Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Biz hörmət etməyi bacarırıqmı?

Tarix: 24-07-2022 20:14     Baxış: 36 139 A- / A+
                                       Zərintac Həsənova

Sizcə, biz hörmət etməyi bacarırıqmı? 
Bizim cəmiyyətimizdə uşaqlıq illərindən bizə aşılanan böyük bir hörmət məfhumu var ki, onun daxilinə kimdənsə qorxmaq, səsini ucaldan birinə cavab verməmək, vəzifəsi olan işi gördüyü üçün pul təklif etmək, səbr etmək, tab gətirmək, bəzən həddindən artıq susmaq və s. kimi fikirlər aid edilmişdir. Əslində isə hörmət bunlar deyil. Hörmət özünü dərk edən insanın başqalarının varlığını da dərk etdiyi zaman bacardığı şeydir. 

Hörmətlə bağlı şübhələrimizi aradan qaldırmaq üçün, onu düzgün qavraya bilmək üçün elə gün ərzində olan davranışlarımızı (eləcə də başqalarının bizə olan davranışını) nəzərdən keçirməklə başlaya bilərik. Məsələn, yolda işə gedərkən qarşılaşdığımız tanışlara (qonşu, qohum, mağazadakı satıcı və s.) salam vermək hörmət sayıla bilər, sayılır da, şübhəsiz. Amma o salam'ın ardından beyninizdən həmin fərdin geyimi, görünüşü, ailəsi, peşəsi – sahib olduğu canlı və ya cansız hər şey haqqında alçaldıcı hər hansı bir düşüncə ağlınızdan keçdiyi anda həmin hörmət yox olur. Siz qarşılaşdığınız adamlara salam verərkən etməli olduğunuz şeyi etdiniz deyə bir neçə saniyəlik qürur patlaması yaşayırsınız (siz o an dünyanın ən yaxşı insanıymışsınız kimi). Həmin salam'a qarşılıq verməyən fərd isə dünyanın ən pis varlığıdır. Hörmət burada vacibdir, bəs necə? Məsələn, düşünə bilərsiniz ki, bəlkə eşitmədi, bəlkə hər hansı bir problemini düşünürdü, fikirləri qarışıq idi. Bəlkə də, heç salam vermək istəmədi, sizə salam vermək kimi borcu da yoxdur. Onun əxlaqını təhlil və tənqid etməniz, ya da sizin qarşınıza çıxan hər insana salam verməyiniz sizin hörmət etməyi mükəmməl bacaran insan olduğunuz anlamına gəlmir. Bu misal sadəcə bir faktor idi, insanların sahib olduğu minlərlə davranış formasından biri. 
Əminəm ki, başınıza tez-tez gələn hadisələrdən biri də budur: daha öncədən fərqində olduğunuz hər hansı səhvlərinizdən doğan üzücü nəticələr. Siz özünüzə “ Bir daha bunu etməyəcəyəm! ” - demişdiniz. Həmin hökmü kəsdikdən sonra yenə eyni səhvi edib eyni nəticəni aldınız və yuxarıdakı cümlə yenə içinizdə qəddarlıqla təkrarlandı. Əgər özünüzə hörmət edən şəxs olsaydınız, özünüzə verdiyiniz sözləri də tutardınız. İçinizdəki ürkək ruhun bir daha əzilməsinə izin verməzdiniz. Bu o demək deyil ki, özünüzə hörmət edən insan səhv etmir. Özünə hörmət edən insan səhv edə bilər, lakin necə cəsarətlə səhv etmişdisə elə həmin cəsarətlə də o səhvin nəticəsini təhlil etməlidir. Öz varlığını dəyərli bilən, öz şəxsiyyətinə hörmət edən şəxs həmin hörmət etdiyi şəxsiyyəti elə qorumalıdır ki, gələcəkdə də həmin şəxsiyyətə (yəni, öz'ünə) hörmət etməyi davam etdirə bilsin.
Uşaqlar hörməti kimdən öyrənir? - Çox böyük əminliklə cavab verərik ki, böyüklərdən. Əgər həmin böyüklər uşaq fikir bildirərkən, hər hansı bir hadisəyə öz reaksiyasını göstərərkən uşağın sözünü kəsib əmr verirsə və ya öz fikrini təlqin etməyə tələsirsə, uşaq həmin böyükdən hörmətsizlik öyrənmiş oldu. Dinlənilməməyi, görməzdən gəlməyi öyrəndi. Uşaqlar bu kimi davranışlarla tez-tez rastlaşır. İnanın ki, o uşaqların ağlında hörmət etmək anlayışı həmişə müəmmalı qalır. Hörmət o deyilsə, bu deyilsə bəs nədir? kimi suallarla öz daxillərində mübarizə aparırlar. Görmədikləri bir şeyi də təbii olaraq, təqlid edə bilmirlər, çünki uşaqlar təqlidçi varlıqlardır. Onlara davamlı hörmət et deyən, bunu təkidlə tələb edən böyüklər var ətraflarında. Yenə də fərqində olmalıyıq ki, bir uşaqdan tamamilə qüsursuz hörmət tələb etmək doğru deyil, uşaq hələ şəxsiyyətə çevrilməyən və dünyanı yavaş-yavaş öyrənmək məcburiyyətində olan varlıqdır.

Mən bu qənaətdəyəm ki, hörmət anlayışını dərk edən insanlar şəxsiyyəti formalaşmış və dünyanın, insanların dərki üçün öz düşüncələriylə daim mübarizədə olan insanlardır. Yəni, onlar hər hansı bir şeyin varlığını qəbul edə bilmək bacarığına sahib olur və onlara yönələn davranışlarını idarə edə bilirlər, hətta düşüncələrini də. Türkün dediyi “önyargı”dan azad olur. Özünü başqalarının həyat yollarını, seçimlərini tənqid eləmək məcburiyyətində hiss etmir. Elə insanlar var, sanki ona bu səlahiyyət sərhədsiz bir öhdəlik kimi qarşısına qoyulub. Onun vəzifə borcudur ki, hörmətsiz şəkildə hər hansı insanın varlığını və davranışlarını edam səhnəsinə çıxarsın. Tanrı həmin adamları elə öz səhvlərindən qabaq başqalarının səhvini böyük həvəslə analiz etdiyi üçün mükafatlandıracaq. Bəlkə elə Tanrıdan qabaq siz özünüzə bu sualı yönləndirəsiniz: Mən başqaları və insanlıq üçün, hətta özüm üçün nə etdim? 
İnanın, həyat daha önəmli problemlərin dərk olunub aradan qaldırılması üçün tələsir. Həyatın dili olsa, əgər yaşamınız üzünü tutub sizə danışa bilsə, onda görəcəksiniz ki, elə ən böyük hörmətsizliyi öz yaşamınıza etmisiniz. 
Yuxarıda sadalananlar o demək deyil ki, siz hər şeyə susmalısız, yanlış insan seçimlərini dəstəkləməlisiniz. Bu o deməkdir ki, insana, hətta əşyaya da birinci o var olduğu üçün hörmət etmək borcunuz olduğunu daim xatırlamalısınız. Daha sonra o var olanın yaşamı, ailəsi, peşəsi, var-dövləti və s. gəlir. Burada mühüm bir sıralama var: bacarıq və istedadlarına, sahib olduğu statusa görə yox, öz'ünə görə hörmət edilir insana. Həmin insanın üstünlükləri (xarakter, var-dövlət, uğur  və başqa şeylər) onu dəstəkləməyiniz üçün sizə lazımdır, hörmət üçün deyil. Ən sevdiyim yazıçı Z. Livanelinin belə bir cümləsi var: “ Sən insanlara baxdığın zaman uniformalar, bayraqlar və din görürsən. Mən isə insan, sadəcə insan. Sevən, acı çəkən, üşüyən, qorxan bir insan. “

Bəzən qorxuğunuz üçün kiməsə hörmət edirsiniz, bir çoxları bunu edir, sözsüz ki. Əslində, hörmət etmirsiniz, etdiyinizi sanırsınız. Elə həmin adamdan qorxmağınıza səbəb olan faktorlar aradan qalxanda hörmətsizlik etməyə başlayırsınız. Yəni, hörmət nəyəsə bağlı olmamalıdır. Sual da yarana bilər ki, bəs bizə pislik edənlərə, hörmətsizlik edənlərə nə edək? Onlara da mı hörmət etməli? Bəli, bütün insanlara hörmət etməliyik. Həmin insana yenidən yaxın münasibət göstərmək, onu sevmək, yaxşılıq etmək məcburiyyətində deyilsiniz, amma yaxşı olar ki, zərəriniz də dəyməsin. Bütün insanları sevməyin, amma insanlığı sevin. 

Hörmət xüsusi bir səylə yerinə gətirməli olduğunuz əzab-əziyyətli mübarizə deyil, hörmət insan kimi yaşamaq üçün insanın sahib olduğu təməl duyğudur. Biz, əslində, uşaqkən ona sahibdik. Hörmətsizlik görərək onu itirdik. Ona görə də indi cəmiyyətimizdə insanlar hörməti əlçatmaz məfhum kimi görüb hər yerdə onu axtarırlar. Maraqlısı odur ki, onu başqasında axtarırlar, halbuki öncə özlərində tapmalı idilər.
Başqalarının oxuduğuna, duyduğuna, sevdiyi rəngə, peşəsinə, yaşamının hər detalına, ən əsası, kimliyinə hörmət edin. Kim olmasından asılı olmayaraq. Tənqidə və ya cəzaya gərək qalarsa, zatən o izin verməmiş heç birini edə bilmirsiniz. Sizə sadəcə danışmaq qalır, bəs o hörmət etmədiyiniz insan bunu eşidirmi?
Siz hər hansı davranışı görüb hökm oxuyursunuz, ancaq o haqqınız olmadığı halda qınadığınız insanın düşüncələrindən və ürəyindən, yaşamının qaranlıq döngələrindən heç xəbəriniz yoxdur. Qısacası, tanımadığınız ürəklərə və beyinlərə hörmət edin. Edin ki, onlar da sizi tanıyanda hörmətə layiq olduğunuzu görsünlər. Təkcə insanlara deyil, yerə düşən əzilmiş yarpağa da, sizə xoş ətir bəxş edən cazibəli çiçəyə də hörmət edin. Bütün var oluşlara və olacaqlara...

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar