Xəbər lenti
Fazil Mustafadan Əkrəm Əylisliyə sərt sözlər: "Ziyalıların olmadığını deyir, guya özü..."
Fazil Mustafa: “Ziyalıların olmadığını deyir, guya özü o ziyalı, dissident obrazını götürə bildimi?..”
Yazıçı Əkrəm Əylislinin Meydan TV-yə verdiyi müsahibə geniş müzakirələr doğurub. O, son günlər Azərbaycan gündəminin əsas müzakirə mövzusuna çevrilən, həbsdə olan gənc blogger Mehman Hüseynova qarşı əlavə maddələrlə cinayət işinin açılmasından, onun aclıq aksiyası keçirməsindən danışarkən ölkə ziyalılarının ünvanına sərt ifadələr səsləndirib.
Yazıçı üç il öncə şəxsinə qarşı açılan cinayət işini M.Hüseynov hadisəsi ilə müqayisə edib və o zaman da, indi də ziyalıların susduğunu bildirib. Sitat: “Azərbaycanda ziyalı yoxdur, hansı ziyalıdan danışırsınız, mən bilmirəm? Mənim məsələmdə məlum oldu ki, ziyalı yoxdur. Mehmanın ”vurduğu" yekəpər oğlanın şəkli yayılıb. Mənim də “vurduğum” elə həmin formada iri adam idi. Guya bunu vurub yerə yıxmışam. Məgər ziyalı dediklərin bunu görmür? Mehman Hüseynovu reportajlarından tanıyırıq, mənim isə Azərbaycan ədəbiyyatının qarşısında xidmətlərim olub, ana dilli ədəbiyyatın yaradıcılarından biriyəm, niyə özüm bu barədə danışmalıyam? Hansı ziyalı bu barədə danışdı? Rafiq Əliyevi deyirlər, bir dəfə ağzını açıb demədi ki, belə namussuzluq etməyin. Hələ də üstümdə cinayət işi var, amma heç kəsin vecinə deyil. Yazıçılar İttifaqında oturanları nəzərdə tutursansa, 30 ildir bu təşkilatı ancaq özləri üçün işlədib, kitablarını çap etdirirlər. Yaxud Bəstəkarlar, Rəssamlar ittifaqları, bunlar yalnız gözləyirlər, öz mənfəətlərinə bir balaca ziyan vurmaqdan ehtiyat edirlər. Onların Mehmanların başına bu oyunları açan dairələrdən umacaqları var axı. Bir gün orden, başqa bir gün mükafat istəyirlərsə, hansı ziyalıdan danışırsınız? Ziyalılıq ölüm ərəfəsindədir, nəfəs alır, ancaq can verir".
Ə.Əylisinin bu açıqlamaları ziyalıların ciddi etirazları ilə qarşılanıb. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”da Ə.Əylisinin dediklərinə bu cür reaksiya sərgilədi: “Ziyalı problemi ilə bağlı cəmiyyətdə müzakirələr çox gedir. Konkret olaraq hansı fikirlərin, ideyaların müdafiəsindən söhbət gedir? Hüquqi məsələləri müəyyən dərəcədə ziyalıların problemi kimi göstərmək yanlışdır. Ziyalılığın Azərbaycanda daha çox problemi cəhalətə qarşı mübarizədir. Çünki ölkəmizdə hüquqi məsələlər yanlış və ya doğru şəkildə nə zamansa çözülə bilər. Nöqsana yol verib kimisə qanunsuz həbs və ya azad edə bilərlər. Ziyalılıq əgər bu cür götürülürsə, Axundov modelində bir ziyalılığa diqqət etsək, onun hədəfləri ilə bugünkü Azərbaycan yazıçısının hədəfləri təqribən eyni deyil. Hətta Əkrəm Əylislinin belə hədəfi eyni deyil. Axundovun hədəfi daha qlobal idi. Söhbət yazıçı platformasındakı ziyalıdan gedirsə, bu gün ölkə yazıçılarının, ümumiyyətlə, ziyalılıq anlayışı çox dar və məhduddur. Ona görə də qlobal dəyərlər yaradan şəxsiyyətlərə çevrilmək imkanlarını itirdilər. Onsuz da Axundovun götürdüyü yükü kimsə götürə bilməzdi. Ola bilər ki, indi kimisə xaricə buraxmırlar, kiməsə məhdudiyyət var. Unutmayaq ki, Axundova hər zaman ölüm təhdidi var idi. Bunların qarşısında qlobal hədəflər seçdi və bu gün Azərbaycan cəmiyyətində cəhalətin qarşısında duran obraz kimi xatırlanır. Ölkəmizdə elə ziyalılar da var ki, bunların cəmiyyət həyatına baxışı bütövlükdə daha modern, yeni cəmiyyət qurmaqdan keçir. Konkret situasiyalarla bağlı ola bilsin ki, kimlərsə mövqe bildirməkdən çəkinir, yaxud aktivlik göstərmirlər. Amma nəzərə alaq ki, elə məsələlər olur, söz söyləmək çətin olur. Ümumiyyətlə, yazıçıların əsərlərinin kontekstdən çıxarılıb dəyərləndirilməsinin, kütlənin mühakiməsinə verilməsinin əleyhinəyəm. Əkrəm Əylislinin Azərbaycan ədəbiyyatında yaratdığı əsərlərin dəyərini bilirəm. Amma ortaya qoyduğu tezislərin müdafiə tərəfi olmadığı üçün bunu başqasından ummaq əvəzinə bir az da özündən ummalı idi. O heç öz tezisini belə müdafiə edə bilmədi. Yazıçının cəmiyyət, dövlət və hakimiyyət əleyhinə ən kəskin yazıları ola bilər. Yazıçı özü-özünü müdafiə edəcək xarakterə, şəxsiyyətə sahib olmalıdır. Əkrəm Əylisli televiziyada, mətbuatda özünü müdafiə edəcək mövqe qoymadısa, bunun günahını başqasında axtarmaq doğru deyil. Ziyalıların olmadığını deyir, guya özü ziyalı, dissident obrazını götürə bildimi? Təmənnası ancaq xırda Yazıçılar İttifaqının intriqa davalarından o tərəfə keçməyən mövqe ilə ədəbiyyatda gələcəyə yönəlik ziyalı mövqeyi ortaya qoymaq olmaz ki. Azərbaycanda ən böyük ziyalılardan biri, bəlkə də birincisi Xudu Məmmədovdur. O zaman Xudu Məmmədov kiminsə həbsinə, yaxud bir sıra məsələlərə münasibət bildirməyib. İndi onu ittiham etmək olar ki, kiminsə həbsinə və ya kiməsə qarşı cinayət işinin açılmasına nə üçün mövqe bildirməmisən? O, Azərbaycanda yeni bir düşüncə platformasının yaranması ilə böyük bir nəslin formalaşmasına xidmət etdi. Ziyalının əslində əsas funksiyalarından biri də budur. Bu baxımdan Əkrəm Əylislinin bu cür ziyalı qiymətləndirməsini doğru saymıram. Təbii ki, Azərbaycanda ziyalı modeli zəifdir. Türkiyə, Rusiya kimi ölkələrlə müqayisədə bu qənaətə gəlmək olar. Rafiq Əliyev dəyərli ziyalımızdır. O şəxsi davranışları ilə nələrəsə nümunə olmağı bacarır və bunu da edir. Ziyalının qarşısına hakimiyyətlə savaşmaq missiyasını qoymaq yanlışdır. Hakimiyyətlə müxalifətçilik etmək siyasətçilərin işidir. Bir zaman Əkrəm Əylislinin də mövqeyi ilə bağlı yazı yazmışdım ki, ziyalının Azərbaycan cəmiyyətində baş rolu yoxdur, epizodik rolu var. Ziyalını kimsə yanına çəkirsə, yanında tutursa, əslində bununla onun cəmiyyətə təsir imkanlarını azaldır. Ziyalı hakimiyyət və müxalifətlə təqribən bərabər səviyyədə olmalıdır. Eyni zamanda özü ayrıca bir hakimiyyət olmalıdır. Özünü kiminsə tezisinin müdafiəçisi kimi çıxış edərək, özünü bir tərəfin adamı kimi göstərməməlidir. Müəyyən mənada bu tezislərlə razıyam ki, Azərbaycanda ziyalı modelini təşkil edə biləcək obrazların sayı çox deyil. Amma bütövlükdə ziyalının funksiyasının təhlilinin doğru olmadığı düşüncəsindəyəm”.
Deputat M.Hüseynov məsələsindən də söz açdı: “Mehman Hüseynovla bağlı məsələ hüquqidir. Bu məsələnin hüquqi çərçivədə qondarma və ya doğru olduğu mübarizəsini vermək olar. Amma bunu ziyalının məsələsinə çevirmək olmaz. Bizdə hər kəs komfort şəkildə evində rahat oturub. Hakimiyyət uzaqbaşı xaricə çıxmağa icazə vermir. Xaricə çıxmamaqla bu komfort şəraitdən nəyi dəyişə bildin? İctimai düşüncədə faydalı olan nəyi dəyişdin? Heç bir şey dəyişə bilmirsənsə, bunun günahı başqalarında deyil. Bu potensiala sahib deyilsənsə, başqalarını niyə ittiham edirsən? Belə məsələlərdə ittiham edənlərin hər zaman haqlı görünmələri mövqeyindən çəkinməliyik. Kiminsə Axundov olması üçün bu gün daha komfort şərait var. Şəxsini müdafiə etməmələri ilə bağlı ittihamlar səsləndirmək doğru deyil. Hər kəs özü-özünü ilk növbədə müdafiə etməlidir. Bunların özləri bir iş görmürlər, müdafiələri üçün heç nə etmirlər, sonra da deyirlər ki, məni niyə müdafiə etmədiniz. Hər kəs girdiyi davanın ağırlığını, yükünü özü düşünməlidir. Biri siyasi həbsə girirsə, siyasi motivli fəaliyyət göstərirsə, demək, o yükü götürə bilir ki, bunu edir. İnsan konkret xarakter nümayiş etdirməlidir ki, bu xarakterə görə insanlar onu müdafiə etsinlər. Bu cür gileyçi bir yanaşma doğru deyil. Mən demirəm ki, indi nöqsanlar, məhdudlaşdırmalar yoxdur. Yazıçı bütün məhdudları aşa biləcək gücə və xarakterə sahib olmalıdır. Beş ildə Əkrəm Əylisli parlamentdə oldu. Bir dəfə gözəl ədəbiyyat mühazirəsi çıxışı edərdi. Göstərərdi ki, ədəbiyyatın problemi nədir. Bunu desəydin, nəyi pis idi? Niyə bunları etmədin? Məni müdafiə etmədilərsə, ziyalı yoxdur düşüncəsi ilə çıxış etmək doğru deyil”.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar