Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Maaş artımının inflyasiyaya təsiri: NECƏ OLACAQ?

Tarix: 20-02-2019 21:55     Baxış: 2239 A- / A+
Maaş artımının inflyasiyaya təsiri: NECƏ OLACAQ?


Məlum olduğu kimi, ölkə başçısının sərəncamı ilə martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılacaq.

Sözügedən qərar dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əməkhaqqının artmasına imkan verəcək. Rəsmi məlumata görə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əməkhaqqıları Vahid Tarif Cədvəli (VTC) üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq.

Eyni zamanda, minimum əməkhaqqı artımı özəl sektorda çalışan və əməkhaqqı 180 manatdan az olan işçilərin (ilkin hesablamalara əsasən, azı 150 min nəfər) əməkhaqqının artmasına səbəb olacaq. Sərəncam həm də muzdla çalışanların azı 40 faizinin əməkhaqqılarının artmasına imkan verəcək.

Minimum əməkhaqqılarının artırılması müəyyən müzakirələrə səbəb olub. Bəzi ekspertlər hesab edirlər ki, məlum artımlar ölkədə inflyasiyaya ciddi təkan verəcək. Məhsulların qiyməti bir müddətdən sora bahalaşacaq və bu, əhalinin sosial vəziyyətinə mənfi təsir edəcək. Bəzi ekspertlər isə bunun əksini düşünürlər və hesab edirlər ki, bu il üçün inflyasiya gözləntiləri böyük deyil.
Onu da qeyd edək ki, yaxın günlərdə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan etmişdi ki, 2019-cu ildə bank səlahiyyətləri çərçivəsində qiymət sabitliyini təmin etmək məqsədilə inflyasiyanı 4 faiz səviyyəsində saxlamağı planlaşdırır. Onun sözlərinə görə, manatın sabitliyi gələn il inflyasiyanın aşağı səviyyəsinin əsas şərtlərindən biri olacaq.

Bundan əlavə, “Fitch” beynəlxalq reytinq agentliyi qarşıdakı 3 il ərzində Azərbaycanda inflyasiyanın aşağı olacağını bəyan edib. Agentlik 2018-2021-ci illərdə Azərbaycanda ABŞ dollarının məzənnəsinin dəyişməyərək 1,7 manat qalacağını proqnozlaşdırır. Digər reytinq agentliyi “Standard and Poors” 2021-ci ilə qədər dollar/manat cütlüyünün 1,97 səviyyəsində olacağının proqnozunu verib.

Maraqlıdır, inflyasiyanın artacağı ilə bağlı səslənən fikirlər nə dərəcədə doğrudur?


İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, 2017-ci ilin iqtisadi-sosial yekunlarına nəzər salsaq, istehlak qiymətləri indeksinin (inflyasiyanın) yüksək olduğunu görərik:


“Belə ki, istehlak məhsulları və xidmətlərin qiymətlərində 12,9 faiz, ərzaq məhsullarının qiymətlərində 16,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərində 11,6 faiz, əhaliyə gösdərilən ödənişli xidmətlərin qiymətlərində isə 9,3 faiz artım baş verdi. Yeri gəlmişkən, orta aylıq nominal əmək haqqı məbləğində 2017-ci ildə 2016-cı il ilə müqaisədə 6,2 faiz artım oldu. 2017-ci ildə inflyasiyanın təxminən 13 faiz təşkil etməsinə dünya bazarında neftin ucuzlaşması və s. kimi müxtəlif amillər təkan versə də, ən önəmli faktor əhalinin gəlirlərindəki cüzi artım tempi oldu. Hökumət tərəfindən inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi cəhdləri isə bir nəticə verməmişdi. Hər nə qədər hökumət qida məhsullarının qiymətlərinin bahalaşmasını mövsümi amillərlə, idxal məhsullarının bahalaşmasını isə dünyada qiymətlərin artması ilə əsaslandırsa da, əsas səbəb bazarı ələ keçirmiş inhisarçılardır. Keçən il inflyasiya tempinin birrəqəmli səviyyəyə endirilməsinə müəyyən qədər nail olunsa da, buna baxmayaraq yenə də ərzaq məhsullarında 4,5 faiz, qeyri-ərzaq mallarında 4,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdə 2,9 faiz bahalaşma baş verdi. O cümlədən, ilin sonlarına yaxın Tarif Şurasının bir sıra qərarları (30 noyabr 2018-ci il tarixində Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələrinin bir neçə dəfə artırılması, həmçinin alkoqollu və alkoqolsuz energetik içkilərə aksiz vergisinin tətbiq edilməyə başlanması, spirtli içkilər üzrə aksizlərin 2 dəfə, siqaret üzrə aksizlərin 3 dəfə artırılması və s.) 2019-cu ilin bahalaşma ili olacağından xəbər verirdi”.

Ekspert onu da vurğulayıb ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin martın 1-dən etibarən 180 manat təşkil edəcək:

“Əvvəlki məbləğin 130 manat olduğunu nəzərə alsaq, bu, 6,3 faiz artım deməkdir. Hesabalama Palatasının ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcə layihəsi üzrə rəyində qeyd edildiyi kimi, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiya məbləğinin də 240 manatı ötəcəyi proqnozlaşdırılır. Əmək pensiyasının minimum məbləğinin isə 133,6 manat səviyyəsində olacağı deyilir (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə bu 14,9 faizlik artım deməkdir). 2019-cu il dövlət büdcəsində əmək pensiyaçıları üçün yaşayış minimumu isə 149 manat məbləğində götürülüb (3,5%-lik artım). 2019-cu ildə hökumət inflyasiyanın 4,3 faiz təşkil edəcəyini proqnozlaşdırıb ki, əgər bu pozitiv proqnoz baş tutarsa, orta aylıq nominal əməkhaqqı göstəricisinin artım tempi inflyasiyanı üstələyəcək”.

Vüsalə Əhmədovanın sözlərinə görə, inflyasiya tədavüldəki pul miqdarının əmtəə miqdarına nisbətdə artmasından dolayı yaranan pul artıqlığıdır:

“Nəzərə alsaq ki, əməkhaqqıları və təqaüdlərin minimum məbləğində müəyyən qədər artım olacaq, bu, 22,1 faiz əlavə əvəzsiz pul çapı deməkdir. Ancaq inflyasiyadan bəhs etmək üçün yalnız tədavüldəki pul kütləsinin artması və ya mal miqdarının azalması kifayət etmir. Həmçinin, pulun dəyərdən düşməsi və qiymətlərin ümumi səviyyəsinin yüksəlməsi də tələb olunur. Qiymətlərin yüksəlməsini isə əsasən toplam tələbin toplam təklifdən çox olması ilə əsaslandırırlar. Gəlirlərdəki cüzi artımın insanların tələbində də çox cüzi artıma səbəb olacağını düşünürəm. Bu isə, fürsətçilər üçün qiymətlərin qaldırılmasına bir bəhanə olmamalıdır.

İqtisadçıların öncədən qiymətlərin qalxacağı ilə bağlı proqnozlar verməsi də müəyyən qədər psixoloji amil sayılır. Çünki bazarı inhisarına almış işbazlar qiymətləri qaldırmaq üçün sanki tətikdə gözləyirlər. Kommunal xidmətlərin və enerji daşıyıcılarının qiymətlərində də artım olarsa və o cümlədən, dünya bazarında neftin qiymətində ucuzlaşma baş verərsə, cari ildə inflyasiyanın ikirəqəmli olacağı qaçınılmazdır. İstehsal xərclərinə təsir edən müxtəlif xammal qiymətlərinin artması, icarə haqqlarının yüksəlməsi kimi amillərin Azərbaycan reallığında inflyasiyaya təkan verən faktor olduğunu düşünmürəm”. /Cebhe.info/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar