2023-cü ildə dövlət büdcəsinin gəlirlərinə gəlincə, bu, 30 milyard 720,7 milyon manat təşkil edəcək. Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33 milyard 300 milyon manat olaraq hesablanıb.
Gələn ilin büdcəsi haqqında Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov proqnozların özünü doğruldacağını hesab edir. Deputat bildirib ki, 2023-cü ilin büdcəsi ilə əlaqədar proqnozlar cari ilin ilk 8 ayı ərazində Azərbaycanda mövcud olan iqtisadi vəziyyətə əsaslanır:

“2022-ci ilin ilk 6 ayında ümumdaxili məhsul təxminən 64 milyard manata yaxın olub. Bunun yarıya qədərini qeyri-neft sektorundan daxilolmalar təşkil edir. İnkişaf etmiş ölkələrdə inflyasiya 6.6 faiz əhatəsində olubsa, Azərbaycanda 12.9 faizə yaxın idi. Amma bu, statistik ortalama rəqəmlərdir. Bizdə elə ərzaq məhsulları var ki, 30-40 faiz inflyasiyaya məruz qalıb. Qiymət artımı hələ də problemdir.
İxrac əməliyyatlarında 24.8 milyard dollara yaxın dövriyyədən söhbət gedir. Burada 12 milyarda yaxın müsbət xarici ticarət saldosu var. Qeyri-neft sektorunda isə cəmi 1.85 milyard dollar artım olub. Az olsa da müsbət irəliləyiş mövcuddur. Bu rəqəmlər göstərir ki, 2022-ci ilin ikinci yarım ilində neftin və qazın qiyməti yüksək qalacaqsa, 2023-cü ildə verilən proqnozlar özünü doğruldacaq.
2023-cü ilin dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. Hazırda neftin qiyməti 100 dollara yaxındır. Qazın isə qiyməti get-gedə artır, bu yanacağa tələbat böyükdür, Rusiya qaz ixracını kəskin azaldır və s. Bütün bunlar proqnozların özünü doğruldacağına zəmin yaradır”.