Sizin Reklam Burada
Xəbər lenti
22-11-2025
21-11-2025
BÜTÜN XƏBƏRLƏR

"Bir təcnis haqqında mülahizələrim" - Salman Qaralar yazır

Tarix: 22-11-2025 12:15     Baxış: 351 A- / A+

Salman Qaralar,
Ədəbiyyatşünas, şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü. 


 Salman Uğurlu oğlu Uğurluyev 1914-cü ildə Kəlbəcər rayonunun İstibulaq kəndində anadan olmuş, ali təhsilli maliyyə işçisi kimi Daşkəsən (Dəstəfur) rayonunda və Gəncə şəhərində müxtəlif vəzifələrdə işləmiş, adı çəkilən şəhərlərdə yaşamış, 1970-ci ildə vəfat etmiş, Gəncə şəhərində dəfn edilmişdir. 1930-cu ildən şeirlər yazan Uğurlu Salmanın “Atadı” rədifli ustadnaməsi aşıqların repertuarında geniş yer tuturdu.
XX əsrin ortalarında aşıq poeziyasında Uğurlu Salmanın bir cığalı təcnisi birdən-birə çox geniş yayıldı və əksər aşıqlar tərəfindən məclislərdə oxunmağa başladı. Bu şeirin forması da, məzmunu da indiyə qədər yaradılan aşıq şeir şəkillərindən tamamilə fərqli idi. Heç bu şeirdən sonra da həmin formada, həmin məzmunda başqa bir ədəbi nümunə yaradılmadı, yaradıla bilmədi. Bəs bu şeiri fərqləndirən əsas xüsusiyyətlər nədən ibarət idi və dinləyicilərə bu təcnisi sevdirən əsas məziyyətlər hansılar idi? “Ay eylər bəh-bəh” rədifli bu təcnisin aşıq poeziyamıza gətirdiyi yeni ab-hava nələrdən ibarət idi?
Aydınlaşdırmağa, fikrimizi bəndlər üzərində izah etməyə çalışaq.
1. Uğurlu Salmanın “Ay eylər bəh-bəh” rədifli şeirini ilk növbədə şəkil etibarı ilə cığalı təcnis saymaq olar. Ancaq bu cığalı təcnis digər təcnislərdən formaca da, məzmunca da fərqlənir. Belə ki, adi ənənəvi cığalı təcnislərdə birinci bəndin ilk iki misrasından sonra cinas bayatı, bayatıdan sonra isə bəndin sonrakı iki misrası gəlir. Bizim haqqında danışdığımız bu təcnisdə isə birinci bəndin 4 misrasından sonra cığa bayatı, ondan sonra isə yenə 4 misra gəlir:
 
Səfasından artıq çəkdim cəfasın,
Əfsanə gəlmişəm dünyaya, heyf.
Adam var ki, hicran çəkməz, qəm yeməz,
Danışıb-güləndə ay eylər bəh-bəh.
Aşıq deyər, gül əndə,
Ağlayan da, gülən də.
Dərdli könlüm şad olar,
Dost üzümə güləndə.
Şeyda bülbül gül üzünə güləndə
Söylə, nə düşürsən ah-vaya, heyf.
Aşiq ağlar, gözlərindən yaş gedər,
Yar gəlib siləndə ay eylər bəh-bəh.

 
Bu formanın belə yaranmasının ilk və əsas səbəbi, zənnimcə, əsərin məzmunu və orada əhatə olunan fikrin genişliyi ilə bağlıdır. Belə ki, şeirin bütün bəndləri, o cümlədən, birinci bənd böyük bir təzad üzərində qurulmuşdur. Şair bu dünyaya gəldiyi gündən dünyanın səfasından çox cəfasını çəkdiyini bildirir və “dünyaya əfsanə gəlişinə” heyfsilənir. Ancaq “hicran çəkməyən, qəm yeməyən” adamlar danışıb gülər, “bəh-bəh” edərlər. Ağlar aşiqin göz yaşlarını yar siləndə aşiqin üzü gülər.
2. “Ay eylər bəh-bəh” təcnisinin ikinci bəndində şair “arif məclisində gördüyü adamlardan, işlərdən bəhs edir, “xainlərin ara qatdığını”, “dostların dar gündə haraya gəlmədiklərini” qeyd edir və “əməyinin zaya getməsinə” təəssüflənir. Burada “arif məclisi”ndən bəhs edilməsi Uğurlu Salmanın irfan aləminə bələd olmasını təsdiqləyən bir fakt kimi diqqətimizi cəlb edir.
Sonrakı iki misrada şair həm də böyük bir naseh kimi çıxış edir, ilahidən verilən hikmətləri, nəsihətləri sadə, axıcı bir dillə oxucusuna, dinləyicisinə çatdırır: daldada xəyanət eyləyən paxıllar üzünə gələndə gülər, “bəh-bəh” eyləyər.
 
Arif məclisində nəkarə gördüm,
Söylədim dərdimi, nə karə gördüm.
Aşıq, nəkarə gördüm,
Qəmdən nə karə gördüm.
Xain işə qarışdı,
Qatdı nə k(i) arə gördüm.
Dar gündə gəlmədi nəkarə, gördüm,
Yetirdi əməyim nə zaya, heyf.
Paxıl daldalarda xəyanət eylər,
Üzünə gələndə ay eylər bəh-bəh.

 
3. Bu şeirin üçüncü bəndində yeni bir keyfiyyətlə, qeyri-adiliklə qarşılaşırıq, üz-üzə gəlirik.Əvvəlki iki bənddə fəlsəfi düşüncələr, təzadlar üzərində qurulan mühakimələr bu bənddə də var, bununla belə, üçüncü bənd bağlama-qıfılbənd olduğuna görə bu təcnisi “bağlama təcnis” və ya “qıfılbənd təcnis” də adlandıra bilərik.Buradakı bağlamanın mahiyyətini və irfanı düzgün anlamaq üçün diqqətimizi bütövlükdə bəndə yönəldək:
 
Beş budaqdı, meyvə verər beşinə,
Beşi aşkar, beşi gizlin, beşi nə?
Aşıq deyər, beşinə,
Beşi çatar beşinə.
Beşi beşdən artırsan,
Məna verər beşinə.
Mənim ehtiyacım vardı beşinə,
Çünki kəm yetişdim əzbaya, heyf.
Səyyadın tərlanı qalxar havaya,
Şikarın alanda ay eylər bəh- bəh.
 

Bu bənddə şair sadədən mürəkkəbə doğru “beş” sözünü muxtəlif anlamlarda mənalandırmışdır. Biz bu mənaları dəqiq bilə və şərh edə bilməsək də, əsas ehtimal etdiyimiz variantları xatırlada bilərik. Beş abbası (20 qəpik) bir manat edir. Bir əldə olan beş barmaq digər əldəki beş barmağa çata bilər. Beş duyğu üzvü – göz, qulaq, dil, burun, dəri (lamisə) aşkardadırsa, görünəndirsə, beşi də gizlidir, daxili duyğulardır – temperatur, ağrı, əzələ (hərəkət), müvazinət, üzvü duyğular. Üzvü duyğular özü də beş yerə bölünür.
Vəzifələri eyni olsa da, fəzilətləri baxımından üstün peyğəmbərlərə “ülul-əzm” peyğəmbərlər deyilmişdir. “Ülul-əzm” peyğəmbərlərin sayı beşdir və onlar aşağıdakılardır: Həzrət Nuh, Həzrət İbrahim, Həzrət Musa, Həzrət İsa və Həzrət Məhəmməd. 
 Bu beş peyğəmbərdən Həzrət Nuha və Həzrət İbrahimə endirilən kitablar səhifə anlamını verən “Suhuf” və ya “Sövt” adlandırılmışdır. Aşıq Alı isə “Beşdi” rədifli divanisində deyir:
 
Bəşər üçün kəlam yazdı həqiqətin gahını,
Sövt-Tövrat, Zəbur, İncil, Quran sorağa beşdi.
 

İslamda insanın hər bir əməlinin xüsusi hökmü var və bu hökmlər beş hissədən ibarətdir. Dinin kök və bünövrə mənziləsində olan sütunu – üsuliddin beş, onun budaqları hesab olunan firiuddin isə ondur.
Uğurlu Salmanın bu təcnisinin üçüncü bəndində “Mənim ehtiyacım vardı beşinə” misrasını isə iki cür mənalandırmaq olar: gündə beş dəfə qılınan namaz və ya beş müqəddəs şəxs – Pənc Ali-Əba. Məhəmməd peyğəmbərin (s) öz əbasının altına aldığı Fatimə (ə), Əli (ə), Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutula bilərdi. Zənnimcə, sonuncu ehtimalı daha ağılabatan, məntiqli hesab etmək olar.
Bu bənddə diqqətimi çəkən bir sözə də aydınlıq gətirməyi lazım bilirəm: əzba (əzbay). Nə deməkdir bu söz? Şair bu sözlə, bu misra ilə nə demək istəyib?
“Çünki kəm yetişdim əzbaya, heyf.”
Müəyyən axtarışlardan sonra bu qənaətə gəldik ki, bu təcnisdə işlənən əzba (əzbay) sözü aşıqlar, oxucular tərəfindən təhrif edilmişdir. Əslində “əsbat” olan bu söz təcnisdə “heyf” rədifindən əvvəl işlənən dünyaya, ah-vaya, zaya sözləri ilə qafiyə şəklinə salınaraq “əzbaya” şəklinə düşmüşdür. Şairin işlətdiyi “ əsbat” sözü isə “Qurani-Kərim”in Ali-İmran surəsinin 84-cü ayəsindən götürülmüşdür. Həmin ayədə deyilir:
“De: Biz Allaha, bizə nazil olana, həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba və Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) verilənlərə iman gətirdik…”
Ayədə işlənən “əsbat” sözünün mənası nəsil, övladlar, nəvələr deməkdir. Böyük ehtimalla şair beş müqəddəs şəxsdən – Pənc Ali-Əbadan ömür boyu öyrənməyə ehtiyac duyduğunu və onların həyat tərzinə, bilgilərinə sirlərinə “kəm yetişdiyinə” – dərindən bələd olmadığına öz təəssüfünü bildirmişdir. Əlbəttə, burada şair özünü sadə, səmimi, təvazökar göstərməklə, irfan elminin dərinliyinə, sonsuzluğuna da işarə etmişdir. Bu fikri həm də şair özündən sonra gələn nəslin dindən, imandan uzaq böyüdülməsinə etiraz kimi də işlədə bilərdi. Çünki Sovet hökuməti insanları ateist ruhda tərbiyələndirməyə, milli və dini köklərdən uzaq saxlamağa çalışırdı.
4. Şeirin üçüncü bəndində Uğurlu Salmanın qeyd etdiyi irfani fikir və düşüncələr dördüncü bənddə davam və inkişaf etdirilir. Şeiri oxuduqca istər-istəməz düşünməli olursan: görəsən, şairin “dərinə düşdüyü dost bağı” haradadır və bu dərinlik nədəndir, necədir?
Dirili Qurbanidən XX əsrin ortalarına qədər gələn Haqq vergili aşıq və şairlərimiz öz ilhamlarını, vergilərini bir qayda olaraq İmam Əlidən (ə) almışlar, “dost” deyəndə məhz onu nəzərdə tutmuşlar. Aşıq Ələsgər də “dost tutmuşam Şahi-Mərdan Əlini” deyəndə təsəvvüf ideyalarına uyğun olaraq İmam Əlinin qüdrət və cəlalından, şəfaət və sücaətindən bəhs edirdi. Ağdabanlı Qurban “Düldülü mərd, Qənbəri mərd – girəndə meydana mərd”i – imam Əlini (ə) köməyə çağırırdı.
Uğurlu Salman da bu təcnisində İmam Əlinin (ə) əsrar dolu həyatının dərinliklərinə dalmağın, onun elminə, hikmətinə bələd olmağın çətinliklərindən danışır. Həyatda müvəqqəti aldanışlar olsa da, namərdin mərdin qapısına üz tutacağına inanır.
Bu bənddə diqqəti çəkən məqamlardan biri də şairin bir müəmma deməsi, həmin müəmmanın dərinə düşməsidir, yəni açılmamasıdır. Anlamazın səhraya at sürməsini şair haqlı olaraq qəbul edə bilmir. Çünki səhra eşq məkanıdır, sonsuzluğa gedən, Allaha qovuşmağa yol açan bir yerdir, məkandır. Aşiq öz məşuquna qovuşmaq, bütün çirkinliklərdən təmizlənib ilahi məqama yüksəlmək istəyirsə, səhraya üz tutmalıdır. Səhra Allaha qovuşmaq yeridir. Anlamazın səhraya yol almasına şair heyfsiləndiyi halda, onun “pür kamalını” anlayanlara, sözünün mənasını başa düşənlərə “bəh-bəh” deyir:
 
Könül dost bağında dərinə düşdü,
Yenə namərd mərdin dərinə düşdü.
Aşıq, dərinə düşdü,
Bağban dərinə düşdü.
Namərdə sirr söylədim,
İşim dərinə düşdü.
Bir müəmma dedim, dərinə düşdü,
Anlamaz at sürdü səhraya, heyf.
Şair dərk eyləsə pür kamalımı,
Mənasın biləndə ay eylər bəh- bəh.

 
Bu bəndin son misraları əsasında belə qənaətə gəlmək olar ki, şair Salman bu əsəri hansısa bir müasiri olan şairə və ya aşığa göndərmiş və bu əsəri həmin şəxsin tam şəkildə başa düşəcəyinə şübhə ilə yanaşmışdır.
 Doğrudan da, naşı, nabələd sənətkarların belə incə mətləbləri anlaması hər zaman mahal iş olub.
5. Təcnisin sonuncu – beşinci bəndində Uğurlu Salmanın ilham köhləni eşq aləminə doğru qanadlanır. Şair həqiqi eşqin Allaha məxsus olduğunu, əsl eşq əhlinin qəlbində uca yaradana sevgi bəsləndiyini irfan yolçusu olan bir aşiq kimi ifadə edir: eşq əhli olan kəslər cananı – Allah təalanı heç vaxt unutmaz, yad eyləyər. U.Salmanın gəldiyi bu qənaət və düşüncələr özündən əvvəl yaşamış irfan əhli olan bir çox şair və aşıqların gəldiyi mülahizələrlə yaxından səsləşir. Sazımızın, sözümüzün ulu ustadı Dirili Qurbani “eşqi-haqdan başqa hər şeyin talanıb gedəcəyini” söyləyirdi.
Hər kəs kimi Uğurlu Salman da bir can anı – yaşamaq imkanı olduğunu bilmiş və bu an, bu vədə, bu imkan başa çatanda üqbaya – axirətə köçəcəyini, növbəti mərhələyə keçəcəyini dilə gətirmişdir:
 
Eşq əhli yad eylər bir cananı var,
İstəsən, mərd verər, bircə nanı var.
Aşıq bir can anı var,
Gözəl bir cananı var.
Xəsis varı çox yığdı,
Yenə bircə nanı var.
Cahanda Salmanın bir can anı var,
Bir gün köçəcəkdi üqbaya, heyf.
İnsan yarananda qəmnak olarmış,
Sevib-seviləndə ay eylər bəh-bəh!
 

Təcnisin son misralarında şairin yenidən yaratdığı möhtəşəm bir təzad gözümüzü, könlümüzü oxşayır: dünyaya gələndən qəm çəkən insan yalnız sevib-seviləndə xoşbəxt olar, qəmdən kənar dayanar.
 
  ***
Müəyyən qədər məna və məzmununa, təhlilinə yer ayırdığımız bu şeir bəs təcnisin hansı şəklindədir? Bu haqda da öz mülahizələrimizi söyləməyə zərurət duyuruq.
2007-ci ildə nəşr olunmuş “Şair nəsli Uğurlu ocağı” adlı kitabda Uğurluyev Salmanın “Ay eylər bəh-bəh” rədifli təcnisi “cığalı təcnis” başlığı ilə çap olunmuşdur. Bu şeirə xalq arasında sadəcə olaraq “cığalı təcnis”, aşıqlar arasında isə “yeddimərtəbəli təcnis” demişlər. Bu təcnisi sazla “Təcnis” havası üstündə oxumaqda müəyyən çətinliklər yarandığından hər aşıq bu şeiri doğru-düzgün oxuya bilmir. Mənə məlum olduğuna görə, Tovuzdan aşıq Mahmud, Kəlbəcərdən aşıq Qardaşxan, aşıq Allahverdi Qəmkeş, aşıq Əhliman bu havacatla bu təcnisin kamil ifaçılarından olmuşlar.
Bu şeirə uyğun ad seçiminə gəlincə, zənnimcə, “Ay eylər bəh-bəh” rədifi ən münasib ad ola bilər. Bəs bu şeir təcnisin hansı formasında – şəklində ola bilər? Bu təcnis şəklinə uyğun başqa bir ədəbi nümunə olmadığından nəzəri məlumat da, izahat da yoxdur. Bununla belə, “Ay eylər bəh-bəh” təcnisindən daha əvvəl bu təcnisə oxşar bəzi nümunələr olmuşdur ki, bu nümunələrin ən kamili Şəmkirli aşıq Hüseynin (1811-1891) “Qərəz” rədifli təcnisidir. Bu təcnisin 1-ci bəndində 3 misradan sonra cığa bayatı, bayatıdan sonra yenə 3 misra gəlir. Sonrakı hər 3 bəndin cığaya qədərki misralarının sayı 2 olur.
 
İbtida əlifdən dərsim alanda,
Göstərdilər mənə nə qara yaxşı.
Oxudum dərsimi haraya qərəz.
Yox aşıq harayına,
Xalların harayına.
Aşıq Hüseyn nə dedi
Dost getdi harayına.
Yar üzünə layiqmi hər ayına,
Seyrağıb geyinsin nə qara yaxşı,
Haləsi yetişsin haraya qərəz.

 
Professor Sədnik Paşa Pirsultanlı “Azərbaycan aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi” (Gəncə: 2010, səh. 88) adlı kitabında yuxarıda bir bəndini nümunə verdiyimiz şeiri “üçbaşlı cığalı təcnis” adlandırmışdır. Professor M.Qasımlının və M.Allahmanlının tərtib etdikləri “Aşıq təcnisləri” kitabında da (Bakı: 2022, səh. 71) “üçbaşlı təcnis” termininə rast gəlinir.
Bir neçə aşıq və şairlərin yaradıcılğında təcnisin nəfəsçəkmə şəklinə də təsadüf olunur ki, bunun yaxşı nümunələrindən birini də Əlimərdanlı Nəcəf yaratmışdır:
 
Bağban bar bəsləyib bara yetəndə,
Dərəndə meyvəsin eyləməzmi iss…
Yar badə dəstində yara yetəndə,
Dadanda ləzzətin eyləməzmi iss…
Bekar arvad cavan əri qocaldar,

Küsər öz bəxtindən, ay eylər of-of.
 
Uğurlu Salmanın “Ay eylər bəh-bəh” təcnisində həm H.Şəmkirlinin “üçbaşlı cığalı təcnis”inin daha mürəkkəb və təkmil formasına, həm də Aşıq Əsəd, Nəcəf Əlimərdanlı kimi şair və aşıqların yaratdıqları “nəfəsçəkmə təcnis” elementlərinə təsadüf edirik.
Gəldiyimiz son qənaət, nəticə bundan ibarətdir ki, yeni bir termin yaratmağa zərurət yoxdur və Uğurlu Salmanın “Ay eylər bəh-bəh” rədifli şeirini də “üçbaşlı cığalı təcnis” və ya “üçbaşlı qıfılbənd təcnis” adlandırmaq olar. Bununla belə, folklorşünas alimlərin fikir və rəylərini dinləməyə, “üçbaşlı”, “dördbaşlı”, “yeddi mərtəbəli” kimi terminləri də müzakirə etməyə hazır olduğumuzu bildiririk.
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar