Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ədəbi prosesdə oxucu problemi

Tarix: 07-01-2019 21:38     Baxış: 3390 A- / A+
Ədəbi prosesdə oxucu problemi

Rafiq Yusifoğlu, Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət işçisi, şair,
filologiya elmləri doktoru,
professor.


Yazıçılar istehsalçı, oxucular isə istehlakçı, yazıçılar aktyor, oxucular tamaşaçı (Belinski) kimi. Ədəbiyyat oxucuların malı, onun sərvətidir. Oxucusuz ədəbiyyat, ədəbiyyatsız oxucu problemi. Poetik duyum.

Ədəbi posesdəüç mühüm tərəf var: yazıçı, tənqidçi, oxucu. Bu üç tərəfin bir-biri ilə qarşılıqlıəlaqəsi ədəbi prosesin dəyərini müəyyənləşdirən amillərdəndir. Ədəbi prosesdə bədii tənqidin yeri və rolu haqqında danışdıq. İndi isə oxucu problemi haqqında söhbət açmağa ehtiyac var. Ona görə ki, yaradıcılıq prosesinin məhsulları son nəticədə oxucuya ünvanlanır.

Danimarka yazıçısı Seren Kirkeqorun yazıçı, oxucu münasibətilə bağlı maraqlı bir fikri yadıma düşdü. O deyir ki, insanlar tərəfindən başa düşülməyən şair olmaqdandısa, donuzlar tərəfindən başa düşülən donuzotaran olmaq daha yaxşıdır. (Pisateli Skandinavii o literature. Moskva, 1982, s. 18).

Lakin bu da danılmaz həqiqətdir ki, yazıçıəsər yazanda çox vaxt oxucunu düşünmür. Yaradıcılıq prosesi yazıçıüçün tükənməz həzz mənbəyinəçevrilir, onu həyəcanlandırır, ehtizaza gətirir. Intim əlaqə zamanı insan heç nə, hətta dünyaya gələcək uşaq haqqında düşünmədiyi kimi, yazıçı da prosesin özündən həzz alır, həmin məqamda heç nə, hətta işin nəticəsi haqqında düşünmək iqtidarında olmur. Füzuli demişkən, ''öylə sərməst olur ki, dünyanın nə olduğunu da idrak eləyə bilmir''.

1984-cü ildə təbiətin ürəyimi ehtizaza gətirdiyi bir vaxtda məndən xahiş etdilər ki, şeir oxuyum. Yalvardım ki, məni bu gözəl həzzdən məhrum eləməyin. Ancaq bir filosof məndən əl çəkmədi, dedi ki, ''şair şeir yazanda birinci növbədə oxucunu düşünməlidir…''

Onlara şeir oxumadım, ancaq belə bir şeir yazmaqla öz daxilimdəki burulğanı sakitləşdirə bildim:

Yoldaş fəlsəfəçi!
Gizlənməşüarlar arxasında,
Dərindən düşün bir!
Yağış yağanda otları, çiçəkləri,
Çiçək bitəndə arıları,
Arı bal çəkəndə insanları
düşünmür…
Ancaq…
Yağışçiçək üçün,
Çiçək bal üçün,
Bal insan üçün gərəkdi…
Toxunma şair ürəyinə,
O üsyankardı,
şıltaqdı,
kövrəkdi.
Şair şeir yazanda
gözünə oxucu görünmür,
ilan kimi qıvrılır yerində.
Yoxsa yağışın səsi,
Çiçəyin ətri,
Balın şirinliyi
Olmaz onun şeirində…

Bu şeiri mən 1984-cü ildə yazmışdım. Çox-çox sonra, 2003-cü ildə Meksika yazıçısı Xuan Rulfonun bir müsahibəsini oxuyanda onun fikri ilə mənim fikrimin üst-üstə düşməsi xoşuma gəldi, elə bil ki, özümə həmfikir, havadar tapdım. Müxbir ondan soruşur ki, Sizə elə gəlmirmi ki, indi başa düşə-düşə ki, onu oxumayacaqlar, hamı yazır? Xuan Rulfo belə cavab verir: ''Mənim fikrimcə, öz oxucusunu düşünərək əsər yazan yazıçı yoxdur.'' (Pisateli latinskoy Ameriki o literature. Moskva, 1982, s. 251).

Bir yaradıcı adam kimi tam əminəm ki, şair şeir yazanda oxucunu düşünmür, ancaq onun şeiri oxucu üçündü. Nəticənin me’yarı isə oxucu marağı, oxucu tələbatıdı. Yazılan əsər oxucunu maraqlandırmırsa, onu düşündürmürsə, dünyanın bədii dərkində ona kömək edə bilmirsə, ürəyindəki həyat eşqini gücləndirmirsə, qəlbini şirin duyğularla doldurmaq qüdrətində deyilsə, bu cür əsər kimə və nəyə lazımdır?

Böyük rus tənqidçisi Belinski çox doğru yazırdı ki, bir ədəbiyyatın ki, oxucusu olmaya, çox qəribəədəbiyyatdır.

(V. Q. Belinski. Məqalələr. Bakı, 1961, səh. 13).

Böyük tənqidçi əsərlərinin əksəriyyətində oxucu problemini çox vacib bir amil kimi diqqət mərkəzində saxlayırdı. Onun bu problemlə bağlı fikirlərindən bəzi nümunələri nəzərinizəçatdırmaq istəyirəm: ''Ədəbiyyat oxucusuz, oxucu isəədəbiyyatsız yaşaya bilməz: bu iki dəfə ikinin dörd olduğunu təsdiq edən həqiqət kimi mübahisəsiz bir faktdır.''

(V.Q. Belinski. Məqalələr. Bakı, 1961, səh. 29).

''Bəziləri oxucu sözü altında ədəbiyyatda özünü dərk edən bir xalqın o biri tərəfini – yazıçıların əsərlərindəöz xüsusi ruhunun, öz xüsusi həyatının təzahürünü görən adamların tərəfini nəzərdə tuturlar. Elə biz özümüz də həmin mülahizənin tərəfdarıyıq, oxucu həmişəöz yazıçıları ilə qarşılıqlı canlıəlaqədədir: yazıçılar istehsalçıdırlar, oxucular isə istehlakçıdır; yazıçılar aktyordur, oxucular isəöz hisslərilə, öz məftunluqları ilə aktyorları mükafatlandıran tamaşaçılardır. Ədəbiyyat oxucuların sərvəti, onların malıdır. Oxucular əsərlər haqqında mülahizə yürüdür, bu əsərlərə qiymət qoyur, cılız, orta səviyyəli istedadların yüksəlməsinə yol vermir, həqiqi istedadı isə nəzərdən qaçırıb gözdən salmır. Oxucu üçün ədəbiyyatla məşğul olmaq gündəlik həyatın qayğılarındandan ayrılıb istirahət etmək deyildir, yağlı bir nahardan sonra yumşaq kreslolarda əyləşərək kofe içib şirin-şirin mürgüləmək deyildir. Yox, ədəbiyyatla məşğul olmaq oxucu üçün ictimai bir işdir, böyük, vacib bir işdir, yüksək əxlaqi zövq, canlı məftunluq mənbəyidir. Oxucu kütləsini təşkil edən adamların sayının həddindən artıq olmasına baxmayaraq, oxucu kütləsi özü bir növ vahid, birləşmiş, yeganə, tarixən inkişaf edən, müəyyən istiqaməti olan, həyatdakışeylərə müəyyən bir zövq və baxışla yanaşan canlı bir şəxsiyyətdir. Buna görə də oxucu kütləsi ədəbiyyata, müəyyən miqdarda kitabları və jurnalları dolduran təsadüfi, hər hansı bir yad şey kimi baxmır, orada özünü görür, onu əti-ətindən və qanı qanından hesab edir. Harda oxucu kütləsi varsa, orda da yazıçılar xalqın dünyagörüşündən doğan həyati məzmunu, xalq məzmununu ifadə edirlər. Oxucu kütləsi isəöz məftunluğu və yaxud narazılığı iləədəbiyyata olan münasibətini ifadə edərək göstərir ki, bu və ya digər bir yazıçıöz yaradıcılığında bu yüksək məqsədə nə dərəcədə nail ola bilmişdir. Harada oxucu kütləsi varsa, orada da, müəyyən şəkildə təzahür edən ictimai fikir vardır. Buğdanı alaq otundan ayıran bilavasitə tənqid növü vardır ki, bu da həqiqi ləyaqəti mükafatlandırır, miskin iste’dadsızlığı və hər növ hiyləgərliyi cəzalandırır. Oxucu kütləsi ədəbiyyat üçün ali məhkəmədir, ali tribunaldır.''

(V.Q. Belinski. Məqalələr. Bakı, 1961, səh. 30).

Sitat nə qədər uzun olsa da, ədəbi prosesdə oxucu probleminin mahiyyətini tam açdığıüçün ixtisarlar eləməyəəlmiz gəlmədi. Fikirlər o qədər dəqiq, aydın, anlaşıqlıdır ki, onu şərh etməyə də heç bir ehtiyac qalmır.

Doğrudan da, əgər oxucu yoxsa, ədəbiyyatın idraki, tərbiyəvi əhəmiyyətindən danışmağa dəyərmi?

Braziliya yazıçısı Jorji Amadudan müsahibə alan müxbir soruşurlar ki, Sizin çoxlu əsərləriniz, iyirmi romanınız çap olunub. Nəüçün və kimin üçün yazırsınız?

Məşhur yazıçı bu suala belə cavab verir: ''Mənim həyatım və yaradıcılığım ayrılmaz şəkildə xalqımın həyatı ilə bağlıdır. Mən hər şeyi xalqdan öyrənmişəm və bütün yaradıcılığımı qaytarıb yenidən ona vermişəm.''(Pisateli latinskoy Ameriki o literature. Moskva, 1982, s. 216).

Ədəbi prosesdə yaradıcışəxsiyyətin, sənətkarın rolunu yüksək qiymətləndirən yazıçı bədii ədəbiyyatın insanların tərbiyəsində son dərəcə mühüm rol oynadığını da xüsusi vurğulayır. Qeyd eləyir ki, populyar musiqi əsərinin bir neçə il ömrü olursa, yaxşı bədii ədəbiyyat nümunəsi əsrlərcə yaşayır, oxucunun dostuna, sirdaşına, məsləhətçisinəçevrilir.

Haqqında söhbət açdığımız problemləəlaqədar olaraq digər bir Amerika yazıçısının – Xuan Rulfonun fikri də inandırıcıdır, şübhə və etiraz doğurmur. O yazır ki, yaradıcılıq prosesinin nəticələrini, onun dəyərini müəllif yox, oxucu qiymətləndirir. (Pisateli Latinskoy Ameriki o literature. Moskva, 1982, s. 245).

Lakin oxucu əsərə qiymət verməkləöz işini bitirmir; ürəyinə yatan, zövqünü oxşayan bədii əsəri mütaliə etdikcə, ömrü boyu axtardığı suallara cavab tapır, bilik dairəsini, səviyyəsini, intellektini zənginləşdirir, onun dünyagörüşündəəhəmiyyətli dəyişikliklər əmələ gəlir.

Onu da qeyd etmək, xatırlatmaq lazımdır ki, əsərdə qaldırılan problemlərin mahiyyətini dərindən başa düşmək üçün oxucunun özü də müəyyən hazırlığa malik olmalıdır. Ona görə ki, kitab oxuyanların hamısı eyni səviyyədə deyildir. Lakin insanların müxtəlif səviyyəli, müxtəlif zövqə malik olmaları da təbii bir haldır. Ancaq buna baxmayaraq, əsl yazıçı ucuz şöhrət, populyarlıq naminə oxucu səviyyəsinə enməməli, əksinəöz əsəri ilə oxucu intellektini zənginləşdirməyəçalışmalıdır. Ədəbiyyatın idraki-tərbiyəvi əhəmiyyəti də məhz buradan doğur.

Yeri gəlmişkən bir məsələni də xatırladaq. Təkcə oxucu zövqü bədii əsəri qiymətləndirmək meyarı ola bilməz. Məgər klassik ədəbiyyat yaranan vaxt həmin əsərləri bütün kütlə oxuyub qiymətləndirə bilirdimi?

İndi isə son dərəcə vacib bir məsələ, poetik duyum haqqında söhbət açmaq istəyirik. Bədii əsər təkcə intellektin, ağılın yox, həm də hissin məhsuludur. Ona görə də istedadlı yazıçını başa düşmək üçün iste’dadlı tənqidçi, iste’dalı oxucu lazımdır. Tənqidçi, oxucu iste’dadınışərtləndirən ən başlıca amil isə poetik duyumdur.

Xalq şairi Rəsul Rza Məmməd Arif haqqında yazdığı ''Məndən soruşsalar'' adlı məqaləsində bu cümləni təsadüfi işlətmirdi: '' Bir həqiqətdir ki, poeziya kimi incə toxumlardan yaranan ürək və beynin məhsulunu anlamaq, onun bütün duyumlarını, çalarlarını dərk edə bilmək üçün incə bir qəlbə, həssas bir duyum bacarığına malik olmaq, poetik təfəkkürün mürəkkəb dünyasına yaxşı bələd olmaq lazımdır. '''(Sovet ədəbiyyatşünaslığının aktual problemləri. Bakı, 1974, səh. 320).

Şeirə həvəs göstərən, onu əzbərləyən, müxtəlif məclislərdə söyləyənlər çoxdur. Ancaq nəinki hamıda, görəsən bu şeiri əzbərləyənlərin hamısında poetik duyum varmı?

Uzun illər davam edən müşahidələrimin nəticəsində bu qənaətə gəlmişəm ki, şeiri, şairi lazımınca duyan oxucuların sayı o qədər dəçox deyil. Düzdür, bizdəşeirə maraq böyükdür. Az çox ədəbiyyatdan xəbəri olan hansı oxucudan (hamıdan yox ha!) soruşsan ki, ən çox sevdiyin şair kimdir, tərəddüd etmədən çağdaş poeziyamızın istedadlı nümayəndələrinin adınıçəkəcək. Tutalım, Əli Kərimi, Məmməd Arazı sevirəm deyəcək. Ancaq söhbət əsnasında məlum olur ki, bu oxucular M. Arazı, Əli Kərimi onların şeirlərindəki poetik siqlətə, sənətkarlıq xüsusiyyətlərinə görə sevmirlər. Əslində onlar sözün həqiqi mənasında bu şairləri duya bilmirlər. Onların sevgisi də (əgər buna sevgi demək olarsa) kor-koranə sevgidir. Elə bir sevgi ki, şeirlərin özündən yox, onlar haqqında olan ictimai rəydən doğmuşdur.

Tutalım, radioda, televiziyada, mətbuatda kimn haqqında çox söhbət gedirsə, kimi tə’rifləyirlərsə, deməli, o şair böyük şairdir, onu sevməyə və oxumağa dəyər. Boz ədəbiyyat nümunəsi olan ən primitiv şeirləri də görkəmli adamların əsərləri kimi təqdim etsən, adi oxucu onu da yüksək sənət əsərləri kimi qarşılamağa hazırdır.

Bütün bunlar göstərir ki, bizdə poetik duyum tərbiyəsinə o qədər dəəhəmiyyət verilməmişdir. Hətta elə kimyaçı, həkim, fəhlə tanıyıram ki, onlardakı poetik duyum ədəbiyyat müəllimlərinin poetik duyumundan güclüdür. Əgər hər hansı bir ədəbiyyat həvəskarı bir şairin şeirlər kitabını birnəfəsə oxuyub başa çıxırsa, bu şairi sevdim, - deyirsə, onun səmimiyyətinə inana bilmirəm…

Otuz – otuz beş ildən çoxdur ki, müxtəlif fasilələrləƏli Kərimin şeirlərini oxuyuram. Hər dəfə bu şeirlər mənə təzə, təravətli, sirli, sehrli görünür. Elə bil ki, həm əhvali-ruhiyyə ilə, həm də yaşla bağlı oxucunun görüm nöqtəsi, duyum səviyyəsi dəyişir. Gözlərimin qarşısında əvvəllər görə bilmədiyim poetik lövhələr canlanır. Əgər oxucu özünü lirik qəhrəmanın yerində hiss edə bilmirsə, onun şeiri lazımi səviyyədə duya bilməsinə də inana bilmirəm.

''Sənə az dedimmi sevmə, ey könül'' misrası ilə başlayan şe’rin aşağıdakı beytinə fikir verək:

Sığındın sinəmə bir gün, ağladın,
Olundun oraya sürgün, ağladın…

Adi oxucu bu beyti sürətlə oxuyub keçir. Şeiri duya bilən isə xəyallara dalır, başqa sevdalara uyub gedən, başıəhlət daşına dəyəndən sonra geriyə dönən lirik qəhrəmanın psixoloji gərginlik anlarını onunla birlikdə yaşamalı olur. Özü də bu, elə belə qayıdış deyil, əslində yanına qayıtmaq istəmədiyin bir adamın yanına sürgün olunmaq kimi bir şeydi. Bu ''sürgün'' sözüçox mətləblərin üstünə poetik nur saçır. Şairin digər şeirlərindəki ''Qayıt sahmana sal bu kainatı'' misrasında isə qayıdanın yox, gözləyənin daxili dünyası, onun sarsıntıları qabarıq şəkildə nəzərəçarpır. Elə bil ki, bu iki şeir bir-birini tamalayır. Misralar bir-birini əvəz etdikcə ''sevən və iztirab çəkən'' ürəklərin döyüntüsü eşidilir. Məhz bu həyəcanların poetik əksi Ə. Kərim poeziyasını oxuculara sevdirir. Hiss olunur ki, şair bu iztirabları ustad Füzuli kimi həyatının mənası sayır, ''sevincin çoxluğundan həyatın adiləşəcəyi'' onu qorxudur, narahat edir.

''Əllərimi göynədir saçlarının həsrəti'', ''Yağır qəlbimdəki bir xatirəyə o zaman gözündən tökdüyün yaşlar'' və s. bu kimi misralar duyumlu oxucunun ürəyini poetik nurla doldurur…

Şairi dərindən duymaq və onun tərcümeyi-halındakı bəzi məqamları bilmək də oxucuya az kömək etmir. Elə buna görə də mən bu dəfəƏli Kərimin şeirlərini oxumazdan əvvəl dostum Feyzi Mustafayevin sevimli şairimizə həsr etdiyi ''Dinmə, ey kədər'' kitabını yenidən mütaliə etmək qərarına gəldim və bu, mənə xeyli kömək etdi.

Əli Kərim poeziyası bənzərsizdir. Lakin o, göydəndüşmə hisslər poeziyası deyildir. Bu poeziya Azərbaycan mühitində, milli zəmində formalaşmışdır. Şairin öz əsərlərində Füzulini, Nəsimini, Səməd Vurğunu, Mikayıl Müşfiqi, Rəsul Rzanı, Əhməd Cəmili məhəbbətlə xatırlaması da təsadüfi deyildir. Əli Kərim özündən əvvəlki Azərbaycan və dünya poeziyasının qabaqcıl ənənələrindən yaradıcışəkildə bəhrələnmişdir. Adicə bir misal, məzmunları tamam ayrı olsa da, mən ''Qaytar ana borcunu'' şe’rində ''Ana və poçtalyon'' şeirinin ruhunu, hətta ritmini görürəm. Lakin Əli Kərim nə Füzulidir, nə Nəsimi, nə Rəsul Rzadır, nə Mikayıl Müşfiq, nə Süleyman Rüstəmdir, nəƏhməd Cəmil. Əli Kərimin böyüklüyü ondadır ki, həyata, insanların daxili dünyasına yalnız və yalnız öz sənət prizmasından baxmağa çalışmışdır. Bu baxımdan onun ''Gördüm heç doğulmamış'', ''Analar ağlar'', ''Heç heçə'', ''Bir gözəl baxır'', ''Aut'', ''Bir santimetr haqqında ballada'', ''Heykəl və heykəlin qardaşı'' və s. bu kimi əsərləri maraq doğurur.

Görkəmli kaman ustası Habilin sənəti hamınıəfsunlayıb. Onun haqqında o qədər şeir yazılıb ki… Ancaq heç kəs Əli Kərimin aşağıdakı misralarını deyə bilməyib:

Elə bil köksündən çəkib çıxarır
Titrək kəmanəni bir xəncər kimi.

Məncə, Habilin çalğısındakı yanğını, ondakı ağrını, əzabı, iztirabı bundan gözəl ifadə etmək mümkün deyil.

Yaxud, ''Əllər'' şeirinə fikir verək. Burada adi bir əmək prosesinin təsviri vardır. Fəhlələr çovğunlu havada borunu lazımi yerə aparır, sonra dincəlirlər. Lakin Əli Kərim bu prosesi elə canlı, elə poetik şəkildə təsvir edə bilib ki, oxucu heyrətini gizlədə bilmir. Bir-birini əvəz edən əllər boruda əvvəlki əllərin istisini hiss edir:

Amma dostlardan biri
Borudan yapışanda
Bu istini duymadı…

Fəhlələr dincələn zaman isə dostlara xəyanət edən dost elə bil öz səhvini anlayır:

Özüöz əllərini
Oğurlayıb bayaqdan
Qoymuşdu ciblərinə.

Obrazlı ifadələr hissdən çox təfəkkürün məhsuludur. Ona görə dəƏli Kərim kimi şairləri duymaq üçün oxucunun özündə də mütləq poetik duyum olmalıdır. Poetik duyum elə bir ədəbi me’yardır ki, onsuz əsərdəki sətiraltı mənaları duyub qiymətləndirmək mümkün deyildir.

Yaradıcılıq psixologiyasından söhbət açan M. Yunq oxucu probleminin də psixoloji əsaslarını açmağa nail olur və qeyd edirdi ki, oxucu öz dövrünün ruhunun təyin etdiyi müəllif ideyasının sərhədlərindən kənara çıxa bilmir, müasir şüurun hüdudları daxilində hərəkət edir. Biz öz təcrübəmizdən bilirik ki, çoxdan tanıdığımız şairi bəzən birdən özümüz üçün yenidən kəşf edirik. Bu o vaxt baş verir ki, bizim şüurumuz öz inkişafında yeni pilləyə qalxır və bu səviyyədən biz şairin sözlərində gözlənilmədən nəsə yeni bir şey eşitməyə başlayırıq. Hər şey lap əvvəldən onun əsərində var idi, lakin gizli simvollar olaraq qalırdı və bunu oxumağa yalnız dövrün yeniləşmiş ruhu imkan verir.

Doğrudan da, zaman, vaxt keçdikcə, həyat təcrübəmiz artdıqca, bizim poetik duyumumuzda əhəmiyyətli dəyişikliklər əmələ gəlməyə başlayır. Vaxtilə yaxşı hesab etdiyimiz bəzən gözümüzdən düşürsə, pis sandığımız, anlaya bilmədiyimiz əsərləri elə bil yenidən kəşf edir, onun müəllifinin yaradıcılıq qüdrətinə heyran oluruq.

''Bizim üçün ən yaxşı mükafat fikirlərimizin cavan beyinlərdəəks-səda tapmasıdır,''
– qənaətinə gələn V. Nabokov dolayısı ilə yazıçı-oxucu münasibətlərini möhkəmləndirən, həyatla əlaqəsi güclü olan, mövzu və problematikası gəncləri daim düşündürən əsərlərə böyük ehtiyac olduğunu nəzərəçarpdırırdı.

Bədii oxunu bir tərəfində müəllif, digər tərəfində oxucu dayanan yaradıcılıq prosesinə bənzədənlər (Bax: A. Zapadov. V qlubine stroki. Moskva, 1972, s. 3) heç də yanılmırlar. Hər bir oxucunun hekayəni, povesti, romanı, şeiri, poemanı eyni şəkildə qavraması, dərk etməsi mümkün deyildir. Ona görə ki, yazıçı kimi oxucu da fərddir, onun da özünəməxsus qavrama qabiliyyəti vardır. Sətiraltı mənaları yalnız istedadlı, duyumlu oxucular dərk etmək qabiliyyətindədirlər. Çünki bədii əsəri mütaliə edən oxucunun özünün də fantaziyasından çox şey asılıdır. Ona görə ki: ''bədii əsərin məzmunu kitabdan oxucunun beyninə kuzədən başqa bir qaba tökülən su kimi keçmir. Bu işdə oxucunun əqli, hissi, mənəvi fəaliyyətindən çox şey asılıdır.'' (Bax:V. Asmus. Voprosı teorii i istorii gstetiki. Moskva, 1968, s. 62).

S.Y.Marşak təsadüfi demirdi ki, yazıçı kimi oxucu da öz üzərində işləməlidir. Ona görə ki, yaradıcı olmayan oxucu ilə bədii, obrazlı dillə danışmaq əhəmiyyətsizdir. Sənətkar-müəllif ancaq işin bir hissəsini öz üzərinə götürür. Qalan məsələləri isə yaradıcı oxucu öz fantaziyası, təxəyyülü ilə zənginləşdirməli, tamamlamalıdır. (S. Ə. Marşak. Vospitanie slovom. Statği. Zametiki. Vospominaniə. Moskva, 1961, s. 89-90).

Qabrieal Qarsia Markeçin bu fikri ilə də tam razılaşırıq ki, ədəbiyyatı universitetdə yox, ancaq yazıçıların əsərlərini dönə-dönə oxumaqla öyrənmək olar.(Pisateli Latinskoy Ameriki o literature. Moskva, 1982, s. 263).

Ona görə ki, ədəbiyyat məhəbbət işidi. Imtahan vermək xətrinə oxumaqla ədəbiyyatı sevmək mümkün deyildir. O insan xoşbəxtdir ki, oxumağı bacarır və bununla öz daxili dünyasına son dərəcə qiymətli bir xəzinənin qapılarını açmış olur.

Oxucu zövqünü formalaşdıran bədii ədəbiyyatdır. Lakin indi elə bir zəmanədə yaşayırıq ki, zövqlər dəəhəmiyyətli dərəcədə dəyişib. Qələm dostlarımdan biri, jurnalist Eyruz Məmmədov məndən müsahibə alarkən belə bir sualla müraciət etmişdi: ''Əvvəllər peşələri bir-birindən tez ayırmaq olurdu. Bazar iqtisadiyyatına keçdiyimiz üçün elə bil ''bazara'' düşmüşük. Yazıçını kimyaçıdan, inşaatçınışairdən ayırmaq olmur. Bu nədir, yeni cəmiyyətin qanunauyğunluqlarıdır?''

Mən həmin suala belə cavab vermişdim: ''Tanıdığım bir qarmonçalan var idi, həm də fotoqraflıqla məşğul olurdu. Qarmonçalanlar ona şəkil çəkə bildiyinə, fotoqraflar isə qarmon çaldığına görə hörmət edirdilər. Əsl sənət yarımçıqlığı sevmir. Xalqın bu fikrində də böyük həqiqət vardır: ''Zər qədrini zərgər bilər.'' Mənə elə gəlir ki, ''Boz dünya'' adlışe’rimdə Sizin verdiyiniz sualın cavabı var:



Az qalır ki, sinəmdən sıyrılıb ürək qopa,
Nifrətim selə dönüb gözlərimdə qaynayır.
Dilənçinin əlində minliklər topa-topa,
Şairin ciblərində siçovullar oynayır.

Niyə gəldim dünyaya dünyanın bu pis vaxtı? –
Ürəyim od püskürür, gözümdə qəm sayrışır.
Şairin şeirləri qovluqlarda dustaqdı,
Alverçinin kitabı vitrinlərdə alışır.

Güvə düşüb inama, güvə düşüb umuda,
Dünyamızda hər şeyi çeviriblər bazara.
Boz şe’rlər, mahnılar dönüb bir boz buluda,
Üstümüzə yeriyir söz bozara-bozara.

Basır alaq otları gülləri hər gün, hər ay,
Özünü düzəltməyə həyalı tapmır macal.
Bu millətin başında turp əkənlər, ay haray,
Millətin zövqünü də bu gün qoyub hərraca.

Arxadan gələn yoxdu, kəsilib arxın suyu,
Əriyib yox oluruq biz dünyanın içində.
Get qəflət yuxusuna, uyu, millətim, uyu,
Vitrinləri alışan boz dünyanın içində…

Çox təəssüf ki, cızmaqaraçılar oxucunun zövqünü korlayırlar. Ən qorxulu isə imkanlı cızmaqaraçılardır. Onlar asanlıqla kitablar çap elətdirir, mətbuata, televiziyaya yol tapır, yaradıcılıq gecələri keçirir, tanınmışədəbiyyat, incəsənət, elm xadimlərinəöz əsərlərini tə’riflətməyə nail olurlar. Çox təəssüf ki, gözəl ədəbi zövqə malik tanınmış adamları həyat bir qarın yeməyin xətrinə boğazdan yuxarı təriflər söyləməyə vadar edir. Təriflənən cızmaqaraçıözündən o qədər müştəbehləşir ki, ən iste’dadlı, təvazökar, təriflərdən qaçan sənətkarları tənqid eləyir. Adamı dəhşət bürüyür. Daşın halına kəsək ağlayır.

Əsl sənəti qorumaq üçün yazıçı, şair yaxşıəsərlər yazmaqla kifayətlənməməli, istedadlı qələm dostlarının təbliğatçısı olmalıdır. Əgər istedadlılar bir-birlərinə kömək etməsələr, ədəbiyyatımızıçayırlardan təmizləmək olmayacaq…''

Digər bir sual və onun cavabı da birbaşa oxucu problemi ilə bağlı olduğu üçün onu da burada verməyi, məqsədəuyğun hesab etdik.

- Xaricdə hər hansı bir yaradıcının əsəri alınır. Bu da bir növ biznesdir. Bizə elə gəlir ki, respublikada Çingiz Abdullayevin əsərlərindən başqa kütləvi şəkildə satışa gedən kitaba rast gəlməzsən. Bu nədən irəli gəlir? Yazıçı oxucunun tələbatını duymur, ya oxucu oxumağa meyl etmir?

- Mənə elə gəlir ki, ədəbiyyat sevgi işidi, məhəbbət işidi. Sevgini, məhəbbəti isə hərraca qoymaq olmaz. Əsl yazıçı, mütəfəkkir ''palaza bürünüb, el ilə sürünən'' deyil, dabanından soyulsa da, odlara atılsa da, daş-qalaq edilsə də, öz əqidəsindən dönməyəndi. Nəsimini, Sabiri, Mirzə Cəlili xatırlatsaq, kifayətdi. Əsl yazıçı oxucunun səviyyəsinə enməməli, onu öz səviyyəsinə qaldırmağa çalışmalıdır.

Bir yaradıcı adam, şair, ədəbiyyatın tədqiqi və təbliği iləilə məşğul olan ədəbiyyatşünas, gününü gənclərlə, onların ən qabaqcıl dəstəsi olan tələbələrləünsiyyətdə keçirən bir müəllim kimi oxucu problemi məni həmişə düşündürüb, narahat edib. Ədəbiyyata, şeirə, sənətə marağın bir qədər azaldığı bir vaxtda bu narahatçılıq bir qədər də güclənib.

Əsl ədəbiyyat bütün dövrlərdə oxucu zövqünü formalaşdıran, onun mənəvi-əxlaqi tərəqqisində mühüm rol oynayan bir vasitəyəçevrilib. Bəzən öz-özümə sual verirəm ki, indi yaranan nisbətən uğurlu əsərlər oxucu zövqünü formalaşdırmaq gücündədirmi? Təəssüfləöz sualıma özüm yox cavabı verirəm. Ancaq bunun günahınıədəbiyyatın zəifliyində yox, təbliğatın düzgün qurulmamasında görürəm. Bir tərəfdən ədəbi orqanların, çap olunan az-çox dəyərli kitabların tirajı Yazıçılar Birliyi üzvlərinin sayından azdırsa, digər tərəfdən heç bu az tiraj da lazımi səviyyədə oxunmur. Bayağı meyxanaların, replərin, mətnləri məzmunsuz söz yığımından ibarət qulaq batıran mahnıların televiziya və radio vasitəsi ilə kütləviləşməsi gəncliyin zövqünüəməli-başlı korlayıb. Bu məsələ təkcə mütəxəssisləri yox, bütün ictimaiyyəti dərindən düşündürməlidir. Unudulmamalıdır ki, millətə, xalqa onun təbiətinə, təbii sərvətlərinə görə yox, insanların mədəni səviyyəsinə görə qiymət verilir. Yaddan çıxarılmamalıdır ki, ölkəni neft, qaz yox, intellektual səviyyəli, hərtərəfli biliyə malik insanlar təmsil edirlər.

Oxucu problemi ilə bağlı görüləsi işlər çoxdur. Ən vacib məsələ yüksək intellektual səviyyəli, elmi və nəzəri hazırlıqlı, poetik duyumlu filoloqlar nəslinin yetişdirilməsindən ibarətdir. Mən həmin gənclərin simasında alaq otları kimi çoxalan boz ədəbiyyat yaradıcılarından qisas alacaq intiqam ordumuzun komandirlərini görürəm. Həmin gənclərin boynuna dərs deyəcəkləri uşaqların bədii zövqünü formalaşdırmaq kimi ağır bir yük düşür…

"Şeir əzbərləyin, çünki şeir dilinizi düzəldir, danışığınızı, nitqinizi gözəlləşdirir"
(Hz.Məhəmməd) fikri adamı düşüncələrə qərq edir. Görəsən Peyğəmbərimizin bu nəsihətinə nə dərəcədəəməl edirik? Əgər testlə imtahan verib filologiya fakültəsinə daxil olan filoloqlar arasında bu gün bir dənə də olsun şeir bilən tələbə yoxdursa, bunun günahını harada axtarmalıyıq? Şeir əzbərləməyə qadağa qoyan ''pedaqoqlar'' bununla nəyə nail olmaq istəyirlər? Bütün metodlar, üsullar, pedaqoji priyomlar bircə məqsədə xidmət edir: şagirdlərə, tələbələrə bilik vermək və onlarda düşünmə qabiliyyətini inkişaf etdirmək… Dinimizə, əslimizə, kökümüzə qayıtmağımızı təqdir eləyn ''pedaqoqlar'' təhsildə yenilik axtararkən niyə Peyğəmbərimizin öyüd-nəsihətini qulaq ardına vururlar?!

Böyük ingilis alimi və filosofu Frensis Bekon insanın kamilləşməsində mütaliənin çox vacib bir iş olmasını söyləyirdi. Onun fikrincə, mütaliə insanı kamilləşdirir, onun nitq və qabiliyyətini inkişaf etdirir. Mütaliə adamı bilikli, söhbətcil, hazırcavab edir. Böyük filosof obrazlışəkildə kitabı zamanın dalğalarıüzərində vəöz qiymətli yükünü nəsillərdən-nəsillərə daşıyan fikir gəmisinə bənzədirdi.

R.Dekart da mütaliəyəçox böyük dəyər verir və belə hesab edirdi ki, mütaliə insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır.

İngilis dramaturqu Robert Şerif «yaxşışeirin ruhu təlatümə gətirməsi, beyni sürətlə işləməyə vadar etməsi» qənaətində idi. O qeyd eləyirdi ki, dərd çəkən insanlar şeirə müraciət edir və ondan aldıqları dərsləri başqalarına da öyrədirlər. L.Hollan isə yazıçı – oxucu münasibətini obrazlışəkildə belə ifadə edirdi: ''Yazıçının əsəri atışmanı xatırladır; güllə birbaşa oxucunun beyninə də keçə bilər, yandan da ötə bilər''...

Yaradıcılıq prosesi, onun mahiyyəti ilə bağlıçox dəyərli fikirlər irəli sürən Jül Renarın oxucu problemi ilə bağlı mülahizələri də maraqlıdır. O, Gündəliyində yazır: ''Oxucu kitabı təklikdə açır. Lap tək-tənha. Bunun nə demək olduğunu başa düşün: o heç kəsdən qorxmur. Ürəyindən keçsə, istədiyi vaxt kitabı zibil qutusuna ata bilər. Oxucu sərbəst adamdır. O, nə qonşusundan, nə də sənətkarın əlindəki taxtadan qorxur. O, kefi istəyəndə kütbeyin ola bilər, ata-ana üzünü kənara çevirən zaman bağıran uşağı var gücü iləçimdikləyən və ''lənətə gəlmiş kafir'' adlandıran mürəbbiyə kimi o da yumruğunu iki frank yetmiş beş sentlik sarı cildli kitaba çırpa bilər''. (Jül Renar, Gündəlik, Bakı, 1974, s.10). Yazıçıəsər yazarkən oxucunu mütləq nəzərə almağın vacibliyini vurğulayaraq yazırdı: ''Oxucunun əməyini yüngülləşdirmək üçün mən bundan sonra hər cümlədəən vacib sözlərin altından xətt çəkməyə hazıram''(Jül Renar, Gündəlik, Bakı, 1974, s.31).

Oxunun fikrini nəzərə almayan yazıçıların nə vəziyyətə düşmələrini Jül Renarın kinayə ilə söylədiyi bu fikirlər çox gözəl ifadə edir: ''Yazıçılar fransada özlərinə oxucu tapmayanda «mənim əsərlərimi Almaniyada oxuyurlar'' deməkləözlərinə təsəlli verirlər''.(Jül Renar, Gündəlik, Bakı, 1974, s.33).

Təəsüf ki, indi bizdə də bu cür yazıçılar az deyil. Öz ölkəsində oxucu tapa bilməyən, sevilməyən bəzi dırnaqarası sənətkarlar xaricdəçap olunan əsərləri iləöyünürlər.

Əsər son nəticədə oxucuya, tamaşaçıya ünvanlandığıüçün onların hazırlığından, səviyyəsindən, ədəbi faktıöz fantaziyaları ilə dolğunlaşdırmasından çox şey asılıdır. C.Barri çox doğru qənətə gəlir ki, ''müəllif bir pyes yazır, aktyorlar başqa bir pyes oynayır, tamaşaçılar isəüçüncü bir pyes görürlər''. Vikto Hüqonun bu məsələ ilə bağlı fikirləri də maraqlıdır: ''Yazıçı kitabı yaradır, cəmiyyət isə onu ya qəbul edir, ya etmir. Kitabın yaradıcısı müəllif, onun taleyinin yaradıcısı isə cəmiyyətdir''. A.Kamyunun ''Aydın yazanların oxucuları, qaranlıq yazanların şərhçiləri var''; N.Qoqolun ''Yazıçının yalnız bir müəllimi var, o da oxucudur''; L.Hobartın ''Yazıçı xalqı sevməsə, xalq da onun əsərlərini sevməz'' qənaətlərinin sətiraltı mənası da hər bir qələm sahibini düşündürməlidir.

Əlbəttə, bütün oxucuları razı salan əsər yazmaq mümkün olmadığı kimi, adi oxucu səviyyəsinə enmək də arzuolunmazdır. Yazıçı gərək elə ustalıqla, cazibədarlıqla əsər yazsın ki, adi oxucunu da öz səviyyəsinə qaldırmağı bacarsın. A.Kamyu belə hesab edirdi ki, yazıçıların və bəzi sənətçilərin missiyasıöz sözlərini deyə bilməyənlərin, ya da demək iqtidarında olmayanların fikirlərini sözəçevirməkdən ibarətdir. Ömər Xəyyam isəəsl yazıçını xalqı qaranlıq dünyadan aydınlığa apara bilən insan hesab edirdi.

Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, ədəbi fakta, sənət əsərinə ayrı-ayrı səviyyəli insanların münasibətinin fərqli olması təbii qəbul olunmalıdır. Ancaq bu da doğru qənaətdir ki, ''Adi oxucu yazıdan yazıçı qədər faydalana bilməz'' (E.Berk). Çünki bədii əsər təkcə zövq almaq məqsədilə deyil, başqa məramlarla da diqqət hədəfində olur. Yazçının, tədqiqatçının oxusu adi oxucunun mütaliəsindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu da çox maraqlı mülahizədir ki, "Böyük poeziyanı anlamaq qabiliyyəti gözəl şeirləri yazmaq qabiliyyəti ilə müqayisə edilə bilər'' (N.Lonqfello).

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar