğma yolu ən yaxşı tanıyan qədim və müasir yolçusudur...
Adım kimi
tanıdığım o yolu,
getmədim qəzasız olduğu
üçün keçmişin intiharına şahid olan
bir vadidə dayanıb səfər sonunu gözlədim...
Rəşid Faxralı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar