Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

QUBADLIM, BİZ SƏNSİZ SÖNMÜŞ OCAĞIQ

Tarix: 11-11-2021 20:10     Baxış: 3458 A- / A+

Rafiq Yusifoğlu,
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi,
 
şair, fililogiya elmləri doktoru, professo
r.


***
Doğma yurda qədəm basdım bu səhər,
Şükür bizi qovuşduran Allaha!


Heç yatsam yuxuma da girməzdi ki, Qubadlının işğaldan azad edildiyi günün bir ili tamam olanda – 25 oktyabr 2021-ci ildə illərdən bəri üzünə həsrət qaldığım doğma yurdu, Qubadlını ziyarət eləyənlər sırasında mən də olacam. Ağlıma da gəlməzdi ki, bu tarixi gündə müzəffər ordumuzun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə doğma Qubadlıda görüşə, söhbətləşə, onunla birlikdə Qubadlının küçələrində gəzə biləcəm...
Həyəcanlı səfərimiz başlanmışdı. Üzümüz Qubadlıya idi... Yol boyu dağıdılmış kəndlərə, qəsəbələrə baxanda ürəyimizdən qara qanlar gedirdi. İstər istəməz xəyalımda bu yolla Qubadlıdan çıxdığım günün ürək göynədən mənzərələri canlanırdı. Ötən günlərlə indini müqayisə eləyir, düşünür, xəyallara dalır, Qubadlıda keçən atalı-analı xoşbəxt anları xatırlayırdım.
31 avqust 1993-cü ildən 25 oktyabr 2020-ci ilə qədər biz qubadlıların nələr çəkdiyini bir Allah bilir. Yadıma 18 avqustda rayon mərkəzinin qrad atəşinə tutulduğu, bir gün sonra ağsaqqalların təkidi ilə anamı və uşaqlarımı götürb Qubadlıdan çıxdığım günün ürəkgöynədən mənzərəsi düşür... Qubadlıda isə heç nə olmayıbmış kimi hamı öz işində idi. Adamların əhvali-ruhiyyəsi çox yüksək idi. Cəbrayıl ərazisinə girəndə isə mənə aydın oldu ki, sən demə havadarlarının hesabına düşmən o vaxt Cəbrayılı da, Füzulini də işğal edibmiş. Araz boyu yolu isə açıq qoybmuşlar ki, adamlar çıxıb getsinlər. Nə eləyəcəyini bilməyən zavallı insanların vahiməli, narahat görkəmi, yük maşınlarının üstündə daşınan yorğan-döşək, nəqliyyatın hərəkətinə mane olan qoyun-quzu sürüsünü görmək, ürək göynədən ağlartı səsini eşitmək mənə çox ağır idi...
O vaxt heç kəsin ağlına gəlməzdi ki, yurd həsrətinin ağrısı 30 ilə yaxın davam eləyəcək. Bu otuz ildə bütün qaçqınlar, köçkünlər kimi, qubadlıların da nələr çəkdiyini bir Allah bilir. Zaman öz işini görürdü. Yurd həsrəti ilə dünyasını dəyişənlər təssüf ki, doğma Qubadlının işğaldan azad edildiyi günü görə bilmədilər.
1997-ci ildə mənim şeirlərim əsasında Azərbaycan Dövlət Televiziyası “Bütün Azərbaycan əsgər olmalı” adlı bir tamaşa hazırlamışdı. Orada Qubadlı ilə bağlı belə misralar var idi:
Yadıma dağların, düzlərin düşür,
Kül altda uyuyan közlərin düşür,
Yoluma dikilən gözlərin düşür,
Qubadlım, biz sənsiz sönmüş ocağıq,

Nə üzlə qoynuna qayılacağıq?!
Qızıldaş əzəldən sinə dağlıdı,
Çayzəmiyə gedən yollar bağlıdı,
Bu miskin görkəmin məni ağrıdır,
Qubadlım, biz sənsiz sönmüş ocağıq,

Nə üzlə qoynuna qayılacağıq?!
Qoca Sak hirsələnib Xocamsaxlıda,
Dönüb Ballıqaya qara buluda.
Unuda bilmərik, səni unuda,
Qubadlım, biz sənsiz sönmüş ocağıq,

Nə üzlə qoynuna qayılacağıq?!
Çardaxlı dağları kövrəlib, dinib,
Əyinin, Göyyalın işığı sönüb,
Başarat – həşarat yurduna dönüb,
Qubadlım, biz sənsiz sönmüş ocağıq,

Nə üzlə qoynuna qayılacağıq?!
Zəhərə çevrilib ömrün şəkəri,
Hönkürür Bərgüşad, dinir Həkəri
Söndümü bəxtimin tale ülkəri?
Qubadlım, biz sənsiz sönmüş ocağıq,
Darıxma, qoynuna qayılacağıq!


Çox şükür, arzularımız çin oldu. Çox şükür, illər buyu ölkənin iqtisadi, hərbi qüdrətini artıran, hansı işin nə vaxt, necə eləyəcəyini hamıdan yaxşı bilən Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz düşməni darmadağın elədi, mənfur yağıları və onların havadarlarının arzularını gözlərində qoydu...
44 günlük müharibəni hamı kimi mən də həyəcanla izləyir, duyğularımı potik misralara çevirirdim. Çox şükür, “Həsrət köçü” kitabımdakı şeirlərə hopan yurd həsrəti, ağrı “Zəfər dastanı” kitabında qələbə sevinciylə əvəzləndi. Əslində “Zəfər dastanı”nını yazan Ali Baş Komandan və onun rəhbərlik etdiyi müzəffər Azərbaycan ordusu idi. Mənə isə o böyük qələbənin mənzərəsini potik şəkildə əks etdirmək qalırdı.
Bitdimi bu qara-qorxulu nağıl?
Ürək xiffət çəkir ötən çağ üçün.
Torpağı ölümdən qurtaran oğul
Gedir xəstə yurdu yoluxmaq üçün...

Yanır, şölələnir köksündə məşəl,
Can atır kəndləri qurub tikməyə...
Düşmənin başında yumruq olan əl,
Gedir küskün yurda sığal çəkməyə...

Sevincdən uçunur bərələr, bəndlər,
Divarlar dikəlmək, qalxmaq istəyir.
Yaralı şəhərlər, viranə kəndlər
Xilaskar oğluna baxmaq istəyir.

Elə bil budaqda yarpaq sevinir,
Könlündən dil açmaq arzusu keçir.
Doğma qədəmlərdən torpaq sevinir,
Qəlbindən gül açmaq arzusu keçir...

Böyük də, kiçik də olub səfərbər,
Çirkinə vermərik gözəlimizi!
Əlini Arazda yumasa rəhbər,
Zəfərdən yumuşduq biz əlimizi...

Güclü ol, zamanın budur tələbi,
Sanki köks ötürür Araz dərindən...
Sevinc karvanları keçir elə bil
Əsrlər şahidi Xudafərindən...

Qaçıbdır Mollunun gözündən yuxu,
Bənd uçub, Həkəri dolama gəlir.
Qəhrəman Nəbinin, Həcərin ruhu
Bir cüt nəvəsini salama gəlir...

Gülür Şah İsmayıl, Babək, Koroğlu,
Bu zəfər çevrilib heyrət rəmzinə.
Elin qeyrətini çəkən oğulun
Özü də çevrilib qeyrət rəmzinə.

Nəğməkar Bərgüşad coşqun, inadlı,
Kükrəyən çayların ilhamı gəlib.
Sevinir ürəyi dağlı Qubadlı,
Onun görüşünə İlhamı gəlib...

Payız gülləri də ətir qoxuyur,
Duman get, sevirik biz aydınlığı.
Sanki Ağa çayı nəğmə oxuyur,
Verir doğma yurda göz aydınlığı...

Açır gözlərini yaralı törpaq,
Üzləri təbəssüm bəzəyir indi.
Zirvədə yellənən üçrəngli bayraq
Zəfər çələnginə bənzəyir indi...




“Ali Baş Komandanın Qubadlı səfəri” adlı bu şeiri yazanda heç ağlıma da gəlməzdi ki, tezliklə Cənab Prezidentlə birlikdə Qubadlıya mən də səfər edə biləcəyəm...
Bir vaxt Qubadlıdan üzü Füzuliyə gəldiyim yolla indi geri qayıdırdım. Üzüm gözəlliklər diyarı, doğulub-boya başa çatdığım Qubadlıya tərəf idi. Özümü qalib ölkənin vətəndaşı, şairi, alimi, müəllimi kimi çox qürurlu hesab eləyirdim. Yol boyu bizə bu sevinci yaşadan Ali Baş Komandanımıza, onun əmrlərini şərəflə, qəhrəmanlıqla yerin yetirən əsgərlərimizə dualar eləyir, can sağlığı arzulayır, vətən uğrunda şəhadət zirvəsinə ucalan şəhidləriməzə rəhmət diləyirdim... Yol boyu gördüyüm möhtəşəm quruculuq işləri, çəkilən yollar, Ağalıda tikintisi başa çatmaqda olan möhtəşəm “Ağıllı kənd” ürəyimi qürur hissi ilə doldururdu...
Qubadlı ərazisinə girəndə hamı kimi mən də həyəcanlanmışdım. Dağıdılan, viranə qoyulan kəndlər, qəsəbələr ürəyimizi göynədir, Qubadlının xərabələr qoynunda belə öz gözəlliyini saxlayan mənzərələri isə könül oxşayırdı... Necə deyərlər, hamımızın bir gözü gülür, bir gözü ağlayırdı...
Xanlıq körpüsündən keçə-keçə Həkəriyə baxmağım ayrı bir aləm idi. Həyəcanla Xanlıqdan çıxıb, dağın üstündən Qubadlı vadisinə, Bərgüşadın qıjıltı ilə axdığı yerlərə baxmaqdan ötrü ürəyim atlanırdı... Nəhayət, illərdən bəri arzusunda olduğum bu mənzərə gözlərim önündə canlandı. Qarşıda elə gözəl, möhtəşəm bir panoram açılırdı ki, sözlə ifadə eləməyə belə acizlik çəkirəm. Bu gözəllik məni həm sevindirir, həm də əvvəlki illərdən fərqli olan mənzərələr ona kədər notları əlavə eləyirdi. Bərgüşad çayı vadidə əmələ gələn sıx meşəliyin içində görünməz olmuşdu. Təbiət xarabazara çevriən yurd yerlərimizi də öz yaşıl qanadlrı altında gizləməyə çalışmışdı elə bil.
Bu da Qubadlı. Son duracaq yerimiz... Əvvəlcə heç harada olduğumuzu dərk eləyə də bilmədik. Sonra əslən Qubadlıdan olan alim qardaşım İlham Şahmuradovla buranın hara olduğunu müəyyənləşdirməyə çalışdıq. “Hamamın yoxuşu” deyilən yeri tapmağımız bizə ipucu verdi. Sən demə elə Hafizə bibimgilin evinin yanında dayanıbmışıq... Səməd Vurğun küçəsi ilə gedə-gedə doğmalarımızın, əzizlərimizin dağıdılmış evlərinə baxmaq çox ağır idi...


Geriyə, tarixi bir günün qeyd olunacağı yerə qayıtdıq. Cənab Prezident İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyevanın hamı ilə bir-bir görüşməsı, şəkil çəkdirməsi, adamların arzu və təkliflərini diqqətlə dinləməsi görüşün atmosferini əhəmiyyətli dərəcədə dəyişmişdi. Hamı özünü xoşbəxt sanırdı. Möhtərəm Prezidentimizin çıxışları xarabaya çevrilən şəhər və kəndlərimizin, o cümlədən də Qubadlının gələcəyi haqqında dolğun təsəvvür yaratdı...
Tədbirdən sonra birlikdə Səməd Vurğun küçəsinin qurtaracağına qədər getdik, pillələrlə qalxıb üzü körpüyə tərəf yollandıq. Vaxtilə atamın, anamın dərs dediyi, indi isə izi-tozu qalmayan məktəbin yeri, şəhərin bu tayı ilə o tayını birləşdirən körpünün dağıdılmış görkəmi, qıjıltıyla axan Bərgüşadın ağaclar içində görünməz olması ürəyimdə qəribə duyğular oyadırdı...
Torpaqları düşmən tapdağından azad eləyən, dəmir yumruğu ilə düşməni, dəmir məntiqi ilə onun havadarlarını məhv eləyən Ali Baş Komandanın möhtəşəm quruculuq planları hamımızı heyran eləmişdi. Qubadlını elektrik enerjisi ilə təmin edən müasir, böyük imkanlara malik yarımstansiyanın açılışı, Xanlıq-Qubadlı yolunun təməlinin qoyulması elə bil ki, Qubadlının yeni ad gününə möhtərəm Prezidentimiz İlham Əliyevin hədiyyəsi idi.
Hamı öz çıxışında bu xoşbəxtliyi qubadlılara qismət eləyən uca Allaha şükürlər edir, yurd həsrəti nisgilinə son qoyan müdrik siyasətçiyə, Heydər Əliyev yolunun ləyaqətli davamçısına öz təşəkkürünü bildirirdi. Hamı inanırdı ki, tezliklə Qubadlı sözü ilə əməli bir olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Şərqi Zəngəzurun ən möhtəşəm şəhərlərindən birinə çevriləcək...
Doğma yurdda keçirdiyim hisslər potik misralara çevrildi:

Təşnə üçün bir udum su bəs edər,
Bu taleydən umacağım yox daha!
Doğma yurda qədəm basdım bu səhər,
Şükür bizi qovuşduran Allaha!

Sanki həsrət məlhəmidir hava, su.
Qismət məni bir də bura göndərdi.
Ciyərimə doldu vətən havası,
Bəxtim məni bəxtəvərə döndərdi.

Necə tapım dədə-baba evini?
Dərd göyərib ürəyimin çatında.
Elə bil ki, gəlişimə sevinir,
Torpaq gülür ayağımın altında...

Abad yurdu gör qoyublar nə günə?
Qu söyləsən burda qulaq tutular...
Yağıların birə düşüb kürkünə,
Oğulları haraylayır atalar...

Doğmaları, əzizləri ara bir!
Dözə bilmir ürək həsrət közünə.
Gözümüzü gizləyirik arabir,
Utanırıq baxaq yurdun üzünə...

Bu evdən o evi seçə bilmədim,
Sanki tüstü qalxdı mənim başımdan.
Qubadlıda su da içə bilmədim,
O, su içdi gözlərimin yaşından...

Nə umursan qəlbi, ruhu sınıqdan?
Bəxş edən var belə gözəl günləri.
Ulu yurdum, çıxdın ağır sınaqdan,
Qarşıdadır hələ gözəl günlərin...

Göynərtini yumaq olmur yağışla,
Dözmək olmur nakamların ahına!
Ulu yurdum, qalanları bağışla,
Həsrətindən ölənlərin ruhuna!

Çətin kəsə bu intizar yağışı? –
Göyüm-göyüm göynəyirdi bu torpaq.
Qayıdanda ayağımdan yapışıb,
Sanki “getmə” söyləyirdi bu torpaq...

Təşnə üçün bir udum su bəs edər,
Bu taleydən umacağım yox daha!
Doğma yurda qədəm basdım bu səhər,
Şükür bizi qovuşduran Allaha!


Bir daha bizə bu xoşbəxət, duyğulu, həyəcanlı anları yaşadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban Əliyevaya Qubadlı ziyalıları adından öz dərin təşəkkürümü bildirirəm. Ürəyimdə abad, yeni Qubadlını, Şərqi Zəngəzurun ən möhtəşəm şəhərini ziyarət etmək arzusu var hələ...









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar