Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dahi dramaturqun nəticəsi: “İynə vurmağı mənə ermənilər öyrətdi” – ŞOK MÜSAHİBƏ

Tarix: 29-06-2018 17:23     Baxış: 2894 A- / A+
Dahi dramaturqun nəticəsi: “İynə vurmağı mənə ermənilər öyrətdi”


- Heç bilirsiniz, mən kiməm, kimin nəticəsiyəm?

- Yox, deyin bilək.

- Dahi bir adamın.

- Kimin?

- Bəlkə də tanıyarsınız, dramaturq var ey, Əbdürrəhim bəy Haqverdiyev, onun dost-doğma nəticəsiyəm.

- Doğrudan? (gözlərim böyüyür, inanmasam da, qarşımdakı qəhrəmanım inandırmağı bacarır).

- Hə, qadan alım. Əslimiz Şuşadan olsa da, mən Ağdamda doğulmuşam. Atam tacir olub, mən də əvvəllər alverlə məşğul olmuşam. Babam Müştəba Haqverdiyev də maarifçi olub. O vaxt Tərtərdə ona heykəl qoyulub. Həmin heykəl bu gün də qalır. İndi QİÇS xəstəsi kimi qarşınızda bir dəri-bir sümük oturmağıma baxmayın. Əvvəllər canım-cüssəm də olub, cıvraqlığım-cəldliyim də.

***
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin ikinci mərtəbəsində, alaqaranlıq otaqda onunla qabaq-qənşər oturmuşuq. Lent.az-ın bugünkü qəhrəmanı Əhsəndir. Üz vurmayın, soyadı olmasa da, adı şərtidir. 2007-ci ildən İİV daşıyıcısıdır. 2011-ci ildə QİÇS virusuna yoluxduğunu müayinə zamanı öyrənib. Özü də həbsxanada. Bir neçə dəfə həbsdə yatıb...

Özü demiş, bir dəri-bir sümük qalıb. Cansız bədəninin üzərində böyük bir başı sanki zorla saxlayır Əhsən. Bir gözləri, bir də qulaqları nəzərə çarpır o boyda can-cüssədən. Nazik köynəkdə, şortikdə qarşımda əyləşib. Pəncərənin ağzında üzbəüz oturub siqaret çəkirik. Deyir ki, xəstələrin “kurilka”sı məhz bu otaqdır. Hər kəs gəlib bu yarıqaranlıq otaqda siqaretini çəkib, gedir. Gedib yayın bu cırhacırında qalın yorğanına bürünüb oturur.

Stolun üstündə gözümə xüsusi işləməli nərd dəyir. Bir də üç-dörd külqabı. “Bəlkə bir nərd ataq” - deyə söhbətə çəkirəm. “Yox, başına dönüm, mən bajaran iş döyül” – deyib, yaxasını qırağa çəkir. Siqaretimizi söndürüb, söhbətə başlayırıq.

“13 yaşında evdən xəbərsiz Ağdamdan Bakıya gəldim...”


Titrəyən əllərini ovuşdurub, üzünə sığal çəkəndən sonra qəhrəmanım doğulduğu gündən üzübəri öz həyat lentini Lent.az-a danışmağa başlayır. 46 yaşı var. İki bacının bir qardaşıdır. Sumqayıtda yaşayır. Bu günə qədər evlənməyib:

- Allahın bu gününə çox şükür ki, evlənməmişəm. Evlənib niyə kiminsə balasını bədbəxt edəydim ki?! Çox avara bir “kruqum” vardı. Uşaq vaxtı – təxminən 13-14 yaşım olardı, evə demədən dörd-beş uşaqla Ağdamdan Bakıya qaçıb gəlmişik.

- Nə üçün gəlmişdiniz?

- O vaxt Ağdamda güclü qumar oynayanlar vardı. Biz də üskük, “qad”, qumar oynayırdıq. Tay-tuşlarımız arasında qarşımıza çıxan yox idi. Kasa fırlayıb, pul qazanırdıq. Dedik ki, Ağdamda onsuz da qarşımıza çıxan yoxdur, gedib Bakıda daha yaxşı pul qazanaq.

- Sonra nə oldu?

- Elə dediyimiz kimi də oldu. Qəşəng pul qazanırdıq. Əvvəllər metroların yanında da üskük oynamağa icazə verirdilər, sonradan yığışdırdılar. Bakının hər tərəfində qumar gedirdi. Özümüzü həmin yerlərə verib, pul udurduq. Gündəlik xərcimiz adama 50-60 rubl idi. O vaxt bu pul çox böyük məbləğ sayılırdı. Qızlara, geyim-kecimə, yeyib-içməyə xərcləyirdik hamısını. Avara idik də...

Hətta 1986-cı ildə buradan Özbəkistana qumar oynamağa getmişik. Beş-altı avaraya qoşulub Daşkəndə, Səmərqəndə getmişik. Ata Ağdamda, mən də orda-burda kefdə damaqda, heç vaxt üskükdə uduzmamışam. Çünki heç kim noxudu tapa bilmirdi. Qazanan biz olurduq.

Söhbətini yarıda kəsib, qollarındakı döymələri, adları göstərir. “Şakir” - bu bibim oğludur. Permdə trombdan ölüb. Qohumluqdan əlavə, ürək dostu olmuşuq. “Rizvan” – bu da dostum idi, rəhmətə gedib. Biləyinə yazdırdığı “Bəxtsiz bir ömürün qurbanı” yazısını göstərir. “Bu da cavanlıq səhvidir” – deyir:

- İndi anlayıram ki, döymə-zad boş şeydir. İnsan pak yaranıb, pak da ölməlidir. İnsan bədənində yazı ilə dünyaya gəlmir, niyə yazı ilə dünyadan getməlidir axı? Mən bunu indi anlayıram. O vaxt çevrəmdə avaralar idi. Dünyaya qaranlıq bir bataqlıqdan baxırdım. Sonradan hər şeyin fərqli olduğunu gördüm.

“Məni iynəyə ermənilər öyrətdi...”


Əhsən ziyalı, mədəni düşüncəli bir ailədə doğulduğunu, Ağdamdakı yaşıdlarına qoşulandan sonra həyatının uçuruma yuvarlandığını danışır. Deyir ki, ilk dəfə narkotik iynəsi vurmağa 16-17 yaşında başlayıb:

- Özbəkistan və Türkmənistandan sonra qumar oynamaq üçün Stavropola getdik. Hamısı da avara uşaqlar... Orada da yaxşı pullar udurduq. Əsas gəlirimiz üskükdən çıxırdı. Stavropolda ermənilər çoxdur. Demək olar ki, vilayətin yarıdan çoxu üzdəniraqlardır. Məni iynəyə onlar öyrətdi. Hamısı damara iynə vuranlar idi. Yaman təriflədilər andıra qalmışı. Biz də uşaq idik, “tamına baxaq” dedik. İlk dəfə həzz aldıq. Sonradan qopa bilmədik. Aludəçisi olduq.

Əhsən 2 ildir ki, iynədən, narkotikdən uzaqlaşdığını, bunun üçün Zığda yerləşən dispanserin qeydiyyatına düşdüyünü deyir. Onu da bildirir ki, iynənin təsirindən çıxmaq üçün “Metodon” adlı dərman qəbul edir. Dövlətin həmin dərmanları da QİÇS xəstələrinə, narkomanlara pulsuz payladığını söyləyir:

“İynədən qurtulmağın tək yolu budur. İynədən qurtulursan, sonra bədənin “Metodon” tələb edir. Həmin dərmanı içəndən sonra beynin sakitləşir. “Damara düşmək” haqqında heç nə fikirləşmirsən. Ağrıdan, əsəbdən, titrəmədən də canın qurtulur. İstəsən, dozasını azaldıb dərmandan da yavaş-yavaş qurtulmaq mümkündür”.

“Evin yox e, nəslin tək oğluyam...”

Əhsən peşmanlıq dolu nəzərlərlə üzümə baxır. Gülümsünür. Deyir ki, ata-anası sağ olanda dəfələrlə evləndirmək istəyib. Amma özü razı olmayıb:

- Avara həyat sürdüyümü, evlənməyin də məsuliyyətli olduğunu yaxşı bilirdim. 1995-ci ildə atam rəhmətə getdi. Ağdamın işğalı, köçkün həyatı onu birtəhər eləmişdi, dözmədi, dünyasını dəyişdi. Atamın orada yaxşı imkanı vardı. Bakıda MUM-un arxasındakı “Araz”ı işlədirdi işğaldan sonra, maddi durumu da yaxşı idi. Amma Ağdamsızlığa öyrəşə bilmədi. Atamdan sonra anam və bacılarım məni evləndirməyə cəhd etdi. Bir dəfə hətta “Moskva” univermağına gedib qızıl-zad da danışmışdılar. Xəbər tutan kimi Quzanlıya, qohumlarımın yanına qaçdım. Bir ay yoxa çıxdım ki, evlilik məsələsindən vaz keçsinlər. Dedilər, gəl Bakıya, hər kəs səni gözləyir. Dedim, evlənmək istəmirəm.

- O vaxt da içib-çəkirdiniz?

- Hə, o vaxt damara da düşürdüm, nəşə də çəkirdim.

- Bəs QİÇS-ə nədən yoluxmusunuz?

- Bilmirəm. Deyim ki, qadın-filan, elə işlərim demək olar ki, olmayıb. Bu elə bir yoluxma halıdır ki, cinsi yoldan başqa, bərbərin ülgücündən, manikür-pedikürdən, stomatoloqun alətlərindən də keçə bilər. Nə bilim harada keçib? Bəlkə də iynədən keçib, bilmirəm. O vaxt bir-birimizin iynəsindən istifadə edirdik. Yəqin kimdəsə olub, bizə deməyib.

- Bəs nə vaxt öyrəndiniz ki, İİV-ə yoluxmusunuz?

- 2011-ci ildə həbsdə idim. Həbsə düşəndə orada yoxlamalar olur. Analiz verdim, həm hepatit C, həm də QİÇS çıxdı qanımda. Heç kimə demirdim. Ailəm çox sonralar bildi.

- Nə vaxt bildilər?

- 2013-cü ildə. Xəstəxanada müalicə alırdım. Bacılarım, anam bildi. Heç nə demədilər. Üzülsələr də qəlbimə dəyəcək bir söz demədilər. Artıq olan olmuşdu. Kim istəyər ki, başına belə bir şey gəlsin. Qonşular, qohumlar QİÇS-ə yoluxduğumu bilmirlər. Elə bilirlər ki, qara ciyərimdə soyuqlama var. Ona görə həkimə gedib-gəlirəm. Sonra anam rəhmətə getdi. İndi bacımın evində yaşayıram. Bacımın yoldaşı əsəb xəstəsidir. Eyni evin içərisində ayrıca otaqda yaşayır. Mən də 60 manat xəstəliyə görə pensiya alıram. Elə onunla dolanıram.

- 60 manat bəs edir sizə?

- Yox, bəs eləmir. Amma nə edək, buna da şükür. Yaxşılaşım, qayıdıb işləyəcəyəm. 2 il əvvələ qədər “Meyvəli”də işləyirdim. Alver eləyirdim. Günə 5-10 manat qazanırdım. Dünənə kimi yaxşı idim, özümü girələyə bilirdim. Dünən səhər halım pisləşdi, buraya gətirdilər. Qızdırma, halsızlıq... Elə bir halda gəlmişdim ki... İmmunitetim də dəhşət zəifləyib. Normadan çox aşağıdır. Burada çox yaxşı baxırlar. İynə-dərmanımı da vaxtlı-vaxtında qəbul edirəm. Yəqin ki, hələ iki həftə buradayam.

- Nə vaxtsa evlənməyi düşünürsünüzmü?

- Hə, düşünürəm. Çünki bir müddət sonra əlim-ayağım tutmayanda mənə baxan biri olmalıdı. Amma hələ indi yox... Həm də ona görə evlənmək istəyirəm ki, uşaqlarım olsun. Çünki təkcə ailəmizdə yox, bütün nəsildə kişi cinsindən qalan Haqverdiyev soyadı məndədir. Nəslimiz tükənməsin, heç olmasa, oğlum olsun, nəslimizi davam etdirsin. Elə-belə nəsil deyil e, Haqverdiyevlər kimi bir soyadın davam etməsi üçün... Ən çox da ona görə evlənmək istəyirəm.

“QİÇS-ə yoluxmuş bir xanımla...”

Əhsən cibindəki siqaret qutusunu çıxarıb masanın üstündəki külqabını dizinin üstə qoyur. Halsız-halsız, “ölü” gözlərlə pəncərədən üzü aşağı baxıb nəsə sirr açacaqmış kimi sözünə davam edir:

- Bu elə bir xəstəlikdir ki, bakirə qızlar da yoluxur. Pedikürdən, manikürdən, stomatoloqun səhvindən... Hər anı ölümdür. Amma bir dəfə də olsun öləcəyim üçün qorxmamışam. Həmişə nikbin olmuşam. Qurban olum Allaha, ölüm haqdır, bizim də bəxtimizə bu yazılıb.

- Məncə, bəxtinizi, alın yazınızı tanrı yox, özünüz damarınıza iynə ilə yazmısınız...

- Deməli, belə olmalı imiş...

- Evlənməyə namizəd varmı, kimisə gözaltı eləmisinizmi?

- Öz aramızda qalsın, burada bir-iki nəfərə demişəm, namizəd olanda mənə desinlər.

- Necə yəni?


- QİÇS-ə yoluxmuş bir dul qadınla evlənmək istəyirəm. O qədər əri ölmüş, dul qalmış bədbəxt qadın var ki... Mənim kimi bədbəxtdirlər. Gözləyirəm ki, mənə ev versinlər, məcburi köçkünəm. Söz veriblər, bir-iki ilə verməlidirlər. Evi alım, bacımgilin yanından ayrılım, yenidən alver işinə qayıdım, evlənəcəyəm.

- Bəs iki QİÇS-ə yoluxmuş şəxsdən törəyən uşaq necə olacaq? Onu da bədbəxt edə bilərsiniz axı?

- Onu da düşünmüşük. Həkimlər deyir ki, uşaq qeysəriyyə yolu ilə doğularsa, ana süd verməzsə, uşağa bu virus keçməyəcək. Bəzən düşünürəm ki, heç uşaq da önəmli deyil, əsas olan bundan sonrakı həyatımı xoşbəxt yaşamaqdır. Ev almağı gözləyirəm, evi alım, mütləq evlənəcəyəm.

***


Əhsənlə sağollaşıb, otaqdan çıxıram. Qapını açan kimi içəriyə işıq dolur. Çıxanda Əhsən mənə yolu tərif edir. Nədənsə bu yol tərifi mənə “it hürən tərəfdən işıq gələn tərəfə” boylanan yolunu, ömrünü uduzmuş birisinin nəsihəti kimi gəldi :

- Qaranlıqda qapını tapa biləcəksiniz? Sağ tərəfdə qapı var, oradan düşün aşağı, hər tərəfdə sağı götürün...

Manevr.az


Dahi dramaturqun nəticəsi: “İynə vurmağı mənə ermənilər öyrətdi”
Dahi dramaturqun nəticəsi: “İynə vurmağı mənə ermənilər öyrətdi”
Dahi dramaturqun nəticəsi: “İynə vurmağı mənə ermənilər öyrətdi”
Dahi dramaturqun nəticəsi: “İynə vurmağı mənə ermənilər öyrətdi”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar