Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhidin dəfn günündə "yağ, un, ət" davası etməyin arxasında gizlənən mətləb

Tarix: 23-11-2021 19:26     Baxış: 31 205 A- / A+

Həm dövlət, həm də cəmiyyət şəhid ailəsi, qazi adından sui-istifadə edənlərə yerini göstərməlidir
(Bir "reportaj"ın izi ilə...)

Bu günlərdə təsadüfən internet kanallarından birində Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan Natiq Əliyevin Gəncə şəhərindəki evindən hazırlanmış "reportaj"a baxdım. Kanalın adını çəkib reklam etmək istəməzdim, onsuz da gün ərzində peşəkarlıqdan tamamilə uzaq, ucuz şouları YouTube-da meydan sulayır.
Kanal bu dəfə də tələm-tələsik şəhidin ailəsinə aid olmayan bir qadını "reportaj"ın baş qəhrəmanı kimi seçməklə əsas hədəfin hakimiyyət, özəlliklə yerli icra başçısı olduğunu gizlətmir. Təsəvvür edin, şəhidin doğmaları gözləri yaşlı halda övladlarının nəşini gözlədiyi məqamda ailəyə yaxından-uzaqdan heç bir aidiyyatı olmayan bir qadın əlini-qolunu ölçərək "rejissorluq" edir, çəkiliş qrupunu yönəldir. Qadının şəhidin dəfn günündə yağ, un, ət davası etməsi isə əsl biabırçılıq idi...
...Milli dövlətçilik tariximizə əbədi olaraq həkk edilən 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin gücünün, əzəmətinin təntənəsinə çevrildi. Üç mindən çox Vətən övladı 30 illik torpaq həsrətimizə son qoymaq, doğma Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün canını, qanını bu yolda fəda edərək şəhidlik zirvəsinə ucaldı. Minlərlə insan qazi statusu qazandı. Bu müharibədən sonra qazilərin və şəhid ailələrinin cəmiyyətdə statusu daha da möhkəmləndi. Şəhidlərin dəfn mərasimləri minlərlə vətəndaşın iştirakı ilə keçirildi, günlərlə, həftələrlə hamı şəhidlərdən, onların qəhrəmanlığından danışdı, bu gün də danışılır, illər sonra da danışılacaq. Canı, qanı bahasına Qarabağı bizlərə qaytaran Vətən oğullarının adı tariximizə əbədi həkk olundu.
Bu gün şəhidlərimizin adı əbədiləşdirilir, abidələri ucaldılır, küçələrə onların adları verilir. Bu mənada əbədiyyətə qovuşmuş şəhidlərimizin gözləri arxada qalmadı desək, yanılmarıq. Çünki dövlət onların ailələrinə, övladlarına, valideynlərinə sahib çıxıb. Müavinətlər verilir, mənzil, işlə təminat kimi məsələlər həll olunur, bir sözlə, onların hər bir probleminin həllinə dəstək göstərilir.
Eyni münasibət qazilərə də sərgilənir, onların müalicəsi, reabilitasiyası dövlət hesabına həyata keçirilir. Qazilərin psixoloq xidmətindən yararlanması üçün reabilitasiya mərkəzlərində hər cür şərait yaradılıb.
Təbii ki, çox şey vaxt, zaman və maliyyə tələb edən işlərdir.
Lakin ürəkağrıdan bir məsələ də var ki, üzərindən sükutla keçmək olmur. Bu da hər addımda şəhid ailələrinin, qazilərin adından sui-istifadə edib "faydalanmaq" istəyən "fürsətcillərlə" bağlıdır.
Belə hallarla 1-ci Qarabağ müharibəsindən sonra da qarşılaşmışdıq. Şəhid, qazi ailələrinə heç bir aidiyyatı olmayan bir qrup insan həm o dövrdə, həm də indi dövlətdən pul və imtiyaz alaraq şəhidlərimizin, onların ailələrinin, əsl qazilərin haqqına girirlər. Belələri yerli-yersiz əllərinə bir telefon, videokamera alıb hər fürsətdə özlərini cəmiyyətə guya ki, şəhid və qazi ailələrinin halına yanırmış kimi təqdim edir, əslində isə dövlətdən, hökumətdən nəsə çırpışdırmaq, buna nail olmadıqda isə sosial şəbəkələrdə, müxtəlif internet resurslarında hakimiyyəti, yerli icra strukturlarının rəhbərlərini qaralamaq, təhqir etmək yolunu tuturlar.
Etiraf edək ki, bu üsulla istəklərinə nail olanlar da az deyil. Şəhid və qazi ailələrinə verilən xüsusi statusdan, imtiyazlardan yararlanaraq adlarına torpaq sahəsi alan, obyekt açdıran, marşrut xətləri və avtodayanacaqları nəzarətə götürənlər və s. kifayət qədərdir. Bütün bunlar yaxın keçmişdə olub və heç də unudulmayıb.
Yazının əvvəlində haqqında bəhs etdiyimiz süjetlə bağlı Gəncə şəhərində olduq. Ünsiyyətdə olduğum əksər insanlar şəhid Natiq Əliyevin dəfni günü çəkilmiş məlum "videoreportaj"dan xəbərdar olduqlarını dedilər. Və demək olar ki, hamı bir məsələdə yekdil idi: "Şəhid ailəsinin o məqamından istifadə edərək "müsahibə" verib yağ, şəkər tozu, ət davası etmək təəssüf doğurur. Hər şeydən öncə bu, şəhidin ruhuna, onun doğmalarına olan hörmətsizlikdir".
Gəncə sakini Səbuhi Həsənov, sahibkar: "Özünüz fikirləşin, o vəziyyətdə, doğmalarının cənazəsini gözləyən hansı valideynin, hansı şəhid yaxının yadına dərdinə şərik olmaq üçün qapısına başsağlığına gələn insanları halva verib yola salmaq, məclisə gələnləri ət yedizdirib doyuzdurmaq düşür? Özü də şəhidin dəfn günündə. Bu ağlasığmaz adət nəinki İslam dinində yoxdur, hətta şəriətlə də ziddiyyət təşkil edir".
Söhbətə Samir Yusifov adlı tələbə də qoşulur. Samir deyir ki, Vətən sevgisi təmənnalı olmur: "Şəxsən mən bir gənc olaraq məlum süjetdəki qadının "ərzaq davası"na görə utanc hissi keçirirəm. Qadının, şəhidin doğmalarını dövlətə, yerli icra orqanına qarşı yönəltdiyi açıq-aşkar ortadadır. Süjeti hazırlayan kanalın qeyri-peşəkarlığı da ortadadır. Mən jurnalistikaya az-çox bələd adamam. Müxbir şəhidin ailəsiylə bağlılığı bir yana, heç dindirdiyi adamın adını, soyadını, nə işin sahibi olduğunu soruşmur. Qadın kanalın sərgilədiyi mövqeyə uyğun danışır deyə opertor əlində kamera onun arxasınca gəzir. Halbuki süjetdə ətrafdakıların qadına etirazı, narazılığı açıq-aşkar duyulur".
Yeri gəlmişkən, araşdırmalar göstərir ki, bu tip yazı və görüntüləri öz internet resurslarında yerləşdirənlərin əsas məqsədi yerli icra orqanının rəhbərini hədəf götürüb ona təzyiq göstərməkdən ibarətdir. Belələri hədəflərinə çatmaq üçün saytlarda və sosial şəbəkələrdə icra qurumu rəhbərliyinin ünvanına təhqiramiz yazılar və şərhlər verməkdən çəkinmirlər.
Üz tuturam ilin bütün fəsillərində öz gözəlliyilə istər yaşlı, istərsə də yeniyetmə və gənclərin mədəni istirahəti üçün ideal məkan olan Xan bağına. Havaların soyumasına baxmayaraq bağa istirahətə gələn insanların çoxluğu diqqətimdən yayınmır. Rəhim Kərimov adlı yaşlı Gəncə sakiniylə söhbətləşirəm: "Oğul, mən əslən gəncəliyəm, ata-babam da buralıdır. 44 gün davam edən müharibənin gedişində Gəncə şəhəri o alçaqlar tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda raket hücumuna məruz qaldı. Xeyli sayda insan həlak oldu, yüzlərlə adam yaralandı. Şəhərə böyük miqdarda ziyan dəydi. Bütün bunlara baxmayaraq gəncəlilərin iradəsini sındırmaq mümkün olmadı".
Qeyd edək ki, II Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər (1-i körpə, 5-i uşaq, 10-u qadın) şəhid olub, 175 (32 uşaq, 57 qadın) nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Rahim müəllimdən son günlər bir qrup insanın şəhid ailələri və qazilərin adıyla dövlətin ayrı-ayrı qurumlarına, o cümlədən şəhər rəhbərliyinə qarşı başladılan qarayaxma kampaniyası barədə soruşuram: "Gəncə sakinləri savaşdan öncə də, bu gün də daim dövlətə, dövlətçiliyə və Vətənə bağlı insanlar olaraq qalıblar. Çox təəssüf ki, son günlər ölkəmizə qarşı qarayaxma kampaniyası başladılıb. Bu kampaniyaya xeyli sayda çirkab maşını qoşulub. Bir onu bilirəm ki, bütün bunlar bir mərkəzdən yönləndirilir. O mərkəzdən ki, onlar öz maraqlarından başqa maraq tanımır. Həmin maraqlar reallaşanda isə bunun nə ilə nəticələndiyini biz bir çox ölkələrin təcrübəsində görmüşük".
Bəli, bu gün ölkədə xeyli sayda saxta informasiya yaymaq üzrə ixtisaslaşmış özlərini "araşdırmaçı jurnalist", "bloger", "müstəqil sayt" rəhbəri adlandırıb meydan sulayanlar var. Media adına ləkə olan bu insanların, qurumların əksəriyyəti çirkin işlərlə məşğul olur, öz dələduz və yaramaz əməllərindən qalmırlar. Belələri çox zaman təsiri sərhəd tanımayan çevrələrə bağlıdırlar və onların sifarişlərini yerinə yetirirlər. Bu cür üzdəniraqlar qazilərimizin və şəhid ailələrimizin adlarından sui-istifadə edərək xoşagəlməz davranışlar sərgiləyirlər.
Ancaq cəmiyyət yaxşı başa düşür ki, belə hərəkətlərə yol verənlərin nə qaziliklə, nə də şəhid ailələri ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Bu ilin yayında özünü "Vətən müharibəsi qazisi" kimi qələmə verərək dilənçiliklə məşğul olan bir şəxs saxlanıldı. O, insanların qazilərə həssas münasibət göstərməsindən sui-istifadə edərək özünü "qazi" kimi təqdim edərək dilənçilik etmək yolunu tutduğunu açıq etiraf etdi.
Yaxud, bəzi saytların "qəhrəmanlaşdırdığı" psixi pozğunluğu olan bir qadın iki oğlunun Vətən müharibəsində itkin düşdüyü iddiası ilə meydana çıxmışdı. Araşdırmalar göstərdi ki, bu qadının heç övladı yoxdur və iddiaları uydurmadır.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, kimlərsə, ya bilərəkdən, hanısa maddi gəlir əldə etmək məqsədilə bu addımı atır, ya da ki, bu təxribat hansısa qüvvələr tərəfindən gerçəkləşdirilir və hədəf qələbəmizə kölgə salmaq, şəhid ailələrinə və qazilərə "qayğı göstərilmədiyi" rəyini yaratmaqdır.
Ümumiyyətlə, hesab edirik ki, şəhid ailələri və qazilərin adından sui-istifadə edərək araşdırma aparmadan sensasiya xətrinə və ya öz şəxsi mənfəəti üçün tirajlayıb yaymağa görə konkret cəza müəyyən olunmalıdır.
Keçmiş döyüşçü Xəyal Məmmədov: "Bu, hamını – istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsində iştirak edən insanları, cəmiyyəti narahat edən məsələdir. Müharibələr bitdikdən sonra belə saxtakarlıqlarla məşğul olan, özünü "qazi" kimi təqdim edənlər çox olub. Bu adamlar öz mənfəətləri üçün yanlarına bir "jurnalist", "bloger" salıb qapı-qapı düşürlər. Onlardan müvafiq sənədlər tələb ediləndə, saxtakarlıqları üzə çıxanda "yalançı intihar"a əl atır, özləriylə gətirdiyi "müxbir" də təsadüfən bu "hadisə"nin "şahid"i olur və bunu telefona çəkib sosial şəbəkələrdə paylaşır. "İntihar"dan təsadüfən qurtulan "qazi" "müsahibə" verib icra başçısının onu qəbul etmədiyini, problemlərinə diqqətlə yanaşılmadığını bildirir və "çıxış yolunu intiharda gördüyünü" deyir. Əslində cəmiyyət belələrini yaxşı tanıyır, sadəcə, həssas məqam olduğundan insanlar bu cür insanlara və bu olaylara bir qədər sükutla yanaşır. Bu da həmin adamların və onların havadarlarının əl-qolunun daha da açılmasına gətirib çıxarır".
Müsahibimiz bildirdi ki, 1-ci Qarabağ savaşından sonra belə xoşagəlməz halları araşdırıb üzə çıxarmaq çox çətin idi. Torpaqlarımızın işğal altına düşməsi, Müdafiə Nazirliyinin gec yaranması, qarışıqlıq, müəyyən sənədlərin vaxtında hazırlanmaması, müvafiq orqanların lazımi şəkildə formalaşmaması bu cür neqativ halların yol açmasına şərait yaradırdı. 90-cı illərin ortalarından bütün idarələr formalaşdıqdan sonra bu məsələlərə aydınlıq gətirildi. Saxta yollarla ad alanlar tədricən aşkar olundu və o adlar ləğv olundu. Konkret olaraq müharibə iştirakçılarına müəyyən imtiyazlar verildi.
Bu gün cəmiyyətin Vətən müharibəsində iştirak edən, igidlik göstərən qazilərə xüsusi hörmət, məhəbbət bəslədiyini, onlara həssaslıqla yanaşdığını görən bəzi adamlar saxta qazi kimi ortaya çıxıb qazilərin adından sui-istifadə edirlər. Halbuki həqiqətən savaşda iştirak etmiş, əziyyət çəkmiş, şücaət göstərmiş əsl döyüşçülər, onların doğmaları heç vaxt bunu dillərinə gətirmirlər. Təəssüf ki, adını ictimaiyyətçi qoyub, heç bir ictimai fəaliyyət göstərməyən, özünüreklamla məşğul olan insanlar tərəfindən saxtakarlar ictimailəşdirilir, səhv istiqamətdə təqdim edilir. Halbuki təqdim edilən istənilən məsələ ictimailəşdirilməmişdən öncə mütləq şəkildə araşdırılmalı, onların iddiaları dəqiqləşdirilməlidir. Çünki şəhid ailəsi və qazilərin adından sui-istifadəyə yol verilməsi çox ləyaqətsiz bir haldır. Buna yol verənlər də, onlardan "qəhrəman" obrazı yaratmağa çalışan qərəzli saytlar, "bloger"lər bu neqativ halların təkrarlanmaması üçün öz layiqli cəzalarını almalıdırlar.
Üz tuturam tarix boyu başı qovğadan, sinəsi döyüşlərdən qurtulmayan Cavad xan yurdunun Şəhidlər Xiyabanına. Şəhərdən bir qədər aralıda yerləşən Gəncənin Şəhidlər Xiyabanında paytaxt Bakıdakı Şəhidlər Xiyabanındakı əbədi məşəl abidəsinin əkiz tayı var. Xiyabandakı hüzur, səliqə-səhman diqqətimdən yayınmır. Xiyabanın girişində ilk qarşılaşdığım Gəncənin 1-ci Qarabağ savaşında itkin düşən sakinlərinin siyahısı olur. Əbədi məşəl abidəsinin solunda ilk Qarabağ müharibəsinin Gəncədən olan şəhidləri uyuyur. Abidənin sağ tərəfi üstü gül-
çiçəklə, Azərbaycan və Türkiyə bayraqlarıyla bəzənmiş qara başdaşılarıyla dolub. Məzarlardan boylananlar arasında 18 yaşlı əsgər də var, gizir də, könüllü də, zabit də... Hər iki Qarabağ savaşının şəhidləri Xiyabanda yan-yana uyuyurlar.
Ümumiyyətlə, Gəncə Vətən müharibəsinin həm maddi, həm də mənəvi ən çox ziyan çəkən şəhərlərindən biridir. Bir neçə dəfə hücuma məruz qalan Gəncənin təkcə hərbi deyil, həm də mülki şəhidləri var; 9 yaşlı uşaq, 18 yaşlı gənc, 30 yaşlı gəlin, 60 yaşlı qoca – hər biri erməni məkrinin, vəhşiliyinin bir nümunəsi kimi durub qarşımda. Mən həyatımda ilk dəfə atəşkəs dövründə şəhid olmuş bunca insanın məzarını bir yerdə görürdüm.
Və sonda. Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib ki, pandemiyaya rəğmən savaşdan yenicə çıxan Azərbaycan dövləti şəhid ailələrini, qaziləri diqqətdən kənarda saxlamır, onlara hər cür qayğı göstərir, problemlərinin həllinə çalışır. Gəncə şəhəri də bu siyahıda istisna deyil. Şəhər İH-nin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, Vətən müharibəsi zamanı şəhid olan, eyni zamanda Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin ailələri mütəmadi olaraq ziyarət olunur. Bu görüşlər bir qayda olaraq icra başçısı da daxil olmaqla aparatın məsul əməkdaşlarının, Gəncə şəhər Nizami və Kəpəz rayonlarının icra başçılarının, Bələdiyyə sədrlərinin, şəhərdə fəaliyyət göstərən idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilir. Ziyarətlər zamanı şəhid ailələrinə sovqatlar təqdim edilir, onlara maddi dəstək göstərilir. Ailələrin sosial problemləri öyrənilir, onların müraciət və qayğıları dinlənilir, problemlərinin həlli istiqamətində müvafiq işlər görülür. Təkcə Gəncə şəhərinin deyil, ətraf qəsəbə və kəndlərdən olan şəhid ailələri və qazilərə də eyni münasibət sərgilənir.
Bu yaxınlarda İcra Hakimiyyətinin təşəbbüsü ilə AMEA Gəncə Bölməsində hazırlanmış "Vətən müharibəsi – Gəncə şəhidləri" kitabı nəşr edilmişdir. Kitabda Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda döyüşlərdə şəhid olmuş şəxslər haqqında verdiyi qərar və sərəncamlar, ölkə başçısının savaş zamanı və ondan sonrakı müddətdə dünyanın 30-dan artıq ölkəsinin aparıcı informasiya vasitələrinin müxbirlərinə verdiyi müsahibələrdən parçalar, Vətən müharibəsi şəhidləri və Gəncəyə raket hücumu zamanı həlak olan mülki şəxslər haqda məlumatlar və s. yer almışdır. Kitab şəhidlərimizin və günahsız yerə həlak olmuş mülki şəxslərin xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Vətən müharibəsi, onun qəhrəmanları və qələbəyə öz töhfəsini vermiş mülki insanlar haqqında gələcək elmi tədqiqatlar üçün qiymətli mənbədir.
Bir sözlə, dövlət tərəfindən yaradılan "YAŞAT" fondu da, Gəncə şəhər İH də, başqa təşkilatlar da bilavasitə qazi və şəhid ailələrinin problemləri ilə ardıcıl məşğuldur. Zamanla bütün problemlər öz həllini tapacaq. Ancaq saxtakarlıqla şəhid ailəsi və yaxud qazi adından sui-istifadə etmək qələbəmizə qarşı bir təxribatdır və belələri barədə dövlət, cəmiyyət konkret ölçü götürməlidir. Bu işdə təkcə dövlətin aidiyyəti qurumları deyil, ictimai təşkilatlar, ən əsası, ictimai qınaq institutu fəal olmalıdır.

Azər TAĞIZADƏ

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar