Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nailə MİRZƏ: “Səma uşaqları” -Publisistik qeyd

Tarix: 14-09-2016 20:31     Baxış: 3295 A- / A+
Nailə MİRZƏ: “Səma uşaqları”

Sizə haqqında danışmağı sevmədiyim bir adam barədə danışacağam-özüm haqda. Əslində düşünürəm ki, insan özü haqda nə deyə bilər? Hələ mən də bilmirəm. Baxaq da...

Deyirəm qurban olum köhnə tibb işçilərinə və tibb texnikasına. Üzümü məndən böyük və 15-20 yaş kiçik qızlara tutub deyirəm:

-Ay qızlar, bizim “həyat metrikası” qazanmağımız, bugün günəşi görməyimiz, ana və ya lazımlı bir adam olmağımız o “köhnələrin” xidmətidir. Vallah.

Yaxşı zaman imiş. Ultrasəs aparatı yox, cinsiyyəti müəyyən edən digər vasitələr yox. Bir sözlə, bayram. Nə demək istədiyimi biz anladıq. O vaxtkı gəlinlərə də allah insaf versin. Camaat çox əziyyət çəkirmiş. Xüsusilə də nəvə yolu gözləyən ağbirçəklər. Yaşlılar doğulan uşağın qız, yoxsa oğlan olacağıni öz üsullurı ilə öyrənmək istəyirdi. Bir də görürdün təzə gəlini qədəm-qədəm izləyirlər. Soruşanda

-Ay bacı, gəlin hamilədi. Başına duz səpdik ki, görək olan qızdı, ya oğlan.

Ağbirçəklər özləri yorulanda subay qızları işə qoşurdular. “Ay gəlin, insafın olsun. Camaat səni güdməkdən yoruldu axı”. Nə isə..

Ya da qayçı qoyurdular döşəkcənin altına. Hə, uşaq vaxtı görmüşəm belə şeyləri. Əgər qayçı fərasətsiz çıxıb yanı üstə dursa və gəlin də gedib orda otursa, deməli, doğulacaq uşaq oğlandı. Yox, dik durub camaata problem yaratsa, həmişəki kimi, deməli bu qızdı. İndi anladız ki, niyə bizi istəmirlər? O vaxt bizim üçün rahat olsa da, çox adam üçün narahat idi. Əlbəttə, dalbadal doğulan qız uşaqları bir tərəfdən gəlinlərin başqaxısı, başqa tərəfdən

ailə büdcəsində itki, ən əsası, kişilərin əsəb mənbəyi idi. Qız nəvəsi çox olan qadınların söhbəti:

-Ay Fatma, dalbadal doğur qızları. Bir demir ki, (guya ki, ondan asılıdır) bunları saxlamaq, yedirtmək, ərə vermək lazımdı hələ. Az, oxşadı dana anasına. Mənim başım bataydı bunu aldığım yerdə......

Hələ onlara verilən “Qızbəs, Qızyetər, Tamam, Yetər, Kifayət” kimi adları tapmaq problemi sözlə deyiləcək məsələ deyil. “Köhnə kişilərin” qız atalarına “Ayə, başın sağolsun. Gələn dəfə oğlan olar” deməsi.....

İndi şükür Allaha. Uşağın cinsini bilmək nədir, hələ istədiyin cinsi sifariş etmək də mümkündür. Son zamanlarda qıcıqlandığım bir məsələdən danışım sizə. Gənc ailə qadın həkiminə gedərkən

- Elxan, həkim dedi ki, disk də alın gələn dəfə.

-Neyniyəcək?

-Hamiləliyin gedişinə baxacaq, bir də uşağın “şəklini” verəcək.

Həkimdən sevincək çıxan cütlük qaynata evində baxış üçün hazırlıq görür. Ailənin üzünü güldürən gəlinə qaynana

-Ay qızım, ürəyin nə istəyir? Papa gələnə kimi bişirim.

Nəhayət, ailə DVD-də anlamadıqları bir görüntü izləyir. Heç kim heç nə anlamır. Ala-boz görüntü içərisində hamarlığı pozan bir fərq görən kimi uşağın nənəsi

-Ay Səməd, oğlandı,- qışqırır.

Sonda ana

-Elxan, nə qədər verdin buna?-soruşur.

-Zalımın qızı 50 aldı,-deyir. Ardınca atasının narazı baxışları ilə qarşılaşır.

Camaat, günümüzün həqiqətidir bunlar.

Son zamanlarda qadınlarda “döş xərçəngi” xəstəliyi geniş vüsət alıb. Maraq doğuran cəhət ondan ibarətdir ki, heç bir genekoloq (bəlkə də bir neçəsini çıxmaq şərtilə) dəfələrlə hamiləliyi yarımçıq pozan anaya sonradan yaranacaq fəsadlar

haqda danışmır. Demir ki, ay qızım, bacım, 3-4, bəzən də 5 aylıq hamiləliyin pozulması “Sizin səhhətinizə ziyandır!” Doğulacaq körpənin cinsiyyəti ata və nənələri gələcək ananın sağlamlığından daha çox rahatsız edir. Hər bir normal hamiləlik keçirmiş qadın cinsiyyətin müəyyən edilməsinin 3 ya da 4-cü ayda mümkün olduğunu bilir. Amma yenə də evdəkilərin (bəzən də öz istəyilə) təkidi ilə həyatını risk qarşısında qoyur. Ancaq heç düşünən varmı ki, bu vəziyyətlərdə ən çox əzab çəkən körpələr olur. Bir tərəfdən vaxtaşırı şüalanan uşaqlarda kəllədaxili təzyiq, ikinci tərəfdən, süni qidalarla qidalanma, üçüncü və ən əsası isə hamiləliyin yarımçıq pozulması üzündən ya sağlamlığını itirmiş analara qulluq və ya onları itirmək qorxusu ilə yaşamaq. Son zamanlarda bu həyəcanın “dadını” çox adam dadmaqdadır.

Əgər fikir vermisinizsə, şəhərdə “ayaqları yerdən üzülən səma adamlar”ının sayı artmaqdadır. Elə düşünməyin ki, kosmonavtlar, ya da 5-6 aylıq doğulanları deyirəm. Əsla, yox. Onlar da görünüşcə adi insanlardır.

Özümü də onlardan hesab edirəm (demişdim axı, özümdən də danışacağam). Bir dəfə atamın yarızarafat-yarıgerçək dediyi

-Səndə günah yoxdur. Gərək o vaxt icazə verəydim balıncla bizim canımızı qurtaraydılar,-ifadəsinin mənasını sonralar anladım. Yerli-yersiz hər şeydən inciyəndə, bir yerə gedərkən əllərimi belə gizləməyə yer axtaranda, özümün heç kimə lazım olmadığımı düşünəndə və s. Çünki anladığım həqiqət məni də yerdən ayırdı. Yəni, mən də bütün müsəlman ailələrində “artıq” hesab edilən uşaqlardan idim (ailənin üçüncü qızı). Demək, mən yaxşı qurtarmışam.

Iş prosesimdə daim gənclərlə ünsiyyətdəyəm. Son illərdə apardığım müşahidələr “ayağı yerdən üzülən yarımçıqlar”ın il-ildən artdığını göstərir. Bu məsələyə aid çox maraqlı hadisə ilə qarşılaşdım. Düzdür, bu dəfə “səma adamı” kişi cinsinə aid idi. Ancaq bu hadisə xatirimdə “ağrılı sıyrıntı” kimi dərin iz saldı. Gənclərdən “Ömrümə yazılan gün” adlı mətn hazırlamalarını xahiş etdim. Burxan adlı gənc “Ömrümdə ən çox sevindiyim gün atamın xaricə işləməyə getdiyi gündür” yazmışdı. Mən

-Oğlum, nə üçün belə yazmısan? Beləmi incidir səni?- zarafatla soruşduqda

-Heç yola gedir ki. Uşaqlıqdan sevmir məni. Həmişə deyir ki, nahaq doğulmusan. Mən buna razı deyildim. Ona görə yazmışam da: “ A kişi, çıx get da. Qoy rahat nəfəs alaq”.

Çox təsirləndim. Nəsihətamiz söhbət aparmağa, valideyn övlad münasibətlərindən danışmağa başladım. Hiss etdim ki, inandıra bilmədim onu. Dərsə yubanan, gələndə isə yuxulu olan Burxandan

-Oğlum, sən nə işlə məşğulsan? Nə üçün yubanırsan dərsə?-soruşdum. Cavabdan başım hərləndi.

-Məllimə, bibioğlumnan ev təmir edirəm. Evdən, atamdan pul almaq istəmirəm.

II semestr çətin oldu onun üçün. Iki kəsrlə qurtardı.

-Oğlum, valideynlərinə de bunu, gizlətmə. Səni onlar kimi anlayan, sevən ikinci bir adam çətin olar.-dedim.

Baxışlarındakı şübhə və rişxəndə fikir vermədən danışırdım. Deyəsən, az da olsa inandıra bilmişdim. Işdən çıxanda Burxanı universitetin qarşısında durmuş gördüm. Səhv etməmişdim, o müəllimini-məni gözləyirmiş. Sakitcə yaxınlaşıb gözünü yerə dikdi:

-Məllimə, yəni, evdə desəm, məni danlamazlar ki? Atam qışqırıb təhqir etməz ki?-soruşdu.

Dediyimə özüm inanmasam da, bayaq söylədiklərimi təkrarladım. Üzümə baxmadan, sakitcə dinlədi məni. Sonra sağollaşıb uzaqlaşdı. Bütün yayı bu tələbəni düşündüm. Sentyabrda görüşdük. Gülərüzlə yaxınlaşıb salamlaşdı. Onun “hər şey yaxşıdır ” deməsi sevindirdi məni.

Bu dediklərim baş verən çoxsaylı, həm də yaxşı sonluqla bitən hadisələrdən biridir. Ancaq həmişə belə müsbət sonluq olurmu?....

Bütün valideynlər övladlarını sevir, cinsindən asılı olmayaraq sevir. Ancaq ilk növbədə onu anlamaq lazımdır ki, insanın hansı cinsə məxsus olaraq doğulması nə onun özünün, nə də ananın iradəsindən asılı deyil. Əziz ata və analar, könülsüz valideyn olmayın. Əks halda dünyaya gələcək övladlar gələcəkdə səsinizin belə çatmayacağı “səma övladları” olacaq.

Nailə MİRZƏ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar