Xəbər lenti
"Məcnun da, Mənsum da mənəm" -Xalq artisti
Manevr.az gənc yazar Çinarə Ömrayın xalq artisti, professor Mənsum
İbrahimovla apardığı müsahibəni təqdim edir:
– Məcnun, ya Mənsum?
– İkisi də mənəm.
– Deyirsiniz ki, daha çox ağıl, düşüncə, məntiqlə addım atmağa çalışıram. Hissləriylə yaşayan Məcnundan ayrılıb, ağlıyla hərəkət edən Mənsuma qayıdış çətin olmur ki?
– Hardasa xarakterimdə oxşarlıq var. Demirəm ki, mən Məcnun kimi səhralara düşmüşəm. Yox. Amma içimdə o his var. Mənim içimdə o sevgi var . Yaradanın yaratdığı bütün hər şeyə o sevgi var. İnsanlardan tutmuş güllərə, təbiətə, heyvanlara – hər şeyə var o sevgi.
O hissi ötürə bilirəm. Məsələn, mən dənizə saatlarca baxa bilirəm. O məni sakitləşdirir, saflaşdırır. İçimdə duruluram. Bilirsiz, elə şey var ki, danışaraq rahat olursan, ancaq elə şeylər də var ki, susaraq rahatlaya bilirsən.
Mən səhnədə tam qapıla bilirəm o hissə, o sevgiyə. Məsələn, mən oxuyanda bilmirəm zalda kim var, ətrafda nə reaksiya var. Səhnədə Leylidən başqa heç kimi görmürəm. O an mənim üçün sadəcə Leyli olur. Əslində Leyli qarşımdaki Leyli də olmur, oynadığım obrazın içindəki, xəyalımdakı həmin Leyliylə qalıram o səhnədə. Tək o an yox, tamaşadan sonar da bir müddət o halda oluram. Məsələn, bir şey deyim, tamaşadan sonra kulisə tamaşaçılar, jurnalistlər gəlir. Bəyəndiklərini, fikirlərini ifadə edirlər, suallar verirlər. Mən avtomatik onlaraq təşəkkür edir və ya suallarına cavab verirəm. Bu zaman sanki proqramlaşdırılmış oluram. Ancaq əsl mən o rolun təsirindəyəm. Bir müddət sonra isə, özümə gələndən sonra hey düşünürəm. Lakin, heç nə xatırlaya bilmirəm. Yəni, bu qədər girə bilirəm rola, bu qədər içdən yaşayıram. Beynimin özünə gələ bilməsi üçün, real həyata adaptasiya ola bilməyim üçün mənə saatlar lazım olur.
– Deyirsiniz səhnədə olanda Leylidən başqa heç kimi görmürəm. Bəs həyatda necədir bu?
– Həyat başqa bir şeydir. Təbii ki, mən həyatda hər şeyi görürəm. Heç nəyə etinasız yanaşa bilmirəm. Çox həssas, kövrək biriyəm əslində. Ən zəif cəhətim isə odur ki, ağlaya bilmirəm. İçimə ağlayıram, bunu üzə verə bilmirəm. Səs –küyü heç sevmirəm. Həmişə Allaha təşəkkür edirəm ki, nə yaxşı mənə qışqırıq səsi verməyib. Bəlkə sənətimdən irəli gəlir, amma mən insanlarla təmasda olanda belə onların səsinə fikir verirəm. Onları səslərindən xarakteriza edə, tanıya bilirəm. Həssas adamlar üçün çətindi bu həyat, amma alışırıq. Mən isnanlara hər zaman insan kimi, yanaşmışam. Pis, yaxşı ayrımı qoymamışam. Mənim üçün insan bir yaradılışdır. Bir də qəribə hiss edə bilirəm insanları. İlk beş dəqiqə içində onları ya qəbul edirəm, ya yox. Hiss edirəm və hisslərim məni heç vaxt yanıltmır. Bir sözlə, mən insanları, insanlığı sevirəm.
– Musiqi adamı olub dünyanı gəzmək gözəldir, ya dünya adamı olub musiqi dinləmək?
– Əslində hərəsinin öz məqamı var. Əgər musiqinin içinə girə bilirsənsə, sən həm onunla dünyanı gəzə bilirsən, həm də dünya adamı ola bilirsən. Musiqi isə, sehrli bir aləmdir.
– Razısınız ki, musiqi anti-sözdür?
– Bəzən insanların hətta dövlətlərin belə həll edə bilmədiklərini musiqi həll edə bilir. Musiqi bütün sözləri, bütün sərhədləri vurub keçə bilir. Anti-söz olmasıyla yanaşı, sərhədsiz və hüdudsuzdur.
– Siyasəti musiqiləşdirsək özünüzü hansı obrazda görərsiniz?
– Musiqi rəqib bilməyən yeganə bir kəşfdir. Birbaşa hissə, duyğuya təsir edə bilir. Bəlkə də ən böyük siyasətdir, ancaq rəqibsiz. Bu başqa aləmdir.
– Ancaq muğam, xalq mahnılarını dinləyirsiniz ya mütəmadi olaraq dinlədiyiniz başqa musiqilər də var?
– Mən cazı da dinləyirəm, estradanı da, vokalı da. Bu ovqatıma baxır, bir də ifaçıya. Rokdan başqa hamısını dinləyirəm. Rok qışqır-bağırdı, qırıb-tökməkdi. Bayaq da dedim, səs küydən uzaq adamam.
– Dinləmək üçün musiqi seçəndə ifaya üstünlük verirsiz ya musiqiyə?
– Daha çox yaxşı ifaya. Məsələn, elə bir musiqini adi, sıradan biri oxuyar ki, sənin ruhunu tərpədər, ancaq eyni musiqini elə tanınmış biri ifa edər ki, heç yel olub yanından da keçməz. Belə şeylər çox olur.
– Bəzən muğam ifaçıları oxumaq yerinə sanki ağlaşma qururlar. Yas yerlərində oxunan mərsiyyələri xatırladırlar. Bu nədən irəli gəlir?
– Ümumiyyətlə klassik muğam ifasında ağlaşma yoxdur. Bu musiqidə fəlsəfə var, insanı düşündürür. Məsələn, hər bir muğamın öz xarakteri var. Cahargah muğamında daha çox əzmkarlıq, döyüşkənlik var. Hansısa bir ordunun üstünə getmək kimi təsvir olunur. Segah muğamı – bu sırf məhəbbətdi. Bayatı Şiraza muğamların gəlini deyirlər. Onun içində eyni zamanda qəmlilik də var. Eyni zamanda isə, bir ümid də boylanır. Ya Bayatıqacar, Zəminxarə muğamları isə, daha çox dinə yaxındır. Quranı da çox vaxt muğam üstündə oxuyurlar, azanı o üstə çəkirlər.
Sualınıza qayıdaq. Təbbii ki, bu ifaçının özündən, ruhundan asılıdır. Hər bir ifaçı öz ruhunu ifadə edən nələrisə oxuyur. Məsələn, mən əsl ifaçının oxumağını dinləyib, onun xarakterini təyin edə bilirəm. Hər kəs öz içini oxuyur.
– Hansı muğamı özünüzə bənzədirsiniz?
– Bur var major muğamlar, bir də var minor. Mənim səsim də, özüm də həlim olduğuna görə minor muğamları sevirəm. Məsələn Segah, Bayatı -Şiraz, Şur. Bütün muğamlar mənə doğmadılar. Onları sevirəm. Amma özümü daha çox bu saydıqlarımda tapa bilirəm.
Mənim səsim Məcnun səsidir. Şah İsmayılı təklif etdilər mənə. Ancaq gördüm ki, mənim səsimə uyğun deyil. Buna baxmayaraq yenə hazırlaşdım, səhnəyə çıxmağa çox az qalmış imtina etdim. Çünki hiss etdim ki, bu mənim ruhum deyil. Aşıq Qəribi, Leyli Məcnunu, Gəlin qayasında Camalı oxumuşam, bircə Şah İsmayılı oxumadım. Mən gərək oxuduğumda özümü tapa biləm.
– Aşıq Qəribi oxumusunuz və bir çoxunu. Lakin daha çox Məcnunla yadda qalmısınız. Məcnunu daha içdən oynadığınızdan irəli gəlir bu?
– Bizim milli operalarımızın şahı Leyli Məcnundur. Məsələn Aşıq Qərib də sevgi dastanıdır. Amma burada nə fəlsəfə var, nə bir şey. Sadəcə bunu oxumaq lazımdır. Ancaq Məcnunda sadəcə oxumaqla kifayətlənmirsən. Onu oynamalı, yaşamalısan.Yaşamasan tamaşaçı səni qəbul etməyəcək.
Sən tamaşaçının gözü qarşısında məktəbli səhnəsindən tutmuş, son səhnəyəcən oynamalısan. Əgər tamaşaçı səni tanıyırsa, ya sən zəif oxuyursan, ya da tamaşaçı buna hazırlıqlı deyil, təsadüfən düşüb oraya.
Tamaşadan sonra kulisə gələn tamaşaçılar olur ki, görürəm gözləri qızarıb, ağlayıblar. Bəzən də zəng edirlər ki, tamaşadan sonra bir neçə gün təsirindən çıxa bilmədim. Bax tamaşanın gücü budur. İki böyük dahi yazıb. Füzuli və Üzeyir bəylər. Bu həm sözün qüdrətidi, həm də musiqinin. Və təbii ki, bir də kökü muğamdır. Bütün bunlar birlikdə vəhdət təşkil edir.
– Uzun zamandı ifa edirsiz bu rolu…
– Artıq iki ildi mən teatrdan çıxmaq istəyirəm ancaq imkan vermirlər. Heç tamaşaçı da buraxmır. Deyirəm bəsdir, qoy gənclər oynasın . Ancaq tamaşaçılar buna razı olmurlar.
– Estafeti ürək rahatlığı ilə verəcəyiniz gənc varmı?
– Əlbəttə var. Çox sayda Məcnunlarımız var. Bilirsiniz, bu zamanla yetişir. Bir-iki tamaşayla professional məcnun olmaq mümkün deyil. Mən özüm də belə yetişmişəm. Təbii ki, gözəl oynaya biləcək gənclərimiz var. Səbuhi İbayev, İlkin Əhmədov, Elnur Zeynalov və s. Hər kəsin öz yeri var. Məsələn mən 2 ay oxumayanda teatra zəng edirlər ki, Mənsum müəllim niyə tamaşa oynamır?
Çox maraqlıdır ki, tamaşaya bilet tapılmır. Mən bunu 137 dəfə oxumuşam. Nə 5, nə 10, nə də 50-ci tamaşadır. Hətta dostlar zəng edir ki, tamaşaya bilet tapa bilmirik. Bu mənə çox xoş olur. Düşünürsən ki, yox, deməli ömrüm hədər getməyib.
– Məcnunu belə professional oynayan biri həyatda ona oynayanları aid edə bilir, ya yox?
– Çox təssüf ki, insanlar çox vaxt həyatda oynayırlar. Səhnədə yenə normaldır ki, sənət göstərirlər. Adamı incidən odur ki, insanları həyatda oynayan görürsən. Evdə, ailədə, ətrafda – hər yerdə oynayırlar. Bunu hiss edə bilirəm, ancaq sadəcə təəssüflənirəm. Lakin dərk etmirlər ki, hazırda elə zamanda yaşayırıq ki, hətta uşağı da aldatmaq olmur.
Bəzən sənət adamlarında buna tez-tez rast gəlmək olur. Efirdə başqa olurlar, rola girirlər. Amma tanıyırsan, bilirsən ki, həyatda tam fərqlidilər. Ümumilikdə isə, bizim insanlarda özləri ola bilməmək problemi var.
– Məcnunu həm həyatda, həm də səhnədə yaşadan birini yanındakı daha çox incidir, ya içindəki?
– Əlbəttə içindəki. Mən hamı ilə yola gedirəm. Bir tək özümlə yola gedə bilmirəm. Məsləhət ilə, mehribançılıqla lap körpə uşaq da gəlib desə, mən yola gələnəm.
Mənim sinfimin qapsı hamıya açıqdır. Məsələn, yoldan keçən biri də gəlib desə ki, Mənsum müəllim məni bir dinlə, dinləyərəm, talantı varsa deyərəm ki, gəl sənə yardımçı da olaram. Təmənnasız. Bu günə qədər kimsə deyə bilməz ki, mən Allahın verdiyi bu istedadı başqasına təmənnayla öyrətmişəm. Amma özümlə çox çətin yola gedirəm. Özümdən çox vaxt razı qalmıram.
– Siz burada çox ustalıqla sualdan yayındınız. Sualımı başqa cür verim. Məcnunu həm həyatda, həm səhnədə yaşadan birini yanındakı Leyli daha çox incidir, ya içindəki?
– (Gülür) Əslində elə bir şey hər ikisində var. Amma daha çox içindəki olur incidən. Yenə də həmin yerə çıxırsan.
– Yaxın günlərdə səfərdən qayıtmısınız. Bir az da o haqda danışaq…
– Tez-tez başqa ölkələrə səfərlərim olur. Məsələn, Novruz bayramında mən öz Qrupumla Cenevrədə səfərdə oldum. Qeyd edim ki, mənim “Qarabağ muğam” adlı qurupum var. Təbii ki, bu ad daha çox xarici ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması üçündür.
Bu həm də bir musiqiçi siyasətidir. Təsəvvür edin ki, bütün xarici ölkələrdəki afişalarda “Azərbaycan Qarabağ muğam qrupu” yazılır. Bu bir növ Qarabağ bizimdir deməkdir, insanların beyninə həmin gerçəyi yeritməkdir. Cenevrədə BMTnin qərargahında konsert verdik. Böyük maraqla qarşılandı.
Bu yaxınlarda ulu öndərin doğum günü ilə əlaqədar olaraq Amerikanın Los Ancels, San-Diyeqo şəhərlərində olduq. Siyavuş Kəriminin rəhbərliyi ilə böyük bir heyyətlə getdik. Los Ancelsdə 2000 nəfərlik bir salonda konsert verdik. San-Diyeqoda isə, 1700 nəfərlik zalda. Qeyd edim ki, Los Ancelsdə konsert vermək çox çətindir. Çünki orada erməni diasborası çox güclüdür.
Hətta oraya ikinci Ermənistan da deyirlər. Təsəvvür edin, şəhərərdə 500.000 erməni yaşayır. Konsert günü həmin zalın qarşısında plakatlarla etiraz askiyası keçirdilər. Təsəvvür edin, bizim müsiqiyə belə etiraz edirlər. Çünki, bu onları hədsiz dərəcədə qorxudur. Bu onları həm də ona görə qorxudur ki, ermənilər bizim musiqiləri öz adlarına çıxıb, yerli əhaliyə təqdim edirlər. İnsanlar konsertdə səsləndirilən musiqiləri eşidib, doğrulardan agah olurlar. Bizim verdiyimiz konsert onların yalanlarını ifşa edəcək deyə qorxurdular. Ancaq onların etirazları nəticəsiz oldu. Biz əvvəlcədən bundan xəbərdar idik. Təxribat ola bilər deyə, bizi xəbərdar etmişdilər. Hətta polislər zalı, ətrafı qoruyurdular. Lakin, polis onları ərazidən uzaqlaşdırdı və biz daha böyük ruh yüksəkliyi ilə konsertimizi verdik. Bu hadisəni musiqinin düşmənlər üzərində qələbəsi sayıram.
Bundan başqa səfərimiz zamanı 2 böyük konsert, sərgi və bir də Leyla xanımın təklifi ilə çəkilmiş “Əli və Nino” filiminin təqdimatı oldu.
– Muğam müsabiqəsinin də münsifisiniz…
– Bəli hazırda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 6-cı muğam müsabiqəsi keçirilir. Qeyd edim ki, müsabiqə 2005-ci ildən start götürüb Artıq 12 ildir ki, layihə uğurla davam etdirilir. Bu günə qədər isə, 6 müsabiqə keçirilib.
Bir nüansa nəzər salaq. 6-cı müsabiqəni də saysaq, bu günə qədər bu müsabiqədə iştirak edən ifaçıların sayı 120-yə çatır. Heç bir dövrdə bizim sənətə bu qədər ifaçı gəlməyib. Təbii ki, mən deyə bilmərəm bu dəqiqə bunların 120-si də oxuyur. Amma əksəriyyəti öz sənətlərini davam etdirirlər. Və ürəklə deyə bilərəm ki, hər biri savadlı, təhsillidirlər.
Məsələn 1-ci muğam müsabiqəsinin yetirmələri artıq özləri də müəllimdilər. Bayaq sinifdə gördüyünüz Təyyar Bayramov mənim tələbəm olub. Artıq əməkdar artist, Opera və Balet teatrının solistidir. Ən maraqlı məqam isə, builki muğam müsabiqəsində onun öz tələbələri iştirak edir. Bax, budur müsabiqənin qazandırdıqları.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar