Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün Bakıda 42-ci Şahmat Olimpiadası başlayır: Şahmatın yaranma tarixi...

Tarix: 01-09-2016 14:02     Baxış: 3233 A- / A+
 Bu gün Bakıda 42-ci Şahmat Olimpiadası başlayır:

Sentyabrın 1-də Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılışı olacaq. 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunacaq.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov mətbuat konfransında ölkəmizə gələcək şahmatçıların təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlərin görüldüyünü bildirib. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib. Olimpiadanın açılış mərasimi sentyabrın 1-də saat 19:00-da Milli Gimnastika Arenasında başlayacaq. Yarışlara isə sentyabrın 2-də saat 15:00-da start veriləcək. Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasını 250-dən çox yerli və xarici media nümayəndəsi işıqlandıracaq. Onlar artıq qeydiyyatdan keçiblər.

Qeyd edək ki, şahmat oyunu yeganə oyundur ki, o həm idmana, həm elmə, həm də incəsənətə yaxındır. Şahmat yaddaşı gücləndirir, diqqəti və səbri artırır, çətin vəziyyətlərdən çıxış yolu tapmaq və ani qərar qəbul etmək vərdişləri formalaşdırır. Şahmat oyunu 1500 il bundan əvvəl Hindistanda meydana gəlib və ilk vaxtlar “çaturanq” adlanırdı. Bu oyunun qaydaları vaxt ötdükcə dəyişərək indiki halını alıb.

Rəvayətə görə, hind müdriklərindən biri çaturanq oyununu qanlı müharibələrin qarşısını almaq üçün icad edib: Döyüş əməliyyatlarını adi taxta üzərində aparmaq və qələbəni insanın ən güclü silahı – ağılla qazanmaq mümkündürsə, onda nəyə görə qan tökülsün?

Bu oyun hind şahzadəsini valeh edir. Şahzadə bu oyunu icad edən şəxsi mükafatlandırmaq məqsədi ilə saraya çağıraraq deyir: “Nə arzun varsa, de, yerinə yetirim”.

Həmin müdrik şəxs birinci xana üçün 1, ikinci xana üçün 2, üçüncü xana üçün 4 və bu minvalla 64 xananın hər biri üçün həndəsi silsilə ilə artan qaydada buğda istəyir.

İxtiraçının istəyinin bir kisə buğdadan çox olmayacağını düşünən şahzadə bu xırda ənamı verməkdən utanır və həmin şəxsə çoxlu qızıl-gümüş təklif edir. Müdrik şəxs bununla razılaşmır.

Şahzadə xəzinədarı çağırır və xahişi yerinə yetirməyi əmr edir. Səhəri gün xəzinədar şahzadəyə ixtiraçının istədiyi buğdanın həddən çox olduğunu xəbər verir. Bunun 18 446 744 073 709 551 616, yəni 18 kvintilyon 446 kvadrilyon 744 trilyon 73 milyard 709 milyon 551 min 616 buğda dənəsi etdiyini deyir. Bu qədər buğdanı bir yerə yığmaq üçün hündürlüyü 4 metr, eni 10 metr, uzunluğu isə 30 milyon kilometr olan anbar gərəkdir. Şahzadə heyrətlənir və müdrik insanın ağlına bir daha heyran qalır.

Şahmatda, yəni döyüş meydanında bir-birinə qarşı ağ və qara fiqurların orduları düzülür. Oyunçular isə bu orduların komandirləridir. Hər qoşunun tərkibinə 16 döyüşçü daxildir. Bunlar şah, vəzir, 2 top, 2 fil, 2 at, və 8 piyadadır. Döyüş meydanının künclərinə toplar, onların yanına atlar, fillər düzülür. Şah və vəzir fiqurların tən ortasında qərar tutur. Ağ vəzir ağ xanada, qara vəzir isə müvafiq olaraq qara damada mövqe tutur. Bu fiqurların qabağında isə bütün cərgə boyu piyadalar düzülür.

Oyuna ilk olaraq ağ fiqurlar başlayır, qaralar cavab gedişi edirlər. Oyun bu minvalla növbə ilə davam edir. Hər fiqurun özünə məxsus gedişi var. Vəzir ən güclü fiqur hesab edilir. Ondan sonrakı ən güclü fiqur topdur. Fil və at mövqedən aslı olaraq təxminən bərabər gücə malikdirlər. Şahmatda ən zəif fiqur piyadadır. Digər fiqurlar həm irəliyə, həm də geriyə hərəkət edə bildikləri halda, piyada yalnız irəli gedə bilər. Özü də yalnız bir xana...

Amma əgər piyada düşmən mövqeyinin son xanasına gedib çıxarsa, şahdan başqa istənilən fiqura çevrilə bilər. Bu döyüşdə əsas fiqur isə əlbəttə ki, şahdır. Buna görə də təəbələri onu daim qorumalı və təhlükəsizliyini nəzarət altında saxlamalıdırlar. Əgər şah qoruna və ya qaça bilmirsə, oyun uduzulmuş sayılır. Necə deyərlər, “şah” və “mat”.

Şahmat daşları fərqli insan xarakterlərini əks etdirir.

Qala: Qürurlu, sözünün əri, etibarlı, dost canlısı, çalışqan.
At: Səmimi olmayan, hər vaxt asan yolu seçən.
Fil: Davamlı ziqzaqlar çəkən, sabitlik təmin edə bilməyən.
Vəzir: Hər mühitdə işini həll edə bilən, fikir çıxaran, ağılını yaxşı istifadə edən.
Piyada: Digər insanların işlərini asanlaşdıran, fədakar, cəsur.
Şah: Davamlı təmkinli hərəkət edən, idarəsini əlindən buraxmayan, güclü.


Şahmatı bəzən siyasətlə də müqayisə edirlər. Qeyd edək ki, elə siyasətçilər arasında da şahmatı sevənlər və oynayanlar var. Maraqlıdır ki, onlar bu şahmat oyununu izləyəcəklərmi? Hansı şahmatçını güclü hesab edirlər?

Şahmat oynamağı sevən deputat Fazil Mustafanın fikrincə, indiki dövrdə güclü şahmatçını seçmək çox çətindir: “Bu turnirlərin xarakterindən asılı olacaq. Şahmatçıların hamısının səviyyəsi yüksəkdir. İstənilən şəkildə maraqlı bir olimpiada müşahidə edəcəyik. Oyunları izləyəcəyəm. Bakıda şahmat olimpiadasının keçirilməsi yaxşı hadisədir, həmçinin beynəlxalq aləmdə bizə reytinq gətirən bir yarışdır. Hər bir idmançı da bu fürsətdən istifadə edib öz reytinqini yüksəltməyə çalışacaq”.

F.Musatafa şahmat oynayarkən uduzduğu və udduğu vaxtların olduğunu dedi: “Yüksək səviyyədə, peşəkarcasına oynaya bilmirəm. Məndə şahmat oynamaq xobbidir. Xobbidə də çox vaxt özünə bərabər səviyyədə olan rəqiblərlə oynayırsan. Daha güclü rəqiblərlə oynasan udmaq imkanın yoxdur. Amma maraqlı oyundur. Hesab edirəm ki, balaca uşaqlarda da bu oyuna həvəs yaratmaq lazımdır”.

Gənc siyasətçi Tural Abbaslı da şahmat oyununu sevdiyini dedi: “Sözün düzü turneri izləmək üçün yarışların harada, hansı qaydalarla keçirildiyi haqda maraqlanmamışam. Amma yəqin ki, uyğun vaxt olarsa, izləmək olar. Amma referendumun keçirilməsi ilə əlaqədar şahmat oyunlarını izləməyə vaxt ayıra biləcəyimə inanmıram. Amma hər halda intellektual bir yarışın Bakıda keçirilməsi müsbətdir. Burada üstünlük ona da verilir ki, Avropa Oyunlarından, Eurivision mahnı müsabiqəsi ilə müqayisə edəndə bu o qədər də maliyyə tələb edən bir yarış deyil. Amma diqqət məsələsinə görə digər turmerlərdən heş də geri qalmır. Bunun özü dövlətin tanıdılması baxımından da önəmlidir. Həm də dövlətimizin adının belə bir yarışda hallanması yüksəkdir. Son illər post sovet məkanı ölkələrindən olan şahmatçılar üstünlük təşkil edib”.

Bu Olimpiada da T.Abbaslı öz şahmatçılarımızı dəstəkləyəcəyini dedi: “Burada azarkeşlik və dəstəkləməklə deyil. Burada intellektin, səbrin, hövsələnin, uzaqgörənliyin yarışı olacaq. Kim haq etsə, qalib gəlsə, o adamı öz adamızdan da təbrik edəcəyik. Əsas odur ki, bu cür səviyyəli yarışlar keçirilsin. Şahmatın da Azərbaycan cəmiyyətində tanınmağı, təbliği önəmlidir. Məncə gənclərimizi pis vərdişlərdən yayındırmaq və belə idman növlərinə yönləndirmək daha faydalı olar”.

Günel MANAFLI,
Musavat.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar