Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Otur aşağı, lazım deyil sənin çıxışın, sən mənim dostumun qızına "ilişmisən""

Tarix: 19-02-2019 12:18     Baxış: 4731 A- / A+
Azərbaycan Dillər Universitetindən çıxarılan Vüsalə Ağabəyli danışdı: “Özümü universitetdə Mikayıl Müşfiq kimi hiss edirəm”

“Otur aşağı, lazım deyil sənin çıxışın, sən mənim dostumun qızına "ilişmisən""


Xəbər verildiyi kimi, Azərbaycan Dillər Universitetinin (ADU) filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən çıxarılıb.

Bundan öncə rektor Kamal Abdulla filologiya və jurnalistika fakültəsinin dekanı V. Ağabəyliyə töhmət verildiyini açıqlamışdı. V. Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, ona kafedra yaratmaqda, tələbələr arasında xəlifə və “qulamlar” olaraq təbəqələşmə formalaşdırmaqda günahlandırmışdı.

Manevr.az xəbər verir ki, V.Ağabəyli “Yeni Müsavat”a müsahibəsində bu məsələnin detalları ilə bağlı danışıb. Sözügedən müsahibəni oxuculara təqdim edirik:

- Rektorla olan mübahisəmiz tamamilə onun başlatdığı bir məsələ idi. Mənim ona hansısa formada qarşı çıxmaq kimi bir niyyətim olmayıb. Həmişə hörmətlə yanaşmışam. O, öz komandasını yığmaq məqsədilə gəlmişdisə, məni də işdən çıxarmaq istəyirdisə, ilk başdan çıxarardı. Özü bilir ki, hansı səbəblər var və niyə bu oyunu qurub. Bunu hələlik deməyəcəm. Onun özünün əmri və göstərişinə əsasən komissiya olaraq dərslərdə iştirak etmişik. Məqsədin problemli müəllimlərlə tövsiyə xarakterli məsləhətlər aparılmalı olduğunu düşünürdüm. Demək, belə deyilmiş, ya da kimlərinsə toxunulmazlıq hüquqları var imiş. Dostunun qızının dərsində, özünün yaratdığı komissiya ilə bir yerdə iştirak etmişəm. Ondan öncə 20-yə yaxın dərsdə iştirak etmişəm. Heç bir dərsdə heç bir problemimiz olmayıb, xırda iradlarımız olubsa da müəllimlərə bildirmişik, təbii ki, inkişaf etməyək istəyən hər bir mütəxəssis müsbət qarşılayıb. Bu dərsdə problem o idi ki, müəllimə ingilis dilini bilmirdi və əlavə olaraq da, dərs praktik seçmə fənn olduğu halda nəzəriyyə keçirdilər. Həmin fənnin nəzəri bazasını özündə əks etdirən fənn isə daha əvvəlki semestrdə tədris planında yer almışdı və tədris olunmuşdu. Bunu bu boyda qlobal məsələyə çevirmənin yeri yox idi. Onu universitet daxilində həll etmək lazım idi. Nə o müəlliməni çıxdaş eləmək, nə həmin müəllimənin adını hallandırmaq söhbəti var idi. Sadəcə, mən o müəllimənin ingilis dili kursuna göndərilməsini təklif eləmişdim. Hətta Kamal müəllimin öz otağında 14 dekabrda, yəni rektoryanı şuradan daha əvvəl bu məsələni müzakirə edəndə bildirmişdim ki, “Kamal müəllim, universitetin rəhbəri sizsiz, böyüyümüzsüz, necə məsləhətdir elə edək. Ümumiyyətlə, istəyirsiz mən Nərgiz Qurbanlının dərsində heç iştirakımı da qeyd etməyim, amma yaxşı olar ki, həmin müəllim mütləq öz universitetimizdə fəaliyyət göstərən Dil xidmətləri mərkəzində intensiv ingilis dili öyrənsin”.

“Mənə məsləhət vermə” dedi, məsələni bu qədər böyüdəcəyini və rektoryanı şuraya çıxaracağını düşünmədim. Lakin rektoryanı şurada əvvəlcə məni qaldırıb kinayəli irad bildirməsinin, təhqiramiz ifadə işlətməsinin və qəbahətimin isə dərsi komissiya üzvləri ilə birgə tam sona qədər dinləməməyim hesab edilməsinin qarşılığı olaraq, çıxış etmək istədim. Etiraz edərək, “otur aşağı, lazım deyil sənin çıxışın, sən mənim dostumun qızına ilişmisən, barmağına dolamısan bizi” deməsi, düşünürəm özünə hörmət edən hər bir kəsə toxunar. “Səsləndirdiyiniz ifadəni qəbul etmirəm və dinlənilmək istəyirəm” deməklə etiraz çıxışı etmişəm. Çıxış etmək nə vaxtdan qəbahət hesab olunub? Mənim söz haqqım yoxdursa, onda niyə rektoryanı və Elmi Şuranın da üzvüyəm onu da anlamıram. Elə söz haqqıma görə vəzifədən uzaqlaşdırıldım. Onda bilmirdim ki, həmin müəllimə onun dostunun qızı imiş. Belə çıxır ki, mənim ixtiyarım yox imiş orada söz deyəm. Həmin məntiqlə mən o müəllimə, Nərgiz Qurbanlı haqda nəsə deməyə haqqım çatmırdısa, digər müəllimlər haqqında niyə deməliyəm ki? Başqaları kiminsə qızı olmasa da, bu millətin övladıdır. Mən də bu millətin övladıyam. Əgər doğrudan da bunu tədris, tələbələrə dəstək üçün ediriksə, o zaman hamıya tətbiq edək. Yox, ayrı-seçkilik ediriksə, onda həmin nöqtədə dayanmalıyıq. Üstəlik, ayrı-seçkilik etdikləri məqamda məni də günahkar elan edirlərsə, durub etiraz olaraq çıxış etməməliydim ki?

- Məsələ təkcə o müəllimənin onun dostunun qızı olmasında idi?

- Yəqin mənə “otur aşağı” deyəndə oturmalıydım, vəzifəmi itirməmək üçün qorxmalıydım. Demişəm ki, xeyr, Kamal müəllim, mən etiraz edirəm, o dərsdə iştirak etmişəm. O dərsdə müəllimə ingilis dilini bilmirdi və mənim də müəlliməyə təklifim o olub ki, ingilis dilini mütləq formada öyrənmək lazımdır. Çünki həmin ixtisas üzrə qəbul planını bizim universitetə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi sırf ingilis dilində tədris olunmaqla verir. Mən də o fakültənin dekanıyam və buna məsuliyyət daşıyıram. 20 dəqiqə dərsdə ingilis dilində heç danışa bilməyən və praktik dərsi nəzəriyyə keçən müəllim dərsin sonunda master-klass keçməyəcəkdi! Mən o fikri səsləndirməliydim. Düşünürdüm ki, həqiqətən də məqsəd tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət göstərmək idisə, rektor mənim bu fikrimi dəstəkləməli idi. Həm də güman edirdim ki, bəlkə kimsə rektora yanlış məlumat verib, məsələnin mahiyyətini öz dilimdən anlasın. Niyə dəstəkləmədi? Niyə sakit həll etmək əvəzinə bu boyda böyütdü, ölkə ictimaiyyətinə yaydı? Çünki dostunun qızı imiş. Mənim çıxışım ona xoş gəlmədi. Öncə çıxışımı qəbul etmədi, sonra heç bir əsası olmadan töhmət verdi. Mən bu töhmətlə bağlı onun özünə şikayət etdim. Bildirdim ki, mənim kollektiv və tələbələr arasındakı nüfuzum nəzərə alınmaqla, bu töhmətim ləğv olunmasını xahiş edirəm. Çünki töhmətdəki ittihamlar əsassızdır. Baxdım ki, reaksiya vermədi. Ona görə məcbur oldum ki, Təhsil Nazirliyinə, aidiyyəti qurumlara bir-bir müraciət edim. Mənim bu müraciətlərim ona xoş gəlmədi. Buna görə də universitet daxilində komissiya yaratmağa başladı. Bütün kollektivi məcbur elədi ki, əleyhimə imzalar toplasınlar. Başa düşə bilmirəm ki, bu nəyə lazım olan mərasimdir? Mən əgər doğrudan da onun qələmə verdiyi kimi, vəzifəmi itirməkdən qorxsaydım, kreslo eşqi ilə yanıb tutuşan olsaydım, susardım. Deyərdim ki, “əşşi, olsun da, göz yumum buna da”. Məni əgər həqiqətən də tələbələrin taleyi düşündürməsəydi, bu problemi öz problemim bilməsəydim, yola verərdim. Mənə də lazım deyildi bu konflikt. Nəyə görə ilin bu günündə mən gündəmdə olmalıyam?

“Otur aşağı, lazım deyil sənin çıxışın, sən mənim dostumun qızına "ilişmisən""



- Bu proses neçə vaxtdır davam edir?

- Dekabrdan. Hər şey açıq dərslərlə başladı. Bəlkə də əvvəlcədən planı olub deyə bilmərəm.

- Sizin digər həmkarınız, işdən çıxarılan Pərvin Mürsəlovanın mətbuata yolladığı müraciətdə isə rektor Kamal Abdullanın işçilərə qarşı çox kobud, etika sərhədlərindən kənarda davranması öz əksini tapıb. Bu barədə nə deyəcəksiz?

- Pərvin Mürsəlova da mənə görə işdən çıxarıldı. Mənim üçün universitetə təcili yardım çağırılmışdı. Pərvin Mürsəlova və başqa bir müəllimə bu vaxt mənim yanımda idilər. Yanımda olduqlarına görə onlara da “sənəd oğrusu” adı, sonradan töhmət verildi. Sonradan məcbur qalıb Təhsil Nazirliyinə müraciət etdilər. Bu zaman Pərvin Mürsəlovanın əmək müqaviləsinə bənzər ittihamlarla xitam verildi.

O xanım müəllimənin yazdıqlarını isə siz rahatlıqla araşdıra bilərsiz. Rektorun səs yazıları da var. Nəyə görə olmadığı halda kimsə durub desin ki, siz belə söz deyirsiz? Özünə güvənmədən hər hansı müəllimə necə durub deyə bilər ki, rektor filan-filan ifadələri işlədir? Mən öz şəxsiyyətimə, nüfuzuma hörmət edirəm və o ifadələri də qəbul etmirəm. Buna görə də sözümü deməliydim. Həmin müəllimə də eləcə. Bir müəllimə tələbələrin içində necə deyə bilər ki, “sən qürursuzsan, şəxsiyyətsizsən, atbalaxanımsan”? Əlavə ifadələr var ki, onları səsləndirməyi özümə sığışdırmıram. Bunlar bir akademikə, bir rektora yaraşan sözlər deyil. O, bizim universitetə təyin olunanda düşünürdük ki, ağsaqqal adamdır, yəqin ki, vəziyyət başqa cür olacaq, universitetdə mühit başqa cür olacaq. Nə biləydik ki, bu hala gətirib çıxaracaq? Qışqır-bağır salmaqla deyil axı. Qışqırandan sonra çox adam geri çəkilir. Mənimlə bağlı bu hadisə oldu, nəticəsini gördülər. Biri ailə başçısıdır, birinin heç bir imkanı yoxdur, o biri deyir, “qışqırsa da, təhqir etsə də, dözəcəm”. Hərə bir formada qəbul edir. Sonra deyirlər, niyə kimsə elmi şurada qalxıb söz demir. Deyənin də aqibəti bu formada olur. Necə söz desin? Imkan vermir.

- Ədalətin bərqərar olacağına inanırsızmı?

- İnamım ölsəydi, sakit durardım, heç nə də yazmazdım. Amma inanıram və müraciətlərimin nəticəsini gözləyirəm. Bundan sonra yəqin ki, məhkəməyə müraciət edəcəyəm. Çünki hazırda kafedranın 0.5 ştat dosentiyəm, orada da mənə qarşı təzyiqlər yaradıb, elmlər doktorluğu üzrə təhsilimi davam etdirməyə, təhsilimə də mane olmağa, problem yaratmağa çalışır.

- İndiki mərhələdə rektorla hansısa formada uzlaşma variantı varmı? Qarşı tərəfdən problemin yoluna qoyulması üçün hər hansı addım atılırmı?

- Böyük olaraq o, məni dəvət edərdi. Bu məsələni böyütməməli idi. O özü bunu böyüdüb mediaya çıxardı. Geniş mətbuat konfransı etdi və sair. Həll olunmayacaq bir məsələ deyildi. O, böyük idi, rəhbər idi. Mənə nəsə deyəcəkdi, mən də deyəcəkdim, “baş üstə”. Məsələn, mənə deyəcəkdi ki, bu Nərgiz Qurbanlının nəticəsini qoyuruq bir kənara, olmamış kimi. Deyəcəkdim, “baş üstə”. Amma məni ləkələmək, qara yaxmaq, şər-böhtan atmaq... Mənim tədris yolunda göstərdiyim zəhmətin üstündən heç nəyə görə xətt çəkib qüsurlu kimi təqdim etmək insana toxunur. Mən buna görə rəsmi müraciətlər etməyə məcbur qaldım. Yox, ondan mənə qarşı bir addım atılmadı. Mən arzu ilə, böyük şövqlə mətbuata çıxmaq istəməmişəm. Mediayönümlü yazılara sərf edəcəyim vaxtı, enerjini dissertasiya işimə, elmi işlərimə sərf edərdim. Bunlara vaxt sərf etmək məni yorur. Amma onun əsassız ittihamlarına qarşı özümü müdafiə etmək üçün cavab verməliyəm. Buna məcburam və düşünürəm ki, məni bu baxımdan dövlət də qorumalıdır, mənə atılan şəri millət olaraq hamı öz üzərinə götürməlidir. Kimsə Kamal müəllimin qohumu, dostunun qızı deyilsə, əzilməməlidir. Mən də bu millətin övladıyam.

- Çox adam düşünə bilər ki, bu, təkcə bir müəllimənin dərsinə mənfi rəy verdiyiniz üçün yaranmış narazılığa bənzəmir. Bunun əvvəlində, keçmişində başqa hansısa qarşılıqlı anlaşılmazlıq, insident olubmu?

- Xeyr, hər şey bu rəy vermə ilə başladı. Mən onun içində kin olub-olmayıb, bilmirəm. Çox güman, olub ki, bir rəyə görə məsələyə belə yanaşdı. Öncədən rektorla toqquşmam olmayıb, sadəcə, müzakirələr olub. Əslində buna da toqquşma deməzdim. Mən, sadəcə, qalxıb çıxış etmişəm. Etiraz nitqi səsləndirmişəm. O, özünə qarşı qəbul etmədi ki, kimsə onun fikrinə etiraz edir. Düşünürdü ki, o, təhqir etməlidir və mən də “baş üstə, Kamal müəllim” deyib oturmalıyam.

- Pedaqoq karyeranız bundan sonra necə olacaq?

- Mənə xəbərlər göndərir ki, “onu qoymayacam heç bir fəaliyyət göstərsin. Başına oyun açacam”. Mən də soruşuram ki, hansı əsaslarla? Yenə şər-böhtanla? Nəyə güvənir ki? Bu ölkənin qayda-qanunları var.

- Bəs sizin ümidiniz varmı ki, müəllim fəaliyyətinizi davam etdirə biləcəksiz?


- Mənim hər şeyə ümidim var. İnanmıram ki, bir şəxsə görə bu boyda respublika, dövlət, qanunlar sussun. İnanmıram ki, bir şəxs özünü istədiyi cilddə cəmiyyətə təqdim etsin və cəmiyyət də onu olmadığı kimi qəbul etsin. Amma inanıram ki, cəmiyyətdə gec-tez ədalət bərqərar olacaq, mənim haqlı olduğum üzə çıxacaq. Ədaləti bərqərar etmək üçünsə universitetə gələ, Nərgiz Qurbanlının dərsində iştirak edə bilərlər, kollektiv arasında sorğu apara bilərlər. Təbii ki, heç kimə təzyiq etmədən. Müəssisə rəhbəri odur və ona qarşı çıxa bilməzlər. Ona görə də bu məsələ təzyiqsiz olmalıdır.

- Kollektivdə sizə açıq dəstək verən varmı?

- Qorxurlar, imza atırlar, sonra da ağlaya-ağlaya mənə zəng edirlər ki, “qurban olum, bağışla məni”. Biri deyir, iki uşağım var, ailəmdə problem yaranacaq. O biri deyir, ailə başçısıyam, belə oldu. Bunu mənə ağlayaraq deyirlər. Mən onları qınaya da bilmirəm. Amma millət olaraq qınayıram ki, axı biz hansı yolun yolçusuyuq, özümüzü bu qədər əyib sındırmalıyıq? Universitetə getmişdim, bir professor mənə baxır, salamlaşmaq istəyir, amma qorxur. O tərəf-bu tərəfə baxır ki, görsün kim var ətrafda? Gördü heç kim yoxdur, gəlib görüşdü. Mən repressiya qurbanıyam? Neyləmişəm ki? Özümü universitetdə Mikayıl Müşfiq kimi hiss edirəm. Axı nə baş verib? Heç vaxt kollektivlə problemim olmayıb. Kollektivin içində mənə dəstək var. Amma neyləsinlər ki, ona tabedilər. O da orada öz muxtariyyətini qurub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar