Xəbər lenti
Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Asif Nərimanlı Ermənistanın daxilində baş verən prosesləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Köçəryan və Sərkisyana qarşı irəli sürülən vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda korrupsiya və çirkli pulların yuyulması ittihamları bunu deməyə əsas verir:
“Hazırkı istintaq prosesinə baxdıqda, Sərkisyan və Köçəryanın həbs olunması ehtimalı daha yüksəkdir. Burada iki əsas məqsəd var. Birincisi, Paşinyan Rusiyanın Ermənistanın daxili siyasətindəki təsirini sıradan çıxarmaq və ölkə daxilində nəzarəti tam ələ keçirmək istəyir. Bu proses təkcə Köçəryan və Sərkisyanla bağlı deyil, daha əvvəl başlamış prosesin davamıdır. Samvel Karapetyana qarşı açılan cinayət işi də bu prosesin tərkib hissəsi idi. Paşinyan başda Rusiya olmaqla, xarici təsir dairələrinin ölkə daxilindəki siyasi fəaliyyətlərini neytrallaşdırmağa çalışır.
İkincisi isə Azərbaycanla sülh sazişinin burada rolu var. Çünki bu qüvvələr sülh prosesinə qarşı çıxırlar və onların əsas məqsədlərindən biri “Qarabağ hərəkatı”nın fəaliyyətini Ermənistanda davam etdirməkdir. Paşinyan daha əvvəl də bəyan etmişdi ki, sülhün əldə olunması üçün Qarabağ hərəkatı tamamilə sıradan çıxmalıdır. Köçəryan və Sərkisyan başda olmaqla, bu şəbəkənin neytrallaşdırılması Ermənistan hakimiyyətinin “Qarabağ hərəkatı”nın ölkə daxilindəki benefisiarlarını sıradan çıxarmaq məqsədi daşıyır. Xankəndidən Ermənistana qaçan separatçı qüvvələrin qalıqları və onların arxasındakı daxili qüvvələr də bu proses çərçivəsində sıradan çıxarılır. Bununla da Azərbaycanla yekun sülh sazişinin qarşısındakı əsas maneələr bir-bir aradan qaldırılır.
Ən önəmli məsələlərdən biri Köçəryan və Sərkisyanla bağlı çirkli pulların yuyulması ittihamıdır. İstisna etmək olmaz ki, bu ittihamla bağlı prosesdə Azərbaycanın da müəyyən iştirakı ola bilər. Çünki Sərkisyan və Köçəryanın çirkli pulları əsasən işğal dövründə, xüsusilə Qarabağ üzərindən yuduqları iddia olunur. Hətta bir çox ölkədən, o cümlədən Ermənistana köçürülən pullar işğal dövründə boz zona kimi istifadə edilən Qarabağ üzərindən həyata keçirilirdi.
Məsələn, Dünya Bankının 2015-ci ildən sonra bir neçə dəfə yaydığı məlumatlarda Azərbaycandan Ermənistana bir dəfə 100 milyon, növbəti dəfə isə 200 milyondan artıq pul köçürüldüyü qeyd olunub. Halbuki həmin dövrdə Qarabağ işğal altında idi və Azərbaycandan Ermənistana belə bir əməliyyatın həyata keçirilməsi mümkün deyildi. Əslində həmin əməliyyat çirkli pulların yuyulmasının tərkib hissəsi idi. Pullar Qarabağdan Ermənistana köçürülmüşdü və Qarabağ beynəlxalq müstəvidə Azərbaycanın ərazisi kimi tanındığı üçün Dünya Bankı bu əməliyyatı Azərbaycandan Ermənistana pul köçürülməsi kimi qeyd edirdi. Bu faktlar çirkli pulların yuyulması məsələsində Azərbaycan tərəfinin də qarşıdakı dövrdə informasiya mübadiləsi baxımından prosesdə iştirak edə biləcəyini göstərir.
Bu cinayət işinin daha da genişlənəcəyini və bir çox yeni ittihamların əlavə ediləcəyini istisna etmək olmaz. Yekunda, Sərkisyan və Köçəryanın həbsə düşməsi ehtimalı bu dəfə daha yüksəkdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























